Page 1 of 2

Yay təzə girsə də, havalar isti keçirdi...

Günəş düz günorta yerində dayanmışdı. Bəlkə də buna göyrəydi ki, müəzzinlər şəhər əhlini tələm-tələsik zöhr namazına dəvət edib minarələrin şərəfələrindən enərək özlərini məscidlərin, mehrabların sərin hücrələrinə vermişdilər...

Əcəmi belə bir vaxtda Came məscidinin arxasından keçib sarayın darvazası qabağına gəldi. O, yüngül iş paltarında idi. Fikirləşdi: “Rəis üçün şorunan lorun heç bir fərqi yoxdur... Al da geysən-birdir, şal da geysən – bir...”

Mühafiz onu görən kimi salamlaşdı. Səsə dərban da öz köşkündən çıxıb onlara yaxınlaşdı. Əcəmi hər ikisi ilə əl tutub kef-hal elədi. Elə bu anda köşkün içərisindən arvad ağlaması eşidildi. Bu, adicə ağlama deyildi, nalə idi, Əcəminin tükləri ürpəşdi, əhvalı dəyişdi. Diqqətlə qulaq asıb soruşdu:

– İman, içəridə ağlayan kimdi?

Dərban əvvəlcə burnunu çəkdi, sonra açıq sinəsini qaşıdı. Demisinə tənbəki doldura-doldura:

– Yurdçudan bir kəndlidi. – dedi. – Buğda vergisini verməyib, o qansız darğa da mindirib qatıra, qatıb atının döşünə, sübh çağı sürüb gətirib şəhərə. Övrəti də gələndən, demək olar ki, gözünün yaşını tökür. “Körpələrim kənddə başsız qaldı” deyə-deyə başına-dizinə döyür...

– Nə eləsin yazıq! Ağlamaqdan, dizinə döyməkdən başqa nə çarəsi var bədbəxtin. Sarayın darğalarında bir tikə də insaf qalmayıb... Kənisyi Babək haqqı!

– Görəsən neçə illik borcu qalır – Əcəmi əlindəki səndəl ağacının ucuyla yanağını qaşıdı.

– Qalan təkcə bu ilin borcudur... Deyir zəmisin biçib, döyüb, sovuruğa verib qurtarandan sonra haradasa quyu qazıb buğdanı gizlədib... Darğaya da deyib ki, keçən il mən heç yerli-dibli buğda əkməmişəm...

Əcəmi dərbanın dediklərinə diqqətlə qulaq asandan sonra dedi:

– Rəisi görəcəyəm. – Bu xəbərdarlıqdan sonra darvazadan içəri adladı.

(Cahan Pəhləvanın əmrinə görə rəis həm dərbana, həm də mühafizə xüsusi tapşırıq vermişdi ki, Əbubəkr oğlu həftənin hansı günü, günün hansı vədəsi gəlsə onu sual-cavabsız yanına buraxın).

– Buyurun, – mühafiz dedi.

– Rəis dərgahda öz otağındadır. – Dərban əlavə edib izahat verdi. Əcəmi darvazanın astanasında ayaq saxlayıb hər ikisinə ərklə tapşırıq verdi:

– Yurdçuluya deyin məni gözləsin.

Mühafizin eyni açıldı:

– Dünya xali deyil...

– Onsuz da onları heç yana buraxan deyillər. – Dərban dedi.

– Buraxarlar... – Əcəmi geri qanrılıb gülümsündü. – Atamın Yurdçuda yaxın bir bənna dostu olub. Rəhmətə gedib.

Onun goru xatirinə bunların borcunu mən ödərəm.

Dərbanla mühafiz baxışdılar...

Əcəmi darvazadan uzaqlaşıb sarayın güllü-çiçəkli həyətilə üzüyuxarı getdi. Həyətdə əvvəlki təzahüm,¹ təmtəraq yox idi. Müqərrəbi-dərgahdan² bircə öz iş otağında idi. Həyətin ortasında xacə Xəlil hovuzun ətrafındakı güllərə su çiləyirdi. Kənizlərdən iki cavanı həyətin yuxarı başına süpürgə çəkirdi. Nə Əcəmi onları işindən ayırmaq fikrində oldu, nə də onlar Əcəmiyə məhəl qoydular...

Cahan Pəhləvan Naxçıvani tərk edib Həmədandakı hökmdar sarayında taxta əyləşən vaxtdan atabəy-əzəmin sarayı suyu sovulmuş dəyirmana bənzəyirdi. Güllü-çiçəkli həyətə də, aynalı-döşəməli otaqlara da şair Kəmaləddin Naxçivaninin təbirincə, rəisin ləbşəkər arvadı Nəsrin xatun sahibkarlıq edirdi. Bütün təcəmmülatın³ üst-başına düzüb həyətdə veyillənə-veyillənə gəzən, hovuzda üzən müxtəlif balıqlara tamaşa edən, boş vaxtlarında da öz istirahət otağına çəkilib ürəyinə yatan, lazım olanda karına gələn, gərəyi olan cariyələrlə mırt vura-vura günlərini keçirən rəisin arvadının ürəyindən son vaxtlar iqtidar olmaq arzusu da keçirdi...

Əcəmi ayağını axırıncı pilləyə qoyanda qapı açıldı. Nəsrin xatun az qalmışdı onunla döş-döşə dəysin. Tez kənara çəkilib rəisin arvadına yol verdi Əcəmi. Nəsrin xatun bir anlıq ayaq saxladı:

– Salamınız hanı, usta?

– Hə... bağışlayın, xatun... Bir az fikirli idim.

– Deyirlər bəs siz bizə qarşı çox həssasınız. – Nəsrin xatun əllərini belinə qoyub bütün sinəsini nümayiş etdirməyə həvəs göstərdi. Əcəmi onun bu xasiyyətinə bələd olduğu üçün heç nəyin fərqinə varmadı.

¹ Qələbəlik

² Hökmdarın yaxın adamları

³ Zinət şeyləri

– Elədir. Amma elə məqamlar olur ki, adam az qala özünü də unudur...

İllər də ki, yaman tez gəlib gedir...

– Yoxsa bir nigarançılığı var ustanın? – Nəsrin xatun başını sol çiyninə tərəf əyib iri gözlərini süzdürdü. Elə bil Əcəmiyə çatdırmaq istəyirdi ki, bu sarayda ağa da mənəm, ağacan da...

Əcəmi rəisin arvadının uzun gedəcəyini və həyətə süpürgə çəkən kənizlərin qətlərini düzəldib onlara baxdıqlarını, xısın-xısın pıçıldadıqlarını görüb suala sualla cavab verdi:

– Cənab rəis pişgahdadır?

– Pişgahda olmasaydı nə dərban sizi içəri buraxardı, nə də mühafiz.

Nədənsə onları qarğıdı. – Adları bir-birinə oxşayan üzlərini mürdəşir yumuşlar!..

– Onda icazənizlə, xatun...

– Buyurun, usta. – Nəsrin xatın Əcəminin ona biganəliyini görüb çiyinlərini silkələdi və ətəklərini yığışdırıb pillələri enməyə başladı.

... Rəisin yanından çıxan qulam Əcəmini pişgaha dəvət etdi. Rəis yuxarı başda qoyulan sədr kürsüsündə əyləşib fikrə getmişdi.

Əcəmi oturmaq üçün rəisin təklifini gözləsə də ondan səs çıxmadı.

Bunu görən Əcəmi keçib pəncərə qabağındakı dibaçədə əyləşdi, əyləşən kimi də boğazını arıtladı: “Gəlmişəm, başını qaldır, ay özündən bədgüman...” Rəis elə bil Əcəminin ürəyindən keçən bu sözlərə bənd idi, başını yavaş-yavaş qaldırdı və sualı Əcəmi üçün gözlənilməz oldu.

– Əbubəkr oğlu, sən bilən, bu kəndli-kündlünün bir qanan vaxtı olacaq?.. Yoxsa elə belə gəlib, belə də gedəcək? – Əcəminin belə suallara cavab verəcəyinə arxayın olmadığı üçün elə oradaca da oyalanmağa başladı: – Bu tayfanı, rəiyyətin bu qanmaz qismini başa salmaq olmur ki, sizə bəxillik¹ əl verməz... Darğalar sələb² kimi dərinizi soyub boğazınızdan çıxararlar... Gətirin, xanədana, olan borcunuzu ödəyin... Kimə nə təyin edilib öz xoşuyla verməlidi. Onsuz da atabəylər hər kəsin rənginə baxmamış damarından qan almırlar. Belə olduğu halda nankorluq nəyə gərək? Gətirin verin, canınız qurtarsın.

Əcəminin ürəyincə oldu ki, rəisin özü söhbəti “kəndli-kündlüdən saldı. Və bu da imkan yaratdı ki, dərbanın köşkündə girov kimi saxlanan yurdçuluya, onun kənddə başsız qalan körpələrinə kömək əlini uzatsın.

¹ Xəsislik

² Tülkü

– Vergi verməyə imkanı olmayanlardan birini də deyəsən dərbanın yanında girov saxlayıblar?..

– İmkanı olmayan yox, – rəis Əcəminin sözlərinə düzəliş verdi, – vergisini vermək istəməyən... O yurdçuluq girov deyil, qurbanlıqdır!.. Bir azdan sonra onu zindana atdıracağam... Darğanı geriyə, kəndə qaytarmışam ki, körpələrini də qabağına qatıb bura gətirsin. Ona gərək burada elə bir toy tutam ki, səsi Yurdçuda eşidilsin...

Rəisin kəndlilərə qarşı kin-küdurətinin son vaxtları artıb çoxalmasının səbəbi Əcəmiyə aydın idi. Əli Şimşək rəisi və atlılarını Əlincə düzlərində yaxşıca əzişdirmişdi. Bir neçə adamını itirən rəis güclə qaçıb canını qurtara bilmişdi...

– Onun nə qədər vergisi qalır? – Əcəmi soruşdu.

– Nə bilim... Hə çox! – Rəis əl-qolunu oynatdı.

– Çox deyil... Mənə dedilər ki, bu ilin vergisidi qalan.

– Sən o yurduçunu tanıyırsan?

– Xeyr. Üzünü də görməmişəm... Dərbana deyiblər, o da mənə dedi... Özünün də bir çətən uşağı var... Əcəmi fərqinə varmadan ürəyindən keçəni bildirdi: – Gəlin siz razı olun, o yurdçulunun borcu nə qədərdisə abidənin tikilişindən mənə çatan axırıncı xərcdən götürsünlər... Əmr edin kişinin özünü də, övrətini də buraxsınlar, çıxıb getsin evinə... Körpələri kənddə başsız qalıb. Anaları da köşkdə göz yaşı axıdır. Ana naləsi eşitdiyim üçün köşkə də girə bilmədim. Mən anaların göz yaşına baxa bilmirəm... onlar nalə qoparıb ağlayanda varlığımdan oluram... Siz ki, mənim xasiyyətimə az-çox bələdsiz... Sözümü yerə salmayın. Rica edirəm.

– Sən bilirsən heç bunun axırı nə olar, Əbubəkr oğlu? Kəndlilərdən bundan sonra vergi almaq olar müşkül iş...

– Olmaz... İstəsəniz mən özüm Yurdçuya gedərəm... onları başa salaram. Onsuz da mənim o kəndə hərdənbir yolum düşür. Axı abidənin tikilişi üçün bir ildi südü, yumurtanı həmin kənddən gətirirlər.

Rəis bir az fikrə getdi, sədr kürsüsündən durub arxasındakı pəncərədən həyətə baxdı və qayıdıb təzədən oturdu.

– Elə bunun üçün təşrif gətirmisən, Əbubəkr oğlu?

– Xeyr... Dərbanın köşkündə ağlayan ananı siz azad edəndən sonra gəlişimin əsas səbəbini deyəcəyəm. Əlbəttə, mənim sizinlə şərt kəsməyə nə haqqım var, nə də ixtiyarım... Mən elə bir səlahiyyətə də sahib deyiləm. Amma saraya olan xidmətimi, xanədana göstərdiyim qulluğu və sizin mənə olan hörmətinizi nəzərə alaraq həmən ricanı etdim... Mən dərbanı da, mühafizi də inandırmışam ki, cənab rəis mənim ricamı yerə salmaz... Məni sarayın iki nəfər pişxidməti yanında xəcil etməyin... Əks təqdirdə, gərək onda mən pişgahın astanasından bir də içəri ayaq basmayam... Mənə bu il sarayın beytülmalından çatası vəsaitdən nə qədər lazımdırsa, indicə öz yanınızda imzanamə verim ki, həmin vəsaiti almışam... – Əcəmi narahat halda gah dibaçədən durur, gah otururdu, əlindəki səndəl ağacını gah qurşağına taxır, gah da oradan çıxarıb yanağını qaşıyırdı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Şəhdigül

...Pəncşənbə günü idi. Əcəmi tezdən durub iş yoldaşlarının təzədən düzəltdikləri evinə, həyətinə nəzər yetirdi. Sərdabədə işi dayandırıb gecə-gündüz bilmədən tikib-quran, təmir aparan həmkarlarının ünvanına ürəyində də olsa dönə-dönə xoş sözlər dedi. Hamıdan çox əziyyət çəkən Cəmilin ata-anasına rəhmət oxudu, bütün qab-qacağın yuyub təmizləyən, pal-paltarını təzələyən Zəhraya xoşbəxtlik arzuladı. Və yenə də sevindi ki, yaxşı olub darvazaya xətər toxunmayıb... Yanğın tez söndürülməsəydi, alov yəqin ki, onu da qarsacaqdı, üstündəki naxışları korlayacaqdı. Hamı da fikirləşəcəkdi, hökmdarın ayağı düşmədi... Şəmsəddin oğlu nəzərlədi Əbubəkr oğlunu...Əcəmi bunları fikirləşə-fikriləşə həyətində bir az qurdalandı, sonra bazara getdi. Məqsədi qonşu uşağı Rəşidin şikəst nənəsi Xədicə qarıya qovun, üzüm alıb gətirmək idi. Alıb evə qayıtdı. Rəşidi səsləyib aldıqlarını ona verdi, sonra tut ağacının altındakı yanı qarsalmış kötüyün üstündə oturub dincini almaq istədi. Anası Badisəba yadına düşdü.

7 min
Bu xatirə yenə Əcəmi dilindəndir

“...Yetim böyümüşəm, rəhmətlik İbrahim, ha budu, mənə həm ata olub, həm də qardaş. Özümün isə bəxtimi allahtala əzəli gündən qara yazıb... Bir gün gəldi ki, xalam oğluna nişanladılar məni. Əslində mən getmək istəmirdim, qardaşım tək-tənha qalırdı, o halında... Amma sözündən çıxa bilmədim. Xalam oğlu da, ha budu, dinc bala deyildi. “Vur ölüm, haqqımı ver”in biriydi. Gedib qoşuldu qaçaq-quçağa. Toyumuz olmamış vurub öldürdülər... Yazıq hələ əlimdən də tutmamışdı, üz-üzə durub bir kəlmə belə kəsməmişdik... Bizim kənddə də, ha budu, adət var: hansı qızın toyu olmamış nişanlısını başına bir qəzavü-qədər gəldi, o qızın adını daha heç bir oğlan dilinə gətirməz. Gətirsə də, ata-anası razı olmaz... Deyər qarabəxtdi... O ki, qaldı Şahab meydanında gördüyün övrətə, rəhmətlik anamın siğə bacısıdı. Gözümü açandan Xəzangül arvadı özümə doğma xala bilmişəm. Körpə də, ha budu, onun nəvəsiydi... “Qızlar bulağı”na su gətirməyə məni İbrahim göndərmişdi... İndi bəxtimdən ha budu, yüz kərə, min kərə razıyam. Görüm Cəmil qardaş da, Zəhra bacı da “neynim, necə eləyim” deməsinlər. Məni sənə ürcah elədiklərinə görə işləri həmişə avand olsun...”Şəhdigülün nisgilli taleyindən, cavan yaşında başına gələn müsibətlərdən hali olandan sonra bu sadə, ürəyi açıq qıza məhəbbətim birə-on qat artmışdı. Artmışdı deyəndə ki, bu məhəbbəti aramızda, əslində, rəhmətlik bənnanın bacısı özü yaratmışdı. Onun qayğısı, mehribanlığı, uşaq kimi sadəliyi, qəlbinin güzgü kimi təmizliyi, üstəlik, gözəl səliqə-sahmanı məni ona elə bağlamışdı ki, görən deyərdi biz neçə illərin ər-arvadıyıq. Dəryanurdan sonra qəlbimdə yaranan boşluğu özüm də hiss etmədən pünhan-pünhan, qətrə-qətrə doldururdu Şəhdigül.

18 min
Əli Şimşək

Əcəmi Şəhdigülü qaynanasının siğə bacısı Xəzangül arvadın yanında qoyub rəisin tapşırığını yerinə yetirmək üçün atını dağlara sarı sürdü, özü də elə yerlərdən sürdü ki, tez-tez bulağa rast gəlsin. Əcəmi hələ cavanlıq çağlarından bilirdi ki, Əlincə silsiləsinə gedən cığırların, yolların kənarlarında suyu diş donduran neçə-neçə bulaqlar çağlayır... Onun isə uşaq vaxtından bulaqlardan xoşu gələrdi, buludların göz yaşından, gül-çiçəyin, şəbnəmindən yaranıb gah bu daşın altından qaynayan, gah o qayanın dibindən pıqqıldayan bulaqlardan... Dizini yerə qoyub bulaqların göz yaşı kimi duru suyundan içəndə, pıçıltısına qulaq asanda ürəyinə xoş arzular dolardı.İndi də bulaqlara baş çəkə-çəkə, dupduru sularından içə-içə gəlib çıxdı Əlincənin ətəklərinə. Sal qayanın altından çıxan Xanəgah bulağının başında atını əylədi, səndəl ağacını qurşağına keçirib süfrə açdı. Şəhdigülün dəsmala bükdüyü pendir və çörəyi iştahla yedi. Amma bulaqdan ayrılmaq istəmirdi. Sal daşın üstündə əyləşdi. Nəzərləri uzaqlara zilləndi. Uzaqda dumana bürünmüş Əlincə qalası görünürdü.

17 min
Söyüd ağacı

– Ey söyüd ağacı! Allah-təala məni sənə oxşadanda, ha budu, niyə demədin yazıqdı. Deyəydin ki, bədbəxt eləmə o yetimçəni... Bəlkə özü kimi eləsinə qismət oldu ki, ha budu, onun da heç kimi olmadı... Qoy bir övladları olsun, havadarları olsun, qocalanda əllərindən tutan olsun...Şəhdigül həyətin aşağısındakı söyüd ağacının altında iki dizini də yerə qoyub başını yuxarı qaldırmışdı, ovuclarını ağaca söykəyib elə bil onunla bəhsə girmişdi. Birdən ayağa qalxdı, ev yananda Zəhranın Əcəmiyə bağışladığı balaca xalçanı yovşan süpürgəsi ilə təmizlədi, ikiqat büküb hovuzun yanına qoydu, təzədən nə fikirləşdisə söyüdün hovuzun üstünə uzanan budaqlarından tutub bərk-bərk silkələdi, o tərəf-bu tərəfə əydi, sındırmaq istədi, gücü çatmadı. Birdən həyətdə qəribə bir zümzümə qanadlandı. O, başını söyüdə söykəyib zümzüməsini elə bil ağıya çevirdi: “Əzizim, dillər haray, Sonalar, göllər haray. Fələk qəsdimə durub, haray, ay ellər, haray...”

6 min

Poems by other poets