Atabəylər meydanında qələbəlik başlamışdı. Şəhər əhli və yaxın kəndlərin adamları dəstə-dəstə axışıb gəlmişdi. Qoşun dəstələrinin əsgərlərindən xüsusi mühafizlər olmasaydı şəhristanın darvazalarında qarışqa kimi qaynaşan camaatın qarşısını saxlamaq olmazdı.

Xüsusi atlı qulamlar küçələrdə car çəkirdilər ki, asayişi pozmayın belə əziz gündə. Möminə xatun abidəsinin açılış günündə, Eldəgəzlər xanədanının ünvanına xüsusi xütbələr oxunacaq gündə, sarayın verəcəyi ümumşəhər ehsanı günündə şuluqluq salmayın, məscidlər də gedib dua oxuyun, allaha ibadət edin, günorta namazından sonra ehsana təşrif gətirib təam alın... Onu da bilin ki, Möminə xatun abidəsinin açılışına başqa yerlərdən də qonaqlar dəvət olunublar: Qaraxitaydan, Şirvandan, Xarəzmdən... gələnlər var. Atabəy Cahan Pəhləvanla səmimi dostluq edən Xarəzmşah Təkiş də gəlmişdir... Hətta xilafətin nümayəndəsi də bugünkü mərasimdə iştirak etmək üçün Bağdaddan Həmədana, Həmədandan da hökmdara, Qızıl Arslanla vəliəhdlərlə birlikdə Naxçıvana təşrif gətirmişdir...

Meydanın baş tərəfindən ayrılmış xüsusi yerləri dövlət xidmətçiləri – mahalların başçıları, məliklər, naiblər, kənd sahibkarları, darğalar, sərbazlar tutmuşdular. Başqa bir tərəfdə isə əhli-ürfan-alimlər, ədiblər əyləşmişdilər.

Carçılar boğazlarını yırtsalar da, hərə öz işində idi. Şəhər əhli gah bu məscidə girir, gah o karvansaraya soxulurdu. Ətraf kəndlərdən gələnlər, rəbatlardan özlərini ora-bura dürtənlər ya aşkar, ya gizli Atabəylər meydanını, girməyə, adını eşidib üzünü görmədikləri yeni sərdabəyə baxmağa tələsirdilər. Meydanda Əcəmi külliyyəsinin¹ ilk binaları

¹ Kompleks dövlətxana, Came məscidi sərdabəni araya aldıqları üçün kənardan görmək olmurdu. Bir də hardan görə bilərdilər? Sarayın əmri ilə onun özünü qara, yaşıl və qırmızı Təbriz ipəyindən şırım-şırım örtüklər çəkilmişdi... Qara-matəm rəmzi, qırmızı Azərbaycanın qılınc nişanlı bayrağının rəmzi idi. Xəlifə ən-Nasirin nümayəndəsinin təşrif gətirəyəcəyini eşidəndən sonra isə əlavə olunan yaşıl rəng də İslamın rəmzi idi...

Came məscidinə şəhərin hörmətli sahibi-mənsur şəxsləri – alimləri, ədibləri başqa ziyalıları dəvət olunmuşdular. Şəhərin məhəllərindəki məscid və mehrablardan fərqli olaraq mərhum Möminə xatunun adına oxunacaq rəhmət duasını baş şeyx Hatib ibn Mübarək öz üzərinə götürmüşdü, salavat çevirməyi isə müridlərinə tapşırmışdı.

Bir azdan sonra minarələrin şərəfələrinə qalxan müəzzinlərin əzan səsləri ucaldı, dindarlar günorta namazını qılıb başa çatdırdılar. Camenin baş tağlarının yanlarında müridlər sıraya düzülüb Hatib ibn Mübarəkin məsciddən çıxmasını gözlədilər.

