Üçüncü pərdə
Page 1 of 2
Dağlar arasında qaçaqlar məskəni. İki nəfər qaçaqlardan Tağı və Heydər qazanda xörək
bişirirlər. Bir nəfər yuxarıda əli tüfəngli qarovul çəkir.
Qarovul (əlini gözünün üstünə qoyub, uzağa tamaşa eləyir). Heç bir qaraltı görünmür. Gedən yoldaşlardan da gözə bir nişan dəymir. Dəstəbaşımız da öz mağarasında əyləşib. Üç gündür nə isə bizimlə danışmaq istəmir.
Ta ğ ı. Dəstəbaşının dərdini mən bilirəm. Onun nigarançılığı evindəndir. Bacısını xan çəkdirib aparandan sonra, evdə qalmış balaca qardaşının qeydi onu alıbdır.
Heydər. Yox, o, atasının və bacısının hayfını almayınca, rahat olmayacaq.
Ta ğ ı. Pərviz xanın adı gələndə cəmi aləm tük salır. Bədəl ona nə eləyə biləcək?
Heydər. Dünyanın işini bilmək olmaz. Fələk çox Bədəl kimiləri yuxarı qalxızıb. Pərviz xan kimiləri ayaq altına salıbdır. Pərviz xanın camaatla rəftarı bir az da belə gedərsə, axırda tək qalar.
Qarovul. Bir xan ki öz rəiyyətini qaramal kimi sata, o, rəiyyət məhəbbətini qazanamı bilər ki, çətinə də düşəndə rəiyyət onun arxasında dursun?
Ta ğ ı. Rəiyyət alış-verişi eləyən bir Pərviz xan deyil, hamı xanlar bu işi tuturlar.
Qarovul. Hamısının da axırı bir olacaq.
Heydər. Doğru deyirsən, qardaşım. Biz qoçaq çıxdıq. Rəhim xana satılmış on beş nəfər silahlanandan sonra, dağlar arasına qaçıb, quldurluğa qurşandıq. Qaçmaq bacarmayanlar hamısı orada, burada boyunduruq altında qırılırlar.
Heydər. Bəxtimiz onda kəsdi ki, bizim on beşimizi də bir adama satdılar. Yoxsa bölüşdürüb hər birimizi bir yana satsaydılar, hamımız puç olmuşduq.
Ta ğ ı. Bədəltək igid yoldaş bizim aramızda olmasaydı, Rəhim xanın qulluğunda bizim ətimiz tökülüb, sümüklərimiz qalacaqdı.
Bədəl içəridən çıxır, qaçaqlar qalxırlar.
Bədəl. Gedən uşaqlardan bir xəbər yoxdur?
Qarovul. Bu yerdən göz işlədikcə, dörd ətrafa baxıram, heç bir şey görsənmir.
Ta ğ ı. Rəhim xanın adamları imdi bizi axtarmamış yer qoymayıblar. Qorxuram yoldaşlarımız girə keçələr.
Bədəl. Mən Rəhim xandan qorxmuram. Heç kəsdən də qorxmuram. Bizim qaçdığımıza görə, Pərviz xanla Rəhim xanın aralarında, əlbəttə, ədavət düşəcəkdir. Bu da bizə əlverişli olar. İt itlə boğuşar, yolçunun işi avand düşər. Bizə bu dağların arasında heç bir qüvvət bata bilməz.
Qarovul. İki qaraltı görünür, yəqin onlardır.
Ta ğ ı. Ay Bədəl, nə olubdur sənə ki, necə gündür halın özünlə deyil? Yoxsa bir şeydən qorxursan? Əgər bir qorxu varsa, bizi də xəbərdar elə.
Bədəl. Mən nədən qorxacağam? Uzaq başı ölümdür. Ölümdən də mən qorxan deyiləm. Ancaq məni çərlədən bir dərddir. Mən Bədəl olam, igidliyim hər yerdə danışıla, mənim atamı öldürüb, bacımı gəlib sürüyüb aparsınlar?! Yox, mən bu biabırçılığı yeyə bilməyəcəyəm və nə qədər də ki, hayıf almamışam, mən özümə gəlməyəcəyəm.
Qarovul. Yoldaşlar özləri ilə bir gözü bağlı adam gətirirlər.
Bədəl. Gətirsinlər görək, nə işdir. Yəqin geri qayıdası bir adamdır, istəmirlər yolu öyrənsin.
Qaçaqlardan Xəlil və Şirin bir nəfəri gözü bağlı gətirirlər.
