Kapitalizmlə mübarizə
Page 1 of 2
Sabiq tacir Ağa Qurbanı hamı tanıyırdı. Rastabazarda iki qapıdan ibarət böyük bəzzaz mağazası vardı; ildə neçə dəfə ticarət niyyəti ilə Moskvaya, Nijni Novqoroda, Lodza, Varşavaya gedib-gəlirdi. Şəhərdə İki böyük imarəti var idi. Hər biri ona bir neçə min manat mədaxil gətirirdi.
Ağa Qurban nədənsə məni xoşlamışdı. Düşəndə birgə gedib onun dükanından parçadan-purçadan almaq istərdim. Məni əyləşdirib bir stəkan acı çaya qonaq edib, gəzdiyi şəhərlərdən, çəkdiyi keflərdən nağıl edirdi:
– Sən Rusiyanın şəhərlərində çox olubsan, oraların həyatına hamıdan yaxşı tanışsan, odur ki, səni görəndə ürəyim açılır; baxıram ki, mənim dediklərimi bir tək sən anlaya bilirsən. Bizim bu yekəpapaqlarda anlaq nə gəzir, gedirlər bazara, gəlirlər evlərinə, bir az zəhrimar yeyib yıxılıb yatırlar və elə bilirlər ki, həyat sürürlər. Mən ölüm, bir gün bizə gəl, sənə bir dadlı düşbərə verim, sonra bir dəftər açıb qoyum qulluğuna, dəftərdəki şəkillərə bax, ağzının suyu axsın. Mən Moskvada, Nijnidə, Varşavada... ad qoymuşam. Bircə dəfə degilən, Qriqori Maksimiç mənim aşnamdır, gör nə qədər sənə hörmət edərlər, xanımlar arasında məni ayrı adla tanımazlar.
Keçən il getmişdim Nijni yarmarkasına... Mal xırıd eləyib yola saldıqdan sonra bir neçə gün istirahət üçün qalxmaq xəyalına düşdüm. Bir neçə kafeşantana gedib ujin istədim. Bir də gördüm bir qoca qarı mənə tərəf gəlir; gəlib bir az durub dedi:
– Siz yəqin bakılısınız?
Dedim:
– Həri.
Dedi:
– Bəs nə üçün təkcə ujin edirsiniz, mən sizi bir gözəl qızla tanış edim, bir yerdə ujin edin, vaxtınız skuçna keçməsin.
Dedim:
– Eybi yoxdur, get gətir.
Sizin canınız üçün, kaftar zalım qızı elə bir qız gətirdi ki, yemə-içmə, xətti-xalına, gül camalına tamaşa elə. Qızı əyləşdirdi yanımda, başladıq ujin, şərab, flan... Yavaş-yavaş beyin qızışdı. Baxdım qızın əlində bir sumka vardır, sumkanı alıb açıb gördüm içi boşdur. Doğrusu, belə bir nazənin sənəmin sumkasının boş olmasına insafım yol vermədi.
Əlimi cibimə salıb bir ovuc qızıl beşlik çıxardıb, tökdüm sumkaya. O qızın şəkli məndə durur, görsən valeh olarsan.
Bir gün yenə yarmarkada gəzirdim. Yolum “tirə” düşdü. Bir qız orada əyləşib biri bir şahıdan nişana vurmaq istəyənlərə patron satırdı.
Qızı görən tək vuruldum. Başladım mən də patron alıb nişan atmağa.
Mənim də ki, nişana atmaqda bərabərim yoxdur, yüzdən yuxarı güllə atdım, biri də dəymədi... ha, ha, ha! Axırda bilirsən nə elədim? Bir dənə beş yüzlük çıxarıb qoydum qızın qabağına və dedim:
– Mən uxajıvat-muxajıvat bilmərəm. Al pulu, dur gedək nahar eləməyə.
Qız pulu götürüb, “tirin” qapısını bağlayıb düşdü yanıma. Onun da məndə şəkli var, gəlib görərsən.
Xülasə, belə söhbətlərdən mənə çox elərdi.
Ay ötdü, il dolandı, Azərbaycanda Şura hökuməti quruldu. Ağa Qurbanın evləri, dükanı keçdi hökumətə. Bir neçə müddət uzunu bu idarədən o idarəyə çırpınıb bu işin qanundan xaric olduğunu sübut etmək istədisə də, sübutları işə keçmədi. Axır bir idarədə bunu qandırdılar ki,
Şura hökumətinin əsası, kapitalizmlə mübarizə etməkdədir. Siz apitalistlər öz sərvətinizi zəhmətkeşlərin əlləri ilə qazanıbsınız. İndi işçilər o sərvətləri dala istəyirlər, hökumət də onlarındır.