...Başdan – ayağa qara geyinmiş hökmdar ailəsi sarayın giriş qapısından çıxıb sakit addımlarla abidəyə tərəf gəlməyə başladı. Saraydan abidənin gündoğar tərəfinə qurulan qara ipək qəməriyyələrə¹ qədər olan yola payəndazlar döşənmişdi. Müxtəlif rəngli payəndazların üstü ilə yavaş-yavaş fikirli-fikirli yeriyən Cahan Pəhləvanın rəngi xeyli avazamışdı, sifətində almacıqlar qabarıq görünürdü, üstəlik, əvvəlki sərtlik də yarıbayarı azalmışdı. Uca qəməti əyilmişdi. Söz-söhbət gəzirdi ki, saray sahibi xəstədir... Cavankən sətəlcəm olub... O vaxtdan da üstündə qalan xəstəlik yaşa dolduqca şiddətlənirdi. Hələ onu da danışırdılar ki, hökmdar indi heç kimə inanmır, o cümlədən, öz təbibi-xinkarına da. Buna görə əcnəbi təbib çağırıblar, o da baxandan sonra deyib ki, bimari-rəncürdür²...

Hökmdarın ailə üzvləri öz yerlərini tutandan sonra belində qızıl kəmər, əlində xüsusi sinan gəzdirən bir neçə yaraqlı-yasaqlı mühafiz qulam çiyinlərində qızıl əmut tutan bir neçə əsgərlərlə birlikdə gəlib onların keşiyini çəkmək üçün əvvəlcədən müəyyən edilmiş yerlərində farağat dayandılar. Hökmdar ailəsi rahatlanandan sonra divanxanadan qonaqları müşayiət edib gətirdilər. Təbriz hakimi Qızıl Arslanın başçılıq etdiyi qonaqlar gəlib xüsusi qəməriyyənin altına düzülən kürsülərdə əyləşdilər.

¹ Üstü örtülü, yanları açıq çadır

² Sağalmayan xəstəlik

Hatib ibn Mübarək onların rahatlandığını görcək özü sərdabənin önündə düzəldilmiş minbərə oxşar kürsüyə çıxdı.

– Ey əşrəfi-əla, cahani-pənah!.. Ey əyani-əşrəf və əhli-ürfan!.. Ey pirlər və fanili-muxtarlar və əhli nəqşi-cahan! – dedi, meydanın sağına, soluna, aşağısına, yuxarısına nəzər yetirəndən sonra ucadan ərəb dilində rəhmət duası oxudu. Onun dediklərini müridlərin xüsusi dəstəsi təkrar etdi. Baş şeyx öz sözlərini bu kəlamlarla bitirdi.

– İrz və namus ilahəsi, ləyaqət və şərafət mələkəsi, xeyirxahlıq və müridlik anası, axirət dərgahın daim nurla dolsun, ruhun daim cənnətdə dolaşsın, süfrəni mələklər daim Zəmzəmin kənarında açsınlar. Ey mərhum hökmdarın mərhum mələkəsi, Allah sənə yüz rəhmət, min rəhmət əta etsin! Rəhmət əta etsin! Rəhmət, yenə də rəhmət!

Meydandakılar təkrar etdilər:

– Rəhmət, rəhmət!

Toplaşanlardan yenə səs ucaldı:

– Yüz rəhmət, min rəhmət!..

Baş şeyxin səsinə səs verənlər, dediklərini təkrar edənlər meydanın günbatan tərəfinə döşənmiş xalçaların üstündə gah əyləşir, gah əllərini saqqallarına çəkib salavat çevirir, gah da ayağa durub şəhadət barmaqlarını qulaqlarına tıxayaraq sonsuz, dibi görünməyən möcüzəli göylərə baxır və öz-özlərinə nəsə pıçıldayırdılar...

Rəhmət duası sona yetən kimi əllərində batgir içində yanan qızıl şamlar tutmuş came xidmətçilərindən bir neçəsi Hatib ibn Mübarəkin işarəsi ilə pillələri enib abidənin aşağı hissəsinə düşdülər. Möminə xatun ana əbədi yuxuya gedəndən sonra burada uyuyurdu. Onun qara ipəyin içərisinə alınmış mərmər sənduqəsinin ətrafındakı şamları yandırdılar, yenə dua oxuyub təzədən qayıtdılar.

