Sevinc və kədər
İlin ən gözəl çağı idi...
Buludlar nəm köynəklərini arabir Arazın sularına sıxırdılar...
...Günəş hələ Elanlının arxasından doğmasa da, onun ilk şəfəqləri üfüqün qara pərdəsini yavaş-yavaş kəsib doğrayır sonra eninə-uzununa pardaqlayırdı.
Təbrizdən təzəcə qayıdan Əcəmi gecəyarısı ayılıb daha yata bilməmişdi. Şam işığında vaxtilə ağ Xorasan kağızları üzərində “Mömünə xatun” üçün çəkdiyi müxtəlif naxışları yenidən nəzərdən keçirirdi. Bir neçə gün idi ki, evdən bayıra çıxmırdı, Şəhdigül az qala yalvarmışdı ki, məni evdə tək qoyub heç yerə getmə... Özümü narahat hiss edirəm... Nəysə olacaq.
Əcəmi də çox vaxt pəncərə önündə əyləşib uzaqdakı dağlara, düzənliklərə axan Arazın sularına tamaşa edir, gündüzlər onun beynində dolaşan fikirlər gecələr həqiqətə çevrilir və şam işığında lələklə çəkilən təzə-təzə eskizlərə dönürdü...
O, inanırdı ki, ağ Xorasan kağızları üzərində çəkilən bu eskizlər sabah yeni əlvan naxışlara, gözəl kitabələrə çevriləcək, Azərbaycan Eldəgəzlər dövlətinə tabe olan şəhərlərin hansınısa bəzəyən başqa bir sənət əsərinə dönəcəkdir...
Ürəyinə dammışdı ki, ya Cahan Pəhləvan sağalıb ayağa duran təki ona növbəti sifariş verəcək, ya da “Möminə xatun”un şöhrəti Şərqə yayılan kimi hansısa hökmdar onu öz ölkəsinə ya qəsr, ya sərdabə, ya came, ya da abidə tikdirmək üçün dəvət edəcəkdi...
...Kağızların üzərində lələk gəzdikcə yeni-yeni naxışlar peyda olur, gah pozulur, gah təzələnirdi...
Ancaq Şəhdigülün son vaxtlar səksəkəli oturub-durması, işi oldu-olmadı həyətə çıxıb evə qayıtması Əcəmini bərk narahat edirdi. Özünü saxlaya bilməyib bir dəfə soruşmuşdu:
– Gözümə birtəhər dəyirsən, Şəhdi... Sənə nə olub?..
– Nə bilim... ha budu, elə birtəhərəm.
– Nə təhər?.. Naxoşsan?
– Yox... naxoşlamamışam...
– Bəs niyə fikirlisən, narahatsan?.. Elə bil məndən nəyisə gizlədirsən...
– Yox, əzizim... İnan ki, allahdan gizli işim olsa da, ha budu, səndən heç nəyi gizlətmirəm... Bu dünyada səndən başqa kimim var?
Ha budu, pənahım göydə allahdı, yerdə sən... Amma istəyirdim hər şey yaxşı qurtarsın, sonra sənə deyim...
– Nəyi?
– Uşağa... qalmışam... ha budu...
Əcəmi bilmədi nə etsin, bir müddət matdım-matdım baxdı Şəhdigülə. Və birdən “Şəhdi” deyib onu bağrına basdı, üzündən-gözündən, saçından, əllərindən öpdü, öpdü...
– Amma... deyəsən, ha budu, öləcəyəm, Əcəmi...
– Sən... sən nə danışırsan?..
Şəhdigül daha heç nə deyə bilməmişdi. Daha doğrusu, qorxmuşdu, qorxmuşdu desin ki, gomayallı qarı ona nəsə bir dava-dərman verib ki, uşağı salsın... Özü də bərk-bərk tapşırıb ki, salmasan öləcəksən. Çünki sənə doğmaq olmaz... Sadə, ürəyiaçıq kəndli qızı haradan biləydi ki, bütün bunlar Məsud ibn Əbutahirin qırmasıdır. Baş şeyx tapşırıb ki, nə edirsən et, o kəndli qızı Əcəmiyə varis doğmasın...
