Xufdən söhbəti
Page 1 of 2
Naxçıvan şəhərinin rəisi içəri girəndə baş şeyx Hatib ibn Mübarək başdan-ayağa xalı döşənmiş otağın ortasında əyləşib, qarşısındakı rəhilin¹ üstünə qoyulan qalın kitabın növbəti vərəqini əlfəcinlə çevirdi, onu öpüb gözlərinin üstünə qoydu, sonra öz-özünə “Əşhədü ənna lailahə illəllah, əşədü ənna Muhəmmədən rəsul Allah” deyib pıçıldadı. O, rəisə özünü elə göstərmək istədi ki, guya Quran oxuyur. Əslində rəhilin üstündəki “Vis və Ramin”² idi.
Rəis başını tərpədib salamlaşdı, baş şeyx mane olmasın deyə ehtiyatla keçib yuxarı başda, pəncərənin önünə qoyulan və üstünə kiçik güllü xalça salınan dibacədə³ əyləşdi.
Baş şeyx də salavat çevirib, yerdən qalxdı və başqa dibacədə rəislə üz-üzə ötürdü:
¹ Kitab üçün altlıq
² Fəxri Gürganinin əsəri
³ Kiçik divan
– Demək biz belə anlayaq ki, sən biz deyəni eləmədin! – dedi və cübbəsinin¹ cibindən şəvə kimi qara səddanəsini² çıxarıb asta-asta çevirməyə başladı.
Rəis çox soyuqqanlı cavab verdi:
– İxtiyar sahibisiniz, necə anlayırsınız, eləcə də anlayın..
Hatib ibn Mübarək alındı, fikirləşdi: “Görəsən ilkin kimin ağlına gəlib ki, rəisliyi bu bivecə etibar edək?..” Bu qəvvad ki balıq kimi soyuqqanlıdı, dostluğu ilə düşmənçiliyini ayırd etmək olmur. İlandı deyim, əqrəbdi deyim? Zəhəri bilmirsən dişinin altındadı, yoxsa quyruğunda... İstədiyi vaxt sancar, istəməsə heç yadına düşmür ki, zəhəri var...”
Baş şeyx: – Bərəkallah! – deyib, nəhayət, dilləndi: – Bilirsən Qureyş³ aqilləri burada nə deyiblər? – Hatib ibn Mübarək sualına elə oradaca özü də cavab verdi: – Deyirlər: “Həl yurtəca matar bilə sihab...”⁴ Biz dedik havaya bulud gətirək, sonra da bu yağış yağsın...Sənsə nə buluda məhəl qoydun, nə də istədin ki, yağış yağsın... Sənə ilk gündən apaşkar bəyandı ki, mən oxunu atıb, kamanını gizlədən ovçulardan deyiləm. Hatibin oxu da, kamanı da, üstəlik, sadağı⁵ da aşkardadır, göz qabağındadır. Daha özün bilirsən bundan sonra, qohum! – Səddanəsini sol ovcunun içərisinə yığdı.
– Nə yatdıq ki, nə də yuxu görək?.. Həmədan gündə bir çapar göndərdi... Hər çapar da on-on sifariş, tapşırıq gətirdi... Pəhləvan da göz açmağa macal verdi ki?..
– Bəs sən nə fikirdəydin? – Hatib ibn Mübarək oturduğu dibacədə yanını dəyişdi: – Gözləyirdin ki, Pəhləvan əlavə bir çapar da göndərsin? Sifariş eləsin ki, bizdən oralara gələn olmadı, buyur, sən özün sahib ol taxt-taca?..
Baş şeyx bu dəfə kinayə ilə gülümsədi, həmsöhbətinə açıq-aşkar rişxənd elədi.
Rəis başını qaldırıb ona baxdı. Göy gözlərində, dəyirmi və qarabuğdayı sifətində tez-tez min bir biclik peyda olan və bunu öz həmsöhbətindən məharətlə gizləməyi bacaran Hatib ibn Mübarək elə bil birinci dəfəydi ki, görürdü.
¹ Yaşlı kişi geyimi
² Yüz dənəli təsbeh
³ Ərəb tayfası. Məhəmməd peyğəmbər bu tayfadandır
⁴ Bulud olmasa yağış yağmaz (ərəb.)
⁵ Ox qoyulan qab
Ev sahibi rəisin dinmədiyini görüb yenə oyalandı:
– Sən mənim buyurduqlarıma məhəl qoysaydın, Şərur məlikini öz tərəfinə çəksəydin, hər halda, öz nəfinə bir iş icra etmiş olardın... Bütün xanədana məlumdur və saray ərkanına agahdır ki, məlik Oğuzla Pəhləvanın hələ cavan vaxtlarından araları sərindi... Yaxud sən bir him-cim eləsəydin, mən Bağdada gedib əmirəlmöminin əl-Müstədinin özü ilə danışardım, yolüstü hələ sultan Toğrulla da dilləşə bilərdim...
– Bunlardan heç nə hasil olmazdı. – Rəis, Hatib ibn Mübarəkin az qala ağzının üstündən vurdu. – Təzə hökmdarı xəlifənin özü də çox yaxşı tanıyır... Dabbaxda gönünə bələddi. Deyirlər atabəy-əzəmin¹ hələ üçü çıxmamış xilafət elçisinə deyib ki, xəlifəyə deyin dövlətin işinə qarışmasın. Qoy gündə üç dəfə namazını qılsın, bir dəfə də Allaha şükr eləsin. Çünki Muhəmməd peyğəmbərin öz xəlifələrinə vəsiyyəti belədi. Xəlifə isə sələfin buyurduqlarını icra etməyə borcludur.
Baş şeyx səddanəsini ovcunun içərisində bir yerə yığandan sonra cibinə qoydu.
– Əvvəl, Pəhləvan dünən – bir, bu gün – iki, elə cürəti, daha doğrusu, elə qələti edə bilməz. Saniyən, ərz edim bil ki, din dövlətin işinə qarışmasa, dövlət qılıncının kəsəri olmaz. Ona görə ki, sonradan yaranan və dövlətin əlinə verilən bütün qılınclar İslamın qılıncının davamıdır. O ki, qaldı xəlifə əl-Müstədinə, Allahın yer üzündə elçisidir, onun nəzarətçisi və vəkilidir.
– Bu sözləri çox eşitmişik.
– Sözümü kəsmə! – Baş şeyx səddanəsini yenə cübbəsinin cibindən çıxarıb hirslə çevirməyə başladı. – Şahların, padşahların Allahdan, xilafətdən qorxusu olmasa qan su yerinə axar, bütün məmləkət dönüb olar eyş-işrət məclisi, föş² ayaq tutub yeriyər. O ki, qaldı Pəhləvanın düşündüklərinə... Səhvdir, tamamilə səhvdir!
– Xəlifənin özü Cahan Pəhləvandan ehtiyat etsə necə?..
Hatib ibn Mübarək birdən cavab verməyib fikrə getdi.
Sonra diqqətlə rəisə baxdı. Baş şeyxə də elə gəldi ki, çoxdan tanıdığı, qapısını öz evinin qapısı kimi istədiyi vaxt açıb-örtdüyü rəisi birinci dəfədi ki, görür. Neçə-neçə il bundan əvvəl Diyarbəkrdə tacir dostunun qızı Nəsrin xatuna “dalı ağır kişi” kimi təqdim etdiyi bu heyvərənin əvvəlcə ölü qoyun gözlərinə oxşayan gözlərinə baxdı, sonra onun ortası seyrək, ucları xeyli qalın qara bağına, azacıq sağa meyl edən iri burnuna nəzər yetirdi. Və ürəyində dönə-dönə heyfsiləndi ki, belə bir vücud bir qayda olaraq qatlamaburun uzunboğaz süvari çəkməsi geyir? Əynində də həmişə qızıl baftalı bəhlul çuxası, sərmə boğazlı, ağ yaxalıqlı atlas köynəyi... Hələ üstəlik belinə də mavi mina və qiymətli daşlarla naxışlanan xəncər bağlayır? Bəh-bəh!..
¹ Şəmsəddin Eldəgiz
² Fahişəlik
Baş şeyxin içindən bir səs gəldi: “Sən o xəncərə dəyərsən? Bir dəfə kişilik edib onu qınından çıxaran vaxtın olub, ay heyvərə? Haram olsun sənə bu geyim-keçim də, canlara dəyən o cavanəzən Nəsrin xatun da!..”
– Xəlifə heç kimdən ehtiyat etmir, bircə başı üstdəki böyük Allahdan başqa...
– Edir, inan ki, edir! – Rəis fikrini qəti bildirdi.
– İnanmıram... Siyasətdi.
– Siyasətə qalsa heç kim Cahan Pəhləvana badalaq gələ bilməz.
– Niyə?
– Ona görə ki, Şəmsəddin Eldəgəz kimi siyasətcil bir kişinin belindən gəlib, Möminə xatun kimi çoxbilmiş, ağıllı bir övrətin döşlərindən süd əmib... onun igidliyi də, siyasətcilliyi də vergidi... Allah vergisi!..
– İnanmıram!
– İnan! Bütün məliklər atabəy-əzəm hələ ölüm yatağında olan Cahan Pəhləvana əl çaldılar.
– Şərur məliki Oğuz çoxdandır ki, onun qanına yerikləyir.
– Oğuz da olsa belə özünü yandırmaz.
– Xilafətə, xəlifəyə arxalansa necə? – Hatib ibn Mübarək yenə əvvəlki söhbətinə qayıtdı.