...Şəhər əhli, kənd camaatı bu müddətdə meydanın kənarlarında sıraya düzülüb əmniyyəti təmin etmək üçün dayanan qoşun hissələrinin əsgərləri ilə çənə-boğazda idilər... Hər kəs qabağa soxulmağa tələsir, meydanın geniş sahəsinə toxunan müxtəlif rəngli, müxtəlif ölçülü karbidların, qamışdan toxunan payəndazların üstündə özünə yer tapmağa can atırdı. Oradan həm sərdabəni apaydın görmək olardı, həm də verilən saray ehsanın rahat almaq.

Əcəmi bir kənarda, əvvəlcədən onlar üçün ayrılmış xüsusi yerdə dayanmışdı, yanında da dostu Cəmil. Ürəyinin dərinliyindən bir səs gəlirdi: “Kaş anam Badisəba da, Şəhdigül də sağ olub bu günü görəydilər...”

Cəmil isə fikirləşirdi ki, dostu yaratdığı bu sərdabə ilə adını tarixlərə həkk elədi, nəslini bütün Şərqdə, İslam aləminə tanıtdı, doğma yurdunun, el-obasının şöhrətini artırdı... Naxçıvana əlavə bir naxış vurdu, özü də elə ustalıqla, elə məharətlə vurdu ki, həmin naxışların həm özü pozulmazdı, həm də ustadının adına pozulmazlıq gətirdi, Naxçıvanı “nəqşi-cahana” döndərdi...

Atabəylər meydanı ətrafında dayanan şəhər əhlinin, kəndlərdən gələn adamların, dilənçilərin səs-küyü getdikcə çoxalırdı...

Əcəmi isə xəyala getmişdi. Ona agah oldu ki, abidəyə baxmağa həvəs göstərənlər saray ehsanına tələsənlərdən azdır...

Baş ülya mələkə İnanc xatunun üz-gözünü turşudub öz-özünə donquldanmasına baxmayaraq hökmdarın işarəsi ilə Mahmud və Əmir əmiran kürsülərindən qalxıb abidəyə yaxınlaşdılar.

Bir az aralıda əyləşən Zahidə xatun əyilib qızı Cəlaliyyənin qulağına nə isə pıçıldadı. Balaca xatun özünü güclə gülməkdən saxlaya bildi... Kütaybə xatun isə dərindən köks ötürdü və ürəyindən keçirdi ki, əri səhv eləyib, gərək İnanc xatunu gətirməyəydi... Nə olar baş mələkə olanda...

Hatib ibn Mübarək qalxıb ucadan fatə verdi və əzana keçən kimi Mahmudla Əmir əmiran abidənin başına hərlənə-hərlənə müridlərin dedikləri yerdən ipək ipləri doğradılar, sarayın xidmətçi qadınlardan bir neçəsi doğranan ipləri yığıb, abidənin üstündə boyaboy aşağı sallanan qara, yaşıl, qırmızı iplərin ətəyindən ehmal-ehmal dartdılar. İpək parçalar çin-çin olub abidənin kitabələri ilə üzüaşağı yerə tərəf sürüşdü.

Hamı heyran-heyran tikiliyə baxırdı, çoxuna elə gəlirdi ki, uca bir qayadan qara, yaşıl, qırmızı şəlalə axır. Əcəmiyə elə gəlirdi ki, yaşıl çəmənlikdə ayaqları altında qırmızı-qaralı lalələr tökülmüş qədd-qamətli, bərli-bəzəkli bir gəlin dayanıb. Ürəyi qürurla döyündü, sevincdən gözləri yaşardı.

Birdən anası Badisəbanın neçə-neçə il bundan əvvəl dediyi sözləri xatırladı. “Sən bir ana xatirəsini əbədiləşdirirsən oğul... Çalış əlindən yaxşı iş çıxsın. Mən sənə inanıram, Əcəmi...”

Abidəyə heyran-heyran bir də baxdı, gedib onu qucaqlamaq, sifətini kitabələrə sürtmək istədi. Özündən asılı olmayaraq yanlara açılan əllərini Cəmilin boynuna doladı. Cəmil də onu qucaqladı, üzündən öpdü. İki damla yaş yanaqlarına düşüb aşağı yuvarlandı. Qəhərlənə-qəhərlənə dedi:

– Badisəba ananın südü sənə halal olsun, Əcəmi!..

Abidəyə baxan qonaqların nəzəri isə hökmdara tərəf çevrildi. Bu baxışlarda abidənin bina olunmasına fərman verən Eldəgəzlər xanədanına, onun hakiminə dərin minnətdarlıq hissləri duyulurdu.

Qonaqların hərəkətlərinə, danışıqlarına diqqət yetirən Cəmil ürəyində düşünürdü: “Eh dünyanın da qəribə işləri var. Çox vaxt iş görən unudulur, iş gördürən yada düşür. O ki, qaldı sənə, dahisən, Əcəmi!.. Dahilərinsə qədər-qiyməti sağlığında az bilinir. Sən özünə öz-əlinlə, öz istedadınla, öz gücünlə elə bir dahilik qazanmısan ki, buna hökmdarlar da həsəd aparacaqlar...”

Qara, yaşıl, qırmızı pərdələr abidənin kitabələrindən sürüşüb onların yanlarına töküləndən, hökmdarın oğlanları qayıdıb öz yerlərini tutandan sonra baş şeyx xəlifə ən-Nasirin, Şəmsəddin Eldəgəzin, Cahan Pəhləvanın adlarına dua oxudu. Dua bitən kimi hökmdarın ailə üzvləri də, qonaqlar da ayaq qalxdılar, salavat çevirdilər. Cahan Pəhləvanın dəvəti ilə onlar sarayın rəsmi qəbul sarayına getdilər...

Atabəylər meydanında qələbəlik azalanda qoca kuzəçi ilə Məcusi özlərini Təbriz darvazasından şəhristana necə salmışdılarsa Əcəmi özü də bilmədi, Dərgah kişi qanadlarını zorla yanlara gərən qollarını gendən gen açıb onun üstünə yeridi. Çatan kimi Əcəmini bağrına basdı.

– Qardaşoğlu, – qəhər qocanı boğdu, – inan ki! şadlığımdan bilmirəm nə eləyim... Sən çox böyük, xeyirxah bir iş görmüsən... Əllərin var olsun! Tikən, quran, yaradan qalacaq bu yer üzündə... – Qoca kuzəçi Əcəminin çox sevdiyi, hərdənbir zümzümə etdiyi bayatını özünə məxsus bir ləhcə ilə ucadan dedi: “Əzizim, bizim qala, həmişə bizim qala. Tikmədim özüm qalam, tikdim ki, izim qala...” Sənin izin qaldı yer üzündə, qardaşoğlu!..

Məcusi isə Əcəminin əllərini yekə ovucları içərisinə alıb buraxmaq istəmirdi.

– Ulu yaradan bundan sonra da sənin gözlərinə bol-bol işıq, qollarına bol-bol qüvvət versin... Günəş üstünə bol-bol nur ələsin, qardaş! Sənin bu əməlin... – Yana çevrilib abidəyə bir də heyran-heyran baxdı, – vergidi, inan ki vergidi.

– Qardaşoğlu, – qoca kuzəçi həyəcanlandı. – Daha sənə qardaşoğlu deməyə dilim gəlmir... əcəl aman versə, bundan sonra sənə ustad Əcəmi deyəcəyəm...

Gülüşdülər, yenidən qucaqlaşdılar.

– Nə deyirsən, – de, amma Dərgah kişi üçün elə qardaşoğluyam, vəssalam!

Qoca kuzəçi birdən doluxsundu, qəhərini boğa-boğa:

Heyf! – dedi. – Heyf ki, sənin bu şad günündə Mustafa aramızda yoxdur. Sənin əməllərini eşidəndə rəhmətlik az qalırdı qanadlanıb uçsun. Sərrafi-şüxən¹ idi... Nə etmək olar, görünür bu dünyada torpaq qızıldan vəfalıdı. Rəhmətlik qızılla oynaya-oynaya köçüb getdi, amma torpaqla palçıqla eşələnən bu cahandidə Dərgah kişinin nəfəsi hələ gedib gəlir...

Zərgər Mustafaya hər üçü rəhmət oxudu...

