Düşüncələr, düşüncələr...
Page 1 of 3
“Ey insan, sən kimsən?.. Ən ali və ulu məxluq... Yer üzündəki bütün canlıların ən kamili, ən güclüsü... Ağlın kəsən gündən üstündə gəzdiyin bu torpağın yetirdiyi ən əziz və ləziz nemətləri sən yeyirsən, ən axar-baxarlı yerləri sən gəzib dolaşırsan, sevən də, sevilən də sənsən... Və bir gün gəlir ki, bunların hamısın itirirsən. Necə vermişdilərsə, eləcə də alırlar... Ali və ululuğun da itir. Kamilliyin də əlindən gedir, gücün də tükənir... yemirsən, gəzib dolanmırsan, sevib-sevilmirsən... Nəfəsin ağzından çıxan kimi səndən diksinirlər, kənara qaçırlar. Bir anın içində hamı üçün özgələşirsən, yadlaşırsan... Dünən mayıl-mayıl baxılan üzünə daha heç kim baxmaq istəmir, dünən məhəbbətlə öpülən dodaqlarına, qucaqlanan bədəninə heç kimin toxunmağa micası gəlmir... Ey insan, sən kimsən?.. Əvvəli də torpaq, sonu da torpaq... İbtidası da heç nə, intəhası da heç nə... Bəlkə də buna marağalı qoca dərviş tez-tez deyərdi: “Ma hiç, cahan hiç...”¹. Bax burada bu naxışlı-zərli sərdabədə hər şeydən xəbərsiz yatıb uyuyan möhtərəm Şeyx Yusif də bu insanlardan biriydi... Amma vaxt var idi ki, onu görəndə hamı baş əyirdi, o içəri girəndə hamı ayağa dururdu, o gəlib keçəndə hamı kənara çəkilib yol verirdi... O harada, nə vaxt danışsaydı, hamı nəfəsini içəri çəkib qulaq kəsilirdi. O, gülsəydi hamı gülməli, ağlasaydı hamı ağlamalıydı... Hə, belədir dünyanın işləri, cənab Şeyx Yusif!.. Rahat yat, bu dünyanın səninlə, sənin də onunla daha heç bir işi yoxdu... İkiniz də hesabı çürütmüsünüz... Əbədiyyət evin nurla dolsun!..
Əcəmi fikirləşirdi. Son vaxtlar narahat günlər keçirən, Cahan Pəhləvanla söhbətdən sonra bir yerdə qərar tuta bilməyən, gah şəhristanda, gah da rəbatlarda görünən Əcəmi bu gün də sübh tezdən durub Şahab meydanına gəlmşdi. Şəhər əhli Cahan Pəhləvanı bir hökmdar kimi qarşılayandan sonra onun buralara yolu düşməmişdi... Əvvəllər hərdən özü yaratdığına – camaatın “Atababa” adlandırdığı sərdabəyə baxmağa gələrdi, çünki onu öz övladı kimi görməyə bir ehtiyac duyardı... Hələ üstəlik, içəriyə girib Şeyx Yusifə ziyarətnamə oxuyardı, sonra bayıra çıxıb yenə heyran-heyran sərdabəyə baxardı, vurduğu naxışların ürəyinə yatımlığından xoşu gələrdi, kitabələrdə gözünə dəyən qüsurları isə hiss edən kimi narahat olardı, fikrə gedərdi, “Öz təqsirini özünə heç vaxt bağışlama...” Əcəminin ağlı kəsəndən, əli iş tutandan əqidəsi beləydi... Elə ki, Elalının arxasından Günəş doğdu və özünün zərrin şüaları ilə sərdabənin hüsnünü cilaladı, kitabələrini aləlvan boyalarla zinətləndirdi, onda Əcəmi özündə bir yüngüllük hiss edərdi, öz əməlindən razı qalardı... Və arxayın-arxayın Şahab meydanını, suyunu ən çox xoşladığı Şahab bulağını tərk edib gedərdi...
¹ Biz də heçik, cahan da heç (fars.)
Elə bu gün sübh tezdən gəlmişdi. Yenə Şahab meydanı üçün qəribsəmişdi, sərdabə üçün darıxmışdı... Özü də bu dəfə ilin cansıxıcı fəslində – payızda gəlmişdi. Buradakı tənha çinar ağacının yarpaqları saralanda bulağın başından ağbilək qız-gəlinlərin ayağı azalanda...
Əcəmi əvvəlcə bulağın yanında dayanıb onun sakit zümzüməsini dinlədi, şəffaf suyuna baxıb girdə saqqalını tumarladı. İstədi qollarını çırmayıb yuyuna, bura gələndə yuyunduğu yadına düşdü, fikrindən vaz keçdi. Adlayıb yan-yörəsinə sarı yarpaqlar döşənən çinar ağacının yanında dayandı. Çinara baxanda atası Əbubəkri, yuxu kimi yadına gələn pərli-budaqlı bir kişi olan babasını xatırladı... “Həmişə səni beləcə əzəmətli görək... Köklü-budaqlı olasan, üstündən səmum küləkləri əsməsin...”
Əcəmiyə elə gəldi ki, ağacın budaqları azacıq tərpənərək onun salamını aldılar, dediyi xoş sözlər üçün razılıq etdilər. Bu, həmin çinar ağacıydı ki, onun altında Cəmillə yanaşı durub, bir hökmdar kimi Naxçıvana varid olan Cahan Pəhləvanı qarşılamışdı.
Bu həmin çinar ağacıydı ki, Şeyx Yusifə türbə tikəndə ömrünün beş ilini onun yanında keçirmişdi, kölgəsində süfrə açıb çörək yemişdi. Bu həmin çinar ağacıydı ki, onunla tez-tez ünsiyyətdə olmuşdu, elə bil onun şuxluğunu, dözümlüyünü türbəyə köçürmüşdü... Sonra keçib ağacın altındakı sal daşın üstündə oturdu. Yarpaqlar budaqlardan bir-bir qopur, balaca quşlar kimi havada fırlana-fırlana yerə qonurdular. Bir neçəsi də Əcəminin çiyninə düşdü. Bir-ikisini götürüb baxdı, burnuna tutdu, heç bir iy gəlmədi. Yarpaqdan birini barmaqları ilə əzişdirib yenə burnuna yaxınlaşdırdı, qəribə bir iy axıb sinəsinə doldu. Belə vaxtlarda uşaqlığı – ana-atalı çağları yadına düşərdi...
...Birdən uşaq səsi gəldi. Başını qaldırıb yana baxanda Şahab bulağından su aparmağa gələn gəlini gördü. Ana körpəsini yun yaylıqla dalına çalmışdı. Bir əlində balaca səhəng, bir əlində kuzə tutmuşdu. Əyilib kuzəni doldurdu. Səhəngi doldurmaq istəyəndə ayağı sürüşdü, az qala yıxılsın... Əcəminin elə bil ürəyi düşdü. Yaxşı ki, səsi qırılıb boğazında qaldı. Oturduğu daşın üstündən qəfil qalxan Əcəmi təzədən əyləşdi... Uşaq diksindi, başını anasının kürəyindən qaldırıb ağladı. Ana çiyinlərini silkələyən kimi uşaq kiridi və başını təzədən anasının kürəyinə söykədi. Gəlin səhəngi də, kuzəni də, götürüb getdi... Əcəminin yadına vaxtı ilə burada ilk dəfə gördüyü Şəhdigül düşdü, onun qucağındakı körpə düşdü... Fikirləşdi: “Qəribədir, bura gələndə çox vaxt körpəli ana görürəm... Görəsən niyə? Ona görə ki, sənin nəzərində insanların ən gözəli, ən pakı, ən qüdrətlisi körpəli anadır. Ana – yaradandır, körpə-yaranandır”. Qəribədir, bu səs haradan gəlirdi, yan-yörədə heç kim olmasa da, Əcəmi bu səsləri eşidirdi. Bəlkə çinar ağacıydı danışan... Bəlkə Şeyx Yusifin ruhu idi, buralarda gəzirdi, sonra səsə çevrilib onun qulaqlarına axırdı... Hər halda, səs eşidilirdi.. Və kimsə deyirdi: “İndisə özün demədin ki, insan ən ali və ulu məxluqdur... canlıların ən kamili, nə güclüsü odur... Bir bax, bulaqdan indicə su doldurub gedən gəlinə-anaya... Gördün, hələ gedir, indicə döngəni dönüb gözdən itəcək... Qeyb olmasına baxma... o da alidir, o da uludur. Ən böyük yaradan da elə onun özüdür. Dalına çaldığı körpəsi də yazdığı əsəridir, şeridir, tikdiyi qəsridir, abidəsidir...
Memarlar bir abidəni, bir qəsri, bir sarayı neçə-neçə ilə tikirlər. O isə doqquz aya... Memarlar abidə tikəndə min-min kərpici bir-birinə calayırlar, o isə bətnində iki yüz qırx sümüyü... Memarlar bu kərpicləri sirişümlə¹ suvayıb bərkidirlər, o isə üz yüz altmış əzələ ilə... Memarlar abidələri müxtəlif rənglərlə bəzəyirlər, o isə öz qanı ilə... Memarların yaratdıqları abidələr laldır, kardır, kordur, onun yaratdığı danışır da, eşidir də, görür də... Üstəlik iy də bilir, dad da bilir, gülməyi də bacarır, ağlamağı da... İndi buyur özün de, kimdir böyük memar? Sən Əbubəkr oğlu, yaxud dalında körpə, bir əlində kuzə, birində səhəng aparan o ana?”
...Bir oğlan arxasınca bir təkəni çəkə-çəkə onun yanından keçdi. Təkə dartınıb xəzəldən yemək istədi, oğlan imkan vermədi. Təkə hirslənib ona bir-iki kəllə atdı. Oğlan güldü, təkə ağzını yerdəki yarpaqlara toxunduran kimi başını yuxarı qaldırdı, oğlandan qabağa keçib dartındı... Xəzəl xoşuna gəlməmişdi... Amma oğlan Əcəminin xoşuna gəlmişdi. Elə bil sir-sifətinə təbəssüm çilənmişdilər. Əcəmi dedi:
– Bu təkəmin qəndi var, çox kəsəkli kəndi var. Hər qapıda oynasa, bir nəlbəki qəndi var.
¹ Yumurtanın ağından hazırlanmış xüsusi yapışqan
Oğlan Əcəminin dediklərinə biganə qalmadı, cavabında dedi:
– Təkəmin xanlığı var, yaxşı sultanlığı var. Nər kişilər yanında beş tümən donluğu var.
Əcəmi güldü:
– Ay maşallah! Birini də desənə.
Oğlan da onun sözünü yerə salmadı:
– Təkəmi yaradan Allah, tükünü daradan Allah. Kim təkəmə pay versə, saxla bəladan, Allah!
Əcəmi əlini salıb cibindən pul çıxartdı, oğlan tərəf uzadıb dedi:
– Al... bir xələt alıb təkənin boynuna bağla.
– Yox, baba... lazım deyil... Mən elə... belə dedim...
– Almasan inciyərəm.
Oğlan nə fikirləşdisə pulu aldı, o tərəf bu tərəfinə baxıb ovcunu yumdu. Əcəmi soruşdu:
– Bəsləmədi, hə?
– Bəli.
– Qovurmalıqdı?
– Bəli.
– Yağlı olsun... Can yağı özün bassın...
– Cümə günü kəsəcəyik... işgənəyə qonaq ola bilərsən, baba!
– Sağ ol, bala...
Oğlan təkəni itələyə-itələyə apardı. Əcəmi onun arxasınca baxdı. “Böyük var-dövlətdi davar...” İnsan üçün çörəkdən sonra ən gözəl nemətdi... Yaradana alqış!..”
Oğlan bir az gedəndən sonra təkənin saqqalından yapışıb dayandı:
– Mən səni tanıdım baba... Biz Cəmil dayıgillə qonşuyuq... Sən onlara gələndə görmüşəm... Sən, bax, bunu tikən ustasan... – Oğlan Şeyx Yusifin türbəsini göstərdi. – Dədəm deyir ki, usta Əcəmi hələ bundan yekəsin tikəcək...
– Dədən düz deyir.
Oğlan elə bil arxayın olub getdi.
Kitabxana.az · https://kitabxana.az/en/works/huseyn-ibrahimov-esrin-onda-biri-dusunceler-dusunceler
Use ← → keys to move, R for a random poem
More by this author
Baş şeyx Məsud ibn Əbutahir heç vədə belə soyuq qarşılamamışdı. Onun bivec işlərini ara-sıra qaxınc edib başına vursa da, pis üz göstərməmişdi. Tanıdığı illər ərzində özü dediyi kimi, belə qanmışdı ki, bu ərəc¹ bənnanın əlindən hər cür namərdlik də gələr, çünki nə qeyrəti var, nə də kişiliyi; arı yeyib namusu da atıb dalına ...“Ortada vəcihə² gəlinbacısı olmasa onu itbaxandan da qoymaram baxa. Hələ qala evimə ayaq döyməsinə, üzünə salıb yuxarı başa keçməsinə...
TövbəNəsrin xatundan söz düşəndə qaravaşlar da, cariyələr də, “aman, aman!” deyə az qala sinələrin yırtıb tökürdülər. Nəsrin xatunun işi-peşəsi yatıb-durandan, yeyib-içəndən, bəzənib-düzənəndən sonra gah bir cariyənin, gah da o kənizin qarasınca deyinmək, gah bu tacirin, gah o tacirin arvadının qeybətini qırmaq, gah bu məlikin, gah o məlikin övrətinə loqaz qoşmaq və imanı ərşə çəkiləndə də onun – bunun babalını yumaq idi...Qəribə də xasiyyəti var idi rəis övrətinin. Özündən çirkin qızgəlinə qarşı insaflı, mülayim idi, özündən gözəl övrətlərə qarşı isə insafsız, qəddar. Camalca göyçək, yarlı-yaraşıqlı, mütonasib əndamlı bir gəlin görəndə elə bil qəfəsdə ilan görürdü Nəsrin xatun. Bircə Zahidə xatuna “dişi bata” bilmirdi... Bir də hardan bata bilərdi? O, hökmdar övrəti, bu rəis övrəti. Özü də get-gedə xanədanda nüfuzunu itirən bu rəisin övrəti... Mələkə barədə təkcə öz-özünə deyinməklə, qarasına qarğımaqla, onun yaşadığı otağa saata hərdənbir boğma basmaqla özünü ovundurardı... Son vaxtlarda isə min bir fənd işlədib Zahidə xatunun yanına ayaq açması ilə təskinlik tapırdı...
Qan puluKarmasın vuruşundakı qələbədən sonra Cahan Pəhləvan döyüşdə igidlik göstərdikləri üçün məlik Nurəddin Qaraya, Cəmaləldin Ayəbəya, Cəmaləddin Özəbaya özünün xas naxırından seçmə atlar bağışladı, onların xanədan qarşısındakı xidmətlərini xüsusi fərmanla qeyd etdi və Sədəddin Əsədə tapşırdı ki, həmin fərmanın surətini məlumat üçün bütün məliklərə göndərsin.– O ki qaldı, mənnən sənə-deyə vəzirə ürək-dirək verib könlünü aldı. – biz Eldəgəzlər dövlətinə nə muzdu, nə də ənam almaq üçün xidmət etmirik... Daha dürüst desək, ikimizin də buna heç vaxt ehtiyacımız olmayıb və olmayacaq da...
Saray ehsanıAtabəylər meydanında qələbəlik başlamışdı. Şəhər əhli və yaxın kəndlərin adamları dəstə-dəstə axışıb gəlmişdi. Qoşun dəstələrinin əsgərlərindən xüsusi mühafizlər olmasaydı şəhristanın darvazalarında qarışqa kimi qaynaşan camaatın qarşısını saxlamaq olmazdı.Xüsusi atlı qulamlar küçələrdə car çəkirdilər ki, asayişi pozmayın belə əziz gündə. Möminə xatun abidəsinin açılış günündə, Eldəgəzlər xanədanının ünvanına xüsusi xütbələr oxunacaq gündə, sarayın verəcəyi ümumşəhər ehsanı günündə şuluqluq salmayın, məscidlər də gedib dua oxuyun, allaha ibadət edin, günorta namazından sonra ehsana təşrif gətirib təam alın... Onu da bilin ki, Möminə xatun abidəsinin açılışına başqa yerlərdən də qonaqlar dəvət olunublar: Qaraxitaydan, Şirvandan, Xarəzmdən... gələnlər var. Atabəy Cahan Pəhləvanla səmimi dostluq edən Xarəzmşah Təkiş də gəlmişdir... Hətta xilafətin nümayəndəsi də bugünkü mərasimdə iştirak etmək üçün Bağdaddan Həmədana, Həmədandan da hökmdara, Qızıl Arslanla vəliəhdlərlə birlikdə Naxçıvana təşrif gətirmişdir...
Poems by other poets
Eylə müştaqi-cəmaləm, bilmənəm dünya nədir?Talibi-bəzmi-vüsaləm, bilmənəm dünya nədir?
Samur kanalıSamur çayı, yadındamı,Şırıldayıb axardın sən?
Qəzəl: Sevmişəm ta səni, ey muğbəçeyi-xəndan, deyiləmSevmişəm ta səni, ey muğbəçeyi-xəndan, deyiləm,Maili-sərv ü gül ü bağ-gülüstan deyiləm
Gəlir keçərEy dil, həmişə gərdişi-dövran gəlir keçər,Hər gün cəfa və möhnəti-hicran gəlir keçər,