Şəhdigül
...Pəncşənbə günü idi. Əcəmi tezdən durub iş yoldaşlarının təzədən düzəltdikləri evinə, həyətinə nəzər yetirdi. Sərdabədə işi dayandırıb gecə-gündüz bilmədən tikib-quran, təmir aparan həmkarlarının ünvanına ürəyində də olsa dönə-dönə xoş sözlər dedi. Hamıdan çox əziyyət çəkən Cəmilin ata-anasına rəhmət oxudu, bütün qab-qacağın yuyub təmizləyən, pal-paltarını təzələyən Zəhraya xoşbəxtlik arzuladı. Və yenə də sevindi ki, yaxşı olub darvazaya xətər toxunmayıb... Yanğın tez söndürülməsəydi, alov yəqin ki, onu da qarsacaqdı, üstündəki naxışları korlayacaqdı. Hamı da fikirləşəcəkdi, hökmdarın ayağı düşmədi... Şəmsəddin oğlu nəzərlədi Əbubəkr oğlunu...
Əcəmi bunları fikirləşə-fikriləşə həyətində bir az qurdalandı, sonra bazara getdi. Məqsədi qonşu uşağı Rəşidin şikəst nənəsi Xədicə qarıya qovun, üzüm alıb gətirmək idi. Alıb evə qayıtdı. Rəşidi səsləyib aldıqlarını ona verdi, sonra tut ağacının altındakı yanı qarsalmış kötüyün üstündə oturub dincini almaq istədi. Anası Badisəba yadına düşdü.
– Nə tez qayıtdın, oğul?
– Sənə Ələmdar qovunu, nəxşəbi üzümü almışam, ana!
– Ay pir olmuş, nə qaçhaqaçlıqdı?.. Qorxurdun ki, Badisəba ölə, qovun, üzüm yeməyə? Onsuz da neçə ildi Möminə xatun səni üzüb əldən salıb... Dilim də gəlmir deyəm ki, balam son illərdə az qala...
– Qocalıram, hə?
– Mənim o sözdən zəhləm gedir... Onu dilinə gətirmə...
– Baş üstə.
– Yaxşı, bəs bilmədin evini yandıran kimdi?.. Sənə kim düşmən kəsilib?
– Deyərlər mal gedər bir yana, güman gedər min yana... Yer üzündə ha çox namərd...
Elə bu vaxt Cəmil özünü tələsik həyətə saldı. Əcəmi onu belə görən kimi fikri alt-üst oldu və tez də soruşdu:
– Nə olub, Cəmil?
Cəmil yana-yana dedi:
– Bənna İbrahim... səhərə yaxın qəflətən keçinib...
– Niyə?! Nə olub?
– Heç kim bilmir... Səni gözləyirlər.
...Əcəmi bənna İbrahimin kirayənişin qaldığı balaca həyətə girəndə adamların hamısı pəjmürdə dayanmışdı. Sərdabənin tikintisində işləyənlərdən də burada var idi. Onların sifəti payız səması kimi tutulmuşdu, çoxu tüklü çənəsini ovucları içərisinə alıb dərin fikrə getmişdi. Qız-gəlinlər xısın-xısın göz yaşı axıdırdılar. Bəziləri də çirkli və nimdaş baş yaylıqlarının ucları ilə islanmış yanaqlarını qurudurdular. Qocalardan bir neçəsi kənara çəkilib dəmilərini tüstülədirdi...
Bənna İbrahimin köhnə tabuta qoyulan cənazəsini isə bir qız xeylağı bərk-bərk qucaqlamışdı. Qız gülləri solmuş baş yaylığını meyidin üstünə sərmişdi. Şəvə kimi saçları çiyinlərindən aşağı tökülərək sifətini örtmüşdü. Qızın yanıqlı bir səslə dediyi ağı ürəklərə dağ çəkirdi: “Aşigin yaxası var, təşnəyəm, yaxa suvar. Fələk, əlin dəyməmiş, de kimin yaxası var?..”
Əcəmi Cəmilə işarə edib qızın kimliyilə maraqlandı. Cəmil çiyinlərini çəkdi. Kimsə yavaşdan dedi:
– Bədbəxtin bacısıdı... Sən demə elə var-yoxu bu qız xeylayığmış...
Sənazəni qucaqlayan qız bu sözləri eşidən kimi səsini kəsdi, başını qaldırdı, ürkək nəzərlərini Əcəmiyə zillədi. Və birdən özünü saxlaya bilməyib təzədən hönkürdü. Əcəmi yaxın gəlib onun cənazənin üstündən qaldırdı. Qız sifətinə tökülən qara tellərini yanlara çəkdi, əlləri ilə yanaqlarını yaşını sildi. Cəmil qızı tanıdı. Əcəmi Cəmilə baxanda o da başı ilə elə bil işarə edib dedi: “Hə, odur... özüdür...”
Bu, Əcəminin bir vaxt Şeyx Yusifin sərdabəsi yanında, sonra “Qızlar bulağı”ndan su aparan qızların içərisində gördüyü Şəhdigül idi...
Beləcə bir-birinə baxa-baxa qaldılar. Əcəminin xasiyyətinə, gözəlliklə qənşər-qənşər dayananda nitqinin tutulmasına bələd olan Cəmil, deyəsən, bunu nəzərə aldı, yaxına gəlib qızın qulağına pıçıldadı:
– Əcəmidi.
– Hə, odur... ha budu, görən kimi tanıdım – Qız elə bil birdən pənahını tapdı, özünü Əcəminin üstünə atıb başını sinəsinə söykədi, əllərilə belini qucaqladı. Əcəmi heç nə deyə bilmədi. Kimsəsiz bir qıza təskinlik üçün münasib heç bir söz tapmadı. Təkcə dağınıq saçlarına sığal çəkdi...
Ancaq heç kim bilmədi ki, bir gün əvvəl işsizlikdən darıxan İbrahim axşamçağı sərdabənin içərisinə girəndə Məsud ibn Əbutahiri orada görmüşdü və başa düşmüşdü ki, o bura nə isə xoş niyyətlə gəlməyib. İbrahim onu yoxlamaq istəyəndə arxadan vurulan qəfil zərbədən gicələnnmiş, ayaq üstə dayana bilməyib yerə sərilmişdi... Bir müddətdən sonra özünə gələn İbrahim bərk susadığın görüb, içəridə Əcəmiyə məxsus balaca bardağı götürüb başına çəkmişdi. Əhvalı yaxşılaşmaq əvəzinə get-gedə pisləşmişdi. Və hiss etmişdi ki, bardaqdakı suya nəsə tökülüb. O, bardağı yerə çırpıb qırandan sonra özünü güc-bəla ilə kirayənişin qaldığı evə çatdıra bilmişdi...
* * *
Bu dünyada ölənlərə kim ömrü boyu yas tutub, hüzr saxlayıb?.. O qədər əzizlər, o qədər istəklilər bu dünyadan köçüb gediblər ki!.. O qədər ağır dərdlər get-gedə yüngülləşib, o qədər ağrı-acılar get-gedə unudulub ki!.. Sayı yox, hesabı yox.
Bir həftə ötdü, bir ay keçdi, mərhumun qırxı da çıxdı. Şəhdigül də ağır itkinin ağrı-acısını unudub təzədən tikilən otağı, təmir olunan eyvanı qaydaya saldı, dost-tanışın Əcəmiyə təzədən ev-eşik düzəltmək üçün gətirdikləri əşyaları, pal-paltarı, palaz-kilimi təzədən bir də yuyub təmizlədi... Əcəmi isə otağa özünəməxsus bir səliqə ilə bər-bəzək vurdu... Zəhranın toxuduğu xalça isə otağın baş tərəfini bəzədi...
Xoş günlərin birində Şəhdigül səbrini basa bilməyib Əcəmiyə birdən dedi:
– Mənə, ha budu, daha bacı demə!
– Bəs nə deyim? – Əcəmi güldü, əlindəki səndəl ağacını pəncərənin artırmasına qoydu.
– Zəhra bacı məni sənin komana, ha budu, bacı kimi gətirdi. Sən də məni bacı kimi qəbul etdin... Bunun üçün çox ağ ol... Allahtaala səndən razı qalsın... Atana-anana da qəni-qəni rəhmət eləsin... Amma mən, ha budu, sənin komandan çıxıb daha hayana gedə bilərəm? – Qəhərləndi, ancaq ağlamadı. – Kimim var səndən özgə?.. Bir komada da, ha budu, biz həmişə bacı-qardaş kimi necə qala bilərik?
– Bəs onda nə etməliyik? – Əcəmi yenə güldü.
– Nə bilim? Ha budu, kişi sənsən... özün bir ənsam çək. – Şəhdigül başını sinəsinə əyib kəlağayısının uclarını oynatmağa başladı.
– Nə əncam? – Əcəmi istədi ki, Şəhdigül öz ürəyini özü açsın.
– Mən sənin qulun ollam, Əcəmi... Gündə on dəfə ayaqlarına döşənərəm ki, təki məni yad qapılara göndərməyəsən. Bilirsən ki, var-yox bir siğə xalam var. Onun boynuna yük olmaq istəmirəm. – Bu dəfə hönkür-hönkür ağladı Şəhdigül. – İbrahimdən sonra sənin komana ayaq basmışam... Qoy buradan da meyidimi çıxarsınlar... Əcəmi bu sadə kəndli qızının ürəyi açıqlıqla dediyi sözləri eşidən kimi narahat olmağa başladı. Elə bil nəfəsi darıxdı, balaca otağın havasını sanki ikibaşlı əjdaha sümürdü. Sinəsi tez qalxıb-endi. İndi inandı ki, nə qədər çətin imiş yumruq boyda ürəkdə ilk məhəbbətin müqəddəs yerini ikinci məhəbbətə təslim etmək... Götür-qoy xeyli çəkdi... Otaq yavaş-yavaş təmiz hava ilə doldu, ev sahibinin sinəsi genişləndi, döyünən ürəyi əvvəlki halına düşdü. Birdən Əcəmiyə elə gəldi ki, neçə-neçə illərdi harayladığı kimsə onun səsinə səs verdi, neçə-neçə illərdi yolunu gözlədiyi kimsə gəlib çıxdı. Neçə-neçə illərdi axtardığı kimsəni indicə tapdı...
Elə bu vaxt nəzərləri pəncərədən həyətə dikildi. Çoxdan uçub harasa gedən leylək də qarşı küçədə qurumuş qoca tut ağacının çılpaq budağı üstündəki yuvasına qayıtmışdı...
– Ağlama... Mən zənən xeylağının göz yaşlarına baxa bilmirəm...
– Dünya binnət olanda ha budu, elə bil məni sənin adına yazıblar, Əcəmi... Bunu bax... bu da deyir... – Şəhdigül Əcəminin sağ əlini qaldırıb sol döşünün üstünə qoydu. – Görürsən, necə döyünür ürəyim...
– Axı... mən... səndən yaşlıyam.
– Yalvarıram, ha budu, o sözü bir də demə. Ürəyim səni tutub, elə sözlər deyib, ha budu, məni özündən uzaqlaşdırma... Bir də gördün ki, sındı ürəyim səndən, onda gərək öldürəm özümü, Əcəmi!
Şəhdigülün üzündə gah təbəssüm göründü, gah da yanaqları, dodaqları səyirdi. Və birdən Əcəminin önündə diz çökdü.
– Sən... sən dəli olmamısan? Bu nədi? – Əcəmi onun qollarından tutub ayağa qaldırdı, çənəsini yuxarı dartıb gözlərinin yaşını sildi.
O, inandı ki, sadə bir kəndli qızı tapdığını itirəcəyindən qorxur. Özü də nigarandı, çox-çox nigaran...
– Mənə söz ver ki, bu komada daha ağlamayacaqsan... Söz verirsən?.. Bir mənə bax... hə, söz verirsən?
– Hə... Verirəm... – Şəhdigülün dodaqlarına ani bir təbəssüm qondu. Ev sahibinin dodaqları Şəhdigülün ənbər iyi gələn saçların da gəzdi...
– Sən... mənim bu balaca komamdan... heç yerə getməyəcəksən... Şəhdi!
Ürkək ceyran qayaya sığınan kimi Əcəminin köksünə tərəf sığındı Şəhdigül...
...Əcəminin ricasına görə Cəmil qazı gətirdi, qazı da əqdnamə¹ yazıb onlara kəbin siğəsi oxudu...
Səhərisi Zəhra quymaq bişirib gətirdi, təzə gəlinə Şahbulağın nadir hallarda insan ayağı dəyən döşlərindən yığılan kəklikotunun şərbətini içirdi...
Axşam isə Əcəmi onun üçün qeysəriyyədən aldığı yer-yemişi, müxtəlif rəngli noğulları siniyə düzüb zifaf yatağının yanına qoymuşdu...
Kitabxana.az · https://kitabxana.az/en/works/huseyn-ibrahimov-esrin-onda-biri-sehdigul
Use ← → keys to move, R for a random poem
More by this author
Aylı yay gecələrindən biri idi. Havadan elə bil od-alov yağırdı... Ancaq bir az keçəndən sonra hava yavaş-yavaş sərinlədi, Yəzdi-Kürd tərəfindən əsən meh bürkünü qovub içəri küçələrdən, həyətlərdən, sonra da şəhərdən uzaqlaşdırmağa başladı...Şəhdigül yataqlarını axşam həyətdəki kətildə salmışdı, bürküdən darıxdıqları üçün Əcəmi balaca kilimi də, yorğan-döşəyi də çiyninə alıb pilləkənlə damın üstünə qaldırmışdı. Onun dalınca pillələri qalxan ev sahibəsi yatacağı yer-yurd eləmiş, sonra ərinin yanına uzanaraq gözlərini bədirlənmiş aya dikib dərin fikrə getmişdi. Əcəmini yorğun bildiyi üçün onu sual-cavaba da tutmamışdı. Fikirləşmişdi. “İşinin qızğın çağıdı... tez gedib, gec qayıdır... qoy yatıb dincəlsin...” Ancaq Əcəminin döşəkdə tez-tez böyrünü dəyişdiyini görüb Şəhdigül yenə dinc durmadı:
PişgahdaNaxçıvandan təzəcə qayıdan Cahan Pəhləvanın yanına bəzi məliklər çağırılmışdı.Hamı təzim edib yerlərin tutandan sonra hökmdar adəti üzrə çənəsini sol ovucunun içərisindən qaldırıb pişgaha toplaşanları bir-bir nəzərdən keçirdi və birbaşa məqsədini bəyan etməyə başladı:
Üz-üzə, göz-gözə...Qədim Dvin ətrafındakı düzənlikdə Cahan Pəhləvanın qoşunu ilə Georginin qoşunu arasındakı döyüş get-gedə qızışırdı. Atabəy-əzəmin sağ olmadığını bilən Gürcüstan hakimi Azərbaycan Atabəylər dövlətinin möhkəmlənməsindən, Təbrizin, Marağanın Eldəgizlər xanədanının tərkibinə daxil edilməsindən bərk narahat olmuşdu və vədini pozaraq otuz minlik qoşunu ilə Dvin üzərinə yenə yürüş etmişdi.Cahan Pəhləvan qardaşının, oğlanlarının bu döyüşdə iştirakına razılıq verməmişdi. Onlar nə qədər təkid etsələr də, şah öz dediyinin üstündə durmuşdu: “Gürcüstan hakimi mənimlə təkbətək üz-üzə gəlmək niyyətindədir. Buna görə də mən necə istəyirəmsə, elə də olmalıdır... Mən sizinlə qardaş və ata kimi yox, hökmdar kimi danışıram. Hökmdarın dediklərini müzakirəyə qoymazlar, onun hökmlərinə düzəliş verməzlər. Mənim əmrim olmadan siz Təbrizdən kənara çıxmırsız. Demetre törəməsinin pişvazına özüm çıxacağam...”
Dərban və mühafiz (payız söhbəti)– Ə, nətərsən, ə?– Nətər olacam, demək olar ki, pisdən də pis.