Contents
  1. Birinci şəkil
  2. İkinci bşəkil
  3. Üçüncü şəkil

Page 1 of 3

Birinci şəkil

İranda böyük şəhər meydanı. Güclü izdiham. Qoca və cavan qadınlar və kişilər Hacı Mirzə Əhməd ağanın gəlib keçəcəyinə müntəzirdir. Uzaqdan azan səsi eşidilir. Neçə nəfər carubkeş (süpürgəçilər) yolu süpürməkdədirlər.

Birnəfərcavan (bir qocaya). Əmi can, bu süpürgəçilər nə üçün böylə ciddi-cəhd ilə küçəni süpürürlər? Küçənin bu səhər süpürülüb sulandığını gözümlə gördüm.

Qoca. Bala, müctəhid ağa indi gəlib buradan məscidə gedəcəkdir. Küçəni süpürməkdən məqsəd budur ki, ağanın ulağının ayağının altında qarışqalar qalıb qırılmasınlar. Ağanın mübarək vücudundan bir zinəfsə, hətta qarışqaya da gərək əziyyət və azar toxunmasın. Eşitməyibsənmi Firdovsi yazır: Meyazar muri ki danəkeş əst, ke can barədə cane şirin xoş əst.

Cavan. Eşitmişəm, bilirəm gözəl kəlamdır. Ancaq bir məsələ var, onu mənə başa salın.

Qoca. Nə məsələdir?

Cavan. Ağa məscidə gedib qayıdınca, onun ulağının ayaqlarının altında çox olsa bir əlli, yüz qarışqa tələf olacaqdır. Amma bu süpürgəçilər bir süpürgə vurduqda neçə yüz qarışqa tələf edirlər. Buna nə deməli?

Qoca. Bala, belə yerlərə əl aparmaq küfrdür. Bu sirləri ağa sizdən yaxşı bilir.

Cavan. Bağışlayın, əmi can, mən bunu gözə pərdə çəkmək hesab edirəm.

Qoca. Nə danışırsan? Müctəhid Hacı Mirzə Əhməd ağa məgər gözlərə pərdə çəkəndir? Oğul, cavan vaxtında imanını yelə vermə. Belə sözlər cəhənnəmi satın almaqdır. Xahiş edirəm mənimlə daha söhbət etməyəsən. Get, bala, məni tək burax.

Cavan. Baş üstə, gedirəm, bağışlayın. (Gedir.)

İkinciqoca (birinciyə). Nə üçün o cavan sənin qeyzini tutdurdu?

Birinciqoca. Bu barədə danışmasaq yaxşıdır. Bu əyyamın cavanları hamısı dini, məzhəbi unudublar. Namaz qılmazlar, oruc tutmazlar, ülamə haqqında hər bir hədyanı söylərlər. Hörməti bir yana yetiribdir ki, Hacı Mirzə Əhməd ağanın haqqında nalayiq sözlər danışır. Bu yəqin ya babıdır, yainki Rusiyada bolşeviklər ilə yoldaşlıq edib, dinindən, məzhəbindən çıxıb qayıdanların birisidir. Qovdum getdi. Belə şəxslərin sözünü eşidən qulaqlardan qiyamətdə əqrəblər yapışar... Əstə fürullahə rəbbi və ətubi ileyh.

İkinciqoca. Əstəğfürüllahə rəbbül aləmin. Xudavənd-aləm özü bu camaatın fəryadına yetişsin.

İki qadın qocaların danışığı əsnasında əllərini ölçərək qızğın söhbət edirlər.

Birinciqadın. Ay bacı, bu danışdığın əhvalatı öz gözünlə gördün?

İkinciqadın. Yalan deyirəmsə, bu gözlərimin ikisi də bir gündə kor olsun. Istəyirsən bir gün gəl bizə, həmən Xanbacını çağırım, özü sənə nəql eləsin. Deyir gəlinimin üç il idi uşağı olmayırdı. Oğlum

Dən daşıyan qarışqaya əziyyət vermə, çünki onun canı var, can da şirindir.

da deyirdi ki: bir il də saxlayacağam, övladı olmasa, boşayacağam. Deyir müctəhid ağa məscidə gedəndə ulağının ayağının altından bir ovuc torpaq götürüb gətirdim evə, suda çalıb sürtdüm gəlinin göbəyinə. Bir il keçmədi gül parçası kimi bir oğul doğdu. Uşağın da adını deyir Əhməd qoymuşam. Xanbacı qonşumdur. Uşaq da axşamadək gözümün qabağında oynayır.

Üçüncüqadın (bunlara yavuq gəlib, birinciyə). A bacı, sən heç bunun (ikinci qadını göstərir) sözlərini qəribliyə salma. Ağanın kəramətinə Qurban olum. Onun oxuduğuna mənim atam, anam Qurban. Mənim özümün gözlərim xarab idi. Göstərməmiş həkim qoymadım. Axırda bir iman yiyəsi olmuş dedi: “Ay qız, gözlərini niyə kor eləyirsən və nahaq yerə niyə belə pullarını həkimlərin ciblərinə doldurursan? Get cümə günü Hacı Mirzə Əhməd ağa məscidə, camaat namazına gedəndə ulağının ayağının altından torpaq götür. Gətir bir az təhvil suyuna çal, tök gözünə”. Elə də elədim. İndi gözlərim görür. Onun qədəmlərinə mənim bu canım Qurban. Onun ulağının ayaqlarının altında Allah mənə ölüm versin.

Uzaqdan salavat səsi eşidilir. Camaat hərəkətə gəlir. Neçə nəfər fərraş, əllərində ağac,
peyda olub, camaatın arasından yol açırlar və qışqırırlar: “Kənar olun, yol verin”. Camaat
yol verir, salavat səsi gəldikcə yavuqlaşır. Müctəhid Hacı Mirzə Əhməd ağa ağ ulağa savar
olmuş, məiyyətində neçə nəfər molla və şəhərin tacirlərindən, o cümlədən Hacı Kamyab
görünürlər. Qabaqda bir nəfər minacatçı iki əlini qulaqlarına qoyub salavat çəkir.

Minacatçı:

Yazılar nameyi-emalına yüz min Həsənat,

Deyə hər kimsə bir övlad Məhəmməd, səlavat.

Camaat (hamılıqla). Salavat!

Minacatçı. Məhəmmədi-ərəbi xətmi-ənbiya, salavat!

Camaat (hamılıqla). Salavat!

Minacatçı. Əliyyü vəli xuda nur Mustafa, səlavat!

Camaat ( hamılıqla). Salavat!

Müctəhid məiyyətindəki adamlarla gəlib keçir. Qadınlar dalınca tökülüb onun ulağının
ayaq qoyduğu yerlərdən torpaq götürürlər.

Birnəfər (müctəhidin məiyyətindəkilərdən biri geri qayıdıb). Eyyühənnas, ey şəhərin füqərası, yoxsulları, əlilləri, şikəstləri! Namaz qurtardıqdan sonra müctəhid Hacı Mirzə Əhməd ağa füqəraya imam malı paylayacaq. Hamınız ağanın qapısında cəm olasınız. Xudavənda, sən ağanın ömrünü uzun və vücudunu bibəla elə!

Camaat (hamılıqla). Amin!

Birnəfər. Xudavənda, sən ağanın kölgəsini cəmi islam dininə qulluq eyləyənlərin üstündən əskik eləmə və onun düşmənlərini, bədxahlarını cəhənnəm oduna yandır!

Camaat (hamılıqla). Amin!

Pərdə

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

M.F.Axundovun həyat və fəaliyyəti

1812-ci il idi. Napoleonun qoşunları Moskvaya doğru hərəkət edirdi. Zaqafqaziyada Nadir şah imperiyasının xarabalıqları üzərində yaranmış asılı və yarımasılı xanlıqlar, Pavel və Aleksandrın əlindən bir cüt general epoleti alan və xalqla istədikləri kimi rəftar edən despotlar tərəfindən idarə olunurdu. Xalq onların zülmü altında inləyirdi. Əhalinin həyatı və əmlakı bütünlüklə xanların əlində idi. Feodallara tabe olan kiçik bəylər özlərinin iyrənc tələblərini ödəmək və xanları daha da varlandırmaq üçün əhalinin son tikə çörəyini əlindən alırdılar. Müharibəyə başı qarışan mərkəzi hökumətin ucqarların həyatına nəzarət etmək imkanı yox idi və üsyanlara yol verməmək üçün cahil xanların özbaşınalığına göz yumurdu. Feodal xanların, bəylərin, xüsusən ruhanilərin caynağında olan xalq, nadanlığın tünd qaranlığında boğulurdu. Ancaq mollalar savadlı idilər, qalan xalq isə cəhalətdə qalmışdı, o vaxt ziyalıların olması haqqında düşünməyə belə dəyməzdi.Xalqın ağlında və düşüncəsində çox böyük çevriliş yaradan ilk Azərbaycan dramaturqu və mütəfəkkiri M.F.Axundov belə amansız cəhalətin hökm sürdüyü bir zamanda, 1812-ci ildə Şəki xanlığının mərkəzi Nuxa şəhərində doğulmuşdur.

15 min
Mirzə Fətəli və ərəb əlifbası

Ərəb əlifbasının türk və fars dillərinə uyğun olmaması hamıya aydındır. Həmçinin, bu əlifbanın öyrənilməsi, onunla yazmaq və xüsusən bu əlifba ilə yazılmış kitabları oxumaq nəinki çocuqlar, hətta savadlı şəxslərin çoxları üçün bir çətin məsələdir. Buna da ən böyük səbəb hürufi müsəvvitənin yazılmamasıdır.Ona görə bu əlifbanın istər islahi, istər büsbütün təğyiri yolunda çalışanlar çox olublar: Mirzə Məlkum xan, Mirzə Rza xan, Abdulla bəy Əfəndizadə, osmanlı ədiblərinin çoxu, islahçılar bir qədər müvəffəqiyyət qazanıblar isə, təğyirçilərin zəhməti Azərbaycan cümhuriyyətində meyvə verib, buradan Şərq ölkələrinə yayılmaqdadır.

3 min
Maksim Qorkinin həyat və yaradıcılığı

Çocuqluqda və cavanlıqda cürbəcür bəlalara, müsibətlərə düçar olan, yurdsuz insanlar kimi yurdsuz-yuvasız, həftələrlə ac və sərgərdan dünyanı dolanıb, axırda yeni və köhnə dünyanın əziz və möhtərəm mühərriri olan və hər İki dünyanı heyrətə gətirən inqilab ədəbiyyatında “Fırtına elçisi” adını almış və Maksim Qorki təxəllüsü ilə məşhur Aleksey Maksimoviç Peşkov 1869-cu il mart ayının 29-da Nijni-Novqorod şəhərində dünyaya gəlibdir. İki ildən sonra Qorkinin atası paraxodstvo müdirliyinə təyin olunub ailəsi ilə bərabər Həştərxana köçür. Burada çocuq Qorki vəba xətsəliyi tutur, xəstəlik oğuldan ataya sirayət edir və onun ölməsinə səbəb olun. Anası dübarə oğlunu götürüb Nijni-Novqoroda qayıtmağa məcbur olur. 1875-ci ildə 7 yaşında Qorkinin məktəbə göndərilir. 1877-ci ildə vərəm xəstəliyindən vəfat edən anasından da əli çıxıb, kimsəsiz və yetim qalır. On yaşında bir çəkmə satan dükana xidmətə gedir. nəhayət, burada oxumaq ona müyəssər olmur; aclıq onu çörəkçi şagirdliyinə getməyə məcbur edir.Qazanda bir para studentlərlə ülfət bağlayıb onların vasitəsilə xəlvət işləməkdə olan bir inqilabi təşkilata daxil olur. Burada birinci dəfə olaraq Qorki inqilabi, iqtisadi və ictimai ədəbiyyatla aşina olur. Qorkinin Qazanda yaşamaqdan məqsədi hazırlaşıb darülfünuna daxil olmaq idi. Fəqət darülfünun qapısının proletar sinfi üzünə bağlı olmasını yəqin edib xəyalından daşındı.

16 min
Azərbaycanda teatr

Xalq tamaşaları hər bir zaman xalqların həyatında mühüm rol oynamışdır. Açıq meydanlarda, həvəskar camaatın gözü qabağında və heç bir dekordan istifadə etmədən oyun çıxaran müxtəlif sehrbazlar və yalançı pəhləvanlar kütlənin diqqətini həmişə cəlb etmişlər.Şərq “Musanın əsası” haqqında məşhur bir əfsanə vardır. Həmin əsa lazım olduğu vaxtda əjdahaya çevrilir və camaatın gözü görə-görə canlı şeyləri udurdu. Lakin Musa əjdahanın quyruğundan yapışan kimi, o yenidən əsaya çevrilirdi.

22 min

Poems by other poets