Sarayın adından gələn xüsusi çapar məktubu şəhər rəisinə verib geri qayıdan günün səhərisi Əcəmi Təbrizə yola düşmüşdü.

Cahan Pəhləvan öz candarı və şəxsi mühafizləri ilə birlikdə Təbrizə gəlmişdi. Havaların soyuduğunu, özünün yolda nasazlığını nəzərə alaraq oradan Naxçıvana dönməkdən vaz keçmiş, axırda da belə qərara gəlmişdi ki, Əbubəkr oğlunu yanına çağırsın və Mömünə xatun ananın abidəsinin tikilişinin nə vaxt başa çatacağını memarın öz dilindən eşitsin.

Belə çağırışlar birinci dəfə deyildi. Əcəmi ötən illər ərzində bir neçə dəfə Təbrizə dəvət olunmuş, Həmədana getmiş, abidənin tikintisinin gedişi barədə məlumatlar vermişdi.

Bu dəfə yubanmağının səbəbkarı isə Qızıl Arslan idi. O, Cahan Pəhləvanı vəzir Sədəddin Əsədlə birlikdə Həmədana yola salandan sonra Əcəminin şərəfinə xüsusi məclis düzəltmişdi, burada özünə yaxın olan şairlərin mədhiyyələrin dinləmişdi, şirindilli xanəndə qızların mahnılarına qulaq asmışdı, əndamlı cariyə qızların rəqslərinə tamaşa etmişdi, ən yaxşı şərablardan içərək saatlarla xumarlanmışdı, hərdənbir də naxçıvanlı memarın şəninə təriflər deməyi də unutmamışdı.

...Naxçıvandan bir həftə olardı ki, çıxan Əcəmi elə buna görə də hələ geri qayıtmamışdı. Bu yubanmağın nigarançılığını ən çox çəkən isə Şəhdigül idi. Ötən günlər ərzində elə bil onun itiyi itmişdi. Bir yerdə qərar tuta bilmirdi... O, indi bir daha yəqin etmişdi ki, evin sahibi də, dirəyi də ərimiş... Dağılsın kişisiz evlər, bir gün belə yaşamasın sahibsiz övrətlər... Əcəmi də ona deyəndə ki, evin yaraşığı arvaddı, sənsən, Şəhdi... o da cavab vermişdi ki, kişisiz övrət suyu quruyan çeşmədi, kişisiz övrət odu sönmüş ocaqdı... Bir də nəsə demişdi, amma indi nə qədər fikirləşdisə yadına sala bilmədi. Bircə yadına o düşdü ki, bu sözlərdən sonra Əcəmi qolunu onun boynuna salıb saçından, yanağından öpmüşdü. Demişdi: “Sən gözəl olduğun qədər də ağıllısan, mənim Şəhdim!..”

Darvazanın çaxçaxı döyülməsəydi Şəhdigül bu şirin xəyallardan ayrılan deyildi. Həyətdə tut ağacının altında hanada toxuduğu kənarəyə vurduğu ilmələri yarımçıq qoyub ayağa qalxdı, dizlərinin üstünə tökülən cürbəcür rəngli iplərin tükünü çırpa-çırpa darvazaya yaxınlaşdı, balaca qapının cəftəsini yuxarı qaldırdı. Zəhranı görən kimi elə bil çiçəyi çırtladı.

– Həmişə sən gələsən, ay bacı! – Şəhdigül qollarını Zəhranın boynuna doladı, yanaqlarını öpüşlərə qərq elədi. Kənardan baxan olsaydı, zənn edərdi ki, onlar neçə aydır bir-birlərin görməyiblər, halbuki bir həftə əvvəl Əcəmini Təbrizə yola salmağa gələndə Cəmil demişdi ki, Zəhra gəlib axşamlar Şəhdigülün yanında qalsın. Əcəmi də əvvəlcə Cəmilə, sonra da Zəhraya göstərdikləri qayğıya görə təşəkkür etmişdi və sonra demişdi ki, ev-eşiyinizi adamsız qoymayın, həmişəki kimi qonşumuz Xədicə arvad Şəhdigülün yanında qalacaqdı. Onlar da arxayın olmuşdular. – Sənnən ötrü, ha budu, burnumun ucu göynəyirdi.

Zəhra da öz növbəsində onu öpdü.

– Elə mən də birdən sənə görə yamanca darıxdım... Dedim durub gedim bir görüm nə var, nə yox?.. Əcəmi qardaşdan nə xəbər var?

– Gərək bu qədər, ha budu, yubanmayaydı. – Şəhdigül birdən məyus oldu, dərindən köks ötürdü. – Qardaşın da bu səbrin sahibi deyil...

– Darıxma... Sabaha, birigünə gəlib çıxar... Cəmil də deyir ki, Qızıl Arslan onu hələm-hələm buraxmaz gəlsin. – Zəhra səkinin üstündən durub hanaya yaxın gəldi və söhbəti dəyişərək:

– Naxışların qəşəngdi. – Əlini xalçanın üstündə gəzdirdi. – Mən heç güman eləməzdim ki, sən belə naxış vura bilərsən.

– Mənim niyə olur?.. Əcəminindi naxışlar... Əvvəlcə “Oxu, hanam, oxu, hanam. Buta güllər toxu, hanam” deyə-deyə bir qarışı özü toxudu, sonra məni öyrətdi... Mən də, ha budu, neçə vaxtdı onun naxışlarının ardını toxuyuram... Qonşumuz Xədicə xalanın nəvəsi Rəşidi də görüm sağ olsun, ha budu, iplərin boyanmasına həmişə kömək eləyir. Nə vaxt desəm bazara gedib ayın-oyun alıb gətirir, Cəliləddindən yaxşı olmasın, ha budu, çox yaxşı oğlandı. Əcəmi deyir götürəcəyəm yanımda işləsin, qabil baladı, ha budu, nə töksən, onu da yığışdıracaq...

Şəhdigül danışsa da, Zəhranın fikri kənarənin naxışlarında idi.

– Əcəmi qardaş xalça da toxuya bilir? – Zəhra soruşdu.

– Sənin qardaşın nəyi bilmir ki, ha budu, onu da bilməsin?..

Məhəllə məscidindən müəzzim camaata günorta namazına çağıran səsi ucaldı:

– Allahü-əkbər.

– Nə tez günorta oldu, ay Şəhdigül? – Zəhra özünü elə göstərdi ki, ev sahibəsinin kefini xəbər aldı, toxuduğu xalçaya baxdı, indi də getmək istəyir...

– Hara hazırlaşırsan, bacı? – Şəhdigül narahat oldu. – Lap vaxtında gəlibsən, o məscid haqqı! – Müəzzinin səsi gələn səmtə işarə etdi:

– Yaxşı sərid bişirmişəm... əti də, Rəşidi göndərmişdim, ha budu, qeysəriyyədən alıb gətirib. Xalis erkək ətidi, özü də döşdən... Əcəmi də ət alanda erkək əti alır... Özü də ya döşdən, ya da peysərdən... Mən də ondan öyrənmişəm... Elə bayaqdan fikir məni götürmüşdü ki, tək canıma, ha budu, necə süfrə açım?..

– Sərid nədi, ay Şəhdigül? – Zəhra birinci dəfə belə xörək adı eşitdiyi üçün maraq göstərdi.

– Ərəbcədi. – Ev sahibəsi şirin-şirin gülümsədi. – Əcəmi deyir ki, Məhəmməd peyğəmbərdən, ha budu, bir dəfə soruşublar: “Dünyada ən gözəl övrət kimdi:” O da deyib: “Aişə”. Bir başqası da xəbər alıb: “Canına fəda olduğum bəlkə deyə görək ən dadlı xörək nədi?” O da deyib: “Sərid”. Yəni erkək ətindən bişirilən bozbaş...

Zəhra əvvəlcə güldü, sonra uğunub getdi.

– Oyunun olsun, ay Şəhdigül!.. Mən bunu birinci dəfədir ki, eşidirəm.

– Deyirsən bə əbəs yerə, ha budu, deyirəm ki, sənin qardaşın hər şeyi bilir?..

– Düz deyirsən... Əcəmi qardaşa bax ha!.. Belə getsə kişin sənə çox şeylər öyrədəcək... – Zəhra təzədən uğundu.

– Əcəmi kimi kişiyə qismət olduğuma görə, ha budu, oturub-durub sənə dua eləyirəm. Atana-anana min-min rəhmət oxuyuram, bacı!

– Şəhdigül öz bəxtindən razı olan başqa gəlinlər kimi Zəhranı təzədən bir də qucaqladı, ifallamıb üzünə baxa bilmədiyi üçün başını onun çiyninə dayadı. Zəhra da onun öz bəxtindən razılığına sevindi, bir vaxtı onu bu evə gətirib xoşbəxt elədiyi üçün öz əməlindən razı qaldı. Əvvəlcə Şəhdigülün saçından öpdü, sonra da əlini uzadıb, kürəyi aşağı uzanaraq topuqlarını döyən yoğun, qara hörüklərini oxşadı. Bu mehribanlıqdan xoşhal olan ev sahibəsi, daha heç nə demədən içəri keçib süfrə açmağa başladı. Zəhra isə öz taleyi ilə Şəhdigülün taleyi arasındakı oxşarlığı ilk dəfə olaraq ağlına gətirdi...

...Gecəydi. Gəncə yatırdı. Həmişəki kimi bir azdan məşriqdə əvvəlcə bir parça şəfəq peyda olacaq, sonra bu bir parça böyüyüb-böyüyüb bütün səmanı ağ örpəyə bürüyəcək. Günəş isə bu ağ örpəyə min-min zərrin-zərrin rəng vuracaqdı... Amma şəfəq təzəcə peyda olanda, səma ağ örpəyə təzəcə bürünəndə elə bil qüdrətli bir əl yerin sinəsindən yapışıb onu bərk-bərk silkələdi. Bir anın içərisində yüzlərlə həyətin hasarları uçdu, evlərin divarları yatdı. Şəhərin ətrafında yerlə göyün birləşdiyi yerdə gah boz, gah sarı, gah açıq narıncı görünən tozanaq qopdu. Bu tozanaq qabarıb göyə dirəndi. Yeri silkələyən qəfil əl elə bil gücünü bir də sınadı: çat-çat olan hasarlar bu dəfə tamam uçub töküldü, həmindən qopan divarlar tamam yatdı. Hasarlar uçmamış, divarlar yatmamış evlərdən qaçıb canlarını qurtaranlardan heç kim baş aça bilmədi ki, bu bəlaya səbəb nədi, adamlar Allah-təala qarşısında hansı günahı işlədiblər?.. Səksəkəli-səksəkəli yuxudan oyanan qocalar, yuxulu-yuxulu şivən qoparan uşaqlar, əllərini dizlərinə çırpa-çırpa Allahdan kömək uman qızlar, gəlinlər, nənələr göz yaşı tökürdülər. Dizi yerə gəlməyən igidlər isə onların imdadına çata bilmədikləri üçün çaşbaş qaldılar, nə edəcəklərini ölçüb-biçməyə macal belə tapmadılar. Heç kimin nə əli çatdı, nə ünü yetdi bu qəfil bəlanı göndərənə. Zəlzələ qədim Gəncəni yerlə yeksan edib viran qoydu...

