Page 1 of 3

Səhəri gün heç gözlənilmədən Bayram babam Qızılbaşoğlu Alı ilə gəldi. Babam qaçarağı və nəcib cinsdən olmağı ilə məşhur kəhər atını minmişdi. Belində onatılan tapança, ayaqlarında zərif xromdan tikilmiş uzunboğaz çəkmə var idi. Babam həmişə yaxşı geyinərdi, uzun, təpəsi gen papağı ən bahalı dəridən olardı.

O, atdan düşən kimi birinci mənim üzümdən öpdü və onun çallaşmış, qumral bığlarından gələn papiros iyi məndə sevincli bir hiss oyatdı. Babam bacım Mahtabı qucağına götürüb üzündən öpdü. Atamın, anamın kefini soruşdu. Ancaq nə Fatma nənəmlə salamlaşdı, nə də dayımla... Babamın gəlişi az qala bütün obada bayram şənliyi əmələ gətirdi, kişilər onun başına toplaşdılar.

Səkinə nənə:

– Qabağında ölüm, ay Bayram, – dedi, – nə yaxşı gəldin.

Obadakı bütün ahıl arvadlar da, kişilər kimi, gəlib Bayram babamla görüşdülər.

Eyvaz əmi dərhal sürüdən bir erkək gətirdib kəsdirdi. Sacı tərsinə qoyub, tərəkəmə camaatının ləzzətli xörəyi olan saciçi bişirdilər. Obanın ağsaqqalları da Bayram babamla bir məclisdə əyləşib yedilər, çay içdilər, arandakı hadisələr barədə sorğu-suallar verdilər. Sonra selbasarlıların obanın qoyununu çəkib aparmaq istədiklərindən söhbət düşdü. Səkinə nənə selbasarlıları qəzəblə söyüb deyirdi:

– Binamus köpəkuşağı, arvad-uşaq üstünə gəlmişdilər, qadasın aldığım Qaçaq Xanmurad azarlı-azarlı təkbaşına onları it sürüsü kimi qovub qoyundan çıxartdı, ölsəydilər, ondan yaxşı idi. Demirdilər ki, axı bu, Kərbəlayı İbixan tayfasının, Bayramın, Eyvazın obasıdı! Heylə köpəkuşağının gərək nəfəsini kəsəsən!

Bayram babam dedi:

– Ay ana, axı Kərbəlayı İbixan tayfası da dinc oturmur.

Səkinə nənə kinli-kinli dedi:

– Kərbəlayı İbixan tayfası heylə namərdlik eləyib arvad-uşaq üstünə getməz, kişisiz obaya girməz!

Mən hiss elədim ki, məclisdəki kişilər Səkinə nənənin sözlərini ürəklərində təsdiq edirlər.

Birdən Əhmədalı dedi:

– Əşi! Dahı sənin hüzurunda boynumuz tükdür, tükdən də nazikdi. Lap başımıza güllə vursan da, ixtiyarın var, amma, axı selbasarlılar bizi nə yerinə qoyurlar ki, günün günorta çağı gəlib arvad-uşağın gözü qabağında obanın qoyun-quzusunu yığırlar?! Bəyəm bizim başımızdakı papaq döyül? Sabah elatın qabağına nə üzlə çıxarıq?!

Babam bu dəfə bir qədər yumşaq tərzdə dedi:

– Yaxşı, selbasarlılar bir axmaqlıq elədilər, Qaçaq Xanmurad da heyvanı saldırdı, tay nə istəyirsiniz?

Əhmədalı qaşqabaqla cavab verdi:

– Qaçaq Xanmurad Əhmədalılardandı, dayı, Kürdobadan döyül.

Bayram babam onun nə demək istədiyini başa düşərək əsəbiləşdi:

– Əl çəkin bu işlərdən! Arazın o tayındakılara İran şahı divan tutur, bu tayında da siz çarın əlindən dünən qurtarmısınız! Didməyin bir-birinizi! Yolda mənə dedilər ki, siz də selbasarlılara basqın eləmisiniz, nə vaxtacan davam eləyəcək bu avam işlər?!

Heç kəs dinmədi. Bayram babam Mustafaoğluna dedi:

– Bunlar selbasarlılardan nə qədər heyvan gətiriblərsə, hamısını qatarsan bir çobanın qabağına, aparıb verərsən özlərinə!

Mustafaoğlu toxtaq səslə dedi:

– İxtiyar sahibisən, apar deyirsən, aparıb verərik.

Səkinə nənə dedi:

– Heylə şey eləmə, Bayram, selbasarlılar nanəcib adamlardı, deyəcəklər, bizdən qorxdular.

Eyvaz əmi gözü bükməkdə olduğu papirosda, əlavə etdi:

– Onlar bizim heyvanı aparsaydılar, qaytarmazdılar.

Bayram babam dedi:

– Siz qaytarın, qoyun onlara da dərs olsun. O vaxt bizimkilər onlardan adam vurmasaydı, bu ədavət də ortaya düşməzdi.

Səkinə nənə dedi:

– Adamları dinc oturaydı, vurulmayaydı, bilmirdi ki, Kürdobaya sataşanın anasını ağlar qoyarlar?!

Adamlar dağılışandan sonra Bayram babam Fatma nənəmi alaçığa çağırıb acıqlı-acıqlı tapşırdı:

– Oğluna deyərsən, bir də mənim gözümə görünməsin! Cəhənnəm olsun, lap günü sabah getsin arana!

Bir xeyli sükutdan sonra Fatma nənəm təəccüblü bir cəsarətlə dedi:

– Getmək lazımdı, niyə qardaşın Eyvaza demirsən?! Nuru uşaqdı, niyə yoldan çıxarıb obanın cahılları ilə basqına göndərirdi?! Niyə fikirləşmirdi ki, Bayramın gözünün ağı-qarası bircə oğlu var, gedər, – uzaq olsun, uzaq olsun, – güllə-zad dəyər?! Yoxsa canından idi?

Babam acıqlandı:

– Sən atanın goru, sarsaq-sarsaq danışma, sənə dedim ki, tapşır çıxıb getsin arana.

Mən Bayram babamı nə qədər çox istəsəm də, onun Fatma nənəmlə belə rəftarı ürəyimə toxundu, onsuz da obada heç kim Fatma nənəmi istəmirdi. Hətta mənə elə gəlirdi ki, heç anam da onu istəmir.

... Nuru dayım ayaqlarında son dəbdə tikilmiş uzunboğaz, belində patronla dolu iki kəmər, əlində beşaçılan, başında qabardin gümüşü papaq, şən halda alaçıqdan çıxıb öz atına yaxınlaşaraq, cilovu geri qaytarıb, qəsdən ayağını üzəngiyə qoymadan sıçradı yəhərə. Əhmədalı ilə Hacı da tüfəngli, patrondaşlı atlandılar, Fatma nənəm əlində su ilə dolu parç tutaraq vahimə və həyəcanla dayıma baxırdı, dayım isə bir dəfə də olsun ona tərəf baxmadı.

– Qoy Əhmədalı ilə Hacı səni lap Qarabulağacan ötürsün.

Nuru dayım cavab verməyərək və heç kəslə xudahafizləşməyərək kefikök halda ayaqlarını yavaşca tərpətdi, at bunu gözləyirmiş kimi, dördəmə götürüldü. Fatma nənəm dodağının altında dua oxuya-oxuya suyu onun ardınca atdı. Əhmədalı ilə Hacı da dayımın dalınca çapdılar. Oraya toplaşmış oba adamları öz komalarına getdilər, yalnız Fatma nənəm bütün dünyadan ayrılmış kimi, dayanaraq oğlunun ardınca baxırdı. Mən, nə isə nənəmə təsəlliverici bir söz demək istədim, amma tapa bilmədim. Dayımgil dağın dalında gözdən itdikdə Fatma nənəm heç kəsin üzünə baxmadan gedib girdi alaçığa, Bayram babam isə saçaqlı yapıncısı çiynində, yuxarı – Qızılboğaza tərəf gəzməyə çıxmışdı. Dayımın həmişə mənimlə soyuq rəftarına və mənim də onu istəməməyimə baxmayaraq, onun indi bu cür çıxıb getməsi məni qüssələndirirdi. Elə bil ki, Fatma nənəmin dərdi mənə də sirayət edirdi. O da mənə təsir edirdi ki, dayım bir dəfə olsun anasına tərəf baxmadı və atını eynilə cıdırlarda olduğu kimi nəşə ilə çapıb getdi.

Mən alaçığa girəndə gördüm ki, Fatma nənəm oğluna dua eləyir. O ağlamırdı, ancaq mən onun ala gözlərinə baxaraq, içərisindəki yanğını hiss edirdim. O, sanki mənim gəlişimi hiss etməyərək öz-özünə deyirdi:

– Allah, sən mənim oğlumu yerin-göyün bəlasından uzaq elə! Allah, sən quldurun, biinsafın yolunu bağla!

Mən daha alaçıqda dayana bilməyərək bayıra qaçıb dəvə karvanı kimi dal-dala düzülmüş qayaların dalında ağladım. Elə bu vaxt gecədən bəri göyü qaplamış buludlar parçalandı, gün çıxaraq çiçəkli yaşıl çölləri, yosunlu qayaları, Altıntaxtada otlayan çılpaq atları, uzaqda – dağın döşünə səpələnmiş, göbələk tək görünən qoyun sürülərini sevincli işığa qərq etdi. Yosunlu daşların çalalarında axşamkı yağışdan qalmış sular güzgütək parladı. Mən gözümün yaşını pencəyimin qolu ilə silərək indi dərin, mavi dəniz kimi görünən göyə baxıb fikirləşdim ki, «görəsən, bu saat Allah harada əyləşib? Fatma nənəmin yalvarışlarını eşidirmi? Əgər eşidirsə, nənəmin mətləbini hasil eləyəcəkmi?» Mən ürəyimdə Allaha qarşı kövrəlmiş bir məhəbbət hiss edərək göyə elə məzlum-məzlum baxırdım ki, əgər Allah mənim bu baxışlarımı görsəydi, yəqin ki, nənəmə rəhm eləyib onun iltimasına əməl edərdi. Birdən yadıma düşdü ki, Fatma nənəm həmişə deyir: «Allah ərrəhmanirrəhimdir», yəni rəhm eləyəndir.

Mən ürəyimdə bir toxtaqlıq hiss eləyərək, günəş istisindən qızmış daş «dəvələrdən» birinin belinə mindim. Bu vaxt Qaraca məni görərək ocaq üçün çöldən yığdığı təzəkləri komalarının qapısına qoyub, yanıma gəldi. Mən ona dedim:

– Qaraca, min daldakı dəvəyə.

Qaraca təəccüblə soruşdu:

– Hanı dəvə?

Mən dedim:

– Bəs bu dal-dala düzülən dəvələri görmürsən?

Mən tərəkəmələr kimi «hey! hey!» deyə-deyə, guya dəvələri yeyin getməyə səsləyərək nəşə ilə dedim:

– Bu mənim dəvə karvanımdır, gedirik Naxçıvandan duz gətirməyə.

(Kürdobalılar dəvələrlə gedib Naxçıvandakı böyük duz mədənindən duz və quru ərik gətirərdilər). Qaraca altdan yuxarı mənə qıyqacı baxıb gülümsədi. O, çox nadir hallarda gülümsəyərdi.

Mən dedim:

– Yaxşı, indi ki dəvəyə minmirsən, sarvan ol, keç qabaqdakı nərin ovsarından yapış.

Lakin Qaraca irişə-irişə altdan yuxarı mənə baxıb dururdu.

– Hey! Hey! – deyə mən «dəvələri» səