Page 1 of 3

Əcəmi Şəhdigülü qaynanasının siğə bacısı Xəzangül arvadın yanında qoyub rəisin tapşırığını yerinə yetirmək üçün atını dağlara sarı sürdü, özü də elə yerlərdən sürdü ki, tez-tez bulağa rast gəlsin. Əcəmi hələ cavanlıq çağlarından bilirdi ki, Əlincə silsiləsinə gedən cığırların, yolların kənarlarında suyu diş donduran neçə-neçə bulaqlar çağlayır... Onun isə uşaq vaxtından bulaqlardan xoşu gələrdi, buludların göz yaşından, gül-çiçəyin, şəbnəmindən yaranıb gah bu daşın altından qaynayan, gah o qayanın dibindən pıqqıldayan bulaqlardan... Dizini yerə qoyub bulaqların göz yaşı kimi duru suyundan içəndə, pıçıltısına qulaq asanda ürəyinə xoş arzular dolardı.

İndi də bulaqlara baş çəkə-çəkə, dupduru sularından içə-içə gəlib çıxdı Əlincənin ətəklərinə. Sal qayanın altından çıxan Xanəgah bulağının başında atını əylədi, səndəl ağacını qurşağına keçirib süfrə açdı. Şəhdigülün dəsmala bükdüyü pendir və çörəyi iştahla yedi. Amma bulaqdan ayrılmaq istəmirdi. Sal daşın üstündə əyləşdi. Nəzərləri uzaqlara zilləndi. Uzaqda dumana bürünmüş Əlincə qalası görünürdü.

Bu vaxt bulaqdan bir az aralıdakı balaca həmərsün koluna bağladığı sarı kürən kişnədi. Əcəminin nəzərləri uzaqlardan yığıldı. Sal daşın üstündən qalxdı, bulağın başına gəldi. Aşağı əyildi, ovuclarını doldurub sudan içdi. Sonra atını minib qarşıdakı yaşıl təpənin gədiyinə sarı uzanan cığırla üzüyuxarı qalxmağa başladı.

...Əli Şimşəyin qartal gözlərinə bənzəyən iti gözləri uşaqlıq yoldaşı Əcəmini uzaqdan tanıdı.

– Uşaqlar, deyəsən, gələn Əcəmidi...

İgidlərdən iki nəfər sürətlə təpənin döşüylə tullana-tullana qaçdılar, sarı kürənin yüyənindən yapışıb onu mağaranın ağzına çəkdilər. Kömək edib qonağı atdan düşürdülər. Elə bu vaxt Əli Şimşək boyuna görə uzun görünən qollarını açıb Əcəmini bərk-bərk qucaqladı, enli sinəsinə sıxdı.

– Salam, Əli.

– Sən bizim bu dağlara xoş gəlib səfa gətirmisən.

Əcəmi də onun mehribanlığını, səmimiliyini cavabsız qoymadı, uşaqlıq dostunu qucaqlayıb bağrına basdı. Xüsusi bir ahənglə dedi:

– Dəyişmisən, Əli. Yaman dəyişmisən!..

Kimsə oyalandı:

– Sən görən Əli Qazanxan kəndində qaldı, ustad... Eldəgəzlərin adamları kəndlərimizi yandırandan sonra... qız-gəlinlərimizi qul kimi satandan sonra... haqlı tələblərimizi qulaq ardına vurub bizi adam yerinə qoymayandan sonra təkcə Əli Şimşək yox, hamımız dəyişildik...

Əcəmi gördü ki, Əli Şimşək mütəəssir oldu. Əli heç nə demədən qonağın qoluna girib sal qayanın altındakı mağaraya apardı. Burada elindən-obasından ayrı düşən, günlərlə arvad-uşağının üzünü görməyən bir dəstə qaçaq özləri üçün qəribə bir daldanacaq düzəltmişdilər. Mağaranın nəm döşəməsinə çoxlu ayı, pələng, qaramal, davar dəriləri salınmışdı. Dərilərin üstünə qurama çəkilmiş müxtəlif rəngli balaca yastıqlar düzülmüşdü. Bir tərəfdə qab-qacaq gözə dəyirdi. Göydən asılmış yelləncəklərə lavaş yığılmışdı...

Uzaqdan baxanda qartal yuvasına oxşayan bu zirvədəki mağaranın içərisi böyük bir otağa bənzəyirdi.

Əli Şimşəyin işarəsi ilə süfrə açıldı. Daş ocaqların üstündə qızardılmış ət parçaları, sulanmış lavaş süfrəyə düzüldü, kəklikotundan hazırlanmış şərbət gətirildi. Bir azdan sonra Əli Şimşək öz qardaşları, Mahirlə Tahirə himcimlə başa saldı ki, Əcəmini onunla mağarada tək buraxsınlar. Onlar mağaradan eşiyə çıxan kimi Əli Şimşək dedi:

– Hə, bilirəm niyə gəlmisən, qardaş... Gəlmisən deyəsən ki, Eldar Bəhmənin oğlu, inadından əl çək. Əzrayılla çilingağac oynama. Çulu cırıq bir çoban oğlu hara, padşah xanədanı hara? Sən od olsan belə özünü odlaya bilməzsən!..

Əcəmi dinmədi, fikrə getdi, səndəl ağacını qurşağından çıxarıb çənəsinə dayadı.

– Hə, niyə dinmirsən? Yoxsa fikirləşirsən ki, məni necə dilə tutasan, necə yola gətirib saraya aparasan?.. Yox, qardaş, öldü var, döndü yoxdu!.. Bərk ayaqda mənə güvənən, məni özlərinə arxa bilən bu ətraf kəndlərin adamlarını, necə ki nəfəsim gedib – gəlir, tək qoyan deyiləm! – Əli Şimşək qayğılı gözlərini bir nöqtəyə dikib dayandı, dərin fikrə getdi.

Əcəmi uşaqlıq dostunun balaca bədənində böyük bir ürək gəzdirdiyinə indi tam inandı.

– Sən haqlısan, Əli! – dedi, – Amma özün deyən kimi, əzrayılla çiling ağac oynamaq müşkül işdi. Sən bu kiçik dəstənlə, beş-on nəfər həmyaşıdınla qoşunu, cəbhəxanası olan xanədanla nə edə bilərsən? Fəlakət üstünə fəlakət gətirərsən. Özünüz də məhv olarsınız, kəndləriniz də daşı daş üstdə qoymazlar.

Əli Şimşəyin yorğun sifətində istehzalı cizgilər göründü.

Əcəmi hiss etdi ki, səsindəki ahəng onun xoşuna gəlmədi, ürəyinə yatmadı. Uşaqlıq dostuna acı cavab, kəskin söz demək də ürəyindən gəlmədi. Əli Şimşək bir az fikrə gedəndən sonra:

– Babək, – dedi, – xilafətin üstünə qılınc qaldıranda ona gün kimi bəyan idi ki, onun xəlifə Məmuna Xəlifə Mötəsimə gücü çatmaz. Xilafətin qoşunun sayını da bilmirdi, amma onu bilirdi ki, öz qoşunu xəlifənin qoşunundan çox-çox az idi. Bircə bunu bilirdi ki, xilafəti kökündən silkələyəcək, onu nüfuzdan salacaq! Ölsə də öz məqsədi, öz amalı yolunda canını qurban verəcək. Bax, Babək bunu bilirdi, buna inanırdı... Rica edirəm məni düz başa düş... Mən özümü Babəklə müqayisə etmək istəmirəm. Amma onu istəyirəm ki, mənim həmkəndlilərimin dədə-babadan qalan az-çox torpaqlarını özləri əkib-becərsinlər. Onların əkinlərini başqalarının atı-qatırı ayaqlamasın... Məmurlar, darğalar onların namusuna əl uzatmasınlar... Dostum, qardaşım, igidə elə bu bəsdir! El-oba bilər ki, beş gün də yaşasaq kişi kimi yaşadıq! Namərdlərə boyun əymədik. Qılıncımızın dəstəyinə haqq yolunda əl atdıq, ədalətdən ötrü qan axıtdıq!..

Əcəmi Əli Şimşəyə xeyli qulaq asdı. Onun çox inamla, qətiyyətlə dediyi sözlər, çəkdiyi misallar Əcəminin fikrini qanadlandırdı, xəyalını çəkib bir neçə il qabağa apardı. Əli Şimşəklə bir yerdə keçirdiyi uşaqlıq çağları, cavanlıq illəri, onun inadkarlığına, cəldliyinə, dönməzliyinə aid hadisələr xəyalında canlandı.

...Kənddə toy idi. Cavanlar öz güclərini yoxlamaq üçün meydana toplaşmışdılar. Burada güləş vaxtı kimin güclü olduğu aşkar ediləcəkdi. Bu vaxt ucaboylu, yoğunbiləkli, enli-kürəkli başqa bir yerdən gələn pəhləvan ortaya çıxdı. Bunu görən şivərək bir oğlan da ortalığa gəldi. Belinə bağladığı çatını bərkitdi. Əli ilə sarı bığlarını eşdi. O, pəhləvanın yanında xeyli balaca göründü. Qız-gəlinlərdən pıqqıldayan oldu. Meydançada hədis deyən pəhləvan bir an dayandı. Üzünü camaata tutub rişxəndlə dedi: “Mənə kişi lazımdı, kişi qırığı yox...” Şivərək oğlan isə özünü sındırmadı: “Qonaqsan, hörmətini saxla. Artıq-əskik danışmaq kimə lazımdı? Gəl qurşaq tutaq, onda görərlər kişi kimdi, kişi qırığı kim... Şərtim belədi: kim bacarsa bir də bu yerlərə ayaq qoymayacaq...” Şivərək oğlan pəhləvanın qabağına keçib döş-döşə dayandı. “ Belə getsə mən onsuz da bu kəndə daha gələn deyiləm... Mənə özümə tay kişi lazımdır...” Pəhləvanın sözü yarımçıq qaldı. Şivərək oğlan əlini atıb onun sinəsindən yapışdı, köynəyini ovcunun içərisinə yığıb çənəsinin altına dirədi. “Sən gəlməsən də, mən gələrəm!.. Doğmaca kəndində isbat edərəm ki, Qazanxan kəndinin igidləri sənin həmkəndlilərindən qoçaqdırlar, igiddirlər... sözü bütövdürlər!..” Şivərək oğlan pəhləvanın sinəsini buraxdı, zurnaçılara tərəf döndü və qartal kimi qıy vurdu: “Cəngi!..”

Hamı heyrət içində idi. Cəngi qızışdıqca güləşənlərin həyəcanı artır, fəndlər çoxalırdı. Onlar gah ayrılır, gah qurşaq tuturdular.

Sonra bir-birini lingə çəkib tilişdimə atırdılar. Beldən yapışıb yana əyir, boynunu qoltuğunun altına keçirib burur, dizini yerə gətirib irəli-geri sürüyürdülər. Qara zurmanın səsi isə get-gedə zilə qalxırdı, nağaranın səsi kəndin üstünə yayılırdı. Bu səslərin altında pıçıltılar da artırdı:

– Əli onun tayı deyil axı...

– Çobanoğlu gərək buna qol qoymayaydı...

– Zəvzək oğlunun danışığını Əli həzm edə bilmədi...

– Basılsa xing olacaq Eldar Bəhmənin oğlu...

– İgid utandı-sındı, basıldı – öldü...

Birdən Əlinin qıy vuran səsi yenidən kəndin üstünə yayıldı. Pəhləvanın yekə gövdəsi onun başının üstündə idi. Əli onu bir neçə dəfə fırlayıb yerə tulladı. Və bir göz qırpımında qırğı kimi sinəsinə qondu.

Arazın o tayından, Həsənli kəndindən pəhləvanla gələn bir neçə dəliqanlının xəncərləri qınından çıxdı. Qazanxan kəndinin cavanları isə xəncərlərin qabağına qılınc uzatdılar. Yaxşı ki, ağsaqqallar işə qarışdılar: dava-dalaş olmadı, qan axıdılmadı...

Əcəminin gözləri bir müddət Əli Şimşəyin üzündə qaldı. Sonra bu danışdı, o qulaq asdı, o danışdı, bu maraq kəsildi. Əcəminin fikri gah ötən günlərə qayıtdı, gah şəhərə yönəldi, gah da mağarda qərar tutdu...

– Bilirsən nə var?.. Cahan Pəhləvan sənin igidliyinə, mərdliyinə vurulub. Məqsəd budur ki, sən dağa-daşa düşməkdən əl çəkəsən, saraya gəlməyə razı olasan. Hökmdar sənə əmirnizam ləqəbi verib xüsusi alayına sipəhsalar təyin etmək istəyir.

– Kəndli oğlundan sipəhsalar olmaz, dost...

– Qul oğlundan hökmdar olur, kəndli oğlundan qoşun böyüyü olmur? – Əcəmi bu dəfə hirslə cavab verdi. Sonra səsinin ahəngini dəyişib əlavə etdi: – Heyifsən, bir gün divan tutarlar sənə... Onsuz da bədgümandı səndən. Vəzir Sədəddin Əsədə də bir dəfə deyib ki, görünür, Gəncədə baş verən üsyandan xəbərdardı çoban Eldar Bəhmənin oğlu...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Hamı gedən yol

Cahan Pəhləvan sərdabənin açılışından sonra xəstəliyindən Həmədana dönməmişdi. Şirazlı təbibi-xünkarın dedikləri düz çıxmamışdı: hökmdar bimarü-rəncur idi. Sarayda da, şəhərstanda da, söz-söhbət gəzirdi ki, şahın halı gün-gün xarablaşır.Hökmdarın xəstələnməsi, atabəy-əzəmdən sonra üz-gözləri öyrəşmiş vəliəhdin onları əbədilik tərk etməsi ehtimalı bir sıra məliklərin, sarayın xəlvətiyyəsinə yaxın olan varlıların ciddi narahatlığına səbəb olmuşdu. Sarayın daxilində də bayırında da söz-söhbətə bir an belə ara verilmirdi:

16 min
Dərban və mühafiz (qış söhbəti)

Böyük çillə təzəcə çıxmışdı. Kiçik çillə bütün gücünü toplayıb şəhər əhlinə öz zərbi-dəstini göstərirdi.Allahın elə ildə iki dəfə bu yerlərin sakinlərinə qəzəbi tuturdu: yayın ortalarında güclü istisi ilə, qışın ortalarında sərt soyuğu ilə.