Bu vaxt ehsan qazanlarının ağzı açıldı. Atabəylər meydanına buraxılan camaatın ilk dəstələr karbidların, payəndazların üstündə açılmış ədim² süfrələrin başında bardaş qurub oturdular, intizar dolu gözlərini xörəkpaylayan saray xidmətçilərinə dikdilər. Xüsusi xidmətçilər yanlarına Quran ayələri həkk olunmuş böyük sinilərə çəkilən ehsan xörəyini süfrələrə düzməyə başladılar.

Cəmil camaata baxa-baxa başını buladı, sonra qayğılı gözlərini bir də abidənin kitabələrində gəzdirdi.

– Hə, gedək ustad! – deyə Əcəminin qoluna girdi. – Səhər gələndə ağ erkəyi sənə qurban kəsmişəm. Zəhra ürəyin istəyən plov bişirib, sədri düyüsündən...

– Cəmil...

– Dünya xali deyil, – Əcəmi! – Cəmil onun hisslərini duyub sözünü kəsdi. – Bu gün bizim ürəkdən gülən günümüzdü...

...Onlar Atabəylər meydanından çıxanda əmniyyət dəstəsi camenin baş tağının yanındakı darvazasından camaatın şəhristana daxil olmaq istəyən yeni dəstələrinə ehsan yeməyinə oturmağa razılıq verirdilər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Əsrin onda biri

Cahan Pəhləvan alnını sol ovcunun içinə qoyub fikrə getmişdi. Bu, hökmdar üçün artıq bir adət halına keçmişdi. O, belə dərin fikrə gedəndə nə barədəsə sərt bir tədbir görəcəyini, yaxud fərman verəcəyini kəsdirirdi.Qulam içəri girdi və adəti üzrə dinmədi, qəbul otağının aşağısında dayanıb hökmdarın dərin düşüncələrdən nə vaxt ayrılacağını gözlədi. Elə bu vaxt hardansa dəvə karvanının son zınqırov səsləri eşidildi. Görünür, tacirlər Naxçıvan düzündən kifayət qədər yük götürmüş dəvələrini yenə şəhərin içərisinə sürüb culfa yoluna çıxarırdılar. Cahan Pəhləvan bu səsi eşidən kimi alnını ovucunun içərisindən götürdü. Bundan istifadə edən qulam tez baş endirdi və:

11 min
Analar kövrək olurlar

– Olar?– Buyurun, buyurun... həmişə siz gələsiz. Mənim bacımın əhvalı necədir? – Əcəmi əl verib Cəmillə görüşə-görüşə Zəhra ilə salamlaşdı, onun kefini xəbər aldı, hal-əhval tutub qızları soruşdu.

11 min
Ovda

Cahan Pəhləvan bu dəfə ova az adamla çıxmışdı. Məqsədi son vaxtlarda hiss etdiyi baş ağrılarını yüngülləşdirmək, dağ havası ilə nəfəs almaq, sarayın dedi-qodularından uzaqlaşmaq, Həmədandan gələn bəd xəbərləri bir günlüyə də olsa unutmaq idi.Sədəddin Əsəd hökmdarın niyyətindən xəbər tutan kimi ona Əlincə tərəflərə getməyi məsləhət bilmişdi. Bu yerlərin təmiz havasından, sərin bulaqlarından, müxtəlif rəngə çalan dağlarından bildiklərini, eşitdiklərini təkrar-təkrar nəql edəndən sonra “Əlincə qələsinə bir də baxarsız, bəlkə sizin razılığınızla gələcəkdə beytülmalı oradan köçürməli olduq” demişdi.

18 min
Balaca xatun

Cahan Pəhləvan ovda yorulduğu üçün otağına çəkilib yuxuya getmişdi. Hələ ortada Əli Şimşəyi yuxuda da görmüşdü. Görmüşdü ki, bu dəfə çoban Eldar Bəhmənin oğlu ilə düzəngahlıqda üz-üzə gəlib bir-birinin üstünə qılınc qaldırmışlar... Vuruş qarşısında Əli Şimşəyin qılıncından yenə şimşəklər tökülür...Cahan Pəhləvan yuxulu-yuxulu nəsə danışdı və öz səsinə oyanıb böyrünü dəyişəndən sonra təzədən yuxuya getdi.

10 min

Poems by other poets