Neyləsin
Yağışın hökmündən, selin gücündənQara oynayanda torpaq neyləsin?Dağ zirvədən yanar, insan içindən,Baş sözə baxmasa, ayaq neyləsin?
Gözü ovulmasa bulanmaz bulaq,Közü dağılmasa qaralmaz ocaq.Böhtan eşitməsə tutulmaz qulaq,Kökə qurd düşəndə budaq neyləsin?
Hüseyn dinməzmi könül dinəndə?Üstünə qəm çöküb, həsrət enəndə.Minillik dünyanın üzü dönəndəHəyatda beşgünlük qonaq neyləsin!
Kitabxana.az · https://kitabxana.az/en/works/huseyn-arif-neylesin
Use ← → keys to move, R for a random poem