Axşam idi, qaranlıq bir axşam. Şəhər elə bil indiyə kimi belə bir qaranlığa bürünməmişdi, onun üzərinə belə bir qatı zülmət pərdəsi çəkilməmişdi.

Göz-gözü görmürdü. Elə bil kimsə göyə süpürgə çəkib ulduzları təmizləmişdi.

Ulduzlar şahzadəsi Ay isə naməhrəmdən utanan ifallı gəlin kimi harasa ilim-itim itmişdi.

Əcəmi üçüncü gün idi ki, evdən bayıra çıxmırdı, çox vaxt pəncərənin artırmasında əyləşib uzaqdakı dağlara, düzənliklərə tamaşa edir, Arazın sularına baxıb xəyala gedirdi. Gündüzlər beynində qarmaqarışıq dolaşan fikirlər axşam dağılıb yoxa çıxırdı.

Birdən Əcəminin yadına hansı aliminsə sözləri düşdü: “Naxçıvan beş iqlimli məkandı...” Gözlərini qara saca oxşayan göy qübbəsindən ayırdı, ətrafa boylansa da, heç nəyi ayırd edə bilmədi: Səndəl ağacının uclarını ovuclarına aldı, çənəsinə qoyub fikrə getdi. Elə bu vaxt qulaqlarına ud səsi gəldi... Əcəmi udun simlərindən qopub gah bəmə enən, gah zilə qalxan səsləri dinlədikcə ona elə gəlirdi ki, haradasa nakam bir gözəl dizlərini qucaqlayıb ağlayır, bir ana ayaqyalın, başı açıq oğlunun cənazəsinin arxasınca addımlayıb haray çəkir, zalım ovçu ürkək bir ceyrnı qova-qova gətirib sıldırım qayanın döşünə qısnayır, yaralı bir igid köhlən atın yalına yataraq dördnala harasa çapır...

Çalan kor Əhsən idi... Yenə muğam çalırdı, qədim bir muğam. Udun səsi durna qatarının səsi kimi get-gedə uzaqlaşdı, sonra eşidilməz oldu. Onun yerini İsaq-Musaq quşunun yeksənək səsi əvəz etdi: “Tap... dın?.. Tapma... dın, tap... dın, tapma... dın?..”

Anasını xatırladı yenə. Qəribədir, özü də baş aça bilmirdi ki, niyə o məhz Badisəba arvadı ya belə qaranlıq, ya da aylı gecədə xatırlayır həmişə?.. Görünür, bu da bir sirrdi, buda bir hissdi...

Eh, dünyanın möcüzələri ha çox, insanın sirr xəzinəsi olan ürəyinin, beyninin hələ açılmamış, kəşf olunmamış əndişələrinin də ki, sayı-hesabı tükənməz!..

Əcəmi bu barədə baş sındırmadı. Axı onun bütün fikri-zikri son günlər yalnız hökmdarın tapşırığını necə yerinə yetirəcəyi ilə məşğul idi: “Möminə xatun ananın məzarı üstündə tikiləcək sərdabə qəsrə gərək heç də əskik olmasın. Və hətta ondan həşəmətli olsun, möhtəşəm olsun...”

Əcəmi içəri keçdi, taxçaya qoyduğu kiçik şamı yandırdı, otaq işıqlandı. Mizin üstündəki böyük şamı da şamın alovuna alışdırdı. Otaqda hər şey aydın göründü. Dəyirmi mizin üstündəki ağ Səmərqənd kağızları da, lələk-qələm də necə vardısa eləcə intizar çəkirdilər...

Əcəmi ürəyindən keçənləri kağızlara köçürməmişdi. Saatlarla onlara baxsa da, lələk-qələmi saçlarına sancıb fikrə getsə də, hələ bir qərara gələ bilməmişdi.