– Sən məni məcbur edirsən ki, xilafət barədə bir tutarlı söz deyim, eləmi? – Rəis gözlərin qıyıb diqqətlə baş şeyxə baxdı. – Buyur, bu da mənim fikrim: bunların hamısına bais elə xilafətdi, təqsir elə xəlifənin özündədir!.. Sənin dediyin əmirəlmöminin başı qarışıb eyş-işrətə, səhər namazını bir cariyəsinin sinəsində qılır, günorta namazını bir cariyəsinin göbəyində, xüfdən namazını da..
Hatib ibn Mübarək rəisin uzun gedəcəyini görüb qabağını kəsmək istədi:
– Haşa səndən!
– Özünü niyə demirsən, ey qüdsi-barigah¹ – Bu dəfə rəisin səsində açıq-aşkar kinayə var idi. – İki günün biri Becanlı məhəlləsindəki mehrabda² nə edirsən? Başqa məhəllədə mehrab yoxdur, cənab əş-şeyx ər-rəis³?
Hatib ibn Mübarək hirslənib özündən çıxmaq istədi. İstədi deyə: “Ay arxası üzündən qırmızı, güdükçülərinə, onların başçıları heyvərə Həsənə de, məni güdməkdənsə, Nəsrin xatunun oynaşlarını güdsünlər”, ancaq deyə bilmədi, çünki bildirdi ki, şəhər rəisinin bir etibarsız damarı var və o damarına düşsə hülqumunu tamam yadından çıxaracaq, ağlına gələni, ağına-bozuna baxmadan, yumaq kimi gözləyib tökəcək eşiyə. Bu sözbaz, milçəyi qaldırıb altından fil çıxaran şəhərin camaatına, ələlxüsus, qeybət üçün zülü gedən övrətlərinə də rəisin ağzından qaçırdığı hədyan-hədyan sözlər lazımdı... Lazımdı ki, İran saqqızı kimi səhər-axşam çeynəsinlər.
Baş şeyx nə fikirləşdisə dinmədi, ayağa qalxdı, şəvə kimi qara səddanəsini cübbəsinin cibinə qoyub içəri otağa keçdi və əlində, üstünə mavi mina çəkilmiş balaca kuzə ilə qayıtdı. Kuzəni otağın baş tərəfindəki dəyirmi mizin üstünə qoydu, yenə həmin otağa qayıtdı. Bu dəfə üstünə ağ mina çəkilmiş iki balaca piyalə gətirdi, hər ikisinə şərbət süzdü və rəisi indi yuxarı başa keçməyə dəvət etdi.
– Yaxın otur... gözünü elə döymə... Şərab deyil, nanə şərbətidi. Nahardan qabaq içmək faydalıdı. Adamı iştaha gətirir. – Hatib ibn Mübarək nanə və şərbət barədə əlavə izahat versə də, rəis onun bir sözünü özünə qaytardı:
Kitabxana.az · https://kitabxana.az/en/works/huseyn-ibrahimov-esrin-onda-biri-xufden-sohbeti
Use ← → keys to move, R for a random poem
More by this author
– Ə, nətərsən, ə?– Nətər olacam, demək olar ki, pisdən də pis.
XeyirxahlıqYay təzə girsə də, havalar isti keçirdi...Günəş düz günorta yerində dayanmışdı. Bəlkə də buna göyrəydi ki, müəzzinlər şəhər əhlini tələm-tələsik zöhr namazına dəvət edib minarələrin şərəfələrindən enərək özlərini məscidlərin, mehrabların sərin hücrələrinə vermişdilər...
Zaman – nəhrdirBir bulağa bir çöp atırsan aram-aram axıb gedir. Bir çaya xəşəb² salırsan sular onları öz axarında aparır.Zaman da nəhrdir. İnsanlar öz mürlərinin illərini çöp kimi, xəşəb kimi bu nəhrə tökürlər. Əcəmi də beləcə tökdü ömrünün neçə-neçə ilini bu həyat nəhrinə. Əvəzində də torpaq üstündə ölməz bir yadigar ucaltdı...
Oxşar talelərSarayın adından gələn xüsusi çapar məktubu şəhər rəisinə verib geri qayıdan günün səhərisi Əcəmi Təbrizə yola düşmüşdü.Cahan Pəhləvan öz candarı və şəxsi mühafizləri ilə birlikdə Təbrizə gəlmişdi. Havaların soyuduğunu, özünün yolda nasazlığını nəzərə alaraq oradan Naxçıvana dönməkdən vaz keçmiş, axırda da belə qərara gəlmişdi ki, Əbubəkr oğlunu yanına çağırsın və Mömünə xatun ananın abidəsinin tikilişinin nə vaxt başa çatacağını memarın öz dilindən eşitsin.
Poems by other poets
Gözüm görcək səni istər kamalə,Bürqeyin üzündən dağıdar Yaxşı,
BayatılarMən aşıq, ləngə bizi,Qəşədi, Ləngəbizi.
Başına döndüyümUzun illər arzusun çəkdiyim,Getmə, bəri gəl, başına döndüyüm,
Nəfəs: İlahi, neyləsin, nətsinİlahi, neyləsin, nətsinKönül sənsiz qərar etməz