Bu izahat onu guya yuxudan oyatdı. Birdən “qanunsuzluq” məsələsini boşlayıb başqa bir sübut meydana atdı, dedi:
– Xub, vaxta ki, belədir və hökumət kapitalizmlə mübarizə edir, onda mənə ikiqat kömək etməyə borcludur, çünki kapitalizmlə birinci mübarizə edən mənim atam Hacı Qasım olubdur. Sonra da mən olmuşam və cəmi dövlətimi kapitalizmlə mübarizədə qazanmışam. Özünüz bir fikir edin. Mənim atam cümlətanı min manat maya ilə ticarətə başlamışdır. Ölüb gedəndən sonra, – Allah atanıza rəhmət eləsin, – İki yüz min manat nəqd pul, evlərdən, dükanlardan başqa, mənə keçdi. İndi mültəfit olsanız, bu sərvətin nə yolla mənim əlimə keçdiyini görərsiniz.
Atam həmişə gedib Rusiyanın fabriklərindən mal gətirib satıb, qazancın cibinə qoyurdu və fabrikin də haqqını özünə göndərərdi. Bir gün atam fikir etdi: “Xub, nə səbəb mənim mincə manat mayam olsun, amma Morozov kimi xaxolun birisinin pullarını banklar tutmasın. Bu milyonlar mənim kimi kasıbların belindən çıxıbdır”. Bunu fikir etdikdən sonra gedib Rusiyadan neçə min manatlıq mal alıb gətirdi. Gətirəndən sonra... tarap! Özünü yerə vurub dedi vərşikəst olmuşam, dükanın viveskəsi dəyişildi, evlər də anamın adına yazıldı. Fabrikantlar gəlib gördülər – bir həsir, bir də Məmmədnəsir. Çıxdılar getdilər. Atam öləndə mənə nəsihət edib dedi: “Bala, sən də bacar mənim kimi, dövlətlilərin pullarını çək, ötür içəri”. Bu qayda ilə İki ev və dükan sahibi olmuşam. İndi buna kapitalizmlə mübarizə deyirlər, ya yox? Siz gərək mənim evlərimi, dükanımı, hamısını qaytarıb özümə verərsiniz. Çünki mən kapitalizmlə mübarizə etmişəm.
Bu söhbət sovnarkomda oldu. Sovnarkomda bunun ağlının dərəcəsini görüb dedilər:
– Sənin dərdinin əlacı burada olunmaz. Lazımdır Narkomzdrava gedəsən. Orada bəlkə sənə əlac oldu.
Qriqori Maksimiç (biz də bunu belə adlandıraq) razılıq edib çıxdı.
Narkomzdrav... Bir cavan oğlan masa dalında əyləşmiş, qabağında yığılmış kağızları bir-bir götürüb baxır, sonra dəftərə yazıb qoyur sağ tərəfinə. Qriqori Maksimiç bunun qarşısında durub kağızların hamısının dəftərə yazılmasını gözləyirdi. Nəhayət, oğlan qələmi yerə qoyub başını yuxarı qaldırdı:
– Nə buyurursunuz?
– Buyurmaq sizinlədir. Bircə mənə deyin görüm burada hamıdan böyük kimdir?
– Böyük yoxdur. Iş başında əyləşən yoldaş var ki, o da narkomdur.
– Narkom... narkom... Xub, onu görmək olarmı?
– Nə üçün olmur, bu qapıdan içəri girin.
Qriqori Maksimiç qapıdan daxil olub, gördü bir neçə nəfər adam sandalyalarda əyləşiblər. Baxdı ki, ev qonşusu Məşədi də buradadır.
Gəlib salam verib, yanında əyləşdi.
– Məşədi, siz burada nə oturubsunuz?
– Narkomu görəcəyəm.
– Sənin narkomla nə işin var?
– Mənim, ayıb olmasın, arvadım neçə ildir, naxoşdur. Müalicə etdirməkdən məndə tab-tavan qalmamış. Özün bilirsən ki, mən gün ruzumu həmişə güclə çıxartmışam. Dedilər narkoma ərizə versən sənin dərdinə qalarlar. Arvadını ya balniskəyə, ya bir yaxşı havalı yerə göndərərlər.
İndi onun üçün gəlmişəm. Bəs sənin burada nə işin var?
Qriqori Maksimiç cavabında:
– Ay Məşədi, sən özün bilirsən ki, mənim Rastabazarda İki qapılı bir dükanım və dağlı məhəlləsində də İki evim var idi...
Əhvalatı müfəssəl nağıl etdikdən sonra Məşədi dedi:
– Sənin işin burada keçməz, gərək Kommunxoza gedəsən.
– Kommunxoz kimdir?
– Köhnə dumu tanıyırdın?
– Nə üçün tanımazdım.
– Çox gözəl, get oraya, soruş ki, Kommunxoz haradadır, sənə göstərərlər.
– Axır məni buraya göndəriblər.
– Göndərən səhv edibdir, burada həkimlik işlərinə baxırlar.
– Məni buraya göndərən hamıdan böyükdür, o səhv etməz.
– Eybi yoxdur, əyləş gözlə, növbətin gələndə gedib narkomu görərsən.
Qriqori Maksimiç bir qədər qonşusu Məşədi ilə dərdləşdi. Oturanlar bir-bir narkomun yanına girib çıxdılar. Bir neçə adamdan sonra növbət Məşədiyə gəldi. Bir neçə dəqiqə keçmiş Məşədi narkomun qapısından çıxanda Qriqori Maksimiç ona yaxınlaşıb xəbər aldı:
– Məşədi, narkom necə adamdır? Cavandır, qocadır?
– Yox, cavandır. Çox yaxşı oğlandır. Dərdimi dürüst söylədim, dedi həkimdən bir şəhadətnamə al, ərizə ilə ver, hər nə mümkündür edərəm.
Çox sağ olsun. Ömrü uzun olsun.
Yaxşı oğlansa, mənim dərdimə əlac eliyəcək.
Qriqori Maksimiç növbət gəldikdə içəri daxil olub, narkoma ikiqat baş əydi.
Narkom bunun belə baş əyməsinə həm təəccüb, həm də nifrətlə
baxıb dedi:
– Buyurun, əyləşin!
– Yox, cənab narkom, qulluğunuzda durarıq, ancaq ərzim var.
– Burada nə cənab var, nə qulluq! Buyurun əyləşin. Biz hamımız yoldaşıq. Köhnə fikirləri başınızdan çıxarın. Əyləşin.
Qriqori Maksimiç ahəstə irəli gedib, narkomun göstərdiyi yerdə əyləşdi.
– Buyurun görək, işiniz nədir?
– Sənə qurban olum, ay cənab... Bağışlayın, yoldaş narkom. Bütün şəhər bilir ki, mənim Rastabazarda İki qapılı dükanım var idi, dağlı məhəlləsində də İki böyük evim var idi. Özüm də...
Narkom Qriqori Maksimiçi dayandırdı.
– Bağışlayın, burada ev, dükan işinə baxan yoxdur. Belə işlər Kommunxoz işidir. Get bu dərdini orada söylə.
– Axır məni buraya göndəriblər.
– Səni buraya göndərən səhv eləyib. Kommunxoza gedin.
Narkom zəngi basdı və içəri daxil olan qulluqçuya:
– Orada daha kim var. Burax içəri.
Kitabxana.az · https://kitabxana.az/en/works/haqverdiyev-kapitalizmle-mubarize
Use ← → keys to move, R for a random poem
More by this author
Molla Vəlinin evində iclas. Cəm olmuşlar: Hacı Bayram, Hacı Novruz, Məşədi Əhməd,*Kərbəlayı Allahverdi** və kəndin sair hampa və ağsaqqalları.
Beşinci şəkilKənd idarəsi qırmızı bayraqla bəzənmiş. Xalq, cavan və qoca, idarənin qarşısında toplaşmış. İdarənin qabağında qırmızı örtüklü bir masa və bir neçə sandalya qoyulmuş.Birincikəndli** (yanındakına). Ay Səfiqulu, bu şəhərdən gələn, hər kəs isə, gərək çox böyük adam olsun.
Altinci şəkilMolla Vəlinin evində iclas. Əyləşənlər: Hacı Bayram, Hacı Novruz, Məşədi Əhməd,*Kərbəlayı Allahverdi və s. kulaklar.*
Yeddinci şəkilKəndin kənarında qazma. Neçə nəfər hərbilər qazmada əyləşmişlər. Bir nəfər cavan*komandan, telefon qulağında, əyləşmiş. Tək-tək atışma səsi gəlir.*
Poems by other poets
— Lətif:Dağıstandan gələn gəlin, mən səni qonaq eylərəm,
GəlmişəmAman Allah, çərxi-fələk əlindənQəmlər çəkib axır canə gəlmişəm
Gəraylı: Məni eşqə salan dilbərMəni eşqə salan dilbər,Sən ha belə deməmişdin,
Təcnis: Badi-səhər bir gözələ tuş oldumBadi-səhər bir gözələ tuş oldumOndan mənə dəydi aya sərandı