Contents
  1. Birinci şəkil
  2. İkinci bşəkil
  3. Üçüncü şəkil

Page 3 of 3 · 67%

Üçüncü şəkil

Müctəhid Hacı Mirzə Əhməd ağanın qəbul otağı. Ağ döşək üstündə əyləşib puştiyə
söykənmiş, qəlyan çəkməkdədir. Neçə qədəm aralıq ağanın amili, qabağında dəftər və
məktubat olaraq dizi üstündə ədəb ilə əyləşmiş.

Amil. Bəradəran Sərrafan vasitəsilə Marselyaya göndərilən xam ipək, qiyməti iyirmi beş min tümənin vüsulunu Ingiltərə bankı xəbər verir.

Müctəhid. Xub, gedib alıb haman bankda bizim hesabi-cariyəmizə yazdırarsan.

Amil. Çəşm! Rusiya ticarət nümayəndəsinin məktubudur. Mövqufat mülkündən alınmış kişmiş və səbzə müqabilində verilmiş təməssüklərin vədəsinin tamam olmasını xəbər verib, təməssükləri gətirib paralarını almağımızı təklif edir.

Müctəhid. Para nə qədərdir?

Amil. Otuz iki min altı yüz əlli dörd tümən.

Müctəhid. Rusiya ticarət nümayəndəliyi bizim ən məqbul müştərimizdir. Təməssüklərinin yarım saat vaxtından keçməsinə yol verməzlər.

Amil. Bəli, ağa, onlar ticarət işlərini çox diqqətlə aparırlar. Bir qərzdar borcunun vədəsinin yetişdiyini xəbər verməz. Tələbdarın həmişə gəlib istəməyini gözlər. Amma bunlar belə deyillər. Budur yazırlar: təməssükün vaxtı tamamdır. Xahiş olunur buyurub vəchini qəbul edəsiniz.

Müctəhid. Kafirdirlərsə də, alış-verişlərində düzgündürlər. Bir dəfə olmayıbdır ki, gəlib vədəsinin uzatmasını xahiş etsinlər.

Amil. Bəli, ağa belədir.

Müctəhid. Qabaqca məni qorxuzurdular. Deyirdilər ki, təzə Rusiya hökuməti öz rəiyyətinin cəmi əmlakını əlindən alıbdır... Bu hökumət ilə ticarət etmək olmaz. Aldıqlarını verməzlər. Bu fikirlərin səhv olduğunu biz asan görürük. Bircə dərd var ki, bizim, Rusiyaya fəhləliyə gedib qayıdan cavanlarımızın hamısının əqidələri dəyişilir. Allaha səbb edirlər, həttanəəzubillah-Allahın varlığını danırlar. O ticarət nümayəndəsini görəndə ona mənim tərəfimdən deyin: öz məmləkətlərində nə siyasət aparırlarsa, öz işləridir, ancaq bizim Rusiyaya gedən adamlarımızın əqidəsinə toxunmasınlar. Bunun nəticəsindən ehtiyat etməlidir.

Amil. Əlbəttə, əmrinizi yetirrəm.

Müctəhid. Gedib pulları alıb İngiltərə bankına verərsən və mənim sözlərimi də ona yetirərsən.

Amil. Çeşm! Bu məktubunda “Çarbağ” mövqufat mülkünün daruğəsi yazır ki, Rusiyadan, fəhləlikdən qayıtmış bir neçə nəfər xəbislər camaatı başdan çıxardıblar. İndi camaat mədaxil verməkdən boyun qaçırır.

Müctəhid. Bu nə xəbərdir? Camaat bilmirmi ki, mövqufat mülkünün təəllüqü xudavənd-aləmə və onun əyalı olan füqərayadır? Məgər bu mədaxilin it qanından, hətta şərabdan da haram olmasını düşünmürlər? Mənim tərəfimdən məhəllə hakiminə və hakimişərə yazıb “Çarbağ” mülkünün mədaxilinin ikiqat yığılmasını tələb edərsən. Camaat arasında iğtişaş salan bidinlər gərək tutulub şəriət məhkəməsinə verilsinlər. Onlar ilə mürtədlər haqqında sadir olmuş ehkam üzrə rəftar olunsun.

Amil. Çeşm!

Müctəhid. Daha nə var?

Amil. Daha, qabili-ərz, bir məktub yoxdur.

Müctəhid. Cümə axşamı füqəraya nə qədər təqsim olundu?

Amil. On yeddi tümən.

Müctəhid. Füqəranın sayı gün-gündən artmadadır. (Saata baxır.) Bu gün mənim yanıma iki qəribə müsafir gələcəkdir. Bir nəfər firəng səyyahı Qadını ilə şəhərə varid olub məni görməyi xahiş ediblər və mən də onların məmnuniyyətlə qəbul etməmi xəbər vermişəm. Bu saat onların gəlmək vaxtıdır. Mən gedim təğyiri-libas edim. Sən də əmr et bu otağı Avropa qaydasilə tərtib etsinlər və qəhvə hazırlasınlar. (Gedir.)

Amil (səslənir). Oğlan, Sultanəli! (Nökər daxil olur.) Bu saat otağa masa, sandalya düz, ağanın avropalı qonaqları gələcəklər. Bir az vaxtda otaq Avropa vəziyyəti alır.

Nökər (daxil olur). Bir nəfər firəng və bir üzüaçıq Qadın hüzura gəlmək istəyirlər.

Amil. De buyursunlar. (Nökər gedir. Səyyah və Qadı nı daxil olurlar.) Buyurunuz, buyurunuz.

Səyyah. Bəs ağa haradadır?

Amil. Əyləşin, bu saat təşrif gətirərlər. (Gedir.)

Qadın (otağa göz gəzdirir). Mən belə eşitmişdim ki, islam ruhanilərin xırdaca sovməələri olar və özləri də quru həsir üzərində oturarlar. Amma bunun cəlalətini biz Tehranda, şahın sarayında görmədik.

Səyyah. Bunlardan uzaq yaşayanlar hamısı bu fikirdədirlər. Belə söhbətləri Avropa avamları arasında və Roma papası haqqında danışırlar.

Mü ctəhid (başdan ayağa bir dəst ağ ipək libas geyinmiş daxil olur.

Səyyah və Qadı nı baş əyib qabağa gəlirlər. Müctəhid hər ikisinə əl verir.) Əyləşiniz. Xoş gəlibsiniz və səfa gətiribsiniz. Çoxdanmı bizim şəhərə təşrif gətiribsiniz?

Səyyah. Dünən varid olmuşuq.

Müctəhid. Şəhərimizi necə görürsünüz?

Səyyah. Sair şəhərlərə nisbətən yaxşıdır. Fəqət bir şeyə biz diqqət yetirdik. Küçələrdə həddən artıq sail var. Məgər bunların haqqında fikrə gəlmək olmaz? Bizə məlumdur ki, sizin ixtiyarınızda böyük mövqufat pulları var. Bu saillər üçün xüsusi evlər bina etmək, qocaları yeməkdən təmin edib paltar vermək, cavanlara bir iş öyrətmək və beləliklə sailliyi kəsmək lazımdır.

Müctəhid. Biz hər tədbir görürük. Hər həftə mövqufatdan füqəraya pul paylanır, fəqət onlar sailliyə adət ediblər. Nə qədər onlara pul verilsə, yenə peşələrindən əl çəkməyəcəklər.

Nökər üç fincan qəhvə və bir neçə şüşə likör gətirir.

Qadın. Müctəhid əfəndim, bu nədir? Məgər bu içkilər haram deyil?

Müctəhid. Haramdır, xanım, biz istemal etmirik. Fəqət hər yerdən varid olan müsafiri onun vətəni adətilə qəbul etməyi vacib bilirəm. Buyurun qəhvə götürün.

Səyyah və Qadın qəhvə götürürlər. Müctəhid bir fincan da öz qabağına qoyur.

Qadın. Cənab, budur, bizim İranın çox şəhərlərini səyahət etmişik, çox tacirlərin, xanların, hakimlərin məclisində olmuşuq. Nədənsə hamısı Qadınlarını bizdən gizlədirlər. Biz burada əyləşib söhbət edirik. Nə olar, sizin Qadınınız da bizimlə burada əyləşib qəhvə içsin.

Müctəhid. Avropa xanımlarında olan ağıl, kamal, qabiliyyət bizim Qadınlarda yoxdur. O səbəbdən onları üzə çıxarmaq mümkün deyil.

Qadın. Cənab, belə sözləri nə üçün buyurursunuz? İnsaf etmirsiniz. Mən neçə evlərdə əndərunə keçib arvadlar ilə söhbət etmişəm.

Mən onlara ağılsız, qabiliyyətsiz, kamalsız deyə bilmərəm. Burada ayrı səbəb var. Deyin şəriət izin vermir.

Müctəhid. Belə də var. Allahın əmrinə görə, arvadlar kişilərin məzrəidir, yəni əkin yerləridir və bu əkin yerlərinin məhsulu da övladdır. Qadınların vəzifəsi fəqət övlad doğmaq və ev saxlamaqdır. Onların camaat işlərinə qarışmaqları, kişilərtək bazarlarda, şəhərlərdə dolanacaqları nəinki xilafi-şər, hətta xilafi-əqldir. Siz avropalıların əqidələri başqadır. Ona görə sizi inandırmaq çətİndir. Qadın, necə ki ərz etdim, naqisüləql və zəif olar. Odur ki, kişilər ilə bir yerdə onların dolanması od ilə pambığın bir yerdə olması mislindədir. Bizim eşitdiyimizə görə, Avropada fahişəlik həddən aşmış və hamısına səbəb arvadların açıq gəzmələridir. Hətta deyirlər Avropa şəhərlərində xüsusi fahişəxanalar var.

Səyyah. Bağışlayın, cənab. Biz çox şəhərlər gəzib, çox adamlar ilə təmas etmişik. Gördüyümüz xanların, tacirlərin və sairlərinin hər birinin evində üçdən başlamış on-on ikiyədək və daha artıq Qadın görmüşük. Bu, fahişəxana deyil, nədir?

Müctəhid. Bu, Allahın buyruğuna və peyğəmbərin xəbərinə əməl etməkdir. Burada xilafi-şər bir əməl yoxdur.

Səyyah. Siz deyirsiniz Avropa şəhərlərində fahişə evləri var. Bəs bu bir belə şəhərlərdəki siğə evləri, bir Qadının hər gündə beş-altı və daha çox sadamlara siğə olması və bir nəfər başı əmmaməli axundun da burada vasitə olması fahişəxana deyildir, nədir?

Müctəhid. Şəriətdə siğə halaldır.

Səyyah. Deməli, fahişəlik də halaldır. Mən başı çadralı Qadınların küçələrdə kişilərə toxunub evlərinə təklif etdiklərini gözümlə gördüm. Hətta fahişəlik edən Qadınların libaslarında xüsusi əlamət olduğunu bir nəfər mənə göstərdi. Bağışlayın, cənab, fahişəliyə meyli olanı yüz çadra altında saxlamaq olmaz və pak Qadınları üzüaçıq dünyanın bu başından o başına göndərsələr də üstlərinə toz qonmaz. Nə qədər məmləkətinizdə fahişəlikdən xəstələnmiş Qadınlar var! Bunların da xəstəlikləri səlamət adamlara sirayət edib azarın artmasına və millətin izmehlalına səbəb olur. Fahişəlik ictimai bir xəstəlikdir. Onun müalicəsi də başqadır. Çadra müalicə deyil.

Müctəhid. Bu dəlillər mənə kafi deyil. Biz öz əqidəmizdə möhkəm qalacağıq.

Səyyah. Gələcək nəsil bu yol ilə yəqin getməyəcək.

Müctəhid. Bunu düz buyurursunuz. Biz camaatın gün-gündən dindən, məzhəbdən çıxmasını aydın görürük. Hətta eşitdiyimizə görə, Şura məmləkətində islam Qadınları kişilərə qarışıb üzüaçıq gəzirlər. Hətta məktəblərdə bahəm dərs oxuyurlar. Bizim oraya əlimiz çatmır. Nəsihətdən və Allahın əmrini və şəriətinin ehkamını yetirməkdən savay əlimizdən bir iş gəlməz. Gələcək nəsil cəhənnəm odunu qəbul edirsə etsin, biz edə bilməyəcəyik.

Səyyah (durur ayağa). İzin verin bizi hüsni-qəbulunuzdan dolayı, izhari-məmnuniyyət edib qulluğunuzdan mürəxxəs olaq.

Müctəhid. Bir neçə gün burada qalıb mənimlə söhbət etsəydiniz, mən sizə, sizin Qadınlar haqqında səhv olmağınızı əqli və nəqli dəlil ilə sübut edərdim.

Səyyah. Çox həvəs ilə sizin söhbətinizə gələrdim, ancaq sabah tezdən biz getməliyik. Xudahafiz.

Qadın. Xudahafiz. Mənim ərim bir qədər tündməcazdır. Xahiş edirəm rəncidə olmayasınız.

Müctəhid. Yox, yox, nə üçün rəncidə oluram? Əmr be məruf, nəhy əz münkər bizim vəzifəmizdir.

Qadın. Salamat qalın, cənab.

Müctəhid. Xoş gəldiniz. (Səyyah və Qadın gedirlər.) Ay gədə

Sultanəli. (Sultanəli daxil olur.) Masanın üstünü yığışdır və bir aftabaləyən gətir, əlimi suya çəkim.

Nökər podnosu aparıb, aftaba-ləyən gətirir, müctəhid əllərini suya çəkir.

Amil (daxil olur). Ağa, Həmədan əyalətindən Hacı Qafur adında bir tacir yüz min tümən pul ilə bir cavan qızını göndərib. Özünün zərrini bir qız olduğunu bəyan edir yazır ki: mənim qızımı zövcəliyə qəbul edib və bu pulları da Allah yolunda məsrəf etsəniz, məni cəhənnəm odundan təmin etmiş olarsınız.

Müctəhid. Gözəl sovqatdır və gözəl niyyət ilə göndərilibdir. Bundan sonra kim deyə bilər ki, dünyada Allah bəndəsi və sadiq peyğəmbər ümməti yoxdur? O qızı buraya gətirin. (Amil qapını açır, qız daxil olur.) Bala, atan səni mənə peşkəş göndəribdir. Sən mənə məhrəmsən, aç üzünü, yaxşı qız. (Qız üzünü açmaq istəmir, müctəhid onun üzünü açır və bir qədər tamaşadan sonra) Ötürün hərəmxanaya. Fətəbarəkallahü əhsənül xaliqin!

Pərdə

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

M.F.Axundovun həyat və fəaliyyəti

1812-ci il idi. Napoleonun qoşunları Moskvaya doğru hərəkət edirdi. Zaqafqaziyada Nadir şah imperiyasının xarabalıqları üzərində yaranmış asılı və yarımasılı xanlıqlar, Pavel və Aleksandrın əlindən bir cüt general epoleti alan və xalqla istədikləri kimi rəftar edən despotlar tərəfindən idarə olunurdu. Xalq onların zülmü altında inləyirdi. Əhalinin həyatı və əmlakı bütünlüklə xanların əlində idi. Feodallara tabe olan kiçik bəylər özlərinin iyrənc tələblərini ödəmək və xanları daha da varlandırmaq üçün əhalinin son tikə çörəyini əlindən alırdılar. Müharibəyə başı qarışan mərkəzi hökumətin ucqarların həyatına nəzarət etmək imkanı yox idi və üsyanlara yol verməmək üçün cahil xanların özbaşınalığına göz yumurdu. Feodal xanların, bəylərin, xüsusən ruhanilərin caynağında olan xalq, nadanlığın tünd qaranlığında boğulurdu. Ancaq mollalar savadlı idilər, qalan xalq isə cəhalətdə qalmışdı, o vaxt ziyalıların olması haqqında düşünməyə belə dəyməzdi.Xalqın ağlında və düşüncəsində çox böyük çevriliş yaradan ilk Azərbaycan dramaturqu və mütəfəkkiri M.F.Axundov belə amansız cəhalətin hökm sürdüyü bir zamanda, 1812-ci ildə Şəki xanlığının mərkəzi Nuxa şəhərində doğulmuşdur.

15 min
Mirzə Fətəli və ərəb əlifbası

Ərəb əlifbasının türk və fars dillərinə uyğun olmaması hamıya aydındır. Həmçinin, bu əlifbanın öyrənilməsi, onunla yazmaq və xüsusən bu əlifba ilə yazılmış kitabları oxumaq nəinki çocuqlar, hətta savadlı şəxslərin çoxları üçün bir çətin məsələdir. Buna da ən böyük səbəb hürufi müsəvvitənin yazılmamasıdır.Ona görə bu əlifbanın istər islahi, istər büsbütün təğyiri yolunda çalışanlar çox olublar: Mirzə Məlkum xan, Mirzə Rza xan, Abdulla bəy Əfəndizadə, osmanlı ədiblərinin çoxu, islahçılar bir qədər müvəffəqiyyət qazanıblar isə, təğyirçilərin zəhməti Azərbaycan cümhuriyyətində meyvə verib, buradan Şərq ölkələrinə yayılmaqdadır.

3 min
Maksim Qorkinin həyat və yaradıcılığı

Çocuqluqda və cavanlıqda cürbəcür bəlalara, müsibətlərə düçar olan, yurdsuz insanlar kimi yurdsuz-yuvasız, həftələrlə ac və sərgərdan dünyanı dolanıb, axırda yeni və köhnə dünyanın əziz və möhtərəm mühərriri olan və hər İki dünyanı heyrətə gətirən inqilab ədəbiyyatında “Fırtına elçisi” adını almış və Maksim Qorki təxəllüsü ilə məşhur Aleksey Maksimoviç Peşkov 1869-cu il mart ayının 29-da Nijni-Novqorod şəhərində dünyaya gəlibdir. İki ildən sonra Qorkinin atası paraxodstvo müdirliyinə təyin olunub ailəsi ilə bərabər Həştərxana köçür. Burada çocuq Qorki vəba xətsəliyi tutur, xəstəlik oğuldan ataya sirayət edir və onun ölməsinə səbəb olun. Anası dübarə oğlunu götürüb Nijni-Novqoroda qayıtmağa məcbur olur. 1875-ci ildə 7 yaşında Qorkinin məktəbə göndərilir. 1877-ci ildə vərəm xəstəliyindən vəfat edən anasından da əli çıxıb, kimsəsiz və yetim qalır. On yaşında bir çəkmə satan dükana xidmətə gedir. nəhayət, burada oxumaq ona müyəssər olmur; aclıq onu çörəkçi şagirdliyinə getməyə məcbur edir.Qazanda bir para studentlərlə ülfət bağlayıb onların vasitəsilə xəlvət işləməkdə olan bir inqilabi təşkilata daxil olur. Burada birinci dəfə olaraq Qorki inqilabi, iqtisadi və ictimai ədəbiyyatla aşina olur. Qorkinin Qazanda yaşamaqdan məqsədi hazırlaşıb darülfünuna daxil olmaq idi. Fəqət darülfünun qapısının proletar sinfi üzünə bağlı olmasını yəqin edib xəyalından daşındı.

16 min
Azərbaycanda teatr

Xalq tamaşaları hər bir zaman xalqların həyatında mühüm rol oynamışdır. Açıq meydanlarda, həvəskar camaatın gözü qabağında və heç bir dekordan istifadə etmədən oyun çıxaran müxtəlif sehrbazlar və yalançı pəhləvanlar kütlənin diqqətini həmişə cəlb etmişlər.Şərq “Musanın əsası” haqqında məşhur bir əfsanə vardır. Həmin əsa lazım olduğu vaxtda əjdahaya çevrilir və camaatın gözü görə-görə canlı şeyləri udurdu. Lakin Musa əjdahanın quyruğundan yapışan kimi, o yenidən əsaya çevrilirdi.

22 min

Poems by other poets