Qoca tarzən
Bahar fəsli təzəcə daxil olmuşdu. Qoca tarzən Cavadın arvadı müztərib halda tez-tez qapını açıb küçəyə baxırdı və ah çəkərək otağa qayıdırdı.
Əri Cavad tamam qışı xəstə yatıb, İndi isə qıçlarında bir qədər qüvvə hiss edib dedi:
– Ay arvad, dörd aydır ki, mən xəstə yatıram və evin qapısından başımı dişarı çıxarmamışam, İndi bahardır, pəncərədən baxıram, görürəm bahar günəşinin işığı hər yeri tutubdur, ürəyim bərk darıxır, mənim paltarımı ver geyinim, gedim şəhər bağında bir az nəfəs alım, qayıdım evə. Bu neçə ayda bədənimə təmiz hava dəyməyib, bəlkə baharın istisi məni halətə gətirə.
Arvad ərini geyİndirib qolundan yapışıb, pilləkəndən endirib qayıtdı.
İndi neçə saat idi ki, əri getmişdi. Gec gəldiyindən, arvad iztiraba düşüb vurnuxurdu.
Bir də qapıdan baxıb ərini gendən gələn görüb cəld pilləkənin ayağına enib qolundan yapışıb otağa gətirdi.
Cavad uca boylu, başı, saqqalı ağarmış göyçək simalı bir kişi idi.
Qocalığına baxmayaraq, cavanlığında geydiyi libasının tərzini dəyişməzdi.
İpək arxalıq, mahud çuxa, boz və qiymətli Buxara dərisindən papaq, şavro çəkmə, belində qızıl kəmər, döşündə çarpaz asılmış qızıl saat zənciri... Onun libası həmişə bu idi.
Arvad Cavadı çarpayının üstünə əyləşdirdi.
– A kişi nə belə gec gəldin? Yorulmadın ki?
– Yox, arvad, yorulmamışam, hətta özümdə bir cavanlıq qüvvəsi də hiss edirəm.
– İnşallah tezliklə sağalarsan.
– Bağda əyləşib, ətrafa tamaşa eləyirdim; hər tərəfdə ağaclar çiçək açmağa başlayırlar; quşlar bu ağacdan o ağaca atılaraq nəğmələri ilə baharı təbrik edirlər. Göy otlar qaranlıq torpağın altından başlarını çıxarıb, yüksəlmək üçün bahar havasından rişələrinə qüvvət diləyirlər.
Balaca uşaqlar gülər sifətləri ilə biqeyd bağın xiyabanlarında qışqırtı ilə yüyürüşürlər. Onlara baxdıqca mənim ürəyim yanırdı. Öz-özümə deyirdim: bu uşaqlar necə xoşbəxtdilər, onların əsla xəyallarına gəlmir ki, bir vaxt olacaq, mənim kimi onların da evdən çıxıb evə qayıdanda qollarından yapışacaqlar. Oyanıb çiçəklənmiş ağaclara, göyərmiş otlara baxıb deyirdim: nə olardı insan da bu nəbatat kimi, qış daxil olanda yuxuya gedib, bahar vaxtı bədənində təzə bir qüvvət olaraq oyana idi!
Cavad bir ah çəkib dedi:
– Arvad, qalx o tarı mənə gətir, görüm çala biləcəyəmmi?
Arvad qalxıb divardan asılmış tarı endirib torbasından çıxardıb verdi ərinə.
Cavad tarı əlində tutub, neçə dəqiqə sakit tamaşa edəndən sonra, dərin bir ah çəkib, tarı sinəsinə basdı. Bir neçə mizrab vurandan sonra əli boşalıb tarı yerə qoydu.
– Gəl, arvad, götür as yerindən, lənət sənə, dünya! Lənət gəlsin sənə, qocalıq! Məgər mən tar çalmaqdan yorulardım?
Arvad tarı alıb, torbaya qoyub yenə divardan asdı. Bu halda qapı döyüldü. Cavad dedi:
– Arvad, get qapını aç, gələn bizim uşaqlardır. Bağda gördüm, dedim gəlsinlər bir az söhbət eləyək.
Arvad qapını açdı. Cavadın şagirdlərindən bir nəfər tarzən və bir kamançaçı daxil olub salam verdilər. Cavab cavanlara yer göstərdi:
– Əyləşin, balalarım. Nə yaxşı olub çalğılarınızı da gətiribsiniz.
Cavanlardan biri cavab verdi:
– Sən bizi evinə təklif edəndə, biz fikir etdik ki, əliboş getməyin mənası yoxdur; gedib evdən tar və kamançanı götürüb gəldik.
– Çox gözəl iş görübsünüz; bağışlayın, oturmağa taqətim yoxdur.
Mən uzanım, siz də bir qədər çalın, sonra da çay içib söhbət edərik.
Arvad, gəl məni soyundur.
Cavan tarzən cəld qalxıb Cavadı soyundurub uzandırdı. Cavad dedi:
– Çox sağ ol, zəhmət çəkdin.
– Sən bizi öyrətməkdə az zəhmət çəkməyibsən. Bizim də borcumuz həmişə sənə qulluq etməkdir. İndi nə buyurursan çalaq?
– Mən cavanlıqda hər havadan artıq “Rast”ı sevirdimsə, həvəslə də onu çalardım. Bir “Rast” çalın, mən də qulaq asıb cavanlığımı xəyalıma gətirim.