Özü də bu sirr gizli qalsın...
Bütün bu fitnə-fəsaddan xəbərsiz olan Əcəmi qabağına tökdüyü ağ Səmərqənd kağızlarını yavaş-yavaş yığışdırdı, sonra pəncələri üstə Şəhdigül yatan təxti-xaba yaxınlaşdı, xeyli baxdı... Və sevindi, sevindi ki, ev sahibəsi neçə gündən bəridi ki, bu gün şirin yuxuya getmişdi. Özündən asılı olmayaraq pıçıldadı: “Çox şükür... qoy yatsın gələcək körpəmin anası...”
Elə bu vaxt kimsə darvazanın çaxçaxını yavaş-yavaş vurdu. Əcəmi pambıq parçadan tikilən xirgəsini çiyninə atıb bayıra çıxdı. Pillələri enib darvazaya gəldi, qapının balaca gözünü açdı. Darvazanı döyən tanımadığı bir oğlan idi. Əcəmi heç nə xəbər almadan qonağı içəri dəvət etdi. Qonaq içəri adladı, salamlaşmağı ilə qoltuq cibindən çıxardığı məktubu ona uzatmağı bir oldu.
– Gəncəli şair İlyasın məktubudur... Bizim Nizaminin.
– Nizami təkcə sizin deyil, hamınındır... Gəl evə...
– Çox sağ olun, yol üstəyəm, Təbrizə gedirik. Karvan məni gözləyir.
– Axı... belə yaxşı olmadı. – Əcəmi heyfisləndi.
– Yəqin siz Əcəmisiniz? – Oğlan maraqla soruşdu.
– Gərək bunu məktubu verməmişdən əvvəl soruşaydın. – Əcəmi yarıciddi, yarızarafatla oğlana irad tutdu.
– Düz buyurursuz. – Oğlan da gülümsəyib razılaşdı. – bir də fikirləşdim ki, elə Əcəmi sizin kimi olar.
– Necəyəm ki?
– Elə... Nizamiyə oxşayırsız.
– Doğrudan?!
– Bəli... düz sözümdür... Deyəsən, siz Nizamini görməmisiz. Axı o hələ Gəncədən bir yana çıxmayıb.
– Hə, görməmişəm. Amma görmək istəyirəm. – Əcəmi heyifsləndi.
– Yaman görmək istəyirəm!
– Sağlıq olsun, görüşərsiz. İki böyük ustadın görüşməyi çox xeyirxah iş olar... Təbrizdən qayıdanbaş yenə sizə dəyərəm... Əgər naməniz olsa məmuniyyətlə apararam... Təşrif aparmaq istəsəniz lap özünüzü də apararam... hələlik, sağlıqla qalın.
Qonaq darvazadan eşiyə adladı, xudahafizləşib getdi.
Əcəmi otağa qayıtdı. Artıq hava işıqlaşmışdı. Üfürüb şamı keçirdi. Pəncərədə oturub məktubu oxumağa başladı. Nizami onu “Şeyxülmühəndis” adı alması münasibətilə təbrik edirdi və ona ilk dəfə “Şeyx Əcəmi” deyirdi. Əcəminin ürəyindən anlaşılmaz fərəh hissi keçdi. Dodaqları bir neçə dəfə sakit-sakit eyni sözləri pıçıldadı: “Şeyx Əcəmi... Şeyx Əcəmi... Şeyx!..” Özündən asılı olmayaraq həmin sözləri ucadan dedi. Şəhdigül yuxudan ayıldı, ərini şad-xürrəm gördüyü üçün, heç nə soruşmadı, gur saçlarını kürəyinə aşırıb Əcəmiyə qoşuldu. Əcəmi onun isti bədənini qolları arasına alıb sinəsinə sıxdı, saçlarını gah öpdü, gah oxşadı.
– Deyəsən... darvazanı döyürdülər...
– Hə, döyürdülər... Heç bilirsən kimdən məktub gəlib sənin Əcəminə?
– Kimdən?
– Gəncəli İlyasdan...
– İlyas kimdir?
– Nizami... şair Nizami.
– Hə, bildim... Danışıbsan... “Leyli Məcnun”u yazandan... Ha budu, dedin ki, elə mən də Leyliyə oxşayıram... Şəhdigül gülümsədi. Mirvari kimi dişlərindən dodaqlarına ötəri bir işıq qondu.
– Əlbəttə, oxşayırsan... Sən də mənim Leylimsən, Şəhdi!.. Sən Şeyx Əcəminin Leylisisən!
Şəhdigül ərinin əhvali-ruhiyyəsinin nəyə belə yüksək olmasının fərqinə varmadı.
Elə bu vaxt ud səsi gəldi. Kor Əhsən yenə muğam çalırdı. Hər ikisi qulaq asdı.
– Eşidirsən? – Sualı Şəhdigül verdi.
– Eşidirəm.
– Sən də Məcnun kimi Leylisiz qalacaqcan. Eləcə nalə çəkəcəksən...
– Çıxar bu axmaq fikri başından! – Əcəmi özündən asılı olmayaraq hirsləndi. Sonra yazığı gəldi Şəhdigülə, onu bir də qucaqlayıb bağrına basdı, Şəhdigül ağlayırdı... Bir neçə gündən sonra uşaq tələf edən Şəhdigül öz ömrünü də Əcəmiyə bağışladı...
Kitabxana.az · https://kitabxana.az/en/works/huseyn-ibrahimov-esrin-onda-biri-sevinc-ve-keder
Use ← → keys to move, R for a random poem
More by this author
Şəhərdə hamı Atabəylər meydanında bina olunan abidədən danışırdı. Rəsmi açılışdan sonra verilən fərmana əsasən onun ətrafında xüsusi mühafizlər gecə-gündüz növbə çəkirdilər. Abidəni qara rəngə boyanmış Təbriz ipəyi içərisində saxlayırdılar.Ancaq çoxlarına elə gəlirdi ki, bu nəhəng qara örpəyin içərisində bəzəkli bir gəlin dayanıb, işıqlı bir dünya bərqərar olub, nadir bir istedad sahibinin böyük, yenilməz ürəyi döyünür. Bu gün o, pünhan görünsə də, sabah mütləq aşkar olunacaq... Ayın hüsnünü həmişə bulud tutmaz, qızıl həmişə gizli qalmaz, su həmişə qaya altında yatıb qalmaz. Ay bir gün doğmalıdır, qızıl aşkar olub parlamalıdır, su bir gün üzə çıxıb çağlamalıdır...
Naməlum süvarilərVəzir çox narahat idi. Yerində otura bilmirdi. Gah eşiyə çıxıb içəriyə qayıdır, gah pəncərələri məğribə açılan iş otağını ölçür, Ədilağa gölünə, Araza baxır, gah da kürsüdə əyləşib “Afərinnamə”ni əsəbi-əsəbi sağa-sola vərəqləyirdi. Vərəqlədikcə də öz-özünə deyinirdi: “Elə siz baş sındırın, riyazi qanunlar kəşf edin, göylərin sirrilə əlləşin, həyatda düzlüyün, doğruluğun labüdlüyündən yazın... Bəs dediyiniz ölçü, ədalət, vicdan hanı? Birdən səsini ucaldıb:– Yoxdur, yalandır! dedi ixtiyar vəzir. – İnsan çox mürəkkəb məxluqdur. Onun əməlindən, felindən baş açmaq olmur. Ələlxüsus...
