Pişgahda
Page 1 of 2
Naxçıvandan təzəcə qayıdan Cahan Pəhləvanın yanına bəzi məliklər çağırılmışdı.
Hamı təzim edib yerlərin tutandan sonra hökmdar adəti üzrə çənəsini sol ovucunun içərisindən qaldırıb pişgaha toplaşanları bir-bir nəzərdən keçirdi və birbaşa məqsədini bəyan etməyə başladı:
– Müharibə etməsək, qan tökməsək, qurban verməsək bizə qeyrətsiz-cəsarətsiz ərkəklər kimi baxarlar bütün Arranda. Müharibənin iki yolu var: ya əllərini qaldırıb təslim olmalısan, ya sinəni qabağa verməlisən ki, qalib gələsən... Biz ikinci yolla gedəcəyik.
Eldəgizlər xanədanının keşiyini çəkmək üçün bizə qüdrətli, bütöv bir dövlət lazımdır. Güclü qoşun lazımdır, həm də etibarlı müdafiə lazımdır.
Vəzir Sədəddin Əsəd hökmdarın sözünə qüvvət verib dedi:
– Əlbəttə, ehtiyat igidin yaraşığıdır...
– Müdafiə tikintilərindən bizə ən əvvəl lazım olanı qaladır, hasarlardır. Bizə belə qalalar, belə hasarlar Həmədanda da lazımdır, Gəncədə də, Naxçıvanda da lazımdır. Təbrizdə də... Özü də qalalar elə inşa olunmalıdır ki, böyük bir qoşun oraya yerləşə bilsin...
– Mən Şirvanın ilhaq olması barədə xəbərdarlıq etmək niyyətindəyəm.
Məliklərdən Cəmaləddin Ayəba soruşdu:
– Buna qonşumuz gürcü çarlığı necə qiymət verər, hökmdar? Axı Georgi ilə Şirvanşah qohumdur...
– Biz Şirvanın üstə əli qılınclı gedə bilmərik. Bu, qardaş qırğını olar. – Sədəddin Əsəd elə bil öz-özünə danışırdı. – Biz Şirvan hakimini təmkinlə, əmin-amanlıqla başa salmalıyıq ki, arranlar ona abxazlardan yaxındır, məhrəmdir. Kiminən qohum olursan-ol, bu sənin öz işindir.
Bəs din, bəs məzhəb? Mən bu əqidədəyəm ki, din ayrı, məzhəb ayrı olanda qohumluq da axıra kimi rəvan olmur. Haradasa bir gün narazılıq baş verir... Biz ata-babadan öz rəqibimizə həmişə nəsihət verməyə, onu düz yola çağırmağa adət etmişik. Sözümüzü eşidən qazanıb, eşitməyən uduzub. – Hökmdarın da, məliklərin də ona qulaq asdıqlarını görən ixtiyar vəzir bir az da həvəsə gəlib sözünü davam etdirdi:
– İnadkarlıq edənləri isə necə lazımdırsa, eləcə də cəzalandırmışıq, qılınclarımızın qabağından, atımızın döşündən qaçıb qurtara bilməyiblər. Ağıllı hökmdarlar öz nəslinin, öz məmləkətinin tənsibini heç vaxt mələkəsinin nəslinə qurban verməyiblər...
– Mərhaba, vəzir! – Cahan Pəhləvan özünün ilk həmsöhbəti, ilk məsləhətçisi olan müdrik qocaya razılıq etdi. – Azərbaycanda da iki dövlət mövcud ola bilməz... Düzdür, məyus olmağa da dəyməz. Çünki birinci bizik – Atabəylər, ikinci onlardır – Şirvanşahlar. Şirvanın şahını başa salarıq ki, artıq vaxt çatıb, “ikini” birləşdirib vahid “bir” yaratmaq lazımdır. – Cahan Pəhləvan iki barmağını büküb baş barmağını göstərdi.
– Hökmdar, özünüzə əyandır ki, başqa dövlətin üzərinə qoşun yeridəndə hakimlər ən əvvəl beytülmaldakı var-dövlətin haqq-hesabını da nəzərə alıblar. Bu ilin vergiləri çox pis yığılıb. Yerlərdən xoşagəlməyən xəbərlər alınır... Bəzi kəndlərdə peyda olan qaçaq-quldurlar, bədəvilər...
