1

3 dekabr 1915-ci il

Əziz Hüsü.

Üç gündür məktubunu almışam; müvəffəqiyyətlərinə hədsiz sevinirəm; Allah eləsin gələcəkdə də bu cür olsun, buna şübhə etmirəm. Dünən teleqrafla təzə ünvanına 60 manat göndərdim; zəhmət olmasa almağın barədə xəbər ver. 20 manat əhvalatından sonra poçta şübhə etməyə başlamışam... Yeri gəlmişkən deyim ki, həmin 20 manat barəsində poçt kontorunun müdirinə ərizə verib xahiş etmişəm ki, onu tapıb ünvanına göndərsin. Sən məktubu xəsiscəsinə yazmağımdan inciyirsən. Açıq məktubda təkcə Ağdam əhvalatlarını deyil, bütöv Ağdamın özünü də yerləşdirmək olar. Allaha şükür, biz hamımız sağsalamatıq.

Atan əvvəlki kimi hər gün bizə baş çəkir və hamıdan da çox bacın xatırlayır, xüsusilə ləzzətli xörəklər yeyiləndə. Biz elə güman edirdik ki, Xosrov evlənər – dəyişər, amma o, əvvəlki kimi yenə gününü səhərdən axşama kimi bazarda keçirir, hərdən də bir, nə üçünsə, sənin dostun Xanlar Nağıyevgildə gecələyir. Xanlar burdadır və həmişə də xəstədir. O, sözgəlişi mənə dedi ki, sənə açıq məktub göndərib.

Mirhəsən Bakıdadır və hardasa, kimin yanındasa işləyir. Təzə xəbər odur ki, atanın bağbanı Xanları, heç bilmirdik onun əlindən canımızı necə qurtaraq, yaxınlarda quduz it qapdı və bu günlərdə də yazıq quduz olub öldü. Atan yaman sevinir. O, İndi bağı olduqca əlverişli qiymətə icarəyə verir. Ümumiyyətlə, atanın işləri düzəlməyə başlayır. Rus məsəlində deyilir: “Allah eləyəydi bizim dana canavar tutaydı”. Özüm barədə deyim ki, burada lap təkəm, hərdənbir maraqsız adamlar baş çəkməyə gəlirlər, onlarla da heç bilmirsən nə danışasan. Tiflis məsələsi baş tutmadı. Ağdamda əlləşməli olacağam, buradan canımı qurtara bilsəm bir dəvə qurban kəsərəm. Bir neçə kəlmə də “Evklid” yox, “Evripid teatrı” kitabı haqqında. Evklid dramaturq yox, riyaziyyatçı olmuşdur. Nə əcəb jurnalın üz qabığında kitab ticarətçisi Malıqinin ünvanı yoxdur. Sənin ünvanlar idarəsinə getməyə vaxtın olmadığından, ən asanı odur ki, Malıqinin adına məktub yazasan, poçt onu tapar. O, olduğu yeri sənə xəbər verər və sən də onun yanına gedərsən. O kitabın qiyməti 7 manatdır. Mən elə güman edirəm ki, onu nadir bir kitab kimi yalnız bukinistdən tapmaq olar. İndi də səni maraqlandıran müsəlman teatrosu məsələsi haqqında: ilk teatro tamaşası Bakıda, 1873-cü ilin Novruz bayramı günündə, hazırda “Metropol” mehmanxanası yerləşən binada, Bakının ictimai iclaslar salonunda səhnəyə qoyulmuşdur. M.F.Axundovun “Mərdi-xəsis” (”Hacı Qara”) komediyası oynanmışdır. Əsər N.B.Vəzirovun təşəbbüsü, Həsənbəy Zərdabinin rəhbərliyi ilə tamaşaya qoyulmuşdur. Pyesin əsas iştirakçıları N.B.Vəzirov və sabiq Yelizavetpol şəhər bələdiyyə rəisi rəhmətlik Əsgər ağa Adıgözəlov olmuşlar. Əgər bu məsələ səni ətraflı maraqlandırırsa, onda məsləhət görürəm “Teatr i iskusstvo” jurnalının 1909- cu il, 6-cı nömrəsini tapasan. Orada “Tatar teatrın” adlı məqalə var. Həmin məqalədən bəzi geniş məlumat tapa biləsən. Daha nə barədə yazım? Dünənə qədər burada bahar havası var idi, bu gün göy tutqundur, ancaq soyuq deyil. Nə üçün Moskva yeniliklərindən heç bir şey yazmırsan? Axı Moskva paytaxtdır və orada təzə xəbərlər də az olmaz. Sitarə və Tavus indi bizdədirlər və simsiz teleqraf vasitəsilə sənə busələr göndərirlər. Hamı səni öpür və may ayının gəlməsini gözləyir. Hərdənbir bacımla xəyal dəryasında üzürük. Mayın axırında Moskvaya gəlməyə və oradan da səninlə birlikdə Volqa çayı ilə geri qayıtmağa hazırlaşırıq. Əyər boş şeylər mane olmasa gözəl plandır. Bir yenilik də: bizim İmranın atası Məşədi Baxşəli rəhmətə gedib.

