Ovçuların yalan danışmaları hər bir yerdə məlumdur. “Ovçu yalanı” zərbülməsəldir. Bununla belə, vay o şəxsin halına ki, ovçunun hekayələrinə inanmayıb başını bulaya və yainki çiyinlərini qısa, yaxud dodağı altında təbəssüm edə; ovçu o saat inciyib daha hekayətlərin dalısını söyləməyəcək və deyəcək:

– Doğrudur, ovçu çox yalan danışan olar və mənim yoldaşlarımın arasında da qurama-qarışıq söyləyən çoxdur. Amma mən ömrümdə yalan söyləməmişəm.

– Xeyr, əfəndim, nə buyurursunuz! Biz heç vaxt sizin söhbətinizin doğruluğuna şəkk gətirmirik. Bizdə gördüyünüz halət ancaq heyrət əlamətidir, başqa bir şey deyil və ola da bilməz.

Ovçu üzrləri qəbul etməyib hekayətinin dalısını söyləməyəcəkdir.

Bizim qonşumuz ovçu Qasım da bu qəbil ovçulardandır.

Qış gecələrində bikar adamlar onun başına cəm olub söylədərlər.

O da uzun-uzadı öz ovçuluğundan, hünərindən, dörd ayını bir gündə

öldürdüyündən, gecə vaxtı darı zəmisində qırğı ilə bildirçin ovladığından, tüfəngsiz gedərkən yolda yüz tülkü gördüyündən və bu qəbil söhbətlərdən edib vaxtın xoş keçməsinə səbəb olur.

Bu da qeyd edilməlidir ki, ovçu Qasımın uydurma söhbətləri fəqət ova dairdir. Qasım iş yalanı deməz.

Qış gecəsi idi. Qasım kənddə isti buxarının kənarında başı açıq əyləşib bizim üçün söhbət edirdi. Buxarının içinə yığılmış palıd kötüyü çırtaçırt yanmaqda idi, samovar da bir tərəfdə segah oxuyurdu. Buxarının bir tərəfində bir böyük pişik dörd ayağını və quyruğunu uzatmış, xorultu ilə yatmışdı. Qasımın istəkli tulası “Gümüş” də qapının ağzında “şonqutma” əyləşib sahibinin söhbətinə qulaq asırdı.

Bayırda şiddətli külək qarı səhra qumu tək havaya sovururdu, damın taxtalarının arasından keçdikdə fabrika borusu tək fit verirdi.

Yoldaşlardan birisi küləyin vıyıltısını eşidib dedi:

– Belə gecəninki belə-belə söhbətlərdir. İsti otaqda, isti buxarının kənarında əyləşib rəfiqlərlə vaxt keçirəsən.

Qasım bu sözə şərik olmadı.

– Yox, qardaş, səhvsən, görünür, ovçu deyilsən, qışın belə günləri ayı ovu üçün müsaid olur. Mən belə bir gündə, iki sənə bundan əqdəm dörd ayını Hacı Samlı meşəsində öldürdüm. Ayıların cəmdəklərini meşədə qoyub gəldim ki, səhər araba aparıb gətirim. Ayıların yerlərini və yolu da nişanlamışdım. Səhər araba ilə gəldim gördüm kürdlər zalım uşaqları cəmdəklərin dördünü də oğurlayıb aparıblar.

– Qasım, ayının dördünü də tək özün öldürdün?

– Mən ova tək gedirəm. Həmişə yoldaşım bircə bu Gümüş olar.

Bu halda Gümüş öz adını eşidib “ham!” elədi.

Gümüşün nə demək istəməsini yəqin bir sahibi bildi, bir də özü.

Qasım söhbətinə davam elədi:

– Qırqovul vurmaq üçün, dovşan ovuna, tülkü ovuna, çaqqal və canavar ovuna getmək üçün belə hava çox yarayan olar. Həmçinin ördək ovu üçün qış fəsli yaxşı olar. “Ördək” dedim, bir şey yadıma düşdü, sizə nağıl edim.

