Dəccalabad
“Hərdəm bə libasi digər on mar bəraməd Gəh gürzə ilan şüd, Gəh mərsiyəxan-şüd,
Gəh afəti-can şüd,
Gəh molla-filan şüd,
Gəh qonsulu xan şüd...”
Qalə movlana Fazili-Nirani əleyhəşşərbətü vəlkəbab; fi kitabi “Məcməülmüzəxrəfar”, “Əddəccalü məhbusun fi təhti Bəhrilxəzər”, yəni Dəccal, Kaspi dənizlərinin altında dustaqdır. Şəkkakə lənət!
Kaspi dənizinin kənarında, Hacıtərxan ilə Ənzəli arasında bir şəhər var. O şəhərin adı Dəccalabaddır. Dəccalabadda kafir çox azdır. Əhalinin əksəri marallarımdır. Dəccalabad marallarımı İki şeydən tanımaq olar: bir qulaqlarından, bir də papaqlarından. Qulaqları yastı və bir qarış olar. Papaqlarının da ortasını qabağa geyərlər. Dəccalabad marallarım çox dindardırlar. Ilin on bir ayını ağlarlar. Odur ki, Dəccalabaddan mərsiyəxan əskik olmaz. Iran dursun kənarda. Hələ Qarabağdan da oraya mərsiyəxan gəlib çıxır. Bir vaxt Karyagindən bir nəfər mərsiyəxan gəlib orada bir ay mərsiyə oxuyub min manat pul almışdı. Axırda bir gecə cənab axundun bir nəfər dul arvada elmi-izdivacdan leksiya oxuduğunu görüb hərçənd bədgüman olub, bir qədər narahat eləmişdilər, amma sonra həqiqəti anlayıb axundu ehtiramla yola salmışdılar. Belə danışırdılar ki, mərasimi-ehtiramat əsnasında axundun İki qabırğası sınıb, papağı da yox olub. Nə eybi var. İmam yolunda İki qabırğa ilə bir papağın nə maliyyəti?
Məhərrəm ayında marallarım məscid həyətində təkyə saxlarlar. Həyətin dörd tərəfi hücrələrdir. Bu hücrələrin hamısında mərsiyə oxunur. Hücrələrin qabaqlarına da yerə taxta çalınıb və taxtanın içində yüzədək içi su ilə dolu teştlər düzülüb. Hər maral teştlərin üzünü dəöpməyi özünə fərz hesab edir. Qadınlar isə teşti öpəndən sonra suyun içinə pul da salırlar. Camaat çəkiləndən sonra şeyxlər gəlib pulları yığırlar. Hər gün on beş, iyirmi manat cəm olur.
Bir məhərrəmdə nədənsə neçə gün bir-birinin dalınca şeyxlər teştlərdə pul tapmırlar. Axırda məlum olur ki, ağacı qurd içindən yeyir.
Hərdəm paltarını dəyişərək ilan olur.
Bir gün məscidin yanından ötərkən gördüm böyük izdiham və qışqırtı var. Yumruq dolu kimi göydən yağır. Əvvəl güman etdim ki, mərsiyənin təsirindən camaat başına yumruq çırpır. Amma yaxına gəlib gördüm ki, yumruqların hamısı bir maralın başına dəyir. Belə məlum oldu ki, şeyxlərdən birisi başına çadra salıb, gəlib arvadların cərgəsinə qoşulub, onlar ilə bahəm teştləri ziyarət edir və salınan pulları da götürüb cibinə qoyurmuş. Sair şeyxlər duyuq düşüb haman maralı lazımınca islatdılar. İndi Dəccalabad şeyxləri hamısı qadın azadlığı tərəfdarı olublar. Deyirlər: “Əgər arvadlar üzü açıq gəzsələr, şeyxlər arvad libası geyib pullarımızı oğurlaya bilməzlər”.
Dəccalabad belə şəhərdir. Odur ki, Dəccal bu şəhərin qarşısında dənizin təkində dustaqdır.
İndi xüruci yaxınlaşdığından, onu göz dustağı ediblər və özünə də izin veriblər ki, kaspi dənizinin kənarında olan şəhərləri birbəbir gəzib özü üçün minməyə bir uzunqulaq tapsın. O da şəhərləri dolanır və hər şəhərdə bir sifətə düşüb, özü üçün minik axtarır. Məsələn, Ənzəlidə Seyid Qurqur sifətində, Lənkəranda Molla Mirzəcan ya Hacı Molla Abbasqulu sifətində. Bakıda... onu deməyə qorxuram... hər mollanın beş qoçusu var. Adamın başına bir oyun açarlar ki, pişiyə Əbülqasım deyər. Qubada Hacı Molla Baba, Petrovskidə Molla Qəvam, Dərbənddə Səməndər, Hacıtərxanda Molla Əbdürrəhim sifətində... Ulağın çoxluğundan Dəccalın gözü böyüyüb, bilmir hansının qulağından yapışsın.
Günlərin bir günündə Dəccalabad marallarım məclis qayırıb qət edirlər ki, bir üsuli-cədid məktəbi açsınlar. Dəccal bu məclisdə sədarət edir. Üzünü camaata tutub deyir: “Camaat, bu məktəb bir gözəl şeydir, bəşərti ki, onun müəllimi də maral ola. Yoxsa gedib bidin, başı şapkalılardan, yainki Istanbul sünnilərindən gətirəcəksinizsə, yaxşısı budur ki, bu məktəb məsələsini büküb palazın altına qoyaq”.