Hələlik sağ ol.

Səni sevən dayın Əbdürrəhim

2

4/1-1916

Əziz Hüsü

Dünən 27 dekabr tarixli məktubunu, bu gün də dekabrın 30-da sənə göndərilən teleqramın cavabını aldım. Özün başa düşürsən ki, sən məktub yazmamaqla bizi, xüsusən bacımı nigarançılıqda qoyursan. Xəstəlikdən yazırsan. Sən Allah, özünü gözlə; Moskvada olan soyuqlar haqqında oxuduqlarımız dəhşətdir, adam o dünyaya gedə də bilər. Evdən çıxanda bacardıqca isti geyin, gərək ki sənin yun köynəyin olsun. Moskva müsəlman xeyriyyə cəmiyyətinin qaynar fəaliyyəti, xüsusilə müsəlman gənclərini işə cəlb etmələri məni olduqca sevindirir. Mən belə oxudum ki, Moskvada müsəlman səhnə xadimlərinin qurultayı olacaqdır. Bu özü də olduqca sevİndirici faktdır. Sənin “Evpirid teatrı” kitabı haqqında özünə bəraət qazandırmağın məni qane etmədi. Bayramın buna dəxli yoxdur. Cəmiyyətdə başın o qədər qarışıb ki, sadəcə olaraq hər şeyi unutmusan. Bilirsənmi mən necə də çirkab içində yaşayıram və bu kitab mənə nə qədər zövq verə bilər. Mən Azərbaycan dilində teatrın qısaca tarixini tərtib etmək istəyirəm. Lakin yunan dilində məlumatın olduqca az olması məcbur edir ki, başqa mənbələrə də əl atasan. Elə güman edirəm ki, “Evpirid teatrı” kitabı mənə çoxlu material verər. Kitabı tezliklə göndərməyi unutma. Mən indi “Açıq söz” qəzetində əməkdaşlıq edirəm. “Şeyx Şəban” hekayəmi orada çap etdirmişəm. O tənqid ki sən oxumuşsan, uşaqcasına, daha doğrusu, qocacasına yazılmış tənqiddir. Söhbət hekayənin bəzi yerlərindən gedir. Başlanğıcda qrammatikadan bir balaca dərs verilir, məsləhət görülür ki, mən mükəmməl bir dildə, yəni qəzetlərimizin yazdığı və heç kəsin başa düşmədiyi bir dildə yazım ki, bunu da mən heç bir vaxt etmərəm. Sonra tənqidçi, hekayənin, Gülsümün atası evindən qoşulub qaçması yerini təhlil edəndə, böyük bir ailənin nəcib atası kimi mülahizə yürüdür. Nömrələr İndi əlimdə yoxdur, yoxsa onları sənə göndərərdim... Ağdamdan sənə nə yazım. Ağdam öz köhnə yerindədir, yaman bahalıqdır. Məsələn, yağın girvənkəsi 1 manat 10 qəpiyə; ət 21 qəpik (keçi əti), qənd 25 qəpik və ilax... Biz hələ dözürük, əvvəlki kimi yeyir, içir, dolanırıq. Qonaq da ki, həmişə var. Evinizdən heç nigaran olma; nə qədər ki mən sağam, o heç bir ehtiyac hiss etməyəcək. Sonra, Allah qoysa, sən təhsilini başa vurarsan, hər şey öz qaydasilə gedər. Oktyabrın 19-da sənə göndərdiyim 20 manatın başına gələn məzəli əhvalatı da deyim. Bu günlərdə mən onu geri aldım. Poçtda pulun sənə çatmamasının səbəbilə maraqlandım.