Qələmi də, kağızları da yana itələdi, durub rəfdəki kitablardan birini götürdü. Bu “Gözəllik və səadət”¹ idi. Sağa-sola vərəqlədi. Oxumağa hövsələsi çatmadı, qalxıb kitabı yerinə qoydu. Bu dəfə Əbül-Vəfanın kitabını götürüb, baxıb yerinə qoydu. Gözünə Fazil Şirvaninin ulduzlar barədəki cədvəlləri dəydi, gətirib mizin üstündə açdı, yenə baxdı baxdı...

Cədvəlləri yığışdırdı, şamları keçirdi, soyunub yatağına girdi. Gözlərini bərk-bərk yumub yuxuya getmək istədi. Nə qədər çalışdısa çimir eləyə bilmədi.

Eşikdən İsaq-Musaq quşunu yeknəsək səsi yenə gəldi: “Tap...dın, tapma...dın?..”

Yorğanı hirslə üstündən atdı, qalxıb yerində oturdu və kiminləsə danışır kimi ucadan dedi:

– Tapmadım!.. Əl çəkəcəksən, ya yox?.. Dedim ki, tapmadım! Taparam, amma niyəsə tapmaq istəmirəm!..

Əcəminin yadına anasının toxuduğu xalçalar düşdü, bir vaxtı atasına İran tacirinin bağışladığı arı ailəsinin pətəkləri gəlib gözləri önündə dayandı, qələmi əlinə alıb kağız üzərində müxtəlif xətlər cızdı, naxışlar işlədi, onları qayğı ilə doğrayıb bir-birinə caladı, sonra ayırdı, kəsib tökdü, təzəsini kəsdi, təzəsini düzəltdi... Deyəsən, heç biri ağlına batmadı. O nəyisə axtarırdı, tapa bilmirdi. Amma bilirdi ki, tapacaq, mütləq tapacaq. Nə fikirləşdisə cızdığı bütün xətləri də, işlədiyi naxışları da, kəsdiyi kağızları da cırıb tulladı... Əsəbiləşib əvvəlki sözünü dedi:

– Tapa bilmirəm... Tapmaq istəmirəm!

Elə bu vaxt ona elə gəldi ki, pəncərə işıqlandı, tağın biri açıldı və oradan nurani bir qadın peyda oldu, Əcəmi diqqətlə baxdı və onu tanıdı: Möminə xatun idi...

“Niyə tapmaq istəmirsən, Əbubəkr oğlu?.. Görürəm çox narahatsan. Həm də xeyli nigaransan... Səbəbkarı da mənəm. Bunun üçün bağışla məni... Axı mən anayam. Tərəddüd eləmə, Əbubəkr oğlu, get mənim oğluma – sizin hökmdarınıza de ki, tikirəm, qoy Möminə xatun ananın qəbir otağı olsun, əbədiyyət otağı olsun... Niyə dinmirsən, niyə elə baxırsan? Bilirəm ki, ürəyi yumşaqsan, mərdsən, cəsarətlisən. Səni mən cavan vaxtından beləcə tanımışam. Yəqin yadında ola... Bir dəfə sevimli məşşatəmin² dəfnində iştirak etmək üçün şəhər qəbirstanlığa gəlmişdim. Gördüm ki, cavan bir oğlan qəbrin üstündə kiçik, amma gözəl, səliqəli bir sərdabə tikir. O heç kimə baxmadan başı aşağı daş yonurdu. Yorğun idi, yuxusuz idi. Heç kimnən kəlmə kəsmək istəmirdi. Yaxına gəlib soruşdum: “Ey cavan niyə heç kimlə danışmaq, kəlmə kəsmək istəmirsən?” Dedin: “Danışmaq üçün, kəlmə kəsmək üçün gərək ürəkdə qəm olmaya, xatun”. Dedinm “Sənə nə qəm?” Dedin: “Ana ölümündən də böyük qəm olar?..” Dedim: “Bağışla, oğlum, bilmədim ki, rəhmətə gedən anandı”. Dedin: “Allah bağışlasın...” Dedim: “Danışırlar ki, sən ən çox gecələr qəbiristanlığa gəlirsən. Bəs xoflanmırsan qəbirlərin arasında tək-tənha?” Dedin: “Tək-tənha niyə oluram, xatun? Anamın ruhu həmişə mənimlə olur. Onun müqəddəs ruhu bir çətir kimi başımın üstünü tutur, bir divar kimi keşiyimi çəkir, məni hər bir bəladan hifz edib qoruyur...” “Mən səni o vaxtdan beləcə tanıdım, Əbubəkr oğlu. İndi eşit məni. Mən ölüyəm, sən diri... Gir bu işin altına. Çətin işin sonra fərəhi də çox olur, sevinci də! İnsan gərək bacarığından daha çox iş görə. Bu, onu başqalarının nəzərində ucaldır. Sən başla işə, işin uğurlu olacaq, Əbubəkr oğlu. Əsəbiləşmə, bu gün o kağızlar üzərində çəkəcəyin xətlər, naxışlar sabah sənin bu balaca otağından bayıra çıxacaq, sonra korpiclərə, kağızlara çevriləcək, kitabələrə dönəcək... Sənin doğma şəhərini bəzəyən gözəl biri tikiliyə çevriləcək, elə bir tikiliyə ki, hamı onun tamaşasına duracaq... İnan mənə, Əbubəkr oğlu. Bunu mən deyirəm, bunu bir ana deyir... Sən məni yaşat, mən də səni yaşadım. Gələcək nəsillər üçün!.. Sənə xeyir-dua verirəm. Ölülərin xeyir-duası bəzən dirilərin xeyir-duasından əfzəl olur...”

¹ Ə.Bəhmənyarın əsəri
² Sarayda mələkəni bəzəndirən qadın

Əcəmi elə bil bu sözlərdən məst olmuşdu: yarıoyaq idi, yarıyuxulu... İstədi nəsə deyə, bacarmadı, cəld yerindən qalxdı.

Pəncərənin iki tağı bağlı idi... Anasının bir sözü yadına düşdü: “Anaların ruhu gecələr də yer üzünə gəzib dolaşır... Belə olmasa dünya öz məhvərindən qopub ayrılar... Torpaq bəhər verməz, ocaqlar od alıb yanmaz, bulaqların suyu quruyar, nəfəs almağa hava çatmaz... Bunların hamısını yer üzünə anaların ruhları gətirib paylayırlar... Paylayırlar ki, övladları çörəksiz, həm də odsuz, susuz, havasız qalmasınlar... Onları pisi yaxşıdan, mərdi namərddən seçməyə də anaların ruhu öyrədir... Öyrətməsələr, naqislər, ləyaqətsizlər, baiskarlar göbələk kimi artıb çoxalarlar...”

Əcəmi təzədən geyindi, səndəl ağacını rəfdən götürüb bayıra çıxdı. Elanı tərəfdə, qara buludların ətəyində işıq qulağı göründü. Deyəsən, ara-sıra ulduz da gözə dəyirdi. Bu, ümid işığı idi.

Əcəminin çiyinlərinə çökən ağırlıq elə bil azaldı, qollarını yanlara açıb dərindən nəfəs aldı.

Möminə xatunun qeybdən eşidilən “hamı onun tamaşasına duracaq” sözləri İsaq-Musaq quşunun “tap... dın, tap...madın”ı kimi təkrar-təkrar qulaqlarında səsləndi. Əcəminin xəyalı bu dəfə keçmişə yox, gələcəyə uçdu, neçə-neçə on illərin üstündən adladı. Gözlərini yumub həmin gələcəyi görmək istədi. Gördü ki, onun doğma şəhəri öz görkəmini tamam dəyişib: nə şəhristan var, nə rəbatlar, nə də şəhəri zalımlara-məzlumlara, varlılara-kasıblara ayıran hündür hasarlar, qala divarları... Şəhərin abad küçələri geniş xiyabanları, uca-uca imarətləri hamıya məxsusdur. Pəncərələri Elanı dağına, Ağrı dağına açılan imarətlərdə Dərgah kişi də yaşayır, Məcusi də, zərgər Mustafa da, dostu Cəmil də... Və şəhərin ortasında bəzəkli gəlinə oxşayan bir abidə ucalır. Adamlar dəstə-dəstə gəlib ona baxırlar, hərənin də dürlü-dürlü tərifləri... Tərif deyən təkcə onun həmşəhərliləri deyil, bütün aranlılardı, bütün əcnəbilərdi: “Mərhəba”, “Mər...hə...baaa!”

İsaq-Musaq quşunun səsi yenə gəldi: “Tap...dın, tapma... dın!”

Əcəmi gülümsədi, əlindəki səndəl ağacı ilə elə bil kimisə hədələdi: “Zəhlətökənsən ha, İsaq-Musaq! Qırsaqqızsan, vəssalam! Tapdım, bəli, tap...dım!”

Əcəmi otağa qayıtdı, mizin başında əyləşdi, ağ Səmərqənd kağızlarını təzədən qarşısına çəkdi, lələk-qələm onların üzərində bu dəfə sürətlə aşağı-yuxarı, sağa-sola işləməyə başladı.

Hər tərəfi bürüyən qatı zülmət pərdəsi pardaqlanıb sökülənə kimi, ulduzlar təzədən göy qübbəsinə səpələnənə kimi, ulduzlar şahzadəsi Ay gül camalını milyon-milyon aşiqinə təzədən göstərənə kimi lələk-qələm işlədi, işlədi...

Bir azdan zınqırov səsləri eşidildi, deyəsən sarvan gecədən şəhərdə dincələn dəvələri sübh tezdən karvan yoluna çıxarırdı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Zaman – nəhrdir

Bir bulağa bir çöp atırsan aram-aram axıb gedir. Bir çaya xəşəb² salırsan sular onları öz axarında aparır.Zaman da nəhrdir. İnsanlar öz mürlərinin illərini çöp kimi, xəşəb kimi bu nəhrə tökürlər. Əcəmi də beləcə tökdü ömrünün neçə-neçə ilini bu həyat nəhrinə. Əvəzində də torpaq üstündə ölməz bir yadigar ucaltdı...

3 min
Oxşar talelər

Sarayın adından gələn xüsusi çapar məktubu şəhər rəisinə verib geri qayıdan günün səhərisi Əcəmi Təbrizə yola düşmüşdü.Cahan Pəhləvan öz candarı və şəxsi mühafizləri ilə birlikdə Təbrizə gəlmişdi. Havaların soyuduğunu, özünün yolda nasazlığını nəzərə alaraq oradan Naxçıvana dönməkdən vaz keçmiş, axırda da belə qərara gəlmişdi ki, Əbubəkr oğlunu yanına çağırsın və Mömünə xatun ananın abidəsinin tikilişinin nə vaxt başa çatacağını memarın öz dilindən eşitsin.

9 min
Sevinc və kədər

İlin ən gözəl çağı idi...Buludlar nəm köynəklərini arabir Arazın sularına sıxırdılar...

5 min
Əl qisas, bil qisas

Baş şeyx Məsud ibn Əbutahir heç vədə belə soyuq qarşılamamışdı. Onun bivec işlərini ara-sıra qaxınc edib başına vursa da, pis üz göstərməmişdi. Tanıdığı illər ərzində özü dediyi kimi, belə qanmışdı ki, bu ərəc¹ bənnanın əlindən hər cür namərdlik də gələr, çünki nə qeyrəti var, nə də kişiliyi; arı yeyib namusu da atıb dalına ...“Ortada vəcihə² gəlinbacısı olmasa onu itbaxandan da qoymaram baxa. Hələ qala evimə ayaq döyməsinə, üzünə salıb yuxarı başa keçməsinə...

13 min

Poems by other poets