Page 1 of 2

Pərviz xanın sarayında bir otaq. Hərəmlər, hərəmxana əmələləri çalıb oynayırlar.

Xacə (daxil olur). Xan təşrif gətirdi. Özü ilə də bir maral gətiribdir ki, yemə, ismə, xəttü-xalına, gül camalına, tamaşa elə.

Hərəmlərdənbiri. Necə, yoxsa bizim hamımızdan gözəldir?

Xacə. Ah! Sizin heç biriniz onun bərabəri ola bilməzsiniz. Baş hərəm. Gələr baxarıq. (O biri qadınlara) Dağılın buradan, heç kəs qalmasın!

Hamı baş əyib gedir. Pərviz xan daxil olur. Baş hərəm təzim edir.

Pərvizxan. Necəsiniz, salamatlıqdırmı?

Başhərəm. Bizim salamat olub, ya olmadığımız sizə lazımdırmı? Sizin üçün öz rahatlığınız hər şeydən əfzəldir. Buyurub, kənddə istirahət eləyib, bir nazənin sənəm də qulluğunuzda gətiribsiniz. Guya buradakılar sizin üçün azdırlar.

Pərvizxan. Ürəyinə başqa bir fikir gəlməsin, əzizim. Sən bu hərəmxananın baş hərəmi olub, həmişə öz yerində möhkəm əyləşəcəksən. Sən güman etmə ki, mən özüm üçün təzə bir kəniz gətirmişəm. Xeyr! Daha kifayətdir. Ancaq yetim və bilmərrə sahibsiz bir qız olduğundan gətirmişəm ki, hərəmxanada sizə qulluq eləsin.

Başhərəm. Gətirsən də, gətirməsən də, sahibi-ixtiyarsan. Bizim nə sözümüz ola bilər?

Pərvizxan. Mən sənə yenə deyirəm ki, xəyalına özgə fikir gəlməsin. (Əl çalır, qulam daxil olur.) Get, kənddən təzə gələn qızı buraya göndər. (Qulam baş əyib çıxır.) Onu sənin ixtiyarına verəcəyəm. Necə bir həyalı qız olduğunu görərsən. (Qız daxil olub qapıda dayanır.) Qorxma, yaxşı qız, yavuğa gəl. (Qız qısılaraq yavuğa gəlir.) Sən bu gündən bu xanımın qulluğunda olacaqsan. Onun gərək hər əmrinə sədaqətlə itaət eləyəsən. Anladınmı, yaxşı qız? (Qız başı ilə işarə edir. Xan baş hərəmə) Görürsən necə həyalı qızdır? İmdi özün bununla söhbət eləyə bilərsən. (Gedir. Ikinci hərəm daxil olur.)

Başhərəm. Ay qız, adın nədir?

Gülsənəm. Adım Gülsənəmdir.

Başhərəm. Atan, anan çoxdanmı ölüblər?

Gülsənəm. Anam çoxdan ölüb. Atamı da xanın üzünə ağ olduğuna görə, üç gün bundan qabaq boğazından asdılar.

Başhərəm (ikinci hərəmə). İmdi bunun necə yetim qız olduğunu bildik. (Gülsənəmə) Neçə yaşın var, qızım?

Gülsənəm. On altı.

İkincihərəm. Yenə danışdır, bundan çox əhval bilmək olacaq.

Başhərəm. Bacından, qardaşından nəyin var?

Gülsənəm. Iki qardaşım var. Böyük qardaşımı xan bu səfər gələndə

Rəhim xana satdı, apardılar. Bir balaca qardaşım var, o da evdə qaldı.

Başhərəm. Bəs ona kim pərəstar olur?

Gülsənəm. Bilmirəm.

Başhərəm. Necə bilmirəm? Bəs sən onu necə sahibsiz qoyub gəldin?

Gülsənəm. Mən özüm gəlmədim. Məni fərraşlar güclə çəkib gətirdilər xanın yanına. Oradan da buraya gətirdilər. Daha qardaşımdan xəbərim yoxdur.

Başhərəm. Çox gözəl. Di get qızım, kənizlərin içində otur. Çağıranda gələrsən. (Qız gedir. İkinci hərəmə). Bu işlərdən nə görürsən?

İkincihərəm. Iş aydındır. On altı yaşında bir qız, həqiqət də, hamımızdan gözəl. Bir az keçəcək ki, hamımızın üstümüzdə böyüklük eləyəcək.

Başhərəm. Onda tədbir lazımdır.

İkincihərəm. Tədbir nə ola bilər? Başını batırmaqdan özgə bir tədbir ola bilməz.

Başhərəm. Ondan sonra xanın qəzəbinin qabağında durmaqmı olar?

İkincihərəm. Nəticəsinə mən cavab verərəm.

Başhərəm. Tədbirin nədir söylə?

İkincihərəm. Burada, bizə əl-ələ verib işləmək lazımdır. Ona görə səndən bir söz xəbər alacağam. Ancaq gərək sualımdan qəzəblənməyəsən.

Başhərəm. Qəzəblənmərəm, xəbər al!

İkincihərəm. Pişxidmət Rəşidin sənə bənd olduğundan xəbərin varmı?

Başhərəm. Bu nə növ sualdır eləyirsən?

İkincihərəm. Vədində möhkəm dur, qəzəblənmə. Mən qulağımla eşitdiyimi deyirəm. Mətbəxdə aşpazla danışdığını eşitmişəm. Deyirdi ki, bir gün xanımı görməyəndə gecə yata bilmirəm.

Başhərəm. Onun nə həddi var mənim adımı çəkir? Məgər bilmir ki, xan xəbərdar olsa, onun atasının sümüklərini qəbirdən çıxardıb odlar?

İkinci hərəm. Eşq başa vurandan sonra, adam ölümə də həvəslə gedər. Ancaq İndi qəzəblənmək yeri yoxdur. Nə tənbeh lazımsa, sonra eləyə bilərsən. Hələlik düşməni aradan götürmək lazımdır. Sən

Rəşidi xəlvət gətirt yanına, onunla bir növ mehriban söhbət elə, qaşgözlə ona bir para ümidlər ver. Sonra Gülsənəmin aradan götürülməsini ona təklif elə.

Başhərəm. O bu təklifi qəbul elərmi?

İkinci hərəm. O sözləri ki, mən eşitmişəm, nəinki baş və canla qəbul elər, hətta sənin yolunda öz atasının da başından keçər.

Başhərəm. Sonra xanın öhdəsindən necə gələrsən?

İkincihərəm. Hələlik onun adı kənizdir. Bir kəniz üstündə xan özünə zəhmət verib danışmaz. Ona nə var? Xanlığın qızlarının hamısının təəllüqü ona deyilmi? Gedib birini də gətirər. Onun üçün ya arvad ölümü, ya bir toyuq ölümü. Bir az söylənib oturacaq yerində. Amma vaxt ki, ona hərəm adı qoyub yuxarı başa addatdı, onda gərək biz hamımız buradan başımızı götürüb, çıxıb gedək.

Başhərəm. Xan bu saat haradadır?

İkincihərəm. Yorulub yatıbdır.

Başhərəm. Xub, mən Rəşidi bu saat buraya çağırtdırıb, onunla danışaram. (O biri qapını açıb xacəni çağırır. Xacə daxil olur.) Mənim üçün bir qəlyan gətir. Rəşidi də bu saat xəlvətcə mənim yanıma ötür. (Xacə gedir. Ikinci hərəmə). Sən xanın yatacaq otağının qapısında gizlən. Elə ki oyandığını gördün, mənə tez xəbər ver, Rəşidi qaçırdım.

İkincihərəm. Baş üstə, mən gedirəm. Gərək Rəşidlə elə bir şirin dillə danışasan ki, səndə ona məhəbbətin olduğuna dürüst inana.

Başhərəm. Yaxşı, mehriban danışaram. Sən get, qapıdan uzaqlaşma.

İkincihərəm. İşini xatircəm tut. (Gedir.)

Xacə, əlində qəlyan, dalınca Rəşid daxil olur. Qəlyanı xanıma verib çıxır.
Rəşid əli bağlı qapıda dayanır. Baş hərəm taxt üstündə əyləşmiş, qəlyan
çəkir, hərdənbir gözünün altı ilə Rəşidə baxır. Bu minvalla neçə
dəqiqə keçir. Sonra üzünü Rəşidə tutur.

Başhərəm. Yavuğa gəl, Rəşid, səndən söz soruşacağam.

Rəşid (yavuğa gəlib). Əmriniz nədir, xanım?

Başhərəm. Sən mənim üzümə niyə belə məzlum baxırsan? Guya ürəyində dərmansız bir dərdin var?

Rə şid. Sizin tək xanımın, Pərviz xan tək ağanın qulluğunda yaşayanın nə dərdi ola bilər?

Başhərəm. Rəngin gün-gündən saralır. Yoxsa bir adama bəndsən? Hər kəsdirsə, deginən bu saat əmr edim versinlər sənə. (Rəşid dərin bir ah çəkir.) Niyə belə ah çəkdin?

Rə şid. Bağışlayın, xanım, qulluğunuzda biədəblik elədim.

Başhərəm. Səndən bir söz soruşacağam, doğru cavab ver.

Rə şid. Yalan cavab verməyə həddim yoxdur, xanım.

Başhərəm. De görüm, mən sənin xoşuna gəlirəmmi?

Rə şid. Xanım, bu nə sualdır edirsiniz?

Başhərəm. Sualıma cavab ver, ya deginən bəli, ya deginən xeyr.

Rə şid. Xanım, mən nəkarayam, nə cürət eləyib belə şeyləri xəyalımdan da keçirə bilərəm?

Başhərəm. Mən soruşduğumu bilirəm. Sənin də danışdıqlarını eşitmişəm.

Rə şid. Atam sənə Qurban, xanım, məni Pərviz xanın qəzəbinə toxuma. Yoxsa bədənimin hər tikəsi bir kolda qalar. Hər nə deyiblərsə, ədavətlə deyiblər. Axı mən nə cürət edib sizin sözünüzü danışa bilərəm?

Başhərəm. Dörd gün bundan qabaq mətbəxdə aşpazla nə danışırdın? Ha, rəngin qaçdımı? Görürsən, hamısını bilirəm. Di sualıma cavab ver!

Rəşid (onun ayağına yıxılır). Xanım, məni balalarının başına çevir. Məni Pərviz xanın başına çevir. Bir qələtdir eləmişəm, anlamamışam. Artıqəksik söz danışmışam.

Başhərəm. Dur ayağa. (Rəşid qalxır.) Eybi yoxdur, göyçək xanımların haqqında hamı danışar. Nə olar? Məgər nökər ürəyi ilə sair ürəklərdə təfavüt var? Hamının ürəyində məhəbbət ola bilər. Pərviz xan, məsələn, xandır, neçə min rəiyyətin canının, malının sahibidir. Bununla belə, məhəbbət nə olduğunu anlamır. Budur, hərəmxanasında on iki arvadı var. Onların hansına o, məhəbbət bağlayıb? Hər birindən doyandan sonra, gedib bir təzəsini gətirir. Buna məhəbbət deməzlər, bu, heyvanlıqdır. Budur, İmdi də kənddən bir təzəsini gətirib. Görək onunla neçə müddət dolanacaq. Amma biz arvadlar heyvanlıq axtarmırıq. Biz həqiqi məhəbbət axtarırıq. Sən mənim evimdə nökərsən. Sənin də dilindən məhəbbət sözü eşidəndə ürəyimiz oynayır. De görüm, aşpaza dediyin sözlər ürəkdən idi, ya yox?

Rə şid. Ayağının altında Qurban kəsilim, xanım, mənə izin ver bu gün buradan çıxıb, başımı götürüb bir az uzaq yerə gedim.

Başhərəm. Əgər doğrusunu söyləməsən, səni Pərviz xanın əlinə verəcəyəm. O da bilirsən ki, ətini kabab eləyəcək.

Rə şid. Ay xanım, sənə atam, anam Qurban! Axı mən evi yıxılmış nə dedim?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets