Əl qisas, bil qisas
Page 1 of 2
Baş şeyx Məsud ibn Əbutahir heç vədə belə soyuq qarşılamamışdı. Onun bivec işlərini ara-sıra qaxınc edib başına vursa da, pis üz göstərməmişdi. Tanıdığı illər ərzində özü dediyi kimi, belə qanmışdı ki, bu ərəc¹ bənnanın əlindən hər cür namərdlik də gələr, çünki nə qeyrəti var, nə də kişiliyi; arı yeyib namusu da atıb dalına ...
“Ortada vəcihə² gəlinbacısı olmasa onu itbaxandan da qoymaram baxa. Hələ qala evimə ayaq döyməsinə, üzünə salıb yuxarı başa keçməsinə...
Bihəmdüllah³ bunu qanmazın özü də qanır... Amma vurub özünü arsızlığa. Bu da elə Əbutahir törəməsinin bir qanmazlığıdır...”
– Keç otur! – Baş şeyx əlindəki şəvə kimi qara şəddanəsinin dənələrini ovucunun içərisinə yığıb ipək bürdəsinin⁴ cibinə qoydu və bir müddət gözlərini qıyıb Məsud ibn Əbutahiri mənalı-mənalı süzəndən sonra:
– Təhsin⁵ – dedi. – On dəfə təhsin!.. Baş şeyxin təklifi ilə keçib balaca sərv ağacının altındakı kürsüdə təzəcə əyləşən Məsud ibn Əbutahir qalxmaq istədi, ev sahibəsi işarə etdi ki, lazım deyil, əyləş... Və özü dediyi kimi, onu da qandı ki, Məsud ibn Əbutahir onun sözlərini yaxşı başa düşmədi, düşsə də, özünü onda qoymadı... Baş şeyx isə adətinə xilaf olmayaraq dili ilə deməyə cürət etmədiyi sözləri ürəyində təkrar etdi: – “Bivec oğlu bivecin elə yaxşı-yaxşı oturub-durmağı var... Baş əyib təzim eləməyi var...
Yoxsa əlindən də bir iş gəlmir... Zatı-əkrəm⁶ belələrini bilmirəm niyə xəlq edir?..”
Hatib ibn Mübarəkin dilinin altında nəsə dediyini, sifətindəki narazılığı görən Məsud ibn Əbutahir özünü saxlaya bilmədi:
– Nə olub ki?.. Nədən narazısız?..
Baş şeyx sözünü tamamlamağa ona imkan vermədi:
– Hələ dilin də var danışırsan?.. Ə, yekə kişisən!.. Elə iş tut ki, bir işə oxşasın da! – Hatib ibn Mübarək nəsə fikirləşib güzəştə getdi: – Qüreyşi aqilləri deyiblər: “Qadir filaməl tunci minəz-zələl!.. Başa düşdün?
¹ Topal
² Lətif, incə
³ Allaha şükür
⁴ Ərəblərdə uzun üst geyimi
⁵ Afərin
⁶ Kərəm sahibi
– Təmamən yox.
– Təmamən budur ki, – Hatib ibn Mübarək dediklərin xırdalamağa başladı. – İşin ehtiyatlı tut ki, səhv etməyəsən...
Açıq danışsanız, şeyx cənabları!
– Deyirsən açıq danışım?.. Baş üstə!.. Sən gərək biləsən ki, kuzəçidən qisas almaq istəyəndə onun kuzəsini sındırmazlar... Səhər sındırarsan, günortaya kimi birini də düzəldər... Dərzidən qisas almaq istəyəndə onun tikdiyi bürdəni oğurlamazlar. – Hatib ibn Mübarək əynindəki paltara işarə etdi: – Bu gün oğurlarsan, sabah birini də tikər... Bənnadan qisas almaq istəyəndə isə onun həyətinin hasarını uçurmazlar. Bu həftə uçurarsan, gələn həftə təzəsini hörər. Başa düşdün?
– Təmamən yox.
– Bah, atonnan! – Hatib ibn Mübarək əllərini dizinə çırpdı: – Sən nə ağılla Əbubəkr oğlunun evinə od vurmusan? Bilsələr ki, belə bir əməlin sahibisən, heç bilirsən nə olar? Saray sahibi neçə il bundan əqdəm rəisə qəti hökm edib ki, onun başından bir tük belə əskik olmamalıdır. Yaxşı ki, rəisin fikrini yayındıra bilmişəm, yoxsa...
