Page 2 of 2 · 50%

Qriqori Maksimiç qalxdı ayağa:

– İndi buyurursunuz Kommunxoza gedim?

– Bəli, oraya gedin.

Qriqori Maksimiç köhnə “duma” gəlib çox çətinliklə Kommunxozu tapdı. Qapını açıb daxil oldu.

Cavan oğlan birinci otaqda əyləşib, qabağındakı bir yığın kağızları birbəbir oxuyub dəftərə yazırdı.

Qriqori Maksimiçi gördükdə başını qaldırıb xəbər aldı:

– Nə buyurursunuz, vətəndaş?

– Kommunxozu görəcəyəm, onunla işim var.

– Nə işiniz var?

– Nə ərz eləyim. Hamı bilir ki, mənim Rastabazarda iki qapılı dükanım var idi və dağlı məhəlləsində də böyük evim var idi...

– Deməli, istəyirsiniz evlərinizin İkisini də özünə qaytarsınlar.

– Bəli, evləri də, dükanları da. Əlavə, çirkli-pasaqlı matrosları gətirib doldurublar otaqlarıma, özümü də qısnayıblar bir balaca spalnaya, gərək o matrosları da mənim evimdən çıxartsınlar. Mən və mənim atam neçə illərlə kapitalizmlə mübarizə edib, sərvət qazanmışıq! Onu mənim əlimdən necə almaq olar! İndi bu saat gedib o kommunxoz yoldaşın yaxasından yapışıb evlərimi də, dükanımı da istəyəcəyəm. Mənim evimi almaqda heç kəsin polni pravası yoxdur.

Cavan oğlan Qriqori Maksimiçə dəm tutmağa başladı:

– Yox, sizə böyük zülm olubdur. Siz inqilaba böyük xidmətlər göstəribsiniz, gərək dükanınız və eviniz özünüzə qaytarılsın.

– O matrosları da mənim evimdən çıxartsınlar. Ağzına-bozuna baxmırlar, ayaqları palçıqlı dolurlar otaqlara, bu saat mənim otaqlarımı görsən yazığın gələr.

– Yox, əlbəttə, gərək sizin mülkünüzü qaytarsınlar, ancaq sizi buraya nahaq göndəriblər, sizi buraya göndərən hər kəs isə sizi əlinə dolayıb.

– Bəs hamı deyir ki, mülk işinə Kommunxoz baxır.

– Səhv ediblər, ancaq evlər əlinizə keçəndən sonra buraya naloq verəcəksiniz.

– Naloqdan kim boyun qaçırar, həmişə vermişik, yenə verərik...

İndi deyirsiniz məni buraya səhv göndəriblər?

– Bəli, səhv! Burada sizə əlac olmaz. Mən görürəm, siz bir təmiz adamsınız, inqilaba da böyük xidmət göstəribsiniz. Ona görə, sizə əlac olan yeri dürüst göstərərəm.

– Göstərin, atam sizə qurban!

– Sizə əlac olsa “Azvin” deyilən idarədən olacaqdır, birbaşa gedərsiniz oraya, bu da onun adresi. Sizə orada əlac oldu olub, olmadı, gedin dinməz evinizdə oturun.

Qriqori Maksimiç kağıza yazılan adresi alıb, oğlandan razılıq edib çıxdı.

Vaxt keçdiyinə görə kağızı qoltuğuna qoyub sabah sübhdən getməyi qət etdi.

Qriqori Maksimiç gəldi evə, arvad düşbərə bişirmişdi, bir neçə boşqab yeyib istədi yatsın, yuxusu gəlmədi. Arvad xəbər aldı:

– Söylə görək, a kişi, nə iş görə bildin?

– Dinmə, arvad, işim yolun ağına düşübdü. Bu gün Kommunxozun kantorunda bir yaxşı oğlana rast gəldim. Deyir heç kəsin haqqı yoxdur sənin evlərini, dükanını almağa. İndi budur bir adres verib, deyir oraya getdinmi, mülkünü alacaqsan, vaxt keçdiyindən bu gün gedə bilmədim. Sabah tezdən gedəcəyəm.