Bədəl. Açın onun gözlərini, özünü də aparın bir kənarda saxlayın. Sonra danışdıraram. (Əsirin gözlərini açıb bir kənara aparırlar.) Xəlil, söyləyin görüm, nə iş görə bildiniz?
Xəlil. Xoruzlar banlaşan zaman girdik kəndə. Hamı yatmışdı. Novruzqulunun evinə çatanda itlər üstümüzə gəldilər. İtlərin qabağına yanımızca götürdüyümüz bir parça əti atıb, yeridik qabağa. Qapını döydük. Novruzqulu oyanıb, xəbər aldı: "Kimsən?" Dedik: "Bizik". Səsimizdən tanıyıb qapını açdı, girdik içəri. Xoruzların üçüncü banınadək söhbət elədik. Deyir, camaatın canı boğazına yığılıb, bircə güllənin atılmasına məəttəldir. Xalqın gözü, deyir, Bədəldədir. Hamı, deyir, Bədəlin atlı, kəndin ortasına girməyini gözləyir. Deyir, camaatın sözü budur: belə yaşamaqdansa ölmək yaxşıdır!
Bədəl (bir qədər fikirdən sonra). Novruzqulu yalançı kişi deyil. O, işin həqiqətini söyləyib. Mənim balaca qardaşımdan nə əhval bildiniz?
Xəlil. Novruzqulu dua göndərib deyirdi, qardaşından hər barədə arxayın olsun. Hamımız ona atalıq, qardaşlıq eləyirik. Keçən il xan dara çəkdirdiyi Səfdər kişinin arvadını gətirib sənin evində qoyublar. Qardaşına müqəyyəd olur. Hər gün də dolanacağına lazım olan camaatdan verilir. Novruzqulu deyir, özümüz ac, çılpaq qalmağa razıyıq, amma Bədəlin qardaşını korluq çəkməyə qoymarıq.
Bədəl. Qardaşlar, çox razıyam sizdən. Çox zəhmət çəkdiniz. Vaxtında Novruzqulunun da xəcalətindən çıxarıq. Gözü bağlı gətirdiyiniz kimdir?
Xəlil. Bu adam bizə yolda rast gəldi. Dedi Bədəl xana vacib sifariş aparıram, onun yerini mənə göstərin. Biz də gözlərini bağlayıb gətirdik, ki, xəlvət yolu görməsin.
Bədəl. Buraya gətirin onu. (Xəlil gedir.) Yoldaşlar, daha bundan sonra məni bikef görməsiniz. Bircə qeydim bacımın əsirlikdən qurtarmasıdır. O da sizin köməyinizlə mümkün olar. (Xəlil kişini gətirir.) Kimsən, nəçisən?
Ki ş i. Mən Abdulla xanın yaxın adamlarındanam. Məni xan özü sənin yanına göndərib. Səninlə görüşüb, bir para işlər haqqında söhbət eləmək istəyir.
Bədəl. Abdulla xanın qaçaqlar dəstəbaşçısı ilə nə alıb-verəcəyi ola bilər?
Kişi. Xanın sizinlə və sizin yoldaşlarınızla vacib söhbəti var. Razı olsanız ikicə nəfər adamla gələr.
Bədəl. Abdulla xan uzaqdadırmı?
Ki ş i. Xeyr, bu yavuqda, çayın kənarında quş ovladır.
Bədəl. O yerlər ki Pərviz xanın ovlağıdır?
Ki ş i. Bəli!
Bədəl. Pərviz xan ona quş ovlatmağa izin veribdirmi?
Ki ş i. Xeyr. Abdulla xan buyurur ki, gərək Pərviz xanın ovlağını xaraba qoyam.
Bədəl. Səbəbi nədir? Onlar ki, dost idilər?
Ki ş i. Daha səbəbini bilmirəm.
Bədəl. Get Abdulla xana mənim tərəfimdən ərz elə ki, hər vaxt buyursa, onun qulluğunda hazıram. Bu kişini aparın ötürün getsin.
Bir nəfər onu aparır.
Qarovul. Yolla bir atlı gedir, tərkində də dolu xurcun.
Bədəl. İki nəfər gedin, görün kimdir, gətirin buraya. (İki nəfər gedir.) Bilirsinizmi, qardaşlar, biz, doğrudur, adımızı qaçaq-quldur qoymuşuq, amma bizim qəsdimiz yol adamlarını çapıb talamaq deyil. Birinci qəsdimiz çalışıb özümüzü və öz kasıb qardaşlarımızı Pərviz xan və Rəhim xan kimi qaniçənlərin caynaqlarından qurtarmaqdır. Bizim kimi evindən, eşiyindən didərgin düşənlər çoxdur. Onların hər birinin dalınca qalan gözlər var. Camaat xanların zülmündən təngə gəlib. Onlara bircə işarə eləmək lazımdır ki, hamısı bir adamtək xanların üzlərinə dursunlar. Odur ki, biz gərək qüvvəmizi artırıb, kəndlilərin arasına adam salıb, camaatı tərpədək. Ondan sonra asanlıqla məramımıza çatarıq...