– Ayrı yol tapa bilmədim – Məsud ibn Əbutahir elə bil kiçildi və heç nəyə etiraz etməyə cürəti çatmadı. – Əlacsız qalıb, bu yolla heç olmasa ziyan vurmaq istədim... Dedim qoy heç olmasa ev-eşiyi yanıb kül olsun.
– Əbubəkr oğlunun əlində ev tikmək, imarət salmaq bilirsən ki, su içmək kimi bir işdi?.. Axı bunu sən məndən yaxşı bilirsən, möhtərəm memar! Hatib ibn Mübarəkin son sözlərindəki kinayəni Məsud ibn Əbutahir açıq-aşkar hiss etsə də, üstün vurmadı. Onun etiraz etmədiyini görən baş şeyx isə daha açıq danışmağı lazım bildi: – Bilirsən Qureyşi aqilləri bir də nə deyiblər?.. Deyiblər ki, əl qisas bil qisas¹ ...Hatib ibn Mübarək dediklərini bu dəfə tərcümə etmədi, çünki həmin kəlamları bir dəfə də demişdi, indi onu Məsud ibn Əbutahirin təzədən yadına salırdı.
– Bildin?
– Bildim! – Məsud ibn Əbutahirin sifətində birdən müəmmalı ümid işığı peyda oldu. Bunu özü görüb hiss etməsə də, Hatib ibn Mübarək həm gördü, həm də hiss etdi. Elə buna görə də ötkəm səslə dedi:
– İndi ki bildin, gedə bilərsən...
¹ İntiqama intiqam lazımdır (ərəb.)
– Baş üstə.
– Bir də bu qapını bildiyinə əməl edəndən sonra açarsan. – Darvazanı göstərdi. – Bunu da bildin?
– Bəli...
Hatib ibn Mübarək bürdəsinin ətəklərini bir az yuxarı dartıb həyətdəki səkinin pillələrini qalxdı və otağa keçib qapını örtdü...
* * *
Şəhdigülün ölümü Əcəmiyə bərk təsir etmişdi. Ona get-gedə tam agah olurdu ki, burada nə isə gizli bir əl var. Sadə, ürəyiaçıq kəndli qızı kiminsə qəsdinə düçar olmuşdu. Həm Şəhdigülün səksəkəli keçən son günləri, həm Zəhranın sözlü adama oxşaması, həm də qonşuları Xədicə arvadın Əcəmini görən kimi elə bil qəsdən Becanlı məhəlləsinin cadugari Hində qarının qarasınca deyinməsi, onu yamanlaması Əcəminin şübhələrini daha da artırmışdı. Hələ qonşu övrətlərdən adda-budda eşidib fikir vermədiyi sözlər də yaddaşında təzələnirdi:
– Becanlı Hində qarı istəsə öküzü də doğuzdura bilər...
– O imanı yanmış cadugər Hindəni buralara dadandırana, qızım...
Ancaq gec idi, çox gec...
Şəhdigül artıq yox idi...
Elə bil həyətə qonmuş bir quş idi, birdən uçub getdi...
Elə bil qayanın altından çıxan bir bulaq idi, birdən çağladı, birdən də qurudu...
Elə bil gözəl bir mahnı idi, oxundu, axıra çatmamış birdən kəsildi...
Əcəmi bunları fikirləşə-fikirləşə gah burda, gah orda oturur, gah otağa girir, gah həyətə çıxırdı...
Səndəl ağacını nə vaxt əlinə aldığının, nə vaxt qurşağına taxdığının da fərqinə varmadı... Ürəyində yığın-yığın giley-güzar keçirdi: “Görəsən, məni kim qarğıdı? Gətirmir mənimki ömür-gün sirdaşı sarıdan... Birincisi elə, ikincisi də belə... Darıxıram, yaman darıxıram. Təkid eləyib şəhərdən çıxmağıma mütləq bir neçə günlüyə razılıq almalıyam...”
Əli də işdən soyumuşdu. Abidənin günbəzinin tamamlanma işləri yubanırdı. İşə bir gün gələndə iki gün gəlmirdi... Belə vaxtlarda nasaz olduğunu bəhanə edib öz komasına çəkilir, ürəyinə dolan dərdi-səri ilə əlləşirdi...
İşin ləngiməsindən sarayda da bir nigarançılıq yaranmışdı. Buna baxmayaraq şəhərə varid olan Cahan Pəhləvanın təkidilə abidənin açılışına ciddi hazırlıq aparılırdı, ətrafı abadlaşdırılır, saraydan ora qədər uzanan yolla çaylaq daşları düzülür, xüsusi ləklərə Ədilağa gölünün ətrafından kəsilib gətirilən yaşıl çimlər döşənirdi...
