Page 1 of 3

Cahan Pəhləvan Təbrizə girmədi, hava isti olduğu üçün gecəni yol gələn qoşuna sübh tezdən əmr verib Ruindəj qalasının ətrafındakı düzənlikdə əyləndirdi.

Az vaxt ərzində çadırlar quruldu, atlar yançidar olundu, başlarına torba keçirilib örüşə buraxıldı. Ocaqlar qurulub qazanlar asıldı. Qoşuna səhər yeməyi üçün dinclik verildi.

Cahan Pəhləvan qızıl qübbəli, güləbətin qotazlı qırmızı rəngli çadırına çəkilib bir müddət istirahət etdi. Gün günorta yerinə qalxanda Sədəddin Əsədi və oğlu Əbubəkri çadırına çağırdı. Məqsədi əvvəlcə ən yaxın adamları ilə məşvərət etmək idi.

Vəzir soruşdu:

– Hökmdar qoşunu əyləndirməkdə məramınız nədir?

– Qan tökmək istəmirəm. – Cahan Pəhləvanın cavabı çox qısa və ötkəm oldu.

Sədəddin Əsədin yaşına görə çox diri görünən gözləri hökmdarın sifətində ilişib qaldı, ağıllı baxışları ürəyindən keçənləri dərhal büruzə verdi.

– Xeyirxah niyyətdi! – Vəzir gülümsədi. – Amma... qansız müharibə necə ola bilər?

– Deyirsən yəni olmaz?

– Olar, – Vəzir bu dəfə hökmdarın eyhamını dərhal başa düşdü, – amma bunu gərək düşmən tərəf də arzu edə axı...

– Vəzir, bilirsən nə var? ...Fələkəddin Əhəmdin ağlını və ağzını bir də sınamaq istəyirəm... Bəlkə qonşusundan nümunə götürmək istədi?..

– Hamıdan Marağa qazısının səxavətini ummaq?.. – Səddədin Əsəd çiyinlərini çəkdi. – Bir də...

– Deyəsən nəyisə bilib deməyə tərəddüd edirsən...

– Necə deyim... Heç özüm də bilmirəm... Belə məqamda bəd xəbər...

– Nə bəd xəbər?! – Əbubəkr də maraqlandı.

– Ən yaxın bir dostumun gətirdiyi məlumata görə Bağdadda söz-söhbət gəzir ki, əleyhinizə qəsd hazırlanır. – Vəzir ürəyindəkiləri dedi: – Mərhum atabəy-əzəmdən həmişə bədgüman olan xəlifə əmirəlmömin ögey qardaşınız Arslan şah ibn Toğrulu təhrik edirik ki, sizin üzərinizə qoşun yeritsin...

– İnanıram!

İnan hökmdar... yüz illərin min illərin təcrübəsi öyrədir ki, rəyasət hərisliyi bəzən ana südündən də ata qanından da üstün tutulur. Xəlifə əmirəlmömin bu işi öz vəziri Əunəddin ibn Xubayraya həvalə edib... Xubayrayanıda ki, Allah belə yolundan çıxara bilər...

– Mən də inanmıram ki, mənim soltan əmim belə bir rəzalətə qol qoya!

– Söhbətlərə sakitcə qulaq asan və çadırda uzun sürən sükutdan elə bir darıxan Əbubəkr başını bulayıb qəti etiraz etdi və əlini qılıncının dəstəyinə atdı: – Onda mən özüm onun...

Cahan Pəhləvan sağ əlini yuxarı qaldırdı. Əbubəkr atasının qırımını görüb sözünü yarımçıq kəsdi. Bu, o demək idi ki, cavanlıq eləmə, onun belə bir məramı olsa cəzasını özüm verərəm. Məni ki, bütün qohum-əqrəbalı yaxşı tanıyırsız...

Ürəyindən bu sözlər keçsə də, oğlunun qartal baxışına, şux qamətinə, səliqəli döyüşçü geyiminə baxıb daxilən xeyli fərəhləndi. Axı belə vaxtlarda igid nə qədər çox arxalı olsa bir o qədər yaxşıdı...

– Vəzir!..

– Bəli, hökmdar.

– Bu məlumatı eşitmisən, eşitməmiş ol!

Sədəddin Əsəd ani fikrə getdi və birdən hökmdarın eyhamını başa düşdüyü üçün:

– Baş üstə, hökmdar. – dedi.

– Və həmin məlumatı bizə demisən, – özünü və oğlunu göstərdi. – deməmiş ol!

– O da baş üstə.