Elə bu vaxt şəhərin məğrib tərəfində, Gəncə çayının sol sahilində də kasıb-kusub yaşayan məhəllənin lap qurtaracağında uçmuş bir komanın dirəkləri arasından dağınıq saçları, nimdaş paltarı toz-torpağa bulanan yeddi-səkkiz yaşlı bir qız uşağı çıxdı... Əvvəlcə devikə-devikə yan-yörəsinə baxdı, orda-burda yerə uzadılan meyitləri görən kimi əlləri ilə üzünü örtüb şivən qopardı: “Baba!.. Ana!.. Hanı mənim anam?..” Ağlaya-ağlaya da divarları uçub, tavanı yatan komanın başına dolandı, dolandı: “Mənim anamı verin!.. Babamı verin!.. deyib haray qopardı. “Ağlama, qızım... ağlama, Zəhra...” Bu, onların qonşusu – ud düzəldib satan Muxtarəddin kişi idi. “Muxtarəddin əmi... bizim evi kim uçurdu?..” “Tək sizin evi uçurmayıblar... Görürsən bizim ev də uçub...” “Bəs mənim babam kim olacaq?” “Mən...” Zəhra kiridi... Zəlzələ Zəhranın ata-anasını, Muxtarəddin kişinin isə arvadını əlindən almışdı.

Muxtarəddin kişi Gəncədə qalmadı, Zəhranı da götürüb Naxçıvana gəldi. Gəncədəki komasına oxşar bir koma tikib Zəhra ilə ata-bala kimi yaşamağa başladı...

Ud düzəldəni Naxçıvana elə bil əcəl çəkib gətirmişdi. İl tamam olmamış ömrünü, atalıq etdiyi yetim bir qıza bağışlayıb dünyadan köçdü. Ondan Zəhraya bir ud yadigar qaldı, bir də öyrətdiyi bir mahnı...

Ud düzəldən qəfildən vəfat edəndən sonra Zəhraya təzə bir pasiban tapıldı: qeysəriyyədə dilənən qızları mühafizlər tutub gətirəndə şəhər rəisi onu baş şeyxə – Hatib ibn Mübarəkə bağışladı...

Zəhra öz həyatını dalıqaçaraq xatırlayana kimi Şəhdigül də süfrəni düzəldib qonağı içəri dəvət etdi, Zəhra içəri keçə-keçə Dəryanurla ilk dəfə emalatxanaya Əcəminin yanına gəlmələrini, baş şeyxin hökmdar Şəmsəddin Eldəgəz üçün sifariş verdiyi hədiyyəyə baxmalarını, baməzə bir oğlan olan Cəmili elə oradaca xoşladığı anları da yadına saldı. İstədi Şəhdigülə borclu qalmayıb Cəmil kimi qeyrətli, ürəyi təmiz, cəfakeş bir kişiyə qismət olduğu üçün o da ev sahibinin ata-anasına rəhmət oxuya, amma ürəyindən keçən sözləri dilinin ucundan qaytardı. Qorxdu ki, söhbət uzana və axırda gedib Dəryanurun üstünə çıxa, ev sahibəsinin də süfrə başında ovqatı təlx ola...

Şəhdigül səkinin üstündəki gümüş aftafa-ləyəni gətirdi, su tökdü. Zəhra əllərini yudu. Ev sahibəsi isə dilini dinc qoymayıb yenə əvvəlki söhbətinə qayıtdı:

– Əcəmi qardaşın deyir ki, lap qədim zamanlarda, ha budu, çoxbilmiş bir qoca olub. Bu qocanın hər şeydən başı çıxırmış. Adı da Qorqud dədə... O deyərmiş ki, ha budu, çığnam-çığnam qayaların altundan axıb gələn su peyğəmbər övrəti Aişənin, peyğəmbər qızı Fatimənin nigahıdı... Sonra da üzünü Məhəmməd ümmətinə tutub, ha budu, dua eliyə-eliyə deyərmiş: qarlı qara dağlarınız yıxılmasın, qamən axan çeşmələriniz qurumasın...

Zəhra içəri keçmək əvəzinə qayıdıb hananın arxasında oturdu. Ev sahibəsinə heyran-heyran baxıb dedi:

– Danış, Şəhdigül... Sən allah, bir az da danış!.. Mən heç bilməzdim ki, sən belə danışırsan.

– Necə danışıram ki? – ev sahibəsi gülə-gülə başını silkələdi.

– Şirin-şirin...

– Bilirsən Əcəmi şirin danışan övrətlərə nə deyir?

– Nə deyir?

– Tuuutiməqam. – Şəhdigül sözü uzada-uzada qaş-gözünü süzdürdü. O, bu halında Zəhranın daha çox xoşuna gəldi. Və o da xoşuna gəldi ki, heç yerdən bacı əvəzi olan belə ürəyiaçıq bir qızla ünsiyyət tapıb, bir evli kimi olub.

– Düz deyir Əcəmi qardaş.

Şəhdigül birdən elə bil unutduğu nəyisə xatırladı:

– Buy, başıma xeyir!.. Ha budu, boyumu yerə soxum... Bacımı tutmuşam söhbətə, xörək soyudu. – Əyilib Zəhranın qolundan tutdu, oturduğu yerdən qalxmasına kömək etdi. Zəhranın da bu anda nəzərləri ev sahibəsinin sifətində ilişib qaldı:

– Dayan, dayan! – Zəhra əli ilə Şəhdigülün çənəsini yuxarı qaldırdı, əvvəlcə alnına, sonra yanaqlarına baxdı, baxdı...

– Ay qız... bəs mənə niyə demirsən?! Bu ləkələr nədi?! Şəhdigül utanıb başını sol çiyninə tərəf əydi, kəlağayısının ucunu sağ yanağına çəkdi. Zəhra qolunu onun boynuna salıb çiynini qabarıq sinəsinə sıxdı:

– Əcəmi qardaş bilir?

Şəhdigül cavab vermək əvəzinə başının işarəsi ilə “yox” dedi və birdən uşaq kimi ağladı...

Zəhranın yadına bir dəfə Əcəminin Cəmilə dediyi sözlər düşdü:

“Dünyaya hələ hər babətdən bəxtəvər olan adam gəlməyib. Hər kəsin bir nigarançılığı olur...”

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Göydən yerə enmiş Süheyl

Şəhərdə hamı Atabəylər meydanında bina olunan abidədən danışırdı. Rəsmi açılışdan sonra verilən fərmana əsasən onun ətrafında xüsusi mühafizlər gecə-gündüz növbə çəkirdilər. Abidəni qara rəngə boyanmış Təbriz ipəyi içərisində saxlayırdılar.Ancaq çoxlarına elə gəlirdi ki, bu nəhəng qara örpəyin içərisində bəzəkli bir gəlin dayanıb, işıqlı bir dünya bərqərar olub, nadir bir istedad sahibinin böyük, yenilməz ürəyi döyünür. Bu gün o, pünhan görünsə də, sabah mütləq aşkar olunacaq... Ayın hüsnünü həmişə bulud tutmaz, qızıl həmişə gizli qalmaz, su həmişə qaya altında yatıb qalmaz. Ay bir gün doğmalıdır, qızıl aşkar olub parlamalıdır, su bir gün üzə çıxıb çağlamalıdır...

13 min
Naməlum süvarilər

Vəzir çox narahat idi. Yerində otura bilmirdi. Gah eşiyə çıxıb içəriyə qayıdır, gah pəncərələri məğribə açılan iş otağını ölçür, Ədilağa gölünə, Araza baxır, gah da kürsüdə əyləşib “Afərinnamə”ni əsəbi-əsəbi sağa-sola vərəqləyirdi. Vərəqlədikcə də öz-özünə deyinirdi: “Elə siz baş sındırın, riyazi qanunlar kəşf edin, göylərin sirrilə əlləşin, həyatda düzlüyün, doğruluğun labüdlüyündən yazın... Bəs dediyiniz ölçü, ədalət, vicdan hanı? Birdən səsini ucaldıb:– Yoxdur, yalandır! dedi ixtiyar vəzir. – İnsan çox mürəkkəb məxluqdur. Onun əməlindən, felindən baş açmaq olmur. Ələlxüsus...

6 min
Odla su arasında

Cahan Pəhləvan gecəni pis yatmışdı. Sübhə yaxın yuxuya getsə də, xoruz banı eşidib ayılmışdı. Səbəb də o olmuşdu ki, atabəy-əzəmi yuxuda görmüşdü. Görmüşdü ki, atabəy-əzəm taxta əyləşib, onu yanına dəvət edib. İçəri girəndə atabəy əzəm taxtdan durub, onun qənşərinə gəlir, sağ əlini oğlunun çiyninə qoyur. Sonra atdan yuxarı onu diqqətlə süzür. Axı, oğul atasından həm hündürdür, həm də qəddi-qamətli. Bu, hökmdarın xoşuna gəlir, onu sevindirir... Ürəyində Möminə xatuna razılıq edir: “Mərhəba südünə, ülya mələkə!..” Sonra deyir: “Mənə gətirilən səhih xəbərlərə görə Rey hakim cızığından çıxır. Və bizim xanədana açıqdan-açığa kin-küdurət bəsləyir. Onu yerin də oturtmaq gərəkdir. Hökmdar atanın ilkin oğlu kimi, Eldəgəzlər xanədanın gələcək ikinci hakimi kimi bu işi son görməlisən. Sənə həm inanıram, həm də qılıncına güvənirəm... Get, sənə uğurlar arzulayıram. Göstər özünü, qoy əmirlər, məliklər, rəislər sənin zərbi-dəstini indidən görsünlər... Amma unutma ki, müharibə çox pis şeydi, gərək onu tez qurtarasan. Yoxsa insanlar bir-birini qırmağa adətkar olarlar. Onlarda şəhərləri, kəndləri viran qoymağa, yandırmağa həvəs çoxalar, adamları qarət etməyə, soymağa meyli artar. Sonra bunun qarşısını almaq olar müşkil iş...”Sonra müxtəlif vuruş səhnələrini görmüşdü. Moğlub olan Qütluq İnancın onun atının ayaqlarına düşməsi, dil çıxarıb yalvarması, qızını ona ərə verib düşmənçiliyi aradan götürmək istəməsi, gecə ciddi sifətli, süzgün baxışlı, məğrur duruşlu İnanc xatunun onun yanına göndərilməsi, evlənmələri şərəfinə düzəldilən eyş-işrət məclisi qırıq-qırıq nəzərində canlanmışdı.

14 min
El-oba naminə

Dağlar da insanlar kimi müxtəlif olur: alçaq-uca, mülayim-sərt... Naxçıvan dağlarının isə başqa bir xüsusiyyəti də budur ki, ilin müəyyən aylarında bir səhərlər, bir də axşamçağılar hərəsi bir rəngə çalır. Çox vaxt ayırd edə bilmirsən ki, bu qəribə rəngləri bu dağların üzünə hansı qəfil bir əl sürtür, onları kimin gözəgörünməz möcüzəli fırçası bu rənglərə boyayır. Elə dağ var, gələnə-gedənə sinəsi üstən cığır açır, yol verir. Elə dağ da var, qalaya-qəsrə çevrilib torpağa yad ayaq dəyməsinə, düşmən atlarının keçməsinə keçilməz sədd olur, qənim kəsilir, evindən-eşiyindən iraq düşən igidlərə havadarlıq edir, qoynunda daldanacaq verir.Əli Şimşəyin dəstəsi həmişə bu dağlardan ən gözəllərini özünə məskən seçərdi. Bu il də onlar çiyin-çiyinə verib bir-birinə söykənən, pəhləvanlar kimi əzəmətlə yan-yana dayanan Əlincə dağlarında məskən salmışdılar. Bu dağların döşündəki hamar düzənlik cıdır meydanına oxşayırdı. Səma aydın, dağlar çənsiz-dumansız olanda, bura qalxıb məğrib

6 min

Poems by other poets