Şeyx Şəban
Page 3 of 3 · 67%
Nökər çıxdı, bir dəqiqədən sonra qapı açılıb uzun boylu, qarasaqqal, başının ortası qırxılmış bir adam qapıda peyda oldu. Nazir yerindən durmayıb üzünü Səlmana tutub hirslə soruşdu:
– Nə var, nə istəyirsən?
– Ağa, ərzim tək sizə məxsusdur. Təvəqqe edirəm ki, məni xəlvət danışdırasınız.
Nazir bir ayrı otağa keçib Səlmanı da oraya çağırdı:
– De görüm, nə var?
– İstəyirsinizmi, ağa, baron Arakelin dükanından gedən malı bu gecə tutasınız?
– Bu nə sözdür? Məgər Arakelin dükanının yaran sənə məlumdur?
– Bəli, məlumdur; təvəqqe edirəm ki, bu gecə gedib başmaqçı oğlu Şəbanın evini axtarasınız. Əgər Arakelin şeylərindən onun evində tapılmasa, cavabdehində mənəm. Istəyirsiniz siz qayıdınca mən buradan getməyim; əgər ərzim yalan çıxsa, mənim özümü dustaqxanaya göndərə bilərsiniz.
Şəban yatmışdı. Gecənin yarısı darvazanın döyülmək səsi onu oyatdı. Durub çiyninə bir yapıncı salıb qapıya çıxdı.
– Darvaza döyən, kimsən?
– Pristavdır, gəl aç qapını!
Şəban qapını açdı. Neçə nəfər polis əmələsi və qazaqlar daxil oldular. Qazaqlar Şəbanı əhatə etdilər. Pristav məlum etdi ki, gərək onun evi axtarıla. Gülsüm qorxusundan nanə yarpağı tək əsirdi. Bir növ özünə cürət verdi. Gedib pristavın ətəyindən yapışdı, istədi ondan ərinin buraxılmasını təvəqqe etsin. Şəban onun üstünə qışqırdı:
– Get yerində otur! Sənin işin yoxdur, qoy nə bilirlər, eləsinlər! Şəbanın evini alt-üst etdilər. Həqiqət Arakelin dükanından getmiş şeylərdən İki dəst gümüş çəngəl-bıçaq, neçə gümüş qəndqabı və sair şeylər tapıldı.
Pristav Şəbana məlum etdi ki, gərək onunla getsin polis idarəsinə. Şəban itaət edib paltarını geyib pristav ilə bir yerdə getdi. Gülsüm ərə gedəndən bəri, əvvəlinci dəfə idi ki, tək qaldı. Bu təklik ona əl verib o qədər ağladı ki, axırda bihal olub ürəyi getdi, yıxıldı.
Sabah Şəbanın tutulmaq xəbəri cəmi şəhərə yayıldı.
“Yıxılan ağaca balta çalan çox olar”. Şikayət şikayət dalınca divanın üstünə töküldü. Şəbanın var-yoxunu, evinin müxəlləfatının hamasını satıb xərc etdilər, heç bir əlac olmadı. Üç il həbsxanada saxlayandan sonra işə baxıb qət etdilər ki, on İki il getsin Sibirə. Və qətnamədən sonra yenə sair məhkəmələrə də şikayət olundu isə də, heç bir nəticə bağışlamadı. Axır Şəbanın getmək günü müəyyən oldu.
Şəban gedən günü Məşədi Məmmədvəli, arvadı Gülsüm, neçə dost-aşna gedib yığıldılar dustaqxananın qapısına. Şəbanın getməyini eşidib sair bikar tamaşaçılar da kənardan yığılmışdılar. Şəbanın üç yaşında bir balaca oğlu da Gülsümün qucağında idi. Sabahdan camaat günortayadək dustaqxananın qabağında müntəzir oldu.
Axır dustaqxananın zəncir səsi camaatın qulağına gəldi. Hamı bir adam tək yerlərindən qalxıb gözlərini qapıya dikdilər. Qapı açıldı; qabaqca üç nəfər əlitüfəngli soldat çıxdı. Onların dalınca altı nəfər dustaq, kimisi zəncirsiz, soldatlarla əhatə olunmuş çıxdılar. Dustaqların biri Şəban idi.
Cavanlıqda şəhərin qızlarının ürəyini cəlb edən Şəbanı İndi tanımaq olmurdu. Rəngi saralmış, başının tükləri ağarmış Şəban altmış yaşında nəzərə gəlirdi. Şaban arvadını, uşağını görən tək qollarını açıb istədi balasını bağrına bassın, amma soldat mane olub daldan bir tüfəng dürtməsi vurdu, yoldaşların gözünün qabağında döyülmək Şəbana o payədə təsir etdi ki, özünü saxlaya bilməyib neçə qətrə yaş gözündən axıtdı. Əlacı kəsilib gendən dost-aşnaya vida edib yola düşdü.
Dustaqlar gözdən qeyb olanacan, camaat dallarınca baxırdı. Gülsüm ağlamaqdan bir payədə bitab olmuşdu ki, yolu gedə bilmirdi. Axırda qoltuğuna girib bir tövr evə gətirdilər. Şəban dustaq olan gündən Gülsüm gedib atasının evində olurdu.
Gülsümün yükü və dərdi-qəmi gün-gündən artmaqda idi. Şəban gedəndən İki il sonra beş yaşında oğlu çiçəkdən öldü. Atası da o qədər qocaldı ki, daha gözləri qüvvətdən düşüb, başmaq tikməyə qadir olmayıb xanənişin oldu. Qışda Gülsümün anası vəfat etdi. Bu gündən Gülsüm başladı əli ilə işləyib həm özünü, həm də qoca atasını saxlamağa.
On İki il bu minval ilə keçdi və bu müddətdə bir yandan qəmqüssə, bir yandan istəkli ərin fərağı, bir yandan gecə-gündüz işləyib, atasından xəlvətə çəkilib ağlamaq Gülsümü bir halətə salmışdı ki, uşaqlar adına Gülsüm nənə deyirdilər.
Şəbanın vədəsi tamam oldu. Amma qayıtmağı üçün gərək şəhər əhlindən rizaməndlik alına idi. Qoca Məşədi Məmmədvəli qapı-qapı düşüb bəylərə, mollalara, hacılara, sövdəgərlərə yalvarıb bir neçə günün müddətində haman kağızı düzəltdi. Bir il də bundan sonra Şəbandan kağız gəldi. Qurtarıb yola düşdü. Biçarə Gülsüm nə növ ərinin yolunu gözləyirdi, onu qələm yazmaqdan acizdir. On üç il istəkli ərindən ayrı düşmüş xanımlar onun halını nəzərə gətirə bilər. Amma əfsus!.. Sədd əfsus! Bu macəranı çox xanımlar oxumaqdan məhrum qalacaqlar. Cavan vaxtından cavan ərindən ayrılmış, ərinin fərağından saçı ağarmış, məşğuliyyəti olan balasını itirmiş Gülsüm, gecələr sübhədək vaqiədə ərinin səsini eşidib hövlnak ayılıb sübhədək ağlayırdı.
Axır bir gün məlum oldu ki, bu axşam Şəban şəhərə varid olacaq. Haman bir gün, Gülsüm üçün keçmiş on ildən uzun görünürdü. Sübh Məşədi Məmmədvəli ağacını götürüb getdi bazara. Bir az düyüdən, yağdan, ətdən alıb gətirib verdi Gülsümə ki, axşama plov bişirsin. Axşam azanına plov hazır idi. Yatağa təmiz fərş salıb Şəbanı gözləyirdilər. Gülsüm də bir dəst çit libas geyib ərinin gəlməyinə müntəzir idi. Gah pəncərədən baxırdı, gah tez-tez darvazaya gedib qayıdırdı. Bir də gördü qonşusunun oğlu qaranəfəs gəlir:
– Gülsüm xala, muştuluğumu ver! Şəban əmi gəldi!
Gülsüm, olan yarım manat pulunu çıxarıb uşağa verib getdi darvazaya. Gülsüm belə güman edirdi ki, Şəban bu on üç ilin müddətində əsla dəyişməyib. Yarım saatdan sonra neçə nəfər köhnə rəfiqlərlə Şəban daxil oldu; bilmərrə qocalmış; baş, saqqal qar tək ağarmışdı. Gülsümün və Məşədi Məmmədvəlinin şadlıqlarının intəhası yox idi. Şəban gəlib əyləşən tək qonşularından bir neçə adam göz aydınlığı verib, bir az da söhbət edib getdilər.
Xalq çəkiləndən sonra plovu ortalığa qoyub Məşədi Məmmədvəli, Şəban və Gülsüm bir qabda yeyib “əlhəmdülillah” – deyib çəkildilər. Şəbanla Gülsüm o gecə sübhədək yatmayıb qabaq-qabağa söhbət etdilər. Bir neçə gün Şəbanın yanına dost və aşna gəldi; axırda Şəban arvadını da götürüb öz evinə köçməyə qərar qoydu.
Məşədi Məmmədvəli dedi:
– Bala, Şəban, mənim sinnim yetmişdən addayıb. Gözlərim çoxdan xarab olub. Iş görə bilmirəm. Məni sən bu halda qoyub hara gedirsən? Mən bilirəm, sənin əlində mayan yoxdur. Yaxşı olar ki, hamımız bir evə yığılaq. Bu evi də sataq, əlində maya qayır, dolandır.
Belə də elədilər. Şəban köçdü öz evinə və bir neçə gündən sonra Məşədi Məmmədvəlinin evini səkkiz yüz manata satdılar. Şəban yenə bir dükan açıb başladı gön alış-verişinə. Amma bu dəfə Şəbanın işi tərəqqi edə bilmirdi. Əvvələn, qocalmışdı, əlavə, ticarətdən on altı ilin müddətində yadırğamışdı və yeməyi, geyməyi, qonaqlığı çox dost tutduğundan, gündə İki manat qazananda üç manat xərc edirdi. Bu da ticarət qaydası deyildir:
“Mərd bebayəd girist,
Ki hicdəh mədaxil bəvəd, xərc bist”.
İki, üç il sonra maya əldən çıxdı. Məşədi Məmmədvəli də davam etməyib naxoşlayıb vəfat etdi. Şəbanın mayası əldən getdi. Əgər arvadı
O kişi gərək ağlasın ki, on səkkiz mədaxili ola, amma iyirmi xərci.
olmasa idi, başına yəqin hava gələrdi. Arvad işləməklə, fala baxmaqla, çöpçülüklə qazanırdı. Şəban da həmişəki qaydada yeyib, içib, təravət ilə dolanırdı.
Sübh yerindən qalxan tək Şəban gedərdi məscidə, oturardı qazının hücrəsində, günortayadək qazı ilə və qazının yanına gələnlər ilə söhbət edərdi. Günorta gələrdi evə, naharını yeyib gedərdi məscidə. Günü axşamadək məsciddə keçərdi. O səbəbdən də adını “Şeyx Şəban” qoymuşdular. Bu növ axırda əmələyi-mövta cərgəsinə daxil olub, qazının qulluğuna hər bir yerə gedərdi. Toylar, ehsanlar Şeyx Şəbanı mollalardan ayırmayıb dəvət edərdilər. Axırda da bikarçılıqdan təngə gəlib başladı məscidin qabağında pinəçilik etməyə.
Bir sübh şəhər əhli Şeyx Şəbanın azanını eşitmədi. Hamı təəccüb etdi. Dedilər “yəqin ona bir hadisə üz verib”. O günü Şeyx Şəban heç məscid qabağında görünmədi. Üç gündən sonra eşitdilər ki, Gülsüm xala Allahın rəhmətinə gedib.
Şeyx Şəban tək qaldı. Bazarda müqəvva tək gəzirdi. İşləyə bilmirdi. Həmişə təravətli saxlanmış saqqal yavaş-yavaş başladı ağarmağa. Axırda həna bilmərrə gedib, saqqal təmiz ağardı. Hətta səsi də dəyişilib dəxi keçmiş məlahətini itirmişdi. Axırda ayaqları da zəifləşib minarəyə çıxa bilmədiyindən azan verməyi də tərk etdi.
Hər axşam Şəban evə gələndə xəyal edirdi ki, Gülsüm həmişəki tək onun qabağına çıxıb əlinə su tökəcək. Öz əli ilə qəbrə qoyduğu Gülsümün öldüyünə inanmayırdı.
Evə gəlib qapıda asılmış qıfılı görəndə əvvəl özündən sual edirdi ki, bu qapını kim bağlayıb? Sonra yadına düşürdü ki, qapını özü bağlayıb. Açar da cibindədir. Qapını açıb daxil olurdu boş otağa. Özü çırağına neft töküb yandırırdı, manqala kömür qoyub qızardıb, su qaynadıb özünə çay qayırırdı.
Gülsüm xalanın vəfatından il yarım keçmişdi. Bir gün Şeyx Şəban qəbiristandan qayıdarkən bir şiddətli yağışa düşüb sümüklərinədək islandı.
Evə gəlib başında, bədənində və gözlərini çanağında bərk ağrı hiss etdisə də, etina etməyib yatdı.
Sübh hərçi çalışdı, başını yasdıqdan qovzaya bilmədi. Naxoşluq getdikcə şiddət etdi. Axırda Şəban sərsəm halətinə gəldi. Sərsəmləyən vaxtda dilindən Gülsüm adı bilmərrə düşmürdü.
Şeyx Şəbanın bu halətindən heç kəs ona mütəvəcceh olmurdu. Şeyx tək otaqda, Gülsümdən yadigar qalan bir pişiyin müsahibəti ilə, təbibsiz, dərmansız ömrünün axır saatını gözlüyürdü.
Bir gecə azarın intəhasız şəddiətindən şeyx gördü ki, qapı açıldı və Gülsüm daxil olub qapının arasında dayandı. Şeyx nə qədər səslədisə də Gülsümdən bir səs zahir olmadı. Axırda hövlnak qalxıb özünü qapıya tərəf atıb tufan qoparmış ağac tək yıxıldı yerə!
Sübh qonşular Şeyx Şəbanın meyitini tapdılar.
Kitabxana.az · https://kitabxana.az/en/works/haqverdiyev-seyx-seban
Use ← → keys to move, R for a random poem
More by this author
Rusiyanın şimal yerlərinin payız aylarını hər kəs bir dəfə görmüş olsa, belə güman edirəm, İkinci payız fəslində məcbur olmasa, o yerlərə getməz. Başına gələn başmaqçı olar. Rusiya payızından nə çəkmişəm, onu mən bilirəm. Odur ki, əgər sentyabr ayında, ya oktyabrda mənim papağımı başımdan alıb şimali Rusiyaya atalar, dalınca getmərəm. Bəlkə qorodovoy qabağına qatıb aparalar. Bəzi vaxt yağış başlayanda bir həftə müttəsil yağır. Ta bir göz açıb iş görməyə macal vermir. Bir də görürsən, gözəl gün çıxıb, göyün üzündə bir damcı bulud yox, tez sevinmiş durub havaya çıxırsan. Bir saatdan sonra bilmirsən yağış adamın başına haradan tökülür. Paltosuz, qaloşsuz, islanmış qayıdırsan evə. Əgər zatəlcənb də tutmasa, yəqin ki, bir zökəm tutacaqsan. Yainki yağış yağan vaxt çox vacib işin olur. Labüdd qalıb, durub paltodan, qaloşdan geyib çıxırsan küçəyə. Bir də görürsən yarım saatdan sonra yağış kəsdi, bulud dağıldı, bir isti gün çıxdı. Paltonun, qaloşun hər biri beş pud olur. Gərək bir hambal tapıb verəsən yanınca götürsün.Belə günlərin birində papağımı gözümün üstünə basmış, paltonun boynunu qovzamış, sürətlə gedirdim. Bir də gördüm səs gəlir:
RöyaSaat dörd idi. Möhkəm nahardan sonra gedib, şəhər bağının bir guşəsində əyləşib təmiz havanı tənəffüs etməyə məşğul idim. Bağın yanındakı küçə ilə qiymətli libaslar geyinmiş xanımlar avtomobillərdə, faytonlarda o baş-bu başa çapırdılar. Dörd ətrafımda balaca uşaqlar bağ içində oynamaqda idilər. Bağın xiyabanlarında camaat da az deyildi.Qəzetə və meyvəcat satanlar camaat arasında gəzib, hər kəs öz mətaını təklif edirdi.
Keçmiş günlərQəza ispolkomunun maarif şöbəsinin zavxozu Süleyman Qurbanov (sabiq Süleyman bəy Qurbanbəyov) çayçı dükanının qabağında bir stəkan acı çay ilə damağında bir uzunquyruq Şəki demisi, kəmaliistirahətlə əyləşib, Həsən Dadanov maxorkasının tüstüsünü halqahalqa havaya buraxmaqda idi. Onun ətrafında əyləşən beş nəfər şəxs həmçinin qabaqlarında çay, damaqlarında papiros, Süleyman bəyin söhbətinə huşü guşla qulaq verirdilər.Bu adamlar bunlar idi: qəza ispolkom sədrinin müavini Sadıq Cavadov (keçmişdə Süleyman bəyin faytonçusu Sadıq), qəza kuryeri Süleyman bəyin xalası oğlu Cahangir Nuru oğlu (keçmişdə Cahangir bəy Nurubəyov) və kənd qarovulçusu Qasım (sabiqdə Qasım yüzbaşı). Süleyman bəy keçmiş günlərdən, Tiflis, Kislovodsk, Valadiqafqaz, Moskva səyahətlərindən qızğın bir nəfəslə laf vurmaqda idi.
Uca dağ başındaUca dağ başında, mədəniyyət mərkəzlərindən və dəmir yolundan uzaq, laçın yuvasına bənzər xırdaca bir şəhər düşübdür. Dağın sağ və sol ətəklərindən köpüklənərək sürətlə axan iki çay, axırda iki mehriban qardaş kimi birləşib axaraq, düzlərdə yaşayan əhalinin bağlarını, əkinlərini sirab edirlər.Şəhər tamam qışı və baharın yarısını qara, dumana bürünmüş keçirib; axırda bu qara çadırşəbi atıb gözəl bir nazənin sənəm tək surətinin parıltısını aləmə salıb, tamam yay istirahəti arzusunda olan isti yerlər əhalisini öz ağuşuna cəlb edir.
Poems by other poets
Ey məni aşüftə qılğan ənbərəfşan kakilün,Ruzigarımnı qılıb mundaq pərişan kakilün.
Əhvalını, ey dil, sənə yarın demədimmiƏhvalını, ey dil, sənə yarın demədimmi?Hər feli xətadır o nigarın, demədimmi?
HandadıEy ağalar, həsrətini çəkərəm,Bu mələk mənzərim bilmən handadı.
Gəraylı: Bir məst olmuş yağıya mənBir məst olmuş yağıya mən,Oldum yalvara yalvara