– Bu məlumatı qoşun başçılarından bircə nəfər bilən olsa Sultan Məsudun vəziri əl-Xəzinin başına gələni sənin başına gətirərəm! – Çadırın dirəyindən asılan qızıl dəstəli qılıncına baxdı. – Təbrizi gün yox ki, iki qoşun mühasirəyə alıb... Və bu iki qoşunun da iki sərkərdəsi var... Gərək olsa Ruindəji mən özüm fəth edərəm, vəliəhd Əbubəkr saqqızı xilafət tərəfindən oğurlanan məlunların dərisini necə lazımdı, elə də verər. Hələ mənim əmrimi gözləyən Qızıl Arslanı demirəm. Azərbaycan Atabəylərinin bayrağını biz hələ çox ucaya qaldırmalıyıq... Çox-çox ucaya! – Hökmdar söhbətin uzanmasına imkan verməmək üçün elə həmin anda da əlavə edib dedi: – Biz Fələkəddin Əhvədin yanına elçi göndərməliyik və ona təklif etməliyik ki, Təbrizi bizə təslim etsin... Və onu da ona çatdırmalıyıq ki, biz şəhəri zəbt etmək, əhalini qırmaq, qarət etmək istəmirik. Belə bir niyyətimiz yoxdur. Biz istəyirik ki, Təbriz Azərbaycan Atabəylər dövlətinin tərkibinə daxil olsun. Biz buna nail olandan sonra qoşunu geri çəkəcəyik, Ruindəjin mühasirəsini ləğv edəcəyik və hətta Arslan Əbanın oğlunun özünü yenə şəhərin hakimi saxlayacağıq... Əlbəttə, bizim təklifimizi qəbul etsə... Ağlını başına yığsa. – Cahan Pəhləvan danışa-danışa Dəməşq poladından tökülmüş dəstəyi ağ minalı qəddarə qılıncını çadırın dirəyindən götürdü, Əbubəkr belinə bağlamaqda ona kömək etmək istəyəndə. – Əl vurma, dedi, – özüm! – Qılıncı çox səliqə ilə belinə bağladı, sonra vəzirə sərəncam verdi:

– Əyləş, dediklərimi yaz, kimi göndərsək namə də aparmalıdı, dilcavabı olmasın, rəsmi olsun. Biz Əhmədili törəməsi ilə çilingağac oynamağa gəlməmişik. – Bu dəfə də Əbubəkrə tərəf döndü: – Çıx əmr elə, qoşun bir yerə cəm olsun.

– Baş üstə! – Əbubəkr cəld çadırdan çıxdı.

– Vəzirin mənim tədbirimə etirazı yoxdur ki,

– Xeyr. Mən hökmdarın xeyirxah niyyətini başa düşürəm və bəyənirəm... Göndərək elçini, amma ehtiyatı də əldən verməyəcək.

– Mütləq!

Cahan Pəhləvan vəziri içəridə qoyub çadırından çıxdı. Qoşun balaca təpənin üstündə qurulan hökmdar çadırının qabağındakı düzənlikdə səf-səf düzülüb əmrə müntəzir dayanmışdı. Hamının sir-sifəti sərt və əsəbi idi. Qoşun başçıları da, əsgərlər də müharibənin nə olduğunu gözəl bilirdilər... Bu qitaldan¹ sonra dostun dostunu itirəcəyini, çox evlərin qapısının bağlı qalacağını, körpələrin yetim böyüyəcəyini, gəlinlərin ərsiz ömür sürəcəyini çoxu ürəyində götür-qoy edir, bəzisi hökmdara haqq qazandırır, bəzisi də onu lənətləyirdi. Ancaq heç kim ürəyindən keçənləri büruzə verə bilmirdi...

– Biz Təbriz hakimi Fələkəddin Əhmədin yanına elçi göndərməliyik. – Cahan Pəhləvanın ötkəm səsinə hamı qulaq kəsildi, çünki onun səsində bu gün qəribə bir cazibədarlıq var idi. Bu səs saraydakı hökmdarın səsinə bənzəmirdi. Bu səs Təbriz düzənliyində dayanan qoşun çətin döyüşlərə aparacaq müqtədir bir sərkərdənin səsi idi: – Bu tapşırığı könüllü icra etmək istəyən varsa irəli çıxsın! – Cahan Pəhləvan sağa, sola baxdı.

Şüvərək bədənli, enli kürək cavan bir əsgər dərhal qoşunun içərisindən irəli çıxdı, gəlib hökmdarın qənşərində dayandı, cərgələrdən irəli çıxan bir neçə əsgər isə ondan geri qaldıqlarını görüb daha qabağa gəlmədilər. Cavan əsgər artıq sağ dizini yerə qoyub qılıncının ucunu torpağa söykəmişdi...

– Mən sizin əmri icra etməyə hazıram, hökmdar... – Təbrizin bu müqəddəs torpağına and içirəm ki, – qılıncının ucunu dizinin önündə torpağa sancdı, – bu torpaqda başımı belə versəm, uf demərəm... İzn verin, hökmdar! İzn verin!..

Cahan Pəhləvan işarə etdi, əsgər ayağa durdu. Hökmdar məqfərinin altında onun pörtmüş sifətinə, ətli çiyinlərinə baxdı. Bu əsgərin sifəti ona tanış gəldi. Ancaq indi bu barədə fikirləşməyə vaxt yox idi. Elə bu anda Sədəddin Əsəd çadırdan çıxıb onlara yaxınlaşdı və ağ Səmərqənd kağızından olan müshəfi² Cahan Pəhləvana uzadıb dedi:

– Hazırdır, hökmdar.

Cahan Pəhləvan müshəfi vəzirdən alıb cavan əsgərə verdi. O da cəld geriyə dönüb qaça-qaça atına tərəf getdi. Yəhərə qalxmaqla Ruindəjə tərəf çapması bir an çəkdi...

Bütün qoşun əhli başını sol çiyninə tərəf çevirib cavan süvarinin arxasınca baxdı.

¹ Qanlı vuruş

² Lülə halında bükülmüş yazılı kağız

Cahan Pəhləvanın da, vəzirin də, Əbubəkrin də nəzərləri Ruindəjə tərəf çevrildi. Qalanın üstündə görünən fərraşlar yox oldular. Bir-iki nəfər gözətçi qaldı.

– Gördülər. – Əbubəkr xəbərdarlıq etdi.

– Qoy görsünlər. – Cahan Pəhləvan dərindən nəfəs aldı.

– Darvazanı açdılar. – Bunu da Sədəddin Əsəd dedi.

Cavan əsgər darvazanın açıldığını görcək atını dördnala çapıb içəri adladı. O, gözdən itən kimi darvaza bağlandı və qalanın üstündə gəzinən gözətçilərin də bir neçə nəfəri yox oldu.

Cahan Pəhləvan yerində qərar tuta bilməyib təpənin dikdirinə qalxdı, ətrafa göz gəzdirdi. Fikrə getdi: “Ay Əhmədili törəməsi, gəl sən mən deyənə qulaq as, qoy bu Təbriz düzənliyi nahaq qana boyanmasın...”

Elə bu vaxt onun başının üstündən bir neçə qarğa uçub keçdi, onların zəhlətökən səsi hökmdarın qulaqlarına dolub beyninə işlədi. Nədənsə ürəyi bulandı, mədəsində bir ağrı hiss etdi... Dönüb vəzirə Əbubəkrə baxdı. Onlar bir tərəfə çəkilib məşvərət edirdilər.

“Ay namərd sən gəl mən deyənə qulaq as... Mən də oğul itirmək istəmirəm... Heç kimi itirmək istəmirəm... Bayaqki, fikir Cahan Pəhləvanın ürəyinin dərinliyindən axıb yenidən beyninə işlədi...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Karvan yola çıxır

Axşam idi, qaranlıq bir axşam. Şəhər elə bil indiyə kimi belə bir qaranlığa bürünməmişdi, onun üzərinə belə bir qatı zülmət pərdəsi çəkilməmişdi.Göz-gözü görmürdü. Elə bil kimsə göyə süpürgə çəkib ulduzları təmizləmişdi.

7 min
Axşam əzanından sonra

Şəhər rəisinin ovqatı son vaxtlar çox təlx idi, qaşqabağı açılmırdı. Züriyyətsizlik, vəsi dərdi yaşa dolduqca onsuz da gödək olan boyunu bir az da aşağı basırdı.Cahan Pəhləvanın şəhərə varid olan gündən göstərdiyi laqeydlik onun gününü göy əskiyə döndərmişdi. İki gündən – bir etdiyi töhmətlərin, dediyi acı sözlərin isə sayı-hesabı yox idi: “Sən mərhum atabəy-əzəmin etimadını doğrultmursan”, “Şəhərdə özbaşınalıqdır, əxiliyə arxa çevirənlər peyda olub... Əsnaf əhli vergi verməkdən boyun qaçırır, “Bədəvilər, rahzənlər¹ oğurluq edirlər, şəhərdən çıxan karvanlara həmlə çəkib soyurlar”, “Başını isə görmək, şəhəri, ona tabe olan kəndləri idarə etmək əvəzinə həmbəzmlərə² qarışıb, mey və zənən düşgünü olub qalmısan... övrətin isə...”

9 min
Əsrin onda biri

Cahan Pəhləvan alnını sol ovcunun içinə qoyub fikrə getmişdi. Bu, hökmdar üçün artıq bir adət halına keçmişdi. O, belə dərin fikrə gedəndə nə barədəsə sərt bir tədbir görəcəyini, yaxud fərman verəcəyini kəsdirirdi.Qulam içəri girdi və adəti üzrə dinmədi, qəbul otağının aşağısında dayanıb hökmdarın dərin düşüncələrdən nə vaxt ayrılacağını gözlədi. Elə bu vaxt hardansa dəvə karvanının son zınqırov səsləri eşidildi. Görünür, tacirlər Naxçıvan düzündən kifayət qədər yük götürmüş dəvələrini yenə şəhərin içərisinə sürüb culfa yoluna çıxarırdılar. Cahan Pəhləvan bu səsi eşidən kimi alnını ovucunun içərisindən götürdü. Bundan istifadə edən qulam tez baş endirdi və:

11 min
Analar kövrək olurlar

– Olar?– Buyurun, buyurun... həmişə siz gələsiz. Mənim bacımın əhvalı necədir? – Əcəmi əl verib Cəmillə görüşə-görüşə Zəhra ilə salamlaşdı, onun kefini xəbər aldı, hal-əhval tutub qızları soruşdu.

11 min

Poems by other poets