Arvad bir qədər qulaq asıb dedi:

– Kişi, gəl sən bir mənim də sözümə bax. Dur buradan düz get advokat

Əlabbas bəyin yanına, ona da məsləhət elə, gör nə deyir. Nə qədər olsa dünya görmüş, iş bilən adamdır.

Qriqori Maksimiçin ağlı kəsdi.


Advokat Əlabbas bəy kabinetində əyləşib çay içirdi. Qapı döyüldü.

Durub açıb, Qriqori Maksimiçi gördü.

– Ay salaməleyküm. Siz hara, bura hara! Içəri buyurun görək. Nə əcəb siz də bizə gəlmişsiniz?

– Nə etməli, bəy dadaş, yük əyəndə daş qəribliyə düşər. Sizə vacib işim düşübdür.

– Buyurun əyləşin, bir stəkan çay ilə necəsiniz?!

– Çox razıyam, bu saat içib gəlirəm.

– Əyləşin, söyləyin görək nə var, nə yox, budur neçə gündür bayıra çıxmıram, şəhərdən, bazardan xəbərim yoxdur.

– Bazarda, şəhərdə nə olacaq? Bikarçılıq. Səhər çıxıb bir az bazarı dolanıb qayıdıram evə.

– Niyə alış-veriş eləmirsiniz?

– Elə bu məsələdən ötrü gəlmişəm qulluğunuza. Mənə bir məsləhət tökün, nə qədər də məndən alacaqsınız alın, xülasə, mənim dərdimə əlac eləyin.

– Buyurun görək.

– Axır siz özünüz bilirsiniz ki, mənim Rastabazarda iki qapılı dükanım var idi və dağlı məhəlləsində iki böyük evim vari idi...

Əlabbas bəy, Qriqori Maksimiç ağzını açdıqda başı boşluğunu gördüsə də, yenə səbirlə onun şikayətinə axıradək qulaq asıb dedi:

– Ağa Qurban! Mənim sizə doğru-dürüst, qardaşlıqda məsləhətim budur. Bu danışdığınız söhbəti elə burada qoyun qalsın. Fayda verən danışıq deyil. Şura qanunu ilə sizə nə dükan, nə də ev qaytarılmayacaq.

Çəkdiyiniz zəhmət, xərclədiyiniz pullar da hədər gedəcək.

– Necə gedəcək? Bəs mən və mənim atam, kapitalizmlə mübarizə etmişik...

– Yox, Ağa Qurban, kapitalizmlə mübarizə buna deməzlər. Amma o ki sizin evinizi, dükanınızı alıblar, bu, kapitalizmlə mübarizədir. Mənim məsləhətimə qulaq asın, bir qədər səbir edin, görək işlərin axırı necə olur.

– Axı siz belə deyirsiniz. Kommunxozun kantorunda qulluq eləyən oğlan bu adresi mənə verib dedi ki, buraya getdinmi, o saat sənin dərdinə əlac olacaq.

Əlabbas bəy kağızı oxuyub ucadan güldü.

– Bilirsiniz, Ağa Qurban, bu nə kağızdır?

– Buyurun!

– Bu “Azvin”in adresidir. Burada ancaq araq-çaxır işinə baxırlar, ev işinə qarışmazlar. İndi bilin ki, hər yerdə sizi biləyə dolayırlar.

Qriqori Maksimiç məyus Əlabbas bəyin evindən çıxdı. Bayırda dayanıb bir qədər o yana-bu yana baxdıqdan sonra evinə tərəf yola düşdü.


O vaxtdan neçə il keçibdir. İndi də Parapet spekulyantlarının arasından və ya Malakan bağındakı “Qarabağ klubu”ndan keçdikdə, əlbəttə, Qriqori Maksimiçin səsini eşidəcəksiniz və görəcəksiniz özü kimi bir “fələkzadəyə” yan alıb deyir:

– Axı siz bilirsiniz ki, mənim Rastabazarda İki qapılı dükanım və dağlı məhəlləsində iki böyük evim var idi...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets