Keçmiş günlər
Qəza ispolkomunun maarif şöbəsinin zavxozu Süleyman Qurbanov (sabiq Süleyman bəy Qurbanbəyov) çayçı dükanının qabağında bir stəkan acı çay ilə damağında bir uzunquyruq Şəki demisi, kəmaliistirahətlə əyləşib, Həsən Dadanov maxorkasının tüstüsünü halqahalqa havaya buraxmaqda idi. Onun ətrafında əyləşən beş nəfər şəxs həmçinin qabaqlarında çay, damaqlarında papiros, Süleyman bəyin söhbətinə huşü guşla qulaq verirdilər.
Bu adamlar bunlar idi: qəza ispolkom sədrinin müavini Sadıq Cavadov (keçmişdə Süleyman bəyin faytonçusu Sadıq), qəza kuryeri Süleyman bəyin xalası oğlu Cahangir Nuru oğlu (keçmişdə Cahangir bəy Nurubəyov) və kənd qarovulçusu Qasım (sabiqdə Qasım yüzbaşı). Süleyman bəy keçmiş günlərdən, Tiflis, Kislovodsk, Valadiqafqaz, Moskva səyahətlərindən qızğın bir nəfəslə laf vurmaqda idi.
– Qasım yüzbaşı, Tiflisi ki, görmüsən. Günlərin bir günündə baxdım ki, libasımın təzələnməyinə bir az ehtiyac var. Libas tikdirmək üçün bir istədim Gəncəyə gedim. Sonra fikir etdim ki, Gəncə nə yerdir ki, dərzisi də nə ola. Elə həm ziyarət, həm ticarət, gəl birbaş özünü sal Tiflisə, həm özünə paltar tikdir, həm də bir az havanı dəyiş! Ax, gözəl Tiflis! Hanı səndə çəkdiyim keflər, gördüyüm günlər, ağrılarını aldığım nazənin sənəmlər! Sən öləsən, Qasım yüzbaşı, bu zalım oğlunun şəhərini könlüm belə istəyir ki, dildə demək mümkün deyil. Budur, neçə ildir ha çalışıram ki, heç olmasa gedim gendən də olsa o kef çəkdiyim mehmanxanalara tamaşa eləyim; bir para gözəl vaxt keçirdiyim evlərin heç olmasa qapısının qabağından addayım, amma mümkün olmur. Hərçi çalışıram, əlimə bir yüz manat sala bilmirəm. Qərəz, mətləbdən uzaq düşdük. Tiflisə üç yüz, beş yüz ilə getmək olmaz idi, üç min manat cibimə pul qoyub yola düşdüm. Tiflisə varid olub birbaş “Oriyant” mehmanxanasına sürdüm.
Avtomobilçiyə dedim: gərək mehmanxanaya çatınca Tiflis küçələrində bir çığır-bağır salasan ki, hamının diqqətini cəlb eləyək. Zalım oğlu, doğrudan da başladı avtomobilin zurnasını çalmağa və bir növ bağırtı saldı ki, tamam küçələrdə gəzən xanımların, kişilərin nəzərlərini mənə tərəf çəkdi. Mehmanxanaya çatan tək qapıçı çıxıb ikiqat baş əyib çamadanımı aldı, apardı içəri. Mən də avtomobilçiyə haqqından başqa, bir qızıl onluq da ustalığına bağışlayıb mehmanxanaya girdim.
Lakeylər səf-səf durub, bir-bir “ağa, xoş gəlibsiniz!” deyirdilər. Mehmanxana sahibi gəlib dedi: “Süleyman bəy, bağışlayınız, qiymətli nömrələrimiz tutulub, ancaq bir dənə on İki manatlıq nömrə var, qəbul etsəniz sizin üçün hazırlasınlar”.
Dedim: “Eybi yoxdur, hazırlasınlar; bir dəfə də ucuz nömrədə mənzil edərik”. Sonra fikir elədim ki, dost-aşna gəlib məni on İki manatlıq nömrədə görsələr deyəcəklər ki, Süleyman bəy kasıblayıb, ucuz nömrədə əyləşir. Mehmanxanaçıya dedim: “Bu nömrədə əyləşirəm, sonra bir əməlli nömrə boşalanda mənə xəbər verərsən”. Dedi: “Baş üstə! Peterburqdan varid olmuş vəzir İki gündən sonra gedəcək, onun nömrəsinə keçərsiniz”. Dedim: “Çox gözəl, deginən mənim üçün vanna hazırlasınlar”. Lakeyə dedim: “Düş qabağıma nömrəni göstər”. Lakey nömrəni açıb çamadanımı qoydu içəri, sonra mənim paltonumu çıxardıb divardan açıb çıxdı eşiyə. Nömrə bəd deyildi; ancaq mənə yaraşmazdı.
Vanna götürüb, gəlib nömrədə bir üç saat yatdım. Sonra durub getdim restorana nahara. “Oriyant”ın restoranı da ki, vəsfə gələn deyil: bir behişt!..
Sadıq burada Süleyman bəyin sözünü kəsib soruşdu:
– Süleyman bəy, o restoranla bu çayxana necədir? Bu maxorqadan orada da çəkirdinmi?
– Sən öləsən, biri bir manatdan ucuz siqar əlimə də almazdım. Nə söyləyirsən! Niyə, özün bilirsən ki?
Qasım yüzbaşı Sadığı dayandırıb dedi:
– Yoldaş Sadıq, mən ölüm, qoy Süleyman nağılını qurtarsın. Bu söhbətlər mənə can verir. Axır o xarabada mən də gözəl günlər keçirmişəm. Süleyman bəy! Nağılını söylə.
– Bəli, naharı qurtarıb getdim birbaş dərzi Solomonun yanına, bir dəst lətif çərkəzi libas zakaz verdim, dedim gərək bu gecə yatmayıb sabah bu vədəyə hazır eləyəsən!
Solomon dedi: baş üstə, ancaq gərək İkiqat muzd verəsiniz! Dedim: “A həpənd”... Sizin canınız üçün, hələ belə dedim: “A həpənd, məgər məni tanımırsan? Üç qat muzd al, ürəyimcə paltar tik”. Dedi: “Can üstə!”
Doğrudan da, sabahı günü haman vaxt libası gətirdi. Zalım oğlu bir libas tikmişdi ki, baxan deyərdi: buna insan əli dəyməyib. Libası bəzənib çıxdım Qolovinskiyə. Bir qədər gəzib yoruldum. Girdim qəhvəyə, əyləşmişdim, gördüm bir nəfər mənə “Süleyman bəy, xoş gördük!” dedi. Dedim: “Bağışlayınız, mən sizi tanıya bilmirəm”. Dedi: “Məni tanımırsınız? Məgər knyaz Qurquraşvili yadınızdan çıxıbdırmı? Mən sizin atanız ilə neçə il çörək yemişəm. Mən sizin evə həmişə gəlibgedərdim. Şükür Allaha, böyük, gözəl oğlansınız. Tiflisdə sizi tanımayan qız yoxdur. Məclislərdə ancaq sənin söhbətİndir. Sən tamam Tiflis gözəllərinin dillərinin əzbərisən. Dünən axşam bir evdə sənin söhbətin idi. Mən dedim o mənim yaxın dostumun oğludur. Mənim Batumdan təzə gəlmiş qardaşım qızı dedi: “Əmi, hər növ olsa məni onunla tanış edərsən”. Siz haraya düşmüşsünüz? Yəqin “Oriyant” nömrələrinə? Dedim: “Bəli, on səkkizinci nömrəyə; buyurunuz, qəhvə içiniz!” Knyaz əyləşib bir stəkan qəhvə içib, bir az da o yandan-bu yandan söhbət eləyib durdu. “Axşam gələrəm, bir yerdə gedərik teatra. Bu gecə yaxşı teatr var!” Knyaz getdi. Mən də bir avtomobil götürüb bir-İki saat şəhəri dolanıb getdim nömrəyə. Nahar edib yatdım. Axşam saat yeddidə gördüm qapı döyülür. Qapını açdım. Knyaz Qurquraşvili daxil oldu. Samavar istədim, çay içdik, sonra libasımı dəyişdim, getdik teatra.
Teatrda əyləşib pərdənin qalxmasını gözləyirdik. Bu halda bir nəfər gözəlliyi vəsfə gəlməyən cavani-növrəsidə, on səkkiz ya iyirmi yaşında bir qız knyaza yaxınlaşıb dedi:
– Əmi, siz də buradasınızmı?
Knyaz üzünü mənə tutub dedi:
– Bu nə gözəl iş oldu! Süleyman bəy, bu mənim qardaşım qızıdır. Təvəqqe edirəm tanış olasınız!
Qızın əli mənim əlimə dəyəndə elə bil əlimə bir od basdılar. İstisi ürəyimə vurdu. Teatr qurtarandan sonra knyaz və qardaşı qızını şama təklif etdim. Çox həvəslə qəbul eləyib, mənimlə gəldilər mehmanxanaya. Orada şam yeyib saat üçədək söhbət etdik. Saat üçdə knyaz dedi:
– Tamara, Süleyman bəyin yatmaq vaxtıdır, dur gedək!
Sonra üzünü mənə tutub dedi:
– Süleyman bəy, təvəqqe edirəm, sabah naharı bizim evdə eliyəsiniz! Tamara, həmçinin dedi ki, əgər mən iltifat edib sabah onlara nahara gəlsəm, məndən çox razı olar. Mən “baş üstə, gələrəm” dedim. Knyaz evinin adresini verib Tamara ilə getdi. O gecə sübhədək yata bilmədim. Bir az məni huş aparanda zalım qızı gəlib dururdu gözümün qabağında.
O biri günü nahardan qabaq dəllək gətirib özümə bir yaxşı təravət verdim. Sonra bir dəstə gül götürüb getdim nahara.
Tamara bu dəfə bir dəst paltar geymişdi ki, daha nə ərz eləyim: cuna paltar, altından mərmər tək bədən par-par parıldayır. Baxan deyər: görəsən bu, mələkdir, pəridir, behiştdənmi gəlib; yoxsa belə insane bədəni yəqin eləyin ki, dünya üzündə yoxdur.
Siz öləsiniz, yoldaşlar, nə yediyimi anlamadım ağzım yeyirdi, gözüm Tamarada idi. Bir də gördüm nahar qurtarıb. Naharda nə yedim, onu İndi də bilmirəm. Nahar dadlı idimi, turş idimi, acı idimi, əsla bilmirəm. Nahardan sonra əyləşdik söhbətə, Tamara məndən soruşdu:
– Süleyman bəy, siz Batumu görmüsünüzmü?
– Xeyr, xanım çox şəhərlər gəzmişəm, amma Batuma yolum düşməyibdir.
– Elə olan surətdə mən bu axşam yola düşürəm. Əmim mənimlə gedir. Çox yaxşı olardı ki, siz də bizimlə gedə idiniz. Həm Batumu görə idiniz və həm də mənim atam və anamla tanış olaydınız. Onlar siz ilə tanış olmaqdan çox razı qalarlar.
Mənim, “baş üstə”dən sivay bir deməli sözüm qalmadı. Nömrənin hesabını verib, getdim vağzala. Gördüm knyaz və Tamara da orada hazırdırlar.
Batuma üç bilet alıb yola düşdük. Kutayisə yaxınlaşanda knyaz dedi:
– Süleyman bəy, siz gərək ki, Kutayisi də görməmişsiniz, nə olar dönüb orada bir gün qalsaq? Çox görməli şəhərdir.
Bu fikrə Tamara da şərik oldu. Və mən də “çox gözəl olar”dan başqa bir söz tapmadım.
Rion stansiyasından Kutayisə döndük və bir mehmanxanada mənzil edib çay içib şəhərə çıxdıq. Nahara əyləşdik, knyaz dedi:
– Süleyman bəy, burada mənə qonaqsınız. Mən sizə qaydalı gürcü naharı verəcəyəm.
Başladı zakazı: döymə kabab, cücə kababı, çoxoxbili, daha nə bilim nə. Şərab butulka-butulka, peydərpey gəlir. Knyaz şərabdan tökür, Tamaranın sağlığına təklif eləyir, mən də stəkanı stəkan dalınca içirəm.
Kefimiz gecə yarısınadək çəkdi. Mən şərabı o qədər içirəm ki, məni nə təhər soyundurub yatırdıqlarından xəbərim olmur. Gözümü açdım, gördüm sabahdır. Əlimi atdım saata ki, vaxtı bilim, gördüm saat yoxdur. Ora saat, buru saat, tapılmadı.
Sonra gördüm, qızıl kəmərim də mənzildə yoxdur. Bildim ki, məni soyblar. Əlimi cibimə apardım, gördüm ki, pullarım da yoxdur. fövrən
zəngi çaldım. Qulluqçu gəldi. Dedim:
– Amandır, bir tezcə knyazı buraya çağır.
Qulluqçu soruşdu:
– Necə knyaz?
– Mənimlə dünən buraya gələn.
– Knyaz da, qız da vağzala getdilər.
– Necə getdilər?
– Getdilər və dedilər ki, Batuma gedirik.
– Bəs mənim pulumu, saatımı, kəmərimi oğurlayıblar!
– Burada oğru, filan yoxdur, aparmışsa, öz yoldaşınız aparıb. Təvəqqe edirəm, bizi töhmətləndirməyib, mənzilin, naharın pulunu verəsiniz.
– Məgər knyaz naharın pulunu verməyibmi?
– Bizə pul çatmayıb. Hər sizin kimi yoluq-moluq gəlib burada nahar eləyib sonra üstümüzə oğurluq yıxsa, gora yaxşı salamat baş apararıq. Nə qədər and içdimsə ki, pulumu oğurlayıblar, inanmadı. Axırı labüd qalıb dedim:
– Canım, sabahadək gözlə, teleqram vurum, pul gəlsin. Hesabınızı verim.
Dedi:
– Gözlərəm, ancaq pul gəlməyincə səni bu nömrədən buraxmayacağam;
yoldaşların kimi sən də qoyub qaçarsan!