Ta ğ ı. Ondan sonra sən bizim xanımız olarsan.
Bədəl. Heç kəs xan olmaz. Farağat çəkilib, xışımın dəstəsindən yapışsam, özümü xanların hamısından böyük hesab elərəm.
Şirin. Bəs belə olan surətdə, biz burada nə yeyib dolanacağıq?
Bədəl. Əvvəla, Rəhim xandan gətirdiyimiz sursat neçə müddət bizi görər. Əlavə, mən demirəm ki, biz burada bikar oturacağıq. Dövlətli xandan, bəydən, tacirdən ələ keçdi, əlbəttə, soyacağıq. Amma kasıb-kusubla gərək heç kəsin işi olmasın. Dövlətlinin malı halaldır. (Qaçaqlar bir erməni gətirirlər.) Yolda gedən atlı bu idimi?
Qaçaq. Bəli.
Bədəl. Allah saxlasın, a kirvə, yaxına gəl görüm.
Er məni. Ay xan, Qurbanın olum, məni balalarının başına pırlandır. Hər nəyim var verim, məni boşla gedim. İmdi balalarımın gözləri yoldadır.
Bədəl. Mən xan deyiləm, yaxına gəl. (Erməni yavuğa gəlir.) Hardan gəlirdin?
Erməni. Qurbanın olum, xan…
Bədəl. Yenə mənə xan dedin? Bir də xan desən səni öldürərəm.
Erməni. Yox, başığa dönüm, daha demərəm. Şəhərdən gəlirəm. Qızım üçün bir az yalavaşlıq almışam, aparıram. Sabah qızımın toyudur.
Bədəl. Aç görüm nə alıbsan. (Erməni qorxa-qorxa xurcunun açır.) Elə bu?
Er məni. Bə nə olar, başına dönüm? Mənim də gücüm buna çatır. Elə bunu al, məni boşla gedim. Istəmirəm, qızımı cehizsiz də yola salaram.
Bədəl. Bu azdır, ay kirvə, bununla toy olmaz. (Çıxarıb pul verir.) Al bu beş qızılı, qayıt bazara, bir az da parçadan-zaddan al apar. Qızına əməlli toy elə.
Erməni (qorxub, pulu almaq istəmir). Yox, Qurbanın olum, mənimlə zarapat eləmə. Pağır adamam, burax gedim. Həmişə sağa kilisada dua eləyim.
Bədəl. Duan lazım deyil. Al pulu. (Erməni pulu alır). Di şeylərini də qaytar yığ xurcuna. (Erməni yığışdırır.) Di gedə bilərsən. (Yoldaşlarına) Uşaqlar, bunu salamat ötürün, getsin.
Kitabxana.az · https://kitabxana.az/en/works/haqverdiyev-kohne-dudman-ucuncu-perde
Use ← → keys to move, R for a random poem
More by this author
Vodevil iki məclisdə(Məzmun əxz olunub)
Əvvəlinci məclisKənd. Mahmudun evinin qabağı. Sol tərəfdə evin qapısı, qapının yanında bir cəhrə*qoyulub. Evin qabağı bağdır. Sağ tərəfdə, ağacın altında bir kötük var və kötüyün yanında*
İkinci məclisQasım bəyin evində bir otaq. Otağın ortasında stol qurulub, stolun üstündə hər növ*xörəklər və şərbətlər. Otağa xalılar salınıb və yumşaq divan və kürsülər qoyulub. Sol tərəfdə*
Köhnə dudmanDörd pərdədəİştirak edənlər
Poems by other poets
Ala gözlü nazlı dilbər,Vaxtın keçər demədimmi,
Mah Olan YerdəDoğarmı ay u gün göydəYüzün tək mah olan yerdə
Satiya, dur dolanım başına, gəl dövranəSatiya, dur dolanım başına, gəl dövranə,Cami-zərrini götür, bircə dolan məstanə.
Həcv: Qayıtdın Kəbədən, Hacı, unutdun din və imanıQayıtdın Kəbədən, Hacı, unutdun din və imanı,Buraxdın şahidi-üqbanı, tutdun xeyri-dünyanı