Marallar sədrin nitqini ürəkdən alqışlayıb qət edirlər ki, yazıb Tehrandan Şeyx Feyzullah zavodundan iki nəfər müəllim təklif etsinlər. Sonra başlayırlar ki, məktəbin adını nə qoyaq?
Biri deyir: “Məktəbi-şamatət”, biri – “Ləamət”, biri – “Nədamət”, biri – “Iftizah”, biri – “İzmehlal”...
İndiki Mahaç-Qala
Sədr təklif edir: “Mədrəsəyi-töhmət”. Bu ad hamıya xoş gəlib məclis tərəfindən qəbul olunur və haman məclisdə müəllimlər xüsusunda Tehrana kağız yazılır.
İki aydan sonra Tehrandan İki nəfər müəllim varid olur.
Iranlılar bir qəribə tayfadırlar; hər yerdə olsalar, hökmən gərək aftafaları ilə konsulları yanında olsun.
Məktəb müəllimləri Iran təbəələri olduqlarından, Dəccal konsul sifətində gəlib məktəbə malik olur. May ayında konsul xəbər tutur ki, məktəbdə imtahani-ümumi düzəltmək istəyirlər. O saat məktəbə təşrif gətirib əmr edir ki, imtahani-ümuminin proqramını ona təqdim etsinlər.
Müdir başlayır bir-bir oxumağa:
Əvvəlinci: “Vətən – Zavallının əşarından.
Konsul ilan çalmış tək sıçrayır:
– Amandı, nə fikirdəsən?
– Xan, necə?
– Rəhmətlik oğlu, rusun qoşunu Ərdəbildə əyləşib, sən vətən sözünü dilinə gətirirsən? Bəlkə sabah gəlib məktəbi bağladılar.
– Eybi yoxdur, bu dursun. İkinci: “Ayıl ey milləti-iran, oyan bu xabiqəflətdən!”
– Ay xanəxərab, dayan!
– Nə oldu, xan?
– Xanəxərab! Rus Təbrizdə əyləşib! Sən milləti-Iran sözü danışırsan.
Bundan sonra əlbəttə gərək “millət” sözü ortalığa çıxmasın!
– Xub, bu da dursun. Üçüncü:
Bir günü tülkü girdi bir bağa,
Baxdı orada sola, həm sağa,
Gördü o bağda üzüm saralıb,
Konsulun bığları əcəb qaralıb.
– Bax, budur ha! Belə əşardan oxut, xalq ləzzət aparsın və bir də çalış “insaniyyət”, “mürüvvət”, “həmiyyət”, “ittihad”, “namus”, “qeyrət”, “mədəniyyət”... və habelə sözlər ortalığa gəlməsinlər.
– Baş üstə, xan!
İmtahani-ümumi başa gəlmədi.
Kitabxana.az · https://kitabxana.az/en/works/haqverdiyev-deccalabad
Use ← → keys to move, R for a random poem
More by this author
Qədim yunan mühərrirləri hər bir yazdıqları kitabı doqquz nəfər “muza” deyilən sənaye-nəfisə allahlarının birinin, yainki hamısının adı ilə başlardılar. Miladdan 322-332 il qabaq Iskəndəri-Rumi tamam Iran zəmini təsxir edib yunana mülhəq etdi. Iran neçə yüz il daha ondan sonra yunan mədəniyyəti nüfuzundan çıxa bilməyib ədəbiyyat şivələrində həmçinin yunan şivələrinə təqlid etdilər. Odur ki, hər bir fars kitabını ki, açırsan, əvvəlcə oxuduğumuz “həmdi-bihədd və sənayi-biədəd”dir, “əvvəli dəftər bənami-eyzədi-dana”... “və namixudavəndi-canafərin”... və habelə, hamısı bu qəbildən...Biz də Iran nüfuzu təhtində, şairlər demişkən, nəşvünüma tapdığımızdan
Mütrüb dəftəri“Qasım əmi, dur qapını cəftələ; Qorxuram adın yazıla dəftərə”.*Qasım əmi kənddə birinci şəxs idi. Neçə il yüzbaşılıq edib, axırda bir nəfər onun üstünə şər atıb ki, guya Qasım yüzbaşı rüşvətxordur. O səbəbə möhürünü və zəncirini alıblar. O da öz haqqında bu zülmü görüb acıqla götürüb bir üç yüz təbəqə ağ kağıza möhür basıb. İndi də o kağızlardan düşəndə təbəqəsini üç manatdan, beş manatdan satır. O kağızları alanlar, onların üstündə onun-bunun adına köhnə tarixlə veksildən, icarənamədənfilandan yazırlar... Mətləbdən uzaq düşdük.
Şikayət“Sər bə zəmin düm bə hava mikünənd Yəni ibadət bə xuda mikünənd”.*Ramazan daxil olub, yarmarkalar... bağışlayın, səhv etdim... məscidlər açılıb, marallarım mətalarını hazırlayırlar. Yəni moizə kitablarını rəfdən alıb, tozlarını təmizləyir, başlayırlar əzbərləməyi.
Poems by other poets
Eşq odına düşdüm, çəkdim cəfalar,Dünyada səfasız nə yaman olur,
Varmı?Mənimlə həmdəm bu gün bu gecə,Bir bülbülüm vardır, səndə varmı?
NuxaTərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
Şekoft imas ki, nəsimi-səxavət ilə bu günŞekoft imas ki, nəsimi-səxavət ilə bu gün,Bənəfşə qamətidin getsə əzayi-əna.