Ovda
Page 1 of 3
Cahan Pəhləvan bu dəfə ova az adamla çıxmışdı. Məqsədi son vaxtlarda hiss etdiyi baş ağrılarını yüngülləşdirmək, dağ havası ilə nəfəs almaq, sarayın dedi-qodularından uzaqlaşmaq, Həmədandan gələn bəd xəbərləri bir günlüyə də olsa unutmaq idi.
Sədəddin Əsəd hökmdarın niyyətindən xəbər tutan kimi ona Əlincə tərəflərə getməyi məsləhət bilmişdi. Bu yerlərin təmiz havasından, sərin bulaqlarından, müxtəlif rəngə çalan dağlarından bildiklərini, eşitdiklərini təkrar-təkrar nəql edəndən sonra “Əlincə qələsinə bir də baxarsız, bəlkə sizin razılığınızla gələcəkdə beytülmalı oradan köçürməli olduq” demişdi.
Cahan Pəhləvan da vəzirlə razılaşmış, sübh tezdən hələ Günəş öz camalını Elalnı dağının arxasından göstərməmiş özü vəzirin boz ayğırına minib qalan atlara da gündoğara tərəf sürməyi əmr etmişdi. Və tapşırmışdı ki, nə tula lazımdı, nə di qızılquş. Bu o demək idi ki, onların ovda boynuna düşən vəzifələrini ya nədim¹ icra edəcək, ya Xəlil, ya da onların özləri ilə götürdükləri iki nəfər cavan mühafiz. Sədəddin Əsəd hökmdarın belə bir bir heyətdə ova çıxmasını eşidəndə narahat olmuşdu. “Mən bu gün ova hökmdar kimi yox, ovçu kimi, Şəmsəddin kişinin oğlu Nüsrətəddin kimi gedirəm...” sözlərini eşidəndən sonra vəzir saray sahibinə heç bir etiraz etmədən evinə qayıtmışdı... Açıq havada, yayın ortaları olmasına baxmayaraq, yaşıllığını hələ hifz edib saxlamış otların üzərində əlvan bir xalça açılmışdı. Xalçanın üstünə döşəkçələr, üstünə döşəkçələr, balaca mütəkkələr düzülmüşdü. Yaxında çatılan mamırlı daş ocağa quru kötüklər qalanmışdı. Dəbir əti doğrayır, Xəlil şişlərə düzür, mühafizlər ocağa qulluq edir, nədim şişləri əlində tutub odun sönməsini gözləyirdi.
– Bir az becid ol, nədim... Kötüklər yandı, indicə közə düşəcək.
– Dəbir dilləndi.
– Düşən kimi, döşəyəcəm. – Nədim cavab verdi. – Qoy bir az da sönsün, yoxsa yandırarıq... Bilin ki, bu quzu Səlmas alması ilə bəslənən quzulardandı, gərək his tamam çəkilə, yoxsa hökmdarı inandıra bilmərik ki, quzu doğrudan almaynan bəslənib. Saray sahibini iştəhasına sən ki hamıdan çox bələdsən. Özün də bilirsən ki, onu aldatmaq olmaz, o hər şey ağzına vuran kimi təmini bilir. – Nədim Xəlilə göz vurub bic-bic güldü və ehtiyatı əldən verməyərək yaşıl dikdirə qalxıb oradan uzaqları – pəhləvanlar kimi çiyin-çiyinə verib nizamla dayanan dağları, topa-topa ağ buludlara bürünən açıq səmanı seyr edən Cahan Pəhləvana baxdı.
– Adə, az qaldın yandırasan ki, kababı! – Xəlil cəld əlini atıb şişləri ocağın üstündən götürdü, yerə salınmış xalçaya tərəf qaçdı.
– Əlahəzrəta kabablar hazırdı, soyuyar, təmini itirər! – Süfrəni açıb əlindəki şişləri ağ lavaşın içərisinə sivirdi. Sonra qaçıb yaxındakı bulaqdan şərab dolu ibrigi gətirdi, şəffaf mina çəkilmiş saxsı badələri süfrənin üstünə düzdü. – Bəh, bəh, nə hökmdar xörəyidi! Nə hökmdar şərabıdı!.. Səlmas alması ilə bəslənən quzu kababı, qəzzadı üzümündən hazırlanan şərab... Heyf ki, şərabı paylayan bir nazlı-qəmzəli...
¹ Hökmdarı ovda müşayiət edən saray xidmətçisi
– Dilini dinc qoy.
Bir diz böyrünə vuranda Xəlil cəld yana çevrildi, başını üstündə hökmdarı görəndə kiridi, buranın saraydakı darül eyş yox, Əlincə düzənliyinin bir çəmənliyi olduğunu xatırladı, vəziyyətdən tez çıxıb dilini işə saldı:
– Əlahəzrata, necə demişdinizsə süfrəni eləcə sadə açmışıq... Ovçu süfrəsi kimi, kəndlivari. – Xəlil səsini xüsusi bir ahəngə salaraq sonradan əlavə etdi: – Alimənsəbin hər bir hökmünə can-başla əməl etmək onun müti qulu olan bizim üçün həmişə şərəfdir. Bihəmdullah, adillik də sizdədir, bazillik də!..
Hökmdar onun mədhiyyəsinə əhəmiyyət vermədən soruşdu:
– Bəs onda bu badələr nəyə gərəkdi? – Süfrəyə düzülən badələri bir-bir götürüb uzağa, otların arasındakı daşlara tərəf tulladı. Badələr çilik-çilik olub ətrafa dağıldı. Nədim də, mühafizlər də diksinən kimi oldular. Çörəyə əl uzatmamış ortaya pərtliyin düşəcəyindən, hökmdarın əsəbiləşəcəyindən ehtiyat etdilər. Xəlil tez yerindən sıçrayıb yaxındakı qab-qacaq yığılan xurcunlara sarı sıçradı və əlində bir neçə saxsı badə geri qayıtdı:
– Əlahəzrəta, siz Allahın bəndəsi Xəlili o qədər də ehtiyatsız bilməyin... Mən həm şirli badə gətirmişəm, həm də saxsı... Axı rəvadırmı ki, aləm-pənah belə bir badəni...
– Bəri ver! – Cahan Pəhləvan saxsı badənin birini ondan alıb içərisinə şərab süzdü. – Bu başqa məsələ! Götürün içək! – İşarə edib kənarda farağat dayanan mühafizləri də yanına dəvət etdi. Mühafizlər bu gözlənilməz dəvətdən az qala özlərini itirdilər, əvvəlcə bir-birinə, sonra Dəbirə, Nədimə baxdılar. Dəbir işarə elədi ki, əmrə tabe olun və əyilib qulaqlarına pıçıldadı ki, özünüzü ədəb-ərkanlı aparın.
Xəlil yenə diliuzunluq etdi:
– Eldəgəzlər xanəndanın şərəfinə!..
– Ə, İsfahan lotusu, səhər saraydan çıxanda demədim ki, bu gün ova hökmdar kimi yox, Şəmsəddin kişinin oğlu Nüsrətəddin kimi gedirəm? – Cahan Pəhləvan yekə əli ilə onun başına bir qapaz saldı.
Gülüşdülər... Və tez də özlərin ələ alıb kiridilər.
– Dəbir bu gün danışmır? – Cahan Pəhləvanın səsində irad var idi...
Dəbir saray sahibinin eyhamını tez başa düşdü, özünü şən göstərməyə çalışaraq dedi:
– Möhtərəm və həşəmətli Şəmsəddin oğlu Nüsrətəddin... mən istərdim ki, bu ilk badələri sizin süfrənizin şərəfinə qaldıraq, qoy süfrəniz bizim bu Əlincə çölləri kimi ürəkaçan, bu yerlərin havası kimi təmiz olsun. Süfrənizin başında da, sarayda da, sədəlgahda da, üstəlik hərbigahda da həmişə yanınızda övladlarınızı, dostlarınızı görəsiniz.
– Bax, bu ayrı məsələ! Sağ ol, Dəbir! İçdik...
Hökmdarın buyruğuna görə sonrakı sağlıqları da dəbir dedi:
...Cahan Pəhləvan süfrəni yır-yığış etməyi Xəlilə tapşırandan sonra boy ayğıra tərəf getdi. Elə bu vaxt Əlincənin dikdirində bir ceyran görünüb qeyb oldu. Nədim çığırdı:
– Ceyran!
Cahan Pəhləvan bir göz qırpımında boz ayğırın belinə qalxdı və Əlincənin arxasındakı qayalıqlara tərəf çapdı. Axı saraydan çıxanda Zahidə xatuna demişdi ki, Cəlaliyyə üçün özü mütləq ceyran vurub gətirəcəkdi. Hələ sübh tezdən Əlincə düzlərinə qədər uzanan yollardan keçərkən, dərələr enərkən, gədiklərdən aşarkən ovladığı dovşanları, kəklikləri, turacları hesaba almayan Cahan Pəhləvan kamanla bircə ox götürüb dağlara dırmanan ceyranların dalınca düşdü. Bir azdan ceyranlardan biri sürüdən ayrılıb qarşıdakı gədiyə dırmandı və yox oldu.
Süvari isə əl çəkmədi... Dırmanıb enmək, enib dırmanmaq çox uzandı...
Boz ayğır da elə bil bu gün belində “adi ovçu” gəzdirdiyini hiss edir kimi yorulmaq bilmir, getdikcə qızışırdı. Sıldırım qayaların arasındakı dar keçidə çatanda qarşıdan at kişnərtisi eşidildi. Cahan Pəhləvan atın yüyənini çəkdi, boz ayğır əvvəlcə dartındı, sonra tabe olub dayandı. Qənşərində qızılı köhlənin üstündə bədəncə o qədər də gümrah olmayan iti baxışlı, sarışın bənizli bir süvarini görəndə nədənsə kefi pozuldu. Çox şax dayanan süvari qabağa düşüb dedi:
– Sən bizim bu dağlara xoş gəlmisən hökmdar!..
Cahan Pəhləvan razılıq etmək əvəzinə, bir az sərt və bir az da ötkəm səslə soruşdu:
– Sən kimsən?
– Mənim babalarım bu Əlincə düzlərində həmişə ilxı otarıblar, bu dağlarda naxır, qoyun-quzu bəsləyiblər.
– Yaxşı, bunu bildik... Bəs haradan bilirsən ki, mən hökmdaram. – Cahan Pəhləvan atın yüyənini özünə tərəf sıxdı, boz ayğır şahə qalxdı.
– Hökmdarı tanımaq, ona itaət etmək rəiyyətin borcudur. – Süvari də atını şahə qaldırdı.
– Rəiyyət axı qılınca qurşanmaz!
– Ehtiyat igidin yaraşığıdır.
– Bəs onda qalxanın hanı?
– Hökmdar, mən çox yaxşı bilirəm ki, qılınc nədən ötrüdür, qalxan nədən ötrü. Mənə hansı gərəkdir, onu da gözəl bilirəm. Kimə qılınc, kimə qalxan gərəkdir, ondan da başım çıxır... bil, agah ol, mənim qalxana heç vaxt ehtiyacım olmayıb... Atam deyərdi ki, qılınc əsil kişi əlində olanda qalxana ehtiyac qalmır. Cahan Pəhləvan onun səsindəki kinayəni, sifətindəki gizli rişxəndi dərhal başa düşdü, atın yüyənin yenə arxaya dartdı. Boz ayğır yenə şahə qalxdı. Süvarinin atı da hökmdar atının hərəkətlərini elə bil təkrar etdi, üstəlik, onun atının kişnərtisi sərt qayalara dəyib əks-səda verdi, əvvəlcə cingildədi, sonra bir uğultuya çevrilib tədriclə əriyib batdı. Bu, Cahan Pəhləvanın xoşuna gəlmədi. Niyə də gələydi, tanımadığı, ağlına gətirmədiyi bir kəndli qəfildən qabağını kəsib ona meydan oxuyurdu...
– Hökmdarın qabağını kəsməkdə məramın nədir?
– Təzə hökmdarla tanış olmaq istəyirəm... ona bir-iki kəlmə kişi sözü demək üçün! – Süvarinin “kişi sözü” atının kişnərtisindən də güclü əks-səda verdi. Cahan Pəhləvana elə gəldi ki, bu – iki kəlməni bütün qayalar, dərələr təkrar etdi. Elə bu anda ova tək çıxmağı ona rəva görməyən vəzirə ürəyində haqq qazandırdı.
Kitabxana.az · https://kitabxana.az/en/works/huseyn-ibrahimov-esrin-onda-biri-ovda
Use ← → keys to move, R for a random poem
More by this author
Cahan Pəhləvan şəhərin rəisi ilə uzun-uzadı söhbətinə yekun vurub dedi:– Hər halda, mən deyənləri xatirində saxlamağa dərrakən çatar... Əgər hafizənə etibarın yoxsa mən Naxçıvanı tərk edəndən sonra dediklərimi bu da təkrar-təkrar sənin yadına salar, – çiyini üstündən dönüb dəbirə baxdı və dediklərini yazmağa onu hazır görüb sözünə davam etdi: – Bu başdan deyim ki, Naxçıvanı hələlik tərk etmək fikrində deyiləm, amma vəziyyət elə bir məqam gəlib çatıb ki, mən qoşunun az hissəsini burada qoyub, çoxuynan Həmədana hərəkət etməliyəm. Oradan da Təbrizə... Doğrudur, mən Həmədanı hələ ki, rəsmən Eldəgəzlər dövlətinin paytəxti elan etməmişəm, amma vəziyyətdən asılı olaraq gah ordan, gah burdan hakimliyimi icra etmək niyyətindəyəm... Bütün bunlara baxmayaraq, Naxçıvan Eldəgəzlər xanədanı baş şəhəri olaraq qalır. Buna görə baş şəhərin rəisi də öz vəzifəsini vaxtında icra etməli, sərvaxt olmalıdır. – Bir an fikrə getdi, topa saqqalına bir neçə dəfə təh verəndən sonra dəbirə baxıb dedi: – Yaz... Əvvəlinci tapşırığım, daha doğrusu, hökmüm: Xanədana baxan kəndlərin hamısından toplanası taxıl axırıncı batmanın kimi yığılmalıdır. Keçən illərin borcunu da hər bir kəndli ödəməlidir. Bilirsən ki, taxılın onda biri dövlətə çatır, amma ötən il heç on beşdə biri də anbarlara gəlməyib. Gələn il quraqlıq gözlənilir. Qış sərt keçməyib...dağlarda qar yoxdur... çaylarda su azdır... Onu da kənd əhlinə başa salmaq gərəkdir ki, taxıl vergisinə heç vaxt güzəşt olmayıb, olmayacaq. Və bu barədə atabəy-əzəm hələ sağlığında xüsusi fərman sadır etmişdir və mən o fərmanı heç vaxt ləğv etmək niyyətində deyiləm. Çünki çörək ölüm – dirim məsələsidir... Dövləti, ölkəni çörəksizlik nüfuzdan salar, kişini çörəksizlik cayiiz edər. Həm də ac qılınca çapar deyiblər ha!.. – Cahan Pəhləvanın eyhamını deyəsən rəis başa düşdü. Başını mənalı-mənalı silkələyib dəbirə baxdı.
Dərban və mühafiz (yay söhbəti)– Ə, nətərsən, ə?– Necə olacağam? Demək olar ki, pisdən pis!
Yurdun qədim məkanlarından biriCahan Pəhləvan Təbrizə girmədi, hava isti olduğu üçün gecəni yol gələn qoşuna sübh tezdən əmr verib Ruindəj qalasının ətrafındakı düzənlikdə əyləndirdi.Az vaxt ərzində çadırlar quruldu, atlar yançidar olundu, başlarına torba keçirilib örüşə buraxıldı. Ocaqlar qurulub qazanlar asıldı. Qoşuna səhər yeməyi üçün dinclik verildi.
MəsciddəNaxçıvana saraydan mürasilə gəlməsə də, Əcəmi Cahan Pəhləvanın Təbriz hakimi üzərindəki qələbəsindən xəbər tutmuşdu və bunu Azərşəhrdən gəlib Çuxur Sədə gedən elə bir adam danışmışdı ki, ona inanmaq olardı. Bu xəbər qan tökməyin, dava-dalaşın düşməni olan, sakit təbiətli memarda xoş bir sevinc doğurmuşdu.Evdə otura bilmədi, küçəyə çıxdı, Atabəylər meydanına gəldi. Gün əyildiyi üçün gözünə gəlib-gedən dəymədi. Came məscidinin qənşərinə çatanda ayaq saxladı. Məsciddə günorta namazı çoxdan qurtarmışdı. Baş şeyx Hatib ibn Mübarək evinə getməyə hazırlaşırdı. O, əlindəki Quranı öpüb gözlərinin üstünə qoydu, sonra minbərdə yer elədi, məscidin hücrələrini gözdən keçirdi, heç kim yox idi. Bir az əvvəl buradakı hay-küydən əsər-əlamət qalmamışdı. Kürəyinə zəncir vuranlar, sinələrinə döyə-döyə haray-həşir salanlar dağılışıb evlərinə getmişdilər. Əcəmi birdən qapını açıb içəri girdi. Hatib ibn Mübarək özünü itirən kimi oldu. Bildi ki, Əbubəkr oğlunun bu gəlişi səbəbsiz olmaz. Buna görə gözlədi ki, görsün o nə deyir – Əcəmi isə bilirdi ki, baş şeyxi hələm-hələm söhbətə sövq etmək o qədər asan iş deyil. Əvvəlan, “Allahın xidmətçisi” hər adamla söhbət etməyə həvəs göstərmir, ikincisi, baş şeyx Dəryanurdan sonra Əcəmidən uzaq gəzməyə, onunla üz-üzə gəlib kəlmə kəsməməyə ciddi təlaş göstərirdi...
Poems by other poets
Yoxdu mən tək sevgidə bir kəs ki püriqrar ola,Sevilə həm də sevə zahirdə leyk biyar ola.
Gəraylı: Səhər çağı ötən bülbülSəhər çağı ötən bülbülSən ağlama mən ağlaram
EylərsənGözəl, səndə nə qaydadı,Gedəni yoldan eylərsən.
Eşqə könül verməyən cananı qıymaz banaEşqə könül verməyən cananı qıymaz bana,Bəlləgini tərk edüp, qal ilə gəlməz bana.