– Buyur.

– Bir sübh tüfəngi götürüb kənddən çıxdım. Kəndin kənarından ötərkən gördüm Allahverən kişinin bağının çəpərinə altı ördək qonubdur.

Yoldaşlardan birisi Qasımın sözünü kəsdi:

– Ay Qasım, axır ördəyin çəpərə qonduğunu biz anadan olandan görməmişik.

Qasım hirsləndi:

– Sən öz bazarından dəm vurursan. Ördəyin xasiyyətini biz ovçular bilərik. Hər yerin ördəyində bir xasiyyət olur. Sizin kəndin ördəkləri ola bilsin ki, çəpərə qonmazlar. Ancaq bu yerin ördəkləri başqadır: buranın ördəkləri çəpərə də qonarlar, hələ desən, ağaclarda yuva da tikərlər.

Gümüş “ham” eyləyib sahibinin sözlərinə şərik oldu.

Qasımın pərt olmağını görüb hamımız etiraz edən yoldaşı məzəmmət edib sakit etdik.

– Qasım, söhbətini elə, görünür, bu adam xamdır.

Qasım davam etdi:

– Bəli, gördüm Allahverən kişinin bağının çəpərinə altı ördək qonubdur... Yox... nələt yalançıya, altı deyildi, beş idi.

Gümüş “ham” edib hürdü.

– Mən baxdım ki, tüfəngi ördəklərə boşaltsam, biri qalıb qalanı uçub gedəcək. Bəs necə edim ki, ördəklərin beşini də ələ gətirim. Bir qədər fikirdən sonra tüfəngin sünbəsini çıxarıb saldım lüləsinə. Tuşlayıb necə atdımsa, ördəklərin beşi də kabab kimi sünbəyə keçdilər. Götürüb gəldim evə.

Biz buna bərk gülüşdük və Gümüş də “ham” edib hürdü. Pişik ayağa qalxıb çırpınıb, belini dikəltdi, gərnəşib evin küncünə tərəf getdi.

Hamımız Qasımın hünərini tərif etdik.

Qasım durub, çay töküb öz əli ilə hər adamın qabağına bir stəkan qoyub dedi:

– Sizə qırqovuldan söyləyim.

– Buyur, Qasım.

– Atalarımızın məsəli var: “Yüz gün yaraq – bir gün gərək”. Bir gün Qarabağırlıya getməli oldum. Səhər ata minib yola düşdüm. Nədənsə tüfəngi də götürmədim və halon ki, mən tüfəngsiz evdən çıxmaram.

Adamın bəsarəti bağlananda bağlanır, Gümüş də yanımda idi.

Gümüş “ham” edib cavab verdi.

– Hacı Cabbarın kolluğundan keçərkən atın ayağının altından bir qırqovul toyuğu pırtlayıb qalxdı. Baxdım tüfəngim çiynimdə yox. Qamçını qırqovulun dalınca atdım, qamçının qol halqası keçdi qırqovulun boğazına və bu halda quş uçub getdi. Bu əhvalatdan bir ay keçmiş yolum yenə həmin kolluqdan düşdü. Bir də gördüm həmin qırqovul toyuğu kolların arasında gəzir və mənim qamçım da boğazındadır. İndi bir söz deyəcəyəm, inanmay caqsınız: sizin hamınızın meyitini görüm ki, bir zərrə yalanı yoxdur. Baxdım ki, qırqovulun dalınca on və ya on iki cücə gedir və hər cücənin boynunda bir balaca qamçı var. Biz bu hekayətə qəhqəhə ilə ucadan güldük. Gümüş üç dəfə “ham, ham, ham” eləyib bayıra çıxdı.