Hökmdar əlini yuxarı qaldırdı, bu o demək idi ki, kiri. Sədəddin Əsəd də kiridi. Cahan Pəhləvan birdən sərtləşdi:
– Bunun təqsiri sizdədir! – dedi. – Əvvələn, sən vəzir də, sonra da bunlar da günahkarsınız. – Oturanları göstərdi. – İş belə getsə mən iqtalar paylayıb əlavə qoşun saxlamalı olacağam. Sən mərhum atabəy-əzəmin vəziri olubsan. O vaxtdan da bu işlərin içindəsən. Yaxşı bilirsən ki, əsgər iqtidar olandan sonra vay əkinçinin gününə! Qoy üzünü qibləyə çevirib kəlməyi-şəhadətnaməsini oxusun... Şuluqluq salan, özbaşınalıq edən kəndliləri yerində oturda bilməyən kəndxudaları buğamı saxlayırıq? Yoxsa şəhər əhalisinə həmsöhbət təyin etmişik bu fərsiz darğaları? Sarayın ki taxıl, çəltik zəmiləri, pambıq, yonca sahələri, meyvə bağları olmadı, o nə saraydı? Xanədan ki sürülərə, naxırlara, ilxılara malik olmadı, o nə xanədandı? Bir ölkədə ki kəhrizlər, bulaqlar su vermədi, çaylar, sellər axıdılıb göllərə doldurulmadı, on nə məmləkətdi? O ki, qaldı yerlərdən alınan xoşagəlməz xəbərlərə... – Hökmdar çox sərt göründü. – Dövlətə əl qaldırmaq olmaz, necə ki, allaha ağ olmazlar!.. Mən küllü miqdarda xərc çəkib Naxçıvanda, Marağada xüsusi qoşun alaylarını niyə saxlayıram? Bu qoşun hissələrinin ümdə vəzifəsi yerlərdə baş qaldıran iğtişaşları yatırmaqdır, asayişi bərpa etməkdir. Məndən əvvəlki hakimlərin də belə qoşun hissələri olub, indi də var. Döyüşməyən, vuruşmayan, qan tökməyən, cızığından çıxıb dövlətin üzünə ağ olmaq istəyən bir para adamlara vaxtında divan tutmayan əli nizəli, kəməri qılınclı qoşun belinə yəhər qovulub minilməyən ata bənzəyir, özü də ayğır ata yox, madyan ata! Mənim belə qoşun hissələrindən əzəli gündən zəhləm gedir... Nizə ki ələ alındı, öz hədəfinə dəymələdir, qılınc ki belə bağlandı, lazım gələndə qınından çıxmalıdır. Birdəfəlik sırğa, ya da heydəri edib qulağınızdan asın bu həqiqəti. – Məliklərdən birinə müraciətlə dedi: – Marağadakı qoşundan bir dəstə göndərin Naxçıvana, göstərsin zərbi-dəstini özbaşınalıq edən kənd camaatına... Həm də oranın fərsiz rəisinə!..
– Baş üstə, hökmdar. – Məlik Cəmaləddin Ayəba dedi.
– Özlərinə də ixtiyar verin necə bacarırlar, elə də rəftar eləsinlər dövlətin üzünə ağ olanlarla! Küçük, qulağın kəsəndən qorxar!.. Onda rəiyyət, ələlxüs, kənd camaatı birdəfəlik başa düşər ki, saraya, xanədana verilən vergilər məcburidir, hər kəsin xoşuna deyil. Kim ondan boyun qaçırsa cəzalanacaq.
Məlik Cəmaləddin Ayəba dilini yenə dinc qoymadı:
– Üstünə qaynar su töküləcək, qışda buzlu suda saxlanacaq. Kimin adı siyahıya düşübsə öləndən sonra da vergidən azad edilmir, əgər övladı varsa...
Cahan Pəhləvan isə öz adamlarının ünvanına dediklərin ixtisar etmək fikrində deyildi:
– Bizim darğalar da yaxşı işləmirlər, biganəlik göstərirlər, camaatı yaxşı başa salmırlar. Belə darğalardan bir neçəsini ciddi cəzalandırmaq, lazım gəlsə lap zinadan salmaq gərəkdir ki, qalanlarına ibrət olsun. – Cahan Pəhləvan hər iki yumruğunu o biri məliklərə göstərdi:
– İnsan yaranan gündən zülmə boyun əyib, cəbrə tabe olub... Düzdür?
– Bəli, düz buyurursunuz. – Bu dəfə hökmdarın dediklərin hamıdan tez Qəzvin hakimi Nurəddin Qara təsdiq etdi.
– Zülm etməsən, cəbr işlətməsən dövləti idarə etmək olmaz. Dövlət sözü, mənim zənnimcə, elə zülm deməkdir, hökm deməkdir, cəbr deməkdir. Düzdür, vəzir?
– Bəli, düzdür. – Sədəddin Əsəd onun sözünü təsdiqlədi.
– Bunun üçün Nizamülmülk¹ olmaq gərəkdir... Bir də belə olsaydı şahların nə dərdi-səri! – Cahan Pəhləvan yana-yana əlavə etdi: – Elə vəzir olmaq üçün bir baş, iki ayaq çox azdır... Kəllə, qabiliyyət, nüfuz, uzaqgörənlik, siyasət, ağıl, zəka... nə bilim, daha nələr gərəkdir. O ki, qaldı qaçaq-quldura... Ələlxüsus o çoban Eldar bəhmənin oğluna... bilmirəm Şimşək Əlidi, yaxud ildırım Əlidi... Mənim üçün heç bir təfavütü yoxdur... – Deyəsən, təfavütü var idi, saray sahibi niyəsə dayandı, əyri-əyri vəzirə baxdı, ani fikrə getdi, sonra davam etdi: – Mən bu fikirdəyəm ki, çoban oğlunu başa salmaq üçün Əbubəkr oğlundan etibarlı adam yoxdur. Əcəmi istəsə onu dağlardan kəndə endirə bilər.
¹ Səlcuqların məşhur vəziri, “Siyasətnamə”nin müəllifi
Məliklərin yanında ünvanına eyhamla da olsa irad tutulan Sədəddin Əsəd özünü ələ alıb dedi:
– Endirə bilməyib, hökmdar...
– Demək, istəməyib... Mən dedim istərsə... Onda mənim xüsusi fərmanımı hazırla, qoy çapar aparıb Naxçıvanın o fərsiz rəisinə çatdırsın. O da çoban Eldar Bəhmənin oğluna qəti xəbərdarlıq etsin ki, beş-on çulucuriq kəndli-kütdünü başına yığıb xanədana hədə-qorxu gəlməsin. – Cahan Pəhləvan yenə fikrə getdi. Əlincə ətrafındakı dar keçiddə Əli Şimşəklə qarşılaşdığı yeri, aralarındakı söhbəti xatırladı. – Fərmanda onu da göstər ki, bir ay içərisində çoban Eldar Bəhmənin oğlunu tutub saraya təhvil versin! O qaçaq onda qanar ki, ərəblərin oyununda olduğu kimi, “şahla” oynamaq “piyadaya” xeyir gətirməz!..
Pişgahda sükut yarandı. Hökmdar bu dəfə niyəsə xeyli düşündü. Əyləşənlər də tez-tez bir-birinə baxıb çiyinlərini çəkdilər. Saray sahibi handan-hana dilləndi:
– Mənim deyəcəklərim bunlar idi. Amma, vəzir, sən qal.
Hamı otağı tərk etdi, Sədəddin Əsəd fürsət əldə etdiyi üçün elə bil sevindi.
– Hökmdar, siz... Naxçıvanın baş şeyxinə, həm də rəisinə inanmayın... Əbubəkr oğlu...
Cahan Pəhləvan onun sözünü kəsdi:
– Vəzir, özün bilirsən ki, mərhum atabəy-əzəm filosoflardan, üləmalardan, şüəralardan heç vaxt uzaq qaçmayıb... Onlarla görüşlərdən həmişə məmnun olub. İnan ki, mən də atam xasiyyətindəyəm. Və indinin özündə də sənətkarlarla belə bir ünsiyyətə girişmək arzusundayam. İstərəm ki, Əbubəkr oğlu da məndən, saraydan heç vaxt rəncidə-xatir olmasın. – Gözlərini qıyıb vəziri sərt-sərt süzəndən sonra sözünə davam etdi: – Mərhum atabəy-əzəm tez-tez deyərdi: “Siyasətşünaslıq hökmdarın ilkin qabiliyyətidir”. Cahan Pəhləvanın sifətindəki sərtlik birdən yox olub getdi, dodaqlarından ani bir təbəssüm göründü.