Ciblərimi axtarıb bir dənə üçlük tapdım. Bir teleqram Tiflisə, “Oriyant” mehmanxanasının sahibinə vurub üç yüz manat istədim. Sabahı günü pulu alıb mehmanxananın hesabını verib, Batuma çatdım. Hər kəsdən soruşdum, dedilər: “Batumda Qurquraşvili adında knyaz yoxdur.
Abaşidze var. Şervaşidze var, amma Qurquraşvili yoxdur”.
Batumdan Tiflisə gəlib, getdim haman nahar etdiyim evə, soruşdum:
– Qurquraşvili evdədirmi?
– Qurquraşvili kimdir?
– Necə kimdir, bu mənzilin sahibi!
– Bu mənzilin sahibi mənəm və Qurquraşvili adlı adam tanımıram.
– A kişi İki gün bundan əqdəm həmin bu evdə o məni nahara qonaq eləyibdir.
– Səhvsiniz, əzizim! Bu evdə deyil. Adresi unutmuşsunuz!
Daha burada yəqin etdim ki, lotu əlinə düşmüşəm. Məni tovlayıb soyublar. Gəlib əhvalatı mehmanxana sahibinə nağıl elədim. Dedi:
– Bəy, bura Tiflisdir, belə işlər çox olar. Dövlətli adamsan, ürəyini sıxma, bu da bir dərsdir, aldın!
Tiflisdən evə kağız yazdım. Min manat gətirdib mehmanxana sahibinin borcunu verib Tiflisdən çıxdım.
İndi, yoldaşlar, Tiflis belə Tiflisdir. Pulum getdisə də yenə bir doyunca ləzzət gördüm.
Süleyman bəy söhbətini qurtaran tək Sadıq soruşdu:
– Nağlını qurtardın?
– Bəli...
– Di, cəld dur, get ambarın qapısını aç, atların arpasını ver. Hər ata dörd ovucdan artıq arpa vermə. Sən də, yoldaş Cahangir, gərək bu saat gedəsən Hacı Babalıya deyəsən ki, camaat sabah cəm olan pambığı zavoda yola salsınlar. Sən də, yoldaş Qasım, get, bir az dincəl, bu gecə qaraul növbəti sənİndir. Mən də gedim dəftərxanaya. Görüm mərkəzdən əmrdən, filandan yoxdur, di tənbəllik vaxtı deyil, ayağa qalxın.
Di haydı!
Kitabxana.az · https://kitabxana.az/en/works/haqverdiyev-kecmis-gunler
Use ← → keys to move, R for a random poem
More by this author
Qədim yunan mühərrirləri hər bir yazdıqları kitabı doqquz nəfər “muza” deyilən sənaye-nəfisə allahlarının birinin, yainki hamısının adı ilə başlardılar. Miladdan 322-332 il qabaq Iskəndəri-Rumi tamam Iran zəmini təsxir edib yunana mülhəq etdi. Iran neçə yüz il daha ondan sonra yunan mədəniyyəti nüfuzundan çıxa bilməyib ədəbiyyat şivələrində həmçinin yunan şivələrinə təqlid etdilər. Odur ki, hər bir fars kitabını ki, açırsan, əvvəlcə oxuduğumuz “həmdi-bihədd və sənayi-biədəd”dir, “əvvəli dəftər bənami-eyzədi-dana”... “və namixudavəndi-canafərin”... və habelə, hamısı bu qəbildən...Biz də Iran nüfuzu təhtində, şairlər demişkən, nəşvünüma tapdığımızdan
Mütrüb dəftəri“Qasım əmi, dur qapını cəftələ; Qorxuram adın yazıla dəftərə”.*Qasım əmi kənddə birinci şəxs idi. Neçə il yüzbaşılıq edib, axırda bir nəfər onun üstünə şər atıb ki, guya Qasım yüzbaşı rüşvətxordur. O səbəbə möhürünü və zəncirini alıblar. O da öz haqqında bu zülmü görüb acıqla götürüb bir üç yüz təbəqə ağ kağıza möhür basıb. İndi də o kağızlardan düşəndə təbəqəsini üç manatdan, beş manatdan satır. O kağızları alanlar, onların üstündə onun-bunun adına köhnə tarixlə veksildən, icarənamədənfilandan yazırlar... Mətləbdən uzaq düşdük.
Şikayət“Sər bə zəmin düm bə hava mikünənd Yəni ibadət bə xuda mikünənd”.*Ramazan daxil olub, yarmarkalar... bağışlayın, səhv etdim... məscidlər açılıb, marallarım mətalarını hazırlayırlar. Yəni moizə kitablarını rəfdən alıb, tozlarını təmizləyir, başlayırlar əzbərləməyi.