1870-ci sənənin may ayının 4/17-ci günündə Şuşa qəzasında təvəllüd etmişəm. Atam Əsəd bəy qəza dəftərxanasının mütərcimi olub. Üç sinnində ikən atamı qeyb edib, bir neçə il əmim Əbdülkərim bəyin təhti-tərbiyəsində, sonra anamın ikinci şöhəri Həsənəli bəy Sadıqovun tərbiyəsi altına keçmişəm. Bu kişi mənə həqiqət ikinci atalıq etdiyindən, onu həmişə xeyirlə yad edirəm. Rus əlifbasının və rus qiraətini ilk dəfə Həsənəli bəydən öyrənmişəm. 1880-cı ilin may ayınadək kənddə olub, sonra Şuşa şəhərinə köçüb, altı sinifli şəhər məktəbinə girmək üçün hazırlanmağa başladım və bu niyyətlə məni müəllim Yusif bəy Məlik-Haqnəzərovun müvəqqəti yay məktəbinə qoydular. Sentyabr ayında imtahan verib, şəhər məktəbinə daxil oldum və bir ildən sonra Şuşada təzə açılmış realni məktəbə keçdim. Realni məktəbdə oxuyarkən, yenə hər ay Yusif bəyin “kontoruna” gedirdim. Yusif bəy mütəəssib bir teatro həvəskarı idi. Yay fəsillərində Şuşaya cəm olan kənd müəllimlərinin iştirakilə neçə teatrolar qabaqca Şahnəzərovun evində və sonra şəhər klubunun zalında verirdilər. Oynanılan əsərlər ancaq Mirzə Fətəlinin komediyalarıydı. Onlardan savayı meydanda heç bir əsər yox idi. Yusif bəy özü mütəəssib olub şagirdlərini də teatro tərəfinə həmişə təşviq edərdi. Və mənim teatroya həvəsim, onun təşviqi sayəsində başlanıb, gəldikcə artdı. Axır vaxtlarda Yusif bəylə aramızda sıxı bir rəfaqət var idi və qocalığına baxmayaraq, mənim əsərlərimdə rollar götürüb, gözəl oynardı.

Realni məktəbin dördüncü sinfində ikən, Mirzə Fətəlinin komediyalarına oxşar əsərlər yazmağa başladım. Söz yox ki, bunlar hamısı zəif və uşaq əlindən çıxmış cızmaqaralar idi. Hər yazdığımı aparıb Yusif bəyə göstərərdim. O da oxuyub, fəqət imlamı düzəldib, qaytarardı özümə və gözəl nəsihət ilə yola salardı.

1890-cı sənədə Şuşa realni məktəbinin altı sinfini bitirib, Tiflis realni məktəbinin yeddinci sinfinə keçdim. Mükəmməl dram teatrosu nə olduğunu mən ancaq Tiflisdə anladım. Tiflisdə təhsil edərkən “Nahaq qan” sərlövhəli bir faciəni ruscadan türkcəyə tərcümə etdim. Bu tərcümənin, təəssüflər olsun, iki axırıncı pərdələrini qeyb etmişəm. Üç pərdəsi isə hal-hazırda əlimdədir.

1891-ci sənədə Tiflis realni məktəbini bitirib ali təhsil üçün Peterburqa getdim.

O vaxt Aleksandrin teatrosunun ən parlaq vaxtı idi. Bu teatronun Savina, Komissarjevskaya, Davıdov, Varlamov, Pisarev, Dalski, Dalmatov kimi zinətləri var idi.

Aleksandrin teatrosu məni tamam cəlb etdi. Hər həftə azından bir dəfə teatroya gedərdim. Bəzi həftə İki-üç dəfə teatro məni çəkirdi. Bu teatronun təsiri altında 1892-ci sənənin yanvar-fevral aylarında “Yeyərsən qaz ətini, görərsən ləzzətini” sərlövhəli komediyamı yazdım və ədəbiyyat meydanına qədəm qoymamı da haman tarixdən hesab edirəm ki, İndi tamam otuz beş sənədir. İkinci əsərim “Dağılan tifaq” həmçinin Peterburqda yazılıbdır.