Hacı leylək

(Ovçu Qasımın hekayətlərindən)

Qardaşlar, sizə quşların həyatından çox söyləmişəm. Nə etməli, ovçunun başqa söhbəti olamı bilər? Quşların, heyvanatın aləmi ovçunun da aləmidir. Onların həyatı bizim həyatımızdır. Xalq bizi quşlara, heyvanlara düşmən hesab edir, deyir:

– Ovçu ki bir quşu, ya bir heyvanı gördü, güllə atmaya bilməz.

Belə deyil: mən bir dəfə meşədə ov etdiyim zaman bir talaya yovuqlaşdım.

Baxdım bir qırqovul xoruzu özünü mərdanə çəkib durmuş, yanında dişisi, ətrafını cücələr bürümüş, otlayır. İndi özünüz söyləyin, elə təşəxxüslə öz ailəsi içində durmuş qırqovula mən gülləmi ata bilərəm? Mənim qolum quruyar.

Quşlara yovuq olanlar onların həyatı ilə insanın həyatına təfavüt qoymaz. Onlarda bir-birlərinə dostluq, düşmənlik, məhəbbət, rəqabət, qısqanclıq görmək mümkündür. Göyərçinlərin ər-arvad sədaqəti insanda ola bilməz: qəflətən göyərçinin birinə güllə dəyəndə, onun yoldaşının nə hala düşməsini hamınız bilirsiniz.

Yainki bizim bu dədə-baba sağsağanımız. Sağsağan ki, bir ziyankar quşdur; heyvanın belində bir balaca yara gördü, onu dimdiyi ilə açıb böyük yaraya döndərib, heyvanın ətini dartıb yeyəcək. Sağsağanda bir yaxşı xasiyyət də var. Baharın yağınlıq ya quraqlıq olacağını sağsağanlardan bilmək olar. Sağsağanlar yuva tikən vaxt diqqət edin, yuvanı ağacın başında tikərsə, yəqin bahar quraqlıqla keçəcəkdir, yox, ağacın qalın yerində tikərsə, bilin, bahar yağınlıq olacaqdır.

Mən sizə hacıleylək həyatından bir nağıl deyim:

Bərdənin yaxınlığında Quzanlı deyilən bir kənd var. O kəndin hər bir böyük ağacına baxsanız neçə hacıleylək yuvası görərsiniz. On və on iki yaşım olduğu vaxtlar mən orada yaşayırdım. Bizim həyətdə uca bir çinar vardı. Çinarın başında hacıleylək yuva tikmişdi. Bir dəfə ağacın başına dırmaşıb yuvanın içinə baxdım, yuvada bir neçə dənə yumurta var idi. Mən yumurtaların birin götürüb düşdüm yerə, sonra bir dənə çalağan yumurtası aparıb yuvaya qoydum. Neçə vaxt keçdi. Bir gün gördüm, ağacın başında qiyamətdir. Azından əlliyədək hacıleylək cəm olub yuvadakı çalağan balasına tamaşa edirlər. Bir azdan sonra leyləklər dişi leyləyin üstünə tökülüb onun tamam tükünü yolub özünü də yuvadan götürüb atdılar. Leylək hərçi istəyirdi yuvasına qayıtsın, vurub salırdılar. İki gündən sonra erkək leylək gedib özünə təzə bir yoldaş gətirdi. Təzə gələn dişi leylək, yuvadakı quşların hamısını öldürüb yuvadan yerə saldı və özü yumurtlamağa başladı.

Qovulmuş leylək, özündə heç bir günah bilməyərək gecə-gündüz yuvasının ətrafında dolanmaqda idi.

Bir gün arvadlar qapıda təndir salıb çörək bişirirdilər. Dul leylək yenə həmişəki tək öz yuvasının ətrafında dolanırdı. Hərdən bir istəyirdi yuvasına gəlsin, əri və təzə gəlmiş arvadı bunu vurub qaytarırdılar.

Zavallı hacıleyləyin dili olsa idi, yəqin ərini və onun sair qohuməqrəbasını günahsızlığına inandırardı, nə etsin ki, dili yox idi.

Birdən zavallı quş bacardıqca ucaya qalxıb, göyün üzərində bir-iki dövran vurub güllə tək özünü çırpdı təndirə. Arvadlar çalışıb onu çıxardınca heyvan yanıb tələf oldu.

Bu keyfiyyət mənim yadıma düşdükcə, özümə heyrət edib deyirəm: nə üçün mən bu bəd əməli tutub, yazıq quşun bu faciəsinə səbəb oldum? Günah uşaqlıqdadır, yoxsa mən heyvanatın düşməni deyiləm.

Sərçə

(Ovçu Qasımın hekayətlərindən)

Sizə bir hekayə söyləyəcəyəm, deyəcəksiniz ki, yenə Qasım uydurmalarını başladı. Sizi inandırıram ki, bu, uydurma deyil. Öz gözlərimlə gördüyüm keyfiyyətdir.

Mənim rəhmətlik atam həmişə deyərdi: “Oğul, bir doğru ki yalana oxşadı, onu demə”. Mənim bu hekayətim yalana oxşayır, amma sizin canınız üçün, sırf həqiqətdir.

Neçə sənə bundan əqdəm Tərnəvidə getmişdim. Orada Molla Abbasla işim vardı. Hamınız bilirsiniz ki, Tərnəvidin xalqı arıçılıqla məşğul olurlar. Molla Abbasın özünün də neçə səbət arısı vardı. Baharın gözəl günlərindən biri idi. Molla Abbasla dəhlizin qabağında əyləşib söhbət edirdik. Mollanın arvadı da dəyirmanlıq üçün buğda yuyub günə sərmişdi. Molla Abbas həm mənimlə söhbət edirdi, həm əlindəki bir uzun çubuqla buğdanın üstünə gələn toyuqları və quşları qovurdu. Birdən bir arı gəlib, bir buğda apardı. Hər ikimiz təəccüb etdik, buğda arının nəyinə lazımdır? Hərçi fikir etdik, bir şey duya bilmədik.

Bir azdan sonra arı gəlib bir buğda da apardı. Molla Abbas dedi:

– Arı gəlib bir də buğda aparsa, bu qocalığıma baxmayaraq, onun dalınca gedəcəyəm.

Mən cavabında dedim:

– Mənim ayaqlarım bərkdir, mən gedərəm və xəbər gətirərəm.

Həqiqət, arı gəlib bir buğda da götürüb uçdu. Mən qalxıb onun dalınca yüyürdüm. Arı getdi mən getdim, arı getdi mən getdim. Endik bir dərəyə. Arını gözdən qoymayıram. Baxıb nə gördüm? Sizin canınız

1

Ağdam yaxınlığında kənddir.

üçün, bir zərrə sözümdə yalan yoxdur. Gördüm kolun altında bir kor sərçə oturub, arının dızıltısını eşitcək ağzını ayırdı və arı buğdanı onun ağzına buraxıb getdi.

Mən tamam heyrətlə qayıdıb, gördüyümü Molla Abbasa nağıl etdim.

Molla Abbas bir qədər fikrə getdi, sonra bir salavat çevirib dedi:

– Böyük möcüzdür.

Qulaq asanlar bu nağılı Qasımın uydurmalarından hesab edib əhəmiyyət vermədilər. Belə nağıllardan ovçu Qasımın dilindən çox eşitmişdilər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Kapitalizmlə mübarizə

Sabiq tacir Ağa Qurbanı hamı tanıyırdı. Rastabazarda iki qapıdan ibarət böyük bəzzaz mağazası vardı; ildə neçə dəfə ticarət niyyəti ilə Moskvaya, Nijni Novqoroda, Lodza, Varşavaya gedib-gəlirdi. Şəhərdə İki böyük imarəti var idi. Hər biri ona bir neçə min manat mədaxil gətirirdi.Ağa Qurban nədənsə məni xoşlamışdı. Düşəndə birgə gedib onun dükanından parçadan-purçadan almaq istərdim. Məni əyləşdirib bir stəkan acı çaya qonaq edib, gəzdiyi şəhərlərdən, çəkdiyi keflərdən nağıl edirdi:

11 min
Qaban

Böyük poçt yolunun kənarında uca bir təllin üstündə vaqe, bir mərtəbəli, ağ daşdan yapılmış bina çaparların mənzili idi. Çaparların vəzifəsi dəmiryol moqifindən gəlib şəhərə və şəhərdən gəlib moqifə gedən poçtu müşayiət etmək idi. Çaparxananı idarə edən Rəhim bəy tamam qəzada “Gödək Rəhim bəy” adı ilə məşhur idi. Bu bir dünya görmüş, neçə illər polis idarələrində qədim murovlar, pristavlar, naçalniklər yanında xidmət etmiş şirİndil, zərif, gödək boylu, altmış sinnini ötürmüş bir kişi idi.Poçt yolu ilə gəlib gedənlərin hər ehtiyaclarını Rəhim bəy kəmaliməmnuniyyətlə rəf edərdi. Qubernator həmişə deyərdi: “Poçt yolundakı çaparxanaların hər birində Rəhim bəy kimi mənim bir adamım olsa, yolda heç bir çapqın olmaz, qurd qoyunla otlar”.

7 min
Söhbət

İsti yay günlərindən biri idi. Evin bürküsü məni boğduğundan, durub küçəyə çıxdım. Küçədə də, doğrudur, hava çox isti idi, amma bununla belə, balaca bir külək də əsirdi. Camaat istinin əziyyətindən küçələrdə əkindən qayıtmış yornuq öküz kimi o yan-bu yana dolaşırdı. Sərin su satılan dükanların qabağında xalq növbəyə durub, bir şahı, iki şahı verib özlərini bir az sərinlədirdilər. Cibi bir qədər pullular özlərini pivəxanalara verir, oralarda axşam sərini düşənədək vaxtlarını keçirməyə hazırlaşırdılar. Bir əlimdə papağım, o biri əlimdə dəsmalım şəhər bağının darvazasından ötəndə, bağdan bir nəfər məni səslədi. Dönüb qədim dostum Kərbəlayı Hüseynəlini gördüm.Bu görüşdən dolayı çox şad olub bağa girdik. Salamlaşdıqdan və əhvalpürsanlıqdan sonra bir guşəyə çəkilib əyləşdik.

6 min
Müsibət

Sərdarovların evində şivən qopmuşdu. Dörd bacının bircə qardaşının Türküstanda öldüyü xəbəri teleqrafla gəlmişdi.Neçə il idi ki, Sərdarov vətənini tərk edib, Türküstana getmişdi. Bu müddətdə Türküstanda onun böyük ticarəti, hər şəhərdə mülkü, karvansarası, ticarətxanasının şöbələri var idi. Krasnovodski o tərəfə addayandan sonra hər şəhərdə Sərdarovun adını eşidə bilərdin. Rusiyanın cəmi ticarət mərkəzlərində Sərdarovun etibarı var idi və banklar həvəslə onun üzünə öz qapılarını açırdılar. Sərdarovu nəinki Rusiya, hətta İran da tanıyırdı. Ildə neçə dəfə böyük karvanlar Hacı Səlim Sərdarovun xuşkabar yüklərini Xorasandan Türküstana gətirirdilər. Hacının sərvəti haqqında növbənöv hekayələr söylənərdi və onun banklarda olan pulunun qədərini milyon hesab edərdilər. Bir nəfər hacının əqrəbasından getdiyi Kərbəlaya and içərdi ki, bu sözü ona Hacı Səlim özü söyləmiş. Biz onun sərvətinin qədərini bilmirik, az idimi, çox idimi; dörd bacısı da bilmirdi; ancaq bircə şey məlum idi. Hacı Səlim çox böyük sərvət sahibi idi.

5 min

Poems by other poets