9 min
Qəfil küləklər əsəndə

Günəş məşriqdən neçə dəfə çıxıb məğribdə neçə dəfə doğub qürub etdi – heç kəs hesablamadı, neçə-neçə bulaqlar birləşib çaylara qovuşdu, heç kim baş açmadı, dəryalara nə qədər təzə sular axdı – heç kim fərqinə varmadı, neçə-neçə gündüz gecəni qovdu, neçə-neçə gündüzün gecə üzünə zülmət pərdəsi çəkdi – heç kim bilmədi.Əcəmi də günəşin doğub batmasına tamaşa edə-edə, bulaqlardan su içə-içə, çaylardan adlayıb neçə-neçə gecəni gündüzə, gündüzü gecəyə qata-qata, nağıllarda deyilən kimi, neçə-neçə yollardan keçdi, aşırımlar aşdı, keçdikcə də, aşdıqca da saçlarına düşən dən çoxaldı, illər çin-çin olub yaşının üstünə qalandı...

14 min
Saray dəbirinin son yazısı

Ey dünya! Ey ərşi-fələk! Ey asəfi-dövran! Gərdişindən fələyin özü də baş aça bilməyən dünya! Bolluca-bolluca dərdi-səri, acısı- ağusu, azca-azca şadlığı-sevinci, şirini-şəkəri olan dünya!.. Birinə batman-batman yamanlıq, birinə misqal-misqal yaxşılıq paylayan dünya... Gəlimli-gedimli, olumlu-ölümlü, qalımlı-itimli dünya. Gör kimlər gəldi, kimlər getdi, kimlər öldü, kimlər qaldı, kimlər itdi səndə? Birinə mərd, birinə namərd dünya!.. Hanı atabəy-əzəm Şəmsəddin Eldəgəz? Hanı onun bir sözü iki olmayan, qılıncından qan daman oğulları Nüsrətəddin Cahan Pəhləvan, Müzəfərəddin Qızıl Arslan? Hanı atlarının kişnərtisi bir günlük mənzildən eşidilən nəvələri Mahmud, Əmiran, Əbubəkr, Özbək? Hanı bütün bəni-Eldəgəz, Hanı? Bəyaz saçlı mərhum anam deyərdi: “Bizim bu dünyadan köçüb axirət dünyasına getməyimizə bir o qədər qalmır. Bu gün-sabah cənab Mehdi Sahib əs-Zaman zühur edəcək. Zühur edən kimi də bu dünyaya onun öz ümməti gələcək...” Madam ki, belə olacaq, onda bu dünyanı mütləqa hifz edib Mehdi Sahib əz-Zamana da, onun ümmətinə də abad halda, qurulu qaldı tikili halda təhvil vermək gərəkdir... Əlbəttə, bunlar çox vaxt bizdən asılı olmur, tarixin öz dərsi, zamanın öz gərdişi mövcuddur. Tarix, zaman isə istiqbala gedən yollardır. Əyri-üyrüsü də olur, düpdüzü də, dolayısı olur, hamarı da... Nə olur-olsun, amma mən bir dəbir kimi onu bilirəm ki, gün keçəcək, həftə ötəcək, ay dolanacaq, il ilə qovuşacaq, Günəş yenə məşriqdən tülu edib doğacaq, məğribdə qürub edib batacaq. Bu ulu dünyamıza nəsillər gəlib, nəsillər gedəcək, nə şahları yada salacaqlar, nə də padşahları; nə xaqanları xatırlayan olacaq, nə də hökmdarları... Amma Əcəmini, Əbubəkr oğlu Əcəmini hamı yad edəcək, hamı xatırlayacaq-xeyirxah əməlinə görə, ilkin növbədə, bəzəkli gəlinə oxşayan, həmişə canlı kimi görünən, nəfəs alan, insanların ovqatını təzələyən “Mərhaba, mərhəba!” Və bunu da deyəcəklər:“Ey insanlar, bu yurd da, onun üstündəki abidələr də sizə bir ata-baba amanatı...” Axı böyük ustadın özü də ürəyindən keçənləri abidənin lal kitabələrinə elə beləcə həkk edib: “Təlatüm içrə biz, sükunətdə daim ruzgar. Köçərik dünyadan, amma bu qalar yadigar...”

2 min

Poems by other poets