Odla su arasındaCahan Pəhləvan gecəni pis yatmışdı. Sübhə yaxın yuxuya getsə də, xoruz banı eşidib ayılmışdı. Səbəb də o olmuşdu ki, atabəy-əzəmi yuxuda görmüşdü. Görmüşdü ki, atabəy-əzəm taxta əyləşib, onu yanına dəvət edib. İçəri girəndə atabəy əzəm taxtdan durub, onun qənşərinə gəlir, sağ əlini oğlunun çiyninə qoyur. Sonra atdan yuxarı onu diqqətlə süzür. Axı, oğul atasından həm hündürdür, həm də qəddi-qamətli. Bu, hökmdarın xoşuna gəlir, onu sevindirir... Ürəyində Möminə xatuna razılıq edir: “Mərhəba südünə, ülya mələkə!..” Sonra deyir: “Mənə gətirilən səhih xəbərlərə görə Rey hakim cızığından çıxır. Və bizim xanədana açıqdan-açığa kin-küdurət bəsləyir. Onu yerin də oturtmaq gərəkdir. Hökmdar atanın ilkin oğlu kimi, Eldəgəzlər xanədanın gələcək ikinci hakimi kimi bu işi son görməlisən. Sənə həm inanıram, həm də qılıncına güvənirəm... Get, sənə uğurlar arzulayıram. Göstər özünü, qoy əmirlər, məliklər, rəislər sənin zərbi-dəstini indidən görsünlər... Amma unutma ki, müharibə çox pis şeydi, gərək onu tez qurtarasan. Yoxsa insanlar bir-birini qırmağa adətkar olarlar. Onlarda şəhərləri, kəndləri viran qoymağa, yandırmağa həvəs çoxalar, adamları qarət etməyə, soymağa meyli artar. Sonra bunun qarşısını almaq olar müşkil iş...”Sonra müxtəlif vuruş səhnələrini görmüşdü. Moğlub olan Qütluq İnancın onun atının ayaqlarına düşməsi, dil çıxarıb yalvarması, qızını ona ərə verib düşmənçiliyi aradan götürmək istəməsi, gecə ciddi sifətli, süzgün baxışlı, məğrur duruşlu İnanc xatunun onun yanına göndərilməsi, evlənmələri şərəfinə düzəldilən eyş-işrət məclisi qırıq-qırıq nəzərində canlanmışdı.
El-oba naminəDağlar da insanlar kimi müxtəlif olur: alçaq-uca, mülayim-sərt... Naxçıvan dağlarının isə başqa bir xüsusiyyəti də budur ki, ilin müəyyən aylarında bir səhərlər, bir də axşamçağılar hərəsi bir rəngə çalır. Çox vaxt ayırd edə bilmirsən ki, bu qəribə rəngləri bu dağların üzünə hansı qəfil bir əl sürtür, onları kimin gözəgörünməz möcüzəli fırçası bu rənglərə boyayır. Elə dağ var, gələnə-gedənə sinəsi üstən cığır açır, yol verir. Elə dağ da var, qalaya-qəsrə çevrilib torpağa yad ayaq dəyməsinə, düşmən atlarının keçməsinə keçilməz sədd olur, qənim kəsilir, evindən-eşiyindən iraq düşən igidlərə havadarlıq edir, qoynunda daldanacaq verir.Əli Şimşəyin dəstəsi həmişə bu dağlardan ən gözəllərini özünə məskən seçərdi. Bu il də onlar çiyin-çiyinə verib bir-birinə söykənən, pəhləvanlar kimi əzəmətlə yan-yana dayanan Əlincə dağlarında məskən salmışdılar. Bu dağların döşündəki hamar düzənlik cıdır meydanına oxşayırdı. Səma aydın, dağlar çənsiz-dumansız olanda, bura qalxıb məğrib
Poems by other poets
Ətəmasım budur, ey şahlar şahı,Həzər elə biçarələr ahından,
DağlarSalırsan baş çəkib ovc səmayə,Nəzər hiqarət cahanə, dağlar,
GözlərinƏqlimi başımdan etdi təğyirDilbər, sənin bu məstanə gözlərin
Riyazətsiz, könül, bu nəfs bir tövsəndi, ram olmazRiyazətsiz, könül, bu nəfs bir tövsəndi, ram olmaz,Buna cövlangəh ərsə-ərz ola, seyri tamam olmaz.