Kitabxana.az · https://kitabxana.az/en/works/huseyn-ibrahimov-esrin-onda-biri-pisgahda
Use ← → keys to move, R for a random poem
More by this author
Birinci qəbul**Şəhər rəisi Eldəgəzlər dövlətinin ikinci hökmdarı şərəfinə böyük bir ziyafət düzəltmişdi. Cahan Pəhləvan cənublulara məxsus qanıqaynar naxçıvanlılardan arxayın olandan, atabəy-əzəm üçün elan etdiyi matəm günləri başa çatandan və Həmədandan Naxçıvana qədər uzanan yolların yorğunluğu yavaş-yavaş canından çıxandan sonra bu fikrə gəlmişdi. Bir də rəyasəti ələ keçirəndən, cavan bir dövlətin bütün qayğılarını, məmləkətin dərd-sərini çəkməyi boynuna götürəndən, iki ay içərisində iki əziz adamına – Anası Möminə xatuna və atası Atabəy Şəmsəddinə saxladığı matəm günlərindən ürəyinə dolan kədəri özündən uzaqlaşdırmaq üçün ova çıxmağa, dağ havası almağa, əylənməyə, kef etməyə nəsə bir ehtiyac duyurdu...
Hökmdarın qəzəbnak vaxtıQonşuluq barədə bədxahlığın, bədgümanlığın əsasını hələ neçə-neçə il əvvəl gürcü çarı dördüncü Baqrat qoymuşdu. O, heç bir əsası olmadan Arrana düşmən nəzərilə baxmışdı. Öz sələfinə xilaf olmayan dördüncü David isə Azərbaycan üzərinə qoşun yeritmiş, nahaq qanlar tökmüş, iki qədim qonşuları bir-birinin üstünə qılınc qaldırmağa məcbur etmişdi. David Gəncəni tutmuş, yerli əhalidən çoxlu əsir alıb aparmışdı.Onun ölümündən sonra taxt-taca sahib olan birinci Demetre qəflətən basqın edərək gəncəlilərin üstünə yenidən qılınc qaldırmış, onları talan etmiş, geri dönəndə isə çoxlu qənimət aparmışdı. Əsir götürdüyü on min gəncəlinin çoxunu qılıncdan keçirmişdi...
Dərban və mühafiz (yaz söhbəti)– Ə, nətərsən, ə?– Necə olacağam? Demək olar ki, pisdən pis.
Kuzəçi, dəmirçi, zərgərƏcəmi sübh tezdən durmuşdu. Həyətdə bir az qurdalandı... Ancaq heç nəyə əl vurmağa həvəsi yox idi, yeməyə də onun kimi. Buna baxmayaraq müxtəlif söyüd, iydə şivlərindən müxtəlif rənglər vurub toxuduğu səvərələrdən bir balacasını götürüb həyətə çıxdı. Elə bu vaxt kor Əhsənin udunun həzin sədaları səhərin mehinə qarışıb onun həyətinə doldu, qulaqlarına axdı. Kor Əhsən yenə muğam çalırdı, qədim bir muğam...Əcəmi gedə bilmədi, ağacın altındakı kötüyün üstündə əyləşib axıra kimi qulaq kəsildi. Muğam qurtarıb, ud susandan sonra səvərəni sol qulağına keçirdi, darvazanı kilidlədi və yola düzəlib bazara getdi.
Poems by other poets
Agah et, ey bad, məndən ol vəfalı həmdəmi,Söylə, gəl gör əşkdən ruyimdə bəhri-əzəmi,
Deyişmə: Qış fəslinçün tikdirmişəm, bil, səniQış fəslinçün tikdirmişəm, bil, səni,Bir aylığa düz, Allahı sevərsən.
Doğma musiqiQopardı ruhumu bu gün yerinden,Elimin qəlbindən gələn nəğmələr.
İşçiİsti gündə buğda əkdin,Yoldan keçən karvanlara