Peterburqda qabaqca yollar institutuna girib, sonra darülfünuna keçib, müstəme sifətilə Şərq fakültəsini bitirdim.

1899-cu sənədə Qafqaza odət edib, burada ədəbiyyat və müəllimliyə məşğul oldum. 1901-dən 1904-cü sənənin may ayınadək Bakıda müəllimlik edib və haman ayda Şuşa şəhər idarəsinə üzv intixab olunub, vətənə qayıtdım. Bakıda olduğum zaman oynanılan türk teatrolarının hamısının rejissorluğu mənimlə olub. “Bəxtsiz cavan” və “Pəri cadu” sərlövhəli əsərlərim də o vaxtlar Bakıda yazılıb.

1906-cı sənədə birinci Dövlət dumasına Gəncə quberniyası tərəfindən nümayəndə göndərildim. Duma dağıdıldıqdan sonra, dörd ay Peterburqda qalıb, dövlət kitabxanasında “Ağa Məhəmməd şah Qacar” üçün material cəm etdim. Və Qafqaza gələndən sonra onu yazıb tamam etdim. Peterburqdan birbaşa Tiflisə gəlib, “Molla Nəsrəddin” müdiri Məmmədquluzadə ilə tanış olub, müşarileyhin təklifinə görə “Molla Nəsrəddin”də felyetonlar yazmağa başladım. Bu ildən başlamış ta 1913-cü sənəyədək Qafqazın hər yerini, Türküstanı və İranı səyahət etdim. Və bu səyahətimdə Mazandaranda bir neçə vaxt qalıb “Ağa Məhəmməd şah” üçün material topladım.

1913-cü sənədə Ağdama köçüb, 1916-cı ilədək orada qalıb, haman ilin axırında Tiflisə gedib, şəhərlər ittifaqının Qafqaz şöbəsinə xidmətə girdim və burada şöbə əxbarının müdirlik vəzifəsi mənə tapşırıldı.

Fevral inqilabından sonra Borçalı qəzasına komissar intixab olunub, Şulaverə getdim. Burada bir sənə üç ay qaldıqdan sonra idarələrin milliləşdirilməsindən dolayı çıxıb Tiflisə gəldim və burada Gürcüstan türklərinin milli şurası tərəfindən Gürcüstan parlamanına üzv seçildim.

Dinləyici

1919-cu sənənin fevral ayında Azərbaycana çağırılıb nümayəndə sifətində qabaqca Dağıstana, sonra Ermənistana göndərildim.

Azərbaycanda Şura hökuməti bərpa olduqdan sonra hökumət teatrosuna komissar təyin olundum və bir azdan sonra sənayei-nəfisə şöbəsi müdirliyi öhdəmə verildi.

1921-ci sənənin noyabr ayından İndiyədək Azərbaycan darülfünunda Azərbaycan ədəbiyyatı tarixini tədris etməkdəyəm.

Yazdığım əsərlər: “Yeyərsən qaz ətini, görərsən ləzzətini”, “Dağılan tifaq”, “Bəxtsiz cavan”, “Pəri cadu”, “Ağa Məhəmməd şah Qacar”. Xırda əsərlərim; “Millət dostları”, “Mirzə Fətəli Axundov”, “Ac həriflər”, “Kimdir müqəssir”.

İnqilabi əsərlərim: “Padşahın məhəbbəti”, “Ağac kölgəsində”, “Ədalət qapıları”, “Vaveyla”, “Qırmızı qarı”, “Altun öküz”.

Tərcümələrim: “Hamlet”, “Qəzavat”, “Yəhudilər”, “Pepo”.

İşlədiyim jurnal və qəzetlər: “Molla Nəsrəddin”, “Zənbur”,

“Həyat”, “Tazə həyat”, “İrşad”, “Yeni irşad”, “Tərəqqi”, “Açıq söz”.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets