Böyük çillə təzəcə çıxmışdı. Kiçik çillə bütün gücünü toplayıb şəhər əhlinə öz zərbi-dəstini göstərirdi.

Allahın elə ildə iki dəfə bu yerlərin sakinlərinə qəzəbi tuturdu: yayın ortalarında güclü istisi ilə, qışın ortalarında sərt soyuğu ilə.

Qışda hər tərəf ağ örpəyə bürünürüdü: yer ağ, göy ağ, dağlar ağ, dərələr ağ, düzlər ağ... çılpaq ağacların budaqlarında zanbaq-zanbaq qar, divarların üstündə qarış-qarış qar, çeşmələrin ətrafında qalaq-qalaq qar...

Hara baxırsan salxım-salxım sallanan buzlar: evlərin artırmalarında buz, eyvanların məhəccərlərində buz, qapıların örtüklərinin üstündə buz, pəncərələrin şüşələrində buz...

Küçələrdə ayaq dəyən yerlər parıldayır, darvazaların həncamları cırıldayır, yoldan ötən arabaların təkərləri cırıldayır...

Hər yerdə şaxta, hər yerdə qar, hər yerdə buz, hər yerdə cırhacır...

Belə vaxtlarda küçələrə çıxanların hamısı ehtiyatla yeriyir, səfərə gedən süvarilər atlarını ehtiyatla sürür, sürüşüb yıxılanlar ehtiyatla qalxıb-dururlar...

Yəzd-kürd tərəfdən əsən külək də belə günlərdə havada ağ kəpənəklər kimi oynaşan qarı qabağına qatıb sağa-sola, aşağı-yuxarı qovur, onun-bunun üzünə çırpırdı...

Gah bu bucaqda, gah o küncdə bir-birinin üstünə qalayırdı...

Evlərin buxarlarında daldalanan, odun sobalarının divarlardan eşiyə çıxan dirsəklərində gecələyən kirli-çirkli sərçələr özlərini ora-bura vurub dən gəzir, yemək axtarır, haray-həşir sala-sala dəstə-dəstə gah yerə, gah divarların üstünə, gah da çılpaq ağacların budaqlarına qonurdular.

Belə şaxtalı-çovğunlu günlərin birində mühafiz yenə dərbanın kiçik köşkünün qapısını açıb içəri adladı. Ələkdən ələnən un kimi sıx qarı özü ilə qovan külək elə bil onu arxadan itələyib qəfil bir yolçu kimi içəri saldı.

Mühafiz xoş-beşdən əvvəl əlindəki sinanı divara söykədi, dəridən tikilən yekə əlcəklərini çıxardı.

Ortada yanan ocağın yanına gəlib əvvəlcə sifətini, sonra qulaqlarını yarım qarışca qalxan göyümtül alovun üstündə qızdırdı. Yun papağını qaşının üstündən arxaya itələdi. Özünə gələndən sonra titrək səslə xəbər aldı:

– Ə, nətərsən, ə?

Kürkə bürünüb köşkün yuxarı başındakı kötüyünün üstündə oturan dərban demisinin qullablayıb könülsüz cavab verdi:

– Nə təhər olacağam?.. Demək olar ki, pisdən də pis...

– Ə, niyə, İman? Nə vaxt soruşdum elə dedin pisdən də pis. Yəni sənin bir xoş günün olmur?

– Yox, olmur, Duman... İnan ki, bu yaşa gəlmişəm, ikisini alıb boşamışam, evdəki üçüncüsüdür, nə özümün, nə onun, nə də uşaqlarımın ürəkdən şad olduğumuz gün olmayıb. – Dərban demisinin külünü boşaltdı, yenidən tütün doldurdu, çaxmağın üstünə qov qoydu, nə qədər əlləşdisə qov od almadı.

Mühafiz özünü saxlaya bilmədi, ucadan güldü:

– Ə, İman deyəsən sənin də mənim kimi fikrin uçub harasa gedib... Ocaq yana-yana çıxmaqla neynirsən?

Dərban da gah qova, gah çaxmağa baxıb başını buladı, çiyinləri silkələndi, sonra mühafizə qoşulub xeyli güldü.

– Oyun olsun, ay Duman! – Ocaqdan balaca bir köz götürüb demisinin üstünə qoydu. – Ay Duman, dərd-sərimiz guya az idi, bu qardaşlar da başımıza əlavə bir oyun açdlar. A kişi, zənən xeylağından da padşah olar?.. Yəni bu mahalda o qədər kişi qıtlığı ki, ümid bir qız uşağına qalıb?.. Bu yerləri balaca xatuna bağışlamaq, onu iqtadar eləmək ən azı insafsızlıqdır. Guya atası öz vəsiyyətnaməsində belə məsləhət bilib. Axı ölünün huşu nə vaxt başında olub? Ölənin hər vəsiyyətini yerinə yetirməzlər ki! Cahan Pəhləvan vəsiyyət etmiş olsa da, gərək xanədanın təzə hakimi onu əməlli-başlı götür-qoy edəydi... Yüz ölçüb, bir biçəydi... Bir də Qızıl Arslan nə qədər igid, ağıllı, tədbirli olsa da, deyirlər meybazdır, kefbazdır... İsti baş da həmişə saz işləməz... Görəsən hansı vədəsinə düşüb fərman verib: “Cəlaliyyə xatun da olsun Naxçıvanın hakimi...” – dərban uzun getsə də, ona dəxli olmayan dövlət işlərinə qarışsa da, mühafiz onun danışıqlarına fikir vermədi və ürəyindən keçənləri dilinə gətirdi:

– Ə, İman, deyirəm, indi ələyəzli, əvvəlki bir qazan yarma aşı ola!.. İçində də balaca-balaca küftələr. Qaşığı alıb əlinə düşəsən qazanın üstünə, hortahort içəsən... Aş içməli gündür, ləzzət verər adama, başın üçün! – Mühafiz siçanquyruq bığlarını eşdi. – Belə qarlı-qovğunlu qışınkı dürü xörəkdir yarması, qurudaşı, umacaşı...

Dərban fikirləşdi:

– Mənim bu siçanquyruq dostumun da fikri-zikri elə yemək yanındadı... Mən deyirəm hədəm-dəmə, bu deyir damdan-dama... Bunları fikirləşə-fikirləşə oturduğu kötüyün üstündən qalxdı, küncdəki qara çörməyi götürüb çalanın kənarına qoydu. Mühafiz bildi ki, hömsöhbəti onu yenə nəyəsə qonan etmək istəyir. Buna görə dinməyib dərbanın danışmasın gözlədi.

– Xəbərdən xəbərin var?

– Ə, İman, yenə nə xəbər?

– Deyirlər Qızıl Arslanın işləri yaşdı... – Əvvəlki sözünə qayıtdı: – Məliklərin bir qismi ondan üz döndərib, bir qismi də keçib o firitənin – İnanc xatunun tərəfinə... Qorx ki, Qızıl Arslanı aradan götürsünlər. Saraydakı ikitirəlik yarandı – axırda bir tufan qopar, fəlakət olar... Dərban olmağıma baxma, demək olar ki, bu darvaza ağzında otura-otura neçə illərdi belə-belə şeyləri çox görmüşəm.

– Ə, atalar yaxşı deyiblər: “Özü yıxılan ağlamaz”. – Mühafiz məxfərini çıxarıb içini odun üstünə tutdu, qaytarıb başına qoydu. Qızıl Arslan gərək Cahan Pəhləvan kimi bir kişinin övrətilə izdivac bağlamayaydı. Mənim zəndimə görə şəriət yol versə də, ölən qardaşın övrətini almaqdan dəyyus iş yoxdur!..

– Elə ki, danışırlar ki, İnanc xatun istədiyi kişini özünə ram edə bilir. Təzə hökmdarın saqqızını də yəqin beləcə oğurlayıb.

– Dərban demisinin müştüyünü çıxarıb onunla ocağın külünü yanlara verdi, yaxındakı kisədən bir neçə kömür götürüb közlərin üstünə atdı.

– Oğrular, oğrular!.. bu övrətlərin fitnə-fəsadı dünyaya özlərindən qabaq gəlib... Övrət ağacından yıxılan fələyin əli də ayaq üstə qaldıra bilməz... Görmədin Nəsrin xatunu? Neçə il mənim günümü göy əskiyə döndərmədi, dəyyusun qızı... Ə, İman, deyirəm nə yaxşı ki, başımızdan izalə olub getdi, yoxsa şeytan məni aldadıb yoldan çıxaracaqdı... – Mühafiz bir az fikrə gedəndən sonra siçanquyruq bığlarını eşə-eşə əlavə edib dedi: – Amma yaxşı canan idi dəyyusun qızı!

– Yamanca qaçıb qurtardı rəis! Naxçıvana hakimlik eləyənlər buradan hələm-hələm başı salamat çıxıb gedə bilməzlər... Diyarbəkirlə tacir biçəngə çıxdı, bivec kürəkənin yaxasını xəlifənin köməyi ilə Qızıl Arslanın əlindən yaman aldı.

– Dərban başını bir neçə dəfə sağa-sola yırğaladı. – Demək olar ki, əcəl aman vermədi, yoxsa Cahan Pəhləvan onun dərisini diri-diri soyacaqdı... Əbubəkr oğluna görə... Axı dönə-dönə demişdi ki, Əcəminin başından bir tük əskik olsa, özünü ölmüş bil...

Qəfil külək birdən həmlə edib köşkün qapısını açdı. Qar içəriyə doldu. Mühafiz cəld sıçrayıb qapını örtdü, sinanı götürüb qapının arxasına söykədi, sonra balaca pəncərədən eşiyə baxdı.

– Ə, siyasətdir, ay İman! Əbubəkr oğlunu özləri aradan götürüblər... Ə, elə qızıl əl sahibinə də qıyarlar? Gəl bir məqbərəyə tamaşa elə... Yayda bəzəkli gəlinə oxşayır, qışda həşəmətli pəhləvana. Məqbərəyə baxanda adamın ölməyi gəlir. Bir şərtlə: əvvəlcədən söz verələr ki, qəbrinin üstündə belə bir tikili tikəcəyik... – Başı ilə bayıra işarə etdi: – Heç fikir verməmişdim, sisin-dumanın içərisində gör necə pəhləvansayağı dayanıb!

Dərban da yaxına gəlib mühafizin çiyni üstündə eşiyə boylandı.

– Danışığından görürəm ki, deyəsən, təzə xəbərdən xəbərin yoxdur. Deyirlər ki, Əbubəkr oğlu sağdır... Bağdadda onu görən olub.

– Ə, İman düz sözündür?

– Ocaq yanmasa tüstüsü çıxmaz. Yəqin bir şey var ki, söz-söhbət gəzir.

– Ə, səni şadxəbər olasan, ay İman! Yoxsa nigaran gedəcəkdim. – Mühafiz siçanquyruq bığlarının uclarını cəvcələrinə doldura-doldura dərbana baxdı.

– Axı gedirəm, İman!..

– Hara gedirsən?

– Ə, hara gedəcəyəm? Lazım olan yerlərə... Belə dağlara...

– Dağ nədir, ay Duman?.. Sən hökmdar sarayının mühafizisən. – Dərban demisinə təzədən tütün doldurdu.

Mühafiz xüsusi əda ilə etirazını bildirdi:

– Mühafiz idim... Ə, indi nə saray var, nə də hökmdar. İndicə özün dedin ki!.. Mən zənən xeylağına qaraul olub çörək qazana bilmərəm. Saraydan da, onu qulluq edənlərdən də, lətifəsi səndən uzaq olsun, sidqim birdəfəlik sıyrılıb... Dəyyus oğlu qaraulbaşı Əli Şimşək kimi bir igidə xəyanət edəndən sonra bütün xanədana tüpürmüşəm, lənət oxumuşam... Amma bir şeylə təskinlik tapıram ki, Əli Şimşəyin qardaşı bu qanı yerdə qoymayıb. Hələ qorx ki, rəisdən də bu hayıf alsınlar, Diyarbəkirdə olmasın, lap Bağdadın özündə olsun...

– Nə deyə bilərəm, ay Duman? Demək olar ki, qalmışam matməhəttəl. – Dərban burnunu çəkdi: – Baxaq görək nə olur bu işlərin axırı? Əcəmi bir dəfə dedi: – “Şəb obestonəst, ta zayəd səhər”... Dedim usta, yaxşı başa düşmədim. Dedi: “Yəni gecə hamilədi, görək səhər nə doğacaq... “Fars məsəlidi, yadımda qalıb...”

– Amma bir ricam var... – Mühafiz bir müddət siçanquyruq bığlarını tumarladı.

Dərbana elə gəldi ki, o nəsə ürəyindəki arzusunu bildirməyə çətinlik çəkir.

– De, Duman. Ürəyində sözün var deyəsən?

Mühafiz əlini uzadıb dərbandan demisini aldı, bir-iki qullab vurub ona qaytardı. Çəkən olmadığı üçün tüstüdən az qala boğuldu, xeyli öskürəndən sonra dedi:

– Sənə deməmişəm indiyə kimi... Atam zərgər olub... Bir dəfə tanışlardan biri kiçik qardaşını gətirib atamdan təvəqqə eləyir ki, onu özünə şagird götürsün. Atam da onun təvəqqəsini yerinə yetirir. Bir gün şagirdinə deyir: “And iç ki, əliəyrilik eləməyəcəksən...” Şagird bir allaha, on iki imana, yüz iyirmi dörd min peyğəmbərə and içir. Atam heç nə demir, gətirib süfrə açır, şagirdlə bir yerdə çörək yeyir. Süfrəni yığışdırmamış əvvəlki sözünü təkrar edib şagirdinə deyir: “And iç ki, əliəyrilik eləməyəcəksən...” Şagird təəccüblə soruşur:

– “Usta, axı mən indicə and içdim”. Atam deyir: “Mən onları and hesab eləmirəm.

“De kəsdiyimiz çörək haqqı... Mənim and yerim Kənisyei-Babək olan kimi, atamın da and yeri çörək idi... İndi də səninlə məni, ə, İman kəsdiyimiz çörək dost edib, qardaş edib. Gərək bu sirr ikimizin arasında qala. Buradan birbaşa Əlincə dağlarına gedib Əli Şimşəyin qardaşlarına qoşulacağam...”

Dərbanın demisi əlindən yerə düşdü, götürüb külünü boşaltdı, cibinə qoydu.

– Sən nə danışırsan, Duman?

– Ə, doğru sözümdü, başın içün!

– İnanmazlar! Qaraulbaşının əhvalatından sonra...

Mühafiz onun sözünü yarımçıq kəsdi:

Çalışaram inansınlar... İnanmazlar, özümə qəsd edərəm, vəssalam!

– Ağlın olsun! Demək olar ki...

Dərbanın söznün ardı gəlmədi, diqqətlə mühafizi süzdü. Başını aşağı salıb fikirdi-fikirli siçanquyruq bığlarını uclarını dodaqlarına sürtən mühafiz onun nəzərlərində birdən başqalaşdı. Dərban qara çölməyin ocağın kənarından götürüb yerə qoydu, bucaqdakı qoyun dərinlərindən birini öz altına, birisini də mühafizin altına çəkdi. Süfrə açıld. Sac lavaşının sirkəyə qoyulan baldırğanın iyi köşkə doldu. Qara çölməkdən yarma çəkməsini sinyə qoyub ortalığa qoydu.

– İndicə yarma aşı arzuladın... Götür görək... yenə çörək kəsək. – Dərban qəhərləndi, burnunu bir neçə dəfə çəkdi. – Amma bu bizim bu yerdə kəsdiyimiz axırıncı tikəmiz olmasın, Duman!

– Ə, ürəyin geniş elə, İman! Dünya hali deyil. – Mühafiz də qəhərləndi, pəncərədən uzaqlara baxıb adəti üzrə bayatı çəkdi:

Araz, Araz, xan Araz,
Min yerdən axan Araz.
Dərd əlindən üstündə,
Şimşəklər çaxan Araz...

Yeməyə başladılar.

Eşikdə çovğun cövlan edirdi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Saray dəbirinin ön yazısı

Şahların, padşahların sarayları başqa bir aləmdir. Gərək o saraylara düşəsən ki, görəsən orada nələr olur, nə sirlər gizlənir, hansı möcüzələr baş verir.Saraylarda adamlar da müxtəlifdir. Müxtəlifdir xasiyyətlər də, əməllər də. Müxtəlifdir iştahlar da, əxlaqlar da. Bu saraylar görəsən nə vaxt, nədən ötrü peyda olublar əzəl-axır məkanımız Xak üzərində, onlara kim daşıyıb şəffaf-şəffaf Abı, ocaqlarında kim yandırıb qızmar-qızmar Atəşi, kim gətirib onların işığlı-qaranlığlı küçələrinə həzin-gur Badı?.. Bu saraylarda adamlar öz mənliklərini, öz izzəti-nəfslərini itirdikləri kimi adlarını da itirirlər. Birinə hökmdar deyirlər, birinə vəzir; birinə mələkə deyirlər, birinə cariyə; birinə əş-şeyx ər-rəis deyirlər, birinə qazi; birinə münadi deyirlər, birinə nədim; birinə məşşatə deyirlər, birinə kəniz; birinə mühafiz deyirlər, birinə dərban; birinə qulam deyirlər, birinə pərdədar...

2 min
Yollar, yollar...

Pəncşənbə günü idi. Səhər yenicə açılırdı.Tutqun üfüqün boz yanağına təzə-təzə narıncı xal düşür, qədim Həmədanın üzərinə sallanan qatı bulud karvanı şəhərin söykəndiyi Əlvənd dağlarına tərəf sürünür, sonra göy qübbəsinin ətəklərində çin-çin olur bir-birinin üstünə qalanırdı. Məğribin zülmət örpəyi çoxdan pardaxlanmışdı...

13 min
Xufdən söhbəti

Naxçıvan şəhərinin rəisi içəri girəndə baş şeyx Hatib ibn Mübarək başdan-ayağa xalı döşənmiş otağın ortasında əyləşib, qarşısındakı rəhilin¹ üstünə qoyulan qalın kitabın növbəti vərəqini əlfəcinlə çevirdi, onu öpüb gözlərinin üstünə qoydu, sonra öz-özünə “Əşhədü ənna lailahə illəllah, əşədü ənna Muhəmmədən rəsul Allah” deyib pıçıldadı. O, rəisə özünü elə göstərmək istədi ki, guya Quran oxuyur. Əslində rəhilin üstündəki “Vis və Ramin”² idi.Rəis başını tərpədib salamlaşdı, baş şeyx mane olmasın deyə ehtiyatla keçib yuxarı başda, pəncərənin önünə qoyulan və üstünə kiçik güllü xalça salınan dibacədə³ əyləşdi.

11 min
Bu xatirə Əcəmi dilindəndir

Gecə pis yatmışdım. Son vaxtlar belə hallarım tez-tez olurdu. Bəlkə də buna görəydi ki, tək-tənha ömür sürürdüm. Anam sağlığında dönə-dönə eşitdirsə də, evlənmək istəmirdim. Bir də fikirləşirdim ki, adamlar bəzən özünə peşə seçən günü daim subay qalacaqlarını da qət edirlər. Bu gün burada, sabah orda işləyənə hansı qız ərə gəlib övrət olar? Mənim peşəm də belə idi. İlk məhəbbətim üzüdönük çıxandan sonra isə adamlardan uzaq gəzməyə, qadın xeylağından birdəfəlik kənar qaçmağa çalışırdım. İki-üç il olardı ki, rəhmətlik atam Əbubəkr kişi kimi dulusçuluğu atıb bənnalığa başlamışdım. Amma qarşıma məqsəd qoymuşdum ki, axıra kimi bənna olub qalmayam. Axı oğullar atalardan, atalar babalardan irəli getməsələr, millət tərəqqi etməz... İnsan övladı da qəribə məxluqdur. Hərəsi bir şeyin vurğunudu əzəli gündən. Biri gülün, biri çiçəyin, biri də ömür-gün sirdaşı bir göyçəyin, bir mələyin... Mən də ağlım kəsəndən kərpicə, daşa vuruldum, meylimi onlara saldım. Axı daş bizim ulu babalarımızın, nənələrimizin ilk evi, ilk silahı olub. Adəm Həvvaya rast gələndə, yəqinimdir ki, dünyanın ilk kişisi kimi gəlin otağını daşdan hörüb, palçıqdan çatıb. Arvad qeydinə qalanda, övlad qayğısı çəkəndə əlinə daş alıb ov dalınca gedib. Sonra daşdan dəstər, yemək qab-qacaq düzəldib, ocaq çatmaq üçün çaxmaq itiləyib. Bəlkə elə bu işıqlı aləmin ilk övrəti Həvva üçün ilk bəzək şeylərini də daşdan yonub bizim min-min yaşlı, min-min dərdli-sərli babamız Adəm... Demək, bəşər övladının ürəyində ilk məhəbbət elə torpağa, daşa oyanıb. Daş olmasaydı biz ulu-ulu əcdadımızdan da, qədim-qədim sələflərimizdən də xəbər tuta bilməzdik, onların əməlindən agah ola bilməzdik. Daşdan tikdikləri kar qalalara, kor bürclərə baxıb onların ürəyindən keçənlərdən xəbər tuturuq, yaxşıları yamanlardan, mərdləri namərdlərdən, igidləri qorxaqlardan ayırd edirik həmişə. Axı xeyirxahlar daşdan, palçıqdan öz bildikləri kimi, namərdlər də öz tikdikləri kimi istifadə ediblər. Bəziləri gözoxşayan saraylar, qəsrlər tikiblər, bəziləri qan çanağı, ölüm teşti olan zindanlar, həbsxanalar... Lal daşlar bəzən insan övladına bərli-bəzəkli gəlin otağı olub, bəzən də qaranlıq sərdabə... Belədi yaşı bəlli olmayan bu qoca dünyanın gərdişi ilk yaranışdan, ilk binadan. Nə eybi, qoy ədiblər gördüklərini, şahidi olduqlarını, sevdiklərini, nifrət etdiklərini əşara çevirib nəzmə çəksinlər, alimlər təbiəti gizli-gizli öyrənsinlər, mənsə ürəyimdən keçənləri daş kitabələrə köçürtdüm, dilsiz daşlara həkk etdim – bir çoxuna imarətlər inşa etdim, qəbirlər üzərində sərdabələr tikdim, axırda isə şəhərimizin ən mötəbər şəxsi, böyük şeyx Yusifə öz borcumu ödədim......Elalnının arxasında Günəş şəfəq atan kimi durub geyindim, həyətə endim. Səhərə yaxın azacıq yağış çiləmişdi. Havada mülayim bir sərinlik var idi. Darvazadan çıxdım, dar küçə ilə üzüyuxarı qalxıb, Pir Osman meydanına gəldim. Saraydan əlavə məscid-minarələrin, qala divarlarının üzərində də ipək bayraqlar dalğalanırdı. Amma dəmirçixanalardan, misgər, nalbənd, xarrat dükanlarından çəkic-zindan səsləri gəlmirdi, dulus emalatxanalarının bacalarından tüstü çıxmırdı, küçələrdə halva, saqqız, göyərti satanların cır səsləri qulaqlara dolub beyinlərə işləmirdi... Şəhərin üzərinə çökmüş sükutu az sonra məscidlərin minarələrinə qalxıb camaatı səhər namazına dəvət edən müəzzinlərin “Allahu əkbər” sədaları pozmağa başladı... Məscidlərdə isə öz işlərində idi mollalar. Onlar əş-şeyx ər-rəis Hatib ibn Mübarəkin tapşırığına əməl edərək Eldəgəzlər sülaləsinin ayrı-ayrı şəxslərinin ünvanlarına təriflər deyir, nimdaş xirgə geymiş, əli kəşküllü, təbərzinli dərvişlər küçələrdə qəsidələr söyləyir, təsbehli, göy qurşaqlı seyidlər atabəy-əzəmdən sonra taxta əyləşən Cahan Pəhləvanı bir hökmdar kimi, bir sərkərdə kimi, bir insan kimi tərifləyib göyə qaldırırdılar...

14 min

Poems by other poets