Cavad gözlərini yumdu, cavanlar tarı və kamançanı götürüb “Rast” dəstgahını başladılar. Bir qədər çalmışdılar, gördülər Cavadın dodaqları tərpənir. Cavad deyirdi:
– Yay fəsli idi. Şamaxı cavanları yığma qoyub, məndən sivay da
İki dəstə çalğıçı götürüb neçə günün müddətinə yaylağa səyahətə getmişdilər.
Aydınlıq gecədə, gözəl bir çeşmənin kənarında cavanlar halə qurub əyləşib, növbə ilə oxuyub çalanlara qulaq verirdilər. Meşənin tamam bülbülləri tarların səsinə cəm olmuşdular. Tar çalındıqca onlar da ağız-ağıza verib oxuşurdular. Bülbüllərin nəğmələri, meşənin və çiçəklərin ətri, gecənin sərinliyi, buludsuz göydə səyahət edən ayın tamaşası çalanların və oxuyanların hamısına nəşə verirdi. Onlar da həmişəkindən beş qat həvəslə çalıb oxuyurdular. Birdən cavanlardan birisi qalxıb dedi:
– Həzərat, mənim bir təklifim var.
Hamı üzünü ona tərəf tutdu, xanəndə sakit oldu.
– Mən təklif edirəm ki, buraya cəm olan tarzənlər növbə ilə tək tar çalsınlar. Hər kəsin tarına bülbül gəlib özünü toxusa, mən ona yüz manat bağışlayacağam və onun adını da burada tarzənlər şahı qoyacağam.
Hamı cavanın təklifini xoşlayıb tarzənlərə buyurdular ki, növbə ilə tar çalsınlar. Heç kəsin çalğısı bülbülü gətirə bilmədi. Axır növbət mənə gəldi. Tarı sinəmə basıb həmin bu “Rast”ı başladım. Bir də gördülər, bir dənə bülbül gəlib mənim qarşımda bitmiş ağacın budağında əyləşib başladı cəh-cəh vurmağa. Dedim: “Ay zalımın quşu, ölsən də səni özümə tərəf çəkəcəyəm”. Bir az keçmişdi, onda gördüm bülbül ağacdan sürətlə enib özünü tara çırpıb uçub getdi.
O vaxt Şirvanda Mahmud ağa adında bir muğamatşünas var idi.
Mahmud ağa bu haləti gördükdə yerindən sıçrayıb gəlib mənim alnımdan öpüb dedi: “Ölmə, yaşa!”.
Budur, ölməyib, yaşayıram... Budur, ölməyib yaşayıram! İndi mən kimə lazımam?
Çalğıçılar “Şikəstəyi-fars”a keçəndə, Cavad hövlnak yerindən qalxıb qışqırdı:
– Dayan! Bunu siz çalmırsınız. O şikəstəni mən çalıram. O barmaq mənim barmağımdır. Afərin, Cavad! Mərhəba sənə! Ölmə, yaşa, ölmə, yaşa! Baxın, baxın, göylər aralandılar, orada mənə əl eləyirlər. Odur göydən mənim üçün təxti-rəvan enir, daha mən bundan sonra yerlərə lazım olmayacağam! Gəlirəm! Gəlirəm!
Bu yerdə Cavadın səsi birdən kəsildi.
Arvadın ucadan qışqırtısı çalğıçıları diksindirdi. Hər ikisi hacatlarını kənara qoyub durdular ayağa.
Bir az sonra iki şagird müəllimlərinin yumulmuş gözlərinə, rəngi qaçmış sifətinə baxaraq gözlərindən yaş axıdırdılar.
Kitabxana.az · https://kitabxana.az/en/works/haqverdiyev-qoca-tarzen-2
Use ← → keys to move, R for a random poem
More by this author
“Qasım əmi, dur qapını cəftələ; Qorxuram adın yazıla dəftərə”.*Qasım əmi kənddə birinci şəxs idi. Neçə il yüzbaşılıq edib, axırda bir nəfər onun üstünə şər atıb ki, guya Qasım yüzbaşı rüşvətxordur. O səbəbə möhürünü və zəncirini alıblar. O da öz haqqında bu zülmü görüb acıqla götürüb bir üç yüz təbəqə ağ kağıza möhür basıb. İndi də o kağızlardan düşəndə təbəqəsini üç manatdan, beş manatdan satır. O kağızları alanlar, onların üstündə onun-bunun adına köhnə tarixlə veksildən, icarənamədənfilandan yazırlar... Mətləbdən uzaq düşdük.
Şikayət“Sər bə zəmin düm bə hava mikünənd Yəni ibadət bə xuda mikünənd”.*Ramazan daxil olub, yarmarkalar... bağışlayın, səhv etdim... məscidlər açılıb, marallarım mətalarını hazırlayırlar. Yəni moizə kitablarını rəfdən alıb, tozlarını təmizləyir, başlayırlar əzbərləməyi.
Dəccalabad“Hərdəm bə libasi digər on mar bəraməd Gəh gürzə ilan şüd, Gəh mərsiyəxan-şüd,*Gəh afəti-can şüd,*
Yaşılbaş sona“Kür qırağının əcəb seyrəngahı var, Yaşılbaş sonası heyf ki, yoxdur”.*Vaqif
Poems by other poets
Olu yarəb ki, düşə daməni-canan əlimə,Düşsə, billah ki, düşər çətri-Süleyman əlimə.
Vay günüGör necə dönübdür dövri-zamanə,Vay günüdür müsəlmana vay günü,
[Nisvanı sanma yalnız, sərdari-zihəşəmdir]Nisvanı sanma yalnız, sərdari-zihəşəmdir,Hüsnilə zizəfərdir, anilə möhtəşəmdir.
BülbülQalxıb havadən gedirsənDolanırsan bağı, bülbül