Saraydan gümbəzin tamamlama işlərini tezliklə qurtarmaq barədə mütəmadi sifarişlər alınırdı.
Rəis xəbər göndərdi: “Abidənin qalan işləri bir həftəyə tamamlanmalıdır...”
Baş şeyxin adından deyirdilər: “Beş-on günə Bağdada gedəcəyəm, qoy işi təcili qurtarsın...”
Hökmdar hökm edirdi: “Əbubəkr oğluna deyin ki, Mömünə xatun ananın abidəsinin açılışını bu ayın son pəncşənbə gününə təyin etmək niyyətindəyəm... Axır sözü nədi, saraya bildirsin...”
Əcəmi yenə işə çıxmamışdı, evdə idi. Sübh durub ac-susuz həyətdə qurdalanırdı. Qış yuxusundan təzə-təzə ayılan ağacların artıq-urluq budaqlarını bir az daradı, payızda göyərti əkdiyi bir-iki ləki qaydaya saldı, gecələr boş vaxtlarında iydə şillərindən, nazik qamışlardan toxuduğu səvərələri gətirib ağacların budaqlarına keçirdi, daşdan yonduğu fiqurların yerini dəyişib sahmanladı...
Birdən ayağına qart keçi dərisindən toxunan sicim dolaşdı. İki-üç qat eləyib ağacın haçasına atdı. Sonra keçib tut ağacının altındakı kötüyün üstündə oturdu. Kürəyini ağaca söykəyib gözlərini yumdu. Yuman kimi də Şəhdigülün məsum siması gəlib gözləri önündə dayandı. Onun belə günləri çox olurdu, Şəhdigülün qəbrinə baş çəkəcəyi günləri də yadından çıxarmırdı. Nə vaxt ki, qəbiristanlığa gedirdi, elə bil qəbirdən niskilli bir səs gəlirdi:
– Görürsən, ha budu, təklik nə böyük bəladı, Əcəmi?..
– Görürəm, Şəhdi... Görünür taleyimiz belə imiş...
– Tale bizə, ha budu, çox amansız hökm yazdı, Əcəmi...
– Qəzavü-qədərdən qaçıb yaxa qurtarmaq olmaz, Şəhdi...
– Gərək elə qəzavü-qədər bu müsibəti bizim başımıza açaydı?.. Ha budu, axı birini bilir, birini bilmirsən...
* * *
Əcəmi arxası darvaza qapısına tərəf oturmuşdu. Buna görə də darvazanı kimin açdığını görmədi. Səs eşidən kimi ona elə gəldi ki, yenə Cəmildir. Gəlib ki, onun damarından tutub işi aparmağa həvəsləndirsin. Ancaq ehtiyatı əldən verməyib fikirli-fikirli xəbər aldı:
Kimsən... gələn?..
Cavab bir az ləngidi.
– Əcələm...
Cavab vermənin səsi elə bil həqiqətən o dünyadan gəldi. Ötkəm olsa da çox boğuq idi. Əcəmi macal tapıb ayağa qalxmamış onun sinəsindən keçib kürəyini tut ağacına sıxdı. Ona qəsd etmək istəyən cəld tərpənib sicimi bir neçə dəfə onun bədəninə sarıdı, qollarını burub ipin altına keçir, düyünlədi və onun qənşərinə keçib xəncəri çənəsinin altından boğazına dirədi. Əcəmi nə qədər təlaş eləsə də özünü bu dəfə qəfil basqından xilas edə bilmədi. Əlacsız qalıb başına açılacaq həngaməni çox soyuqqanlıqla gözlədi və qəsdin icraçısını tanıyan kimi laqeyd-laqeyd gülümsəyib dedi:
Kitabxana.az · https://kitabxana.az/en/works/huseyn-ibrahimov-esrin-onda-biri-el-qisas-bil-qisas
Use ← → keys to move, R for a random poem
More by this author
Karmasın vuruşundakı qələbədən sonra Cahan Pəhləvan döyüşdə igidlik göstərdikləri üçün məlik Nurəddin Qaraya, Cəmaləldin Ayəbəya, Cəmaləddin Özəbaya özünün xas naxırından seçmə atlar bağışladı, onların xanədan qarşısındakı xidmətlərini xüsusi fərmanla qeyd etdi və Sədəddin Əsədə tapşırdı ki, həmin fərmanın surətini məlumat üçün bütün məliklərə göndərsin.– O ki qaldı, mənnən sənə-deyə vəzirə ürək-dirək verib könlünü aldı. – biz Eldəgəzlər dövlətinə nə muzdu, nə də ənam almaq üçün xidmət etmirik... Daha dürüst desək, ikimizin də buna heç vaxt ehtiyacımız olmayıb və olmayacaq da...
Saray ehsanıAtabəylər meydanında qələbəlik başlamışdı. Şəhər əhli və yaxın kəndlərin adamları dəstə-dəstə axışıb gəlmişdi. Qoşun dəstələrinin əsgərlərindən xüsusi mühafizlər olmasaydı şəhristanın darvazalarında qarışqa kimi qaynaşan camaatın qarşısını saxlamaq olmazdı.Xüsusi atlı qulamlar küçələrdə car çəkirdilər ki, asayişi pozmayın belə əziz gündə. Möminə xatun abidəsinin açılış günündə, Eldəgəzlər xanədanının ünvanına xüsusi xütbələr oxunacaq gündə, sarayın verəcəyi ümumşəhər ehsanı günündə şuluqluq salmayın, məscidlər də gedib dua oxuyun, allaha ibadət edin, günorta namazından sonra ehsana təşrif gətirib təam alın... Onu da bilin ki, Möminə xatun abidəsinin açılışına başqa yerlərdən də qonaqlar dəvət olunublar: Qaraxitaydan, Şirvandan, Xarəzmdən... gələnlər var. Atabəy Cahan Pəhləvanla səmimi dostluq edən Xarəzmşah Təkiş də gəlmişdir... Hətta xilafətin nümayəndəsi də bugünkü mərasimdə iştirak etmək üçün Bağdaddan Həmədana, Həmədandan da hökmdara, Qızıl Arslanla vəliəhdlərlə birlikdə Naxçıvana təşrif gətirmişdir...
Göydən yerə enmiş SüheylŞəhərdə hamı Atabəylər meydanında bina olunan abidədən danışırdı. Rəsmi açılışdan sonra verilən fərmana əsasən onun ətrafında xüsusi mühafizlər gecə-gündüz növbə çəkirdilər. Abidəni qara rəngə boyanmış Təbriz ipəyi içərisində saxlayırdılar.Ancaq çoxlarına elə gəlirdi ki, bu nəhəng qara örpəyin içərisində bəzəkli bir gəlin dayanıb, işıqlı bir dünya bərqərar olub, nadir bir istedad sahibinin böyük, yenilməz ürəyi döyünür. Bu gün o, pünhan görünsə də, sabah mütləq aşkar olunacaq... Ayın hüsnünü həmişə bulud tutmaz, qızıl həmişə gizli qalmaz, su həmişə qaya altında yatıb qalmaz. Ay bir gün doğmalıdır, qızıl aşkar olub parlamalıdır, su bir gün üzə çıxıb çağlamalıdır...
Naməlum süvarilərVəzir çox narahat idi. Yerində otura bilmirdi. Gah eşiyə çıxıb içəriyə qayıdır, gah pəncərələri məğribə açılan iş otağını ölçür, Ədilağa gölünə, Araza baxır, gah da kürsüdə əyləşib “Afərinnamə”ni əsəbi-əsəbi sağa-sola vərəqləyirdi. Vərəqlədikcə də öz-özünə deyinirdi: “Elə siz baş sındırın, riyazi qanunlar kəşf edin, göylərin sirrilə əlləşin, həyatda düzlüyün, doğruluğun labüdlüyündən yazın... Bəs dediyiniz ölçü, ədalət, vicdan hanı? Birdən səsini ucaldıb:– Yoxdur, yalandır! dedi ixtiyar vəzir. – İnsan çox mürəkkəb məxluqdur. Onun əməlindən, felindən baş açmaq olmur. Ələlxüsus...
Poems by other poets
Bir qulaq ver mənə, ey sahibi-əqla və şüura,Gözün aç, seyr elə bu aləmi dəhra və dühura,
Qəm çəkmə, bülbülüm, güli-xəndan bizimkidirQəm çəkmə, bülbülüm, güli-xəndan bizimkidir,Gəldi bahar fəsli, gülüstan bizimkidir!
AğlaramKeçən günü ay gül yüzlü dilbərim,Yadə salıb vallah yarım ağlaram,
BilməzəmSəbrim tükəndi, möhnətə qatlana bilməzəmSu başdan aşdı, eşq oduna yanə bilməzəm.