Moskvadan alınan teleqramda belə yazıblar: “Pul alası adam Rıbinskyə, öz evinə getmişdir”. Onu da qeyd edim ki, ünvan haman ünvandır. Bu gün teleqrafla sənə 60 manat göndərdim, sən Allah, çatan kimi xəbər ver və heç olmasa, ayda üç məktub yaz. Mən Tiflisə köçmək barədə ciddi düşünürəm, deyəsən, baş tutacaq; Tiflisdə açılacaq müsəlman ruhani seminariyasında mənə müdir müavini vəzifəsini söz veriblər, ümumiyyətlə, orada mənim barəmdə çalışırlar. Sitarə və Tavus bu saat bizdədirlər, sənə cani-dildən salam-dua yazmağımı xahiş edirlər – şirin busələr göndərirlər. Atan, Xosrov, Pərviz, Fatma da səni öpürlər. Bacım səni möhkəm qucaqlayır. Qəmər bacıya və Hüseyn bəyə mənim səmimi salamlarımı çatdır. Yeri gəlmişkən soruşum – Xuduş hardadır? Saat artıq 10-a 20 dəqiqə işləyir, mən masa arxasında oturub yazıram, bacım da divanda xoruldayır. Sən çox yaxşı etdin ki, gəlmədin. İnan, buradakılar da sənin üçün bərk darıxıblar. Moskvadan Ağdama gəlmək, əvvəla, böyük narahatçılıqdır, İkincisi də, artıq xərcdir. Papağını hərləyəsən, may olacaq.

Xudahafiz, öpürəm səni.

Dayın Əbdürrəhim

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Keçmiş günlər

Qəza ispolkomunun maarif şöbəsinin zavxozu Süleyman Qurbanov (sabiq Süleyman bəy Qurbanbəyov) çayçı dükanının qabağında bir stəkan acı çay ilə damağında bir uzunquyruq Şəki demisi, kəmaliistirahətlə əyləşib, Həsən Dadanov maxorkasının tüstüsünü halqahalqa havaya buraxmaqda idi. Onun ətrafında əyləşən beş nəfər şəxs həmçinin qabaqlarında çay, damaqlarında papiros, Süleyman bəyin söhbətinə huşü guşla qulaq verirdilər.Bu adamlar bunlar idi: qəza ispolkom sədrinin müavini Sadıq Cavadov (keçmişdə Süleyman bəyin faytonçusu Sadıq), qəza kuryeri Süleyman bəyin xalası oğlu Cahangir Nuru oğlu (keçmişdə Cahangir bəy Nurubəyov) və kənd qarovulçusu Qasım (sabiqdə Qasım yüzbaşı). Süleyman bəy keçmiş günlərdən, Tiflis, Kislovodsk, Valadiqafqaz, Moskva səyahətlərindən qızğın bir nəfəslə laf vurmaqda idi.

9 min
Uca dağ başında

Uca dağ başında, mədəniyyət mərkəzlərindən və dəmir yolundan uzaq, laçın yuvasına bənzər xırdaca bir şəhər düşübdür. Dağın sağ və sol ətəklərindən köpüklənərək sürətlə axan iki çay, axırda iki mehriban qardaş kimi birləşib axaraq, düzlərdə yaşayan əhalinin bağlarını, əkinlərini sirab edirlər.Şəhər tamam qışı və baharın yarısını qara, dumana bürünmüş keçirib; axırda bu qara çadırşəbi atıb gözəl bir nazənin sənəm tək surətinin parıltısını aləmə salıb, tamam yay istirahəti arzusunda olan isti yerlər əhalisini öz ağuşuna cəlb edir.

15 min
Seyidlər ocağı

Məlumdur ki, islam və xüsusən şiəyi-Əmirəlmöminin vilayətlərinin cəmi ehtiyacatını: istər xeyirdə, istər şərdə, rəf edən İrandır.Əgər Iran olmasa idi, bilmirəm, bu yazıq camaat haraya gedərdi. Şad günümüzdə Iran bizə mütrüblər, hoqqabazlar, kəndirbazlar, meymun oynadanlar, ayı oynadanlar göndərir.

7 min
Qəndil

Bütün dağlar arasında İskəndər bəyin adı söylənirdi. İgidlikdə, at çapmaqda, düşmən bağrı yarmaqda tayı-bərabəri yox idi. Atı, qaramalı saysız idi.Qubernatordan tutmuş axırıncı pristavadək onun evinə gələrkən “hər barədə” razı gedərdi. Kimin Iskəndər bəyin əlindən hökumətə şikayət eləməyə cürəti vardı?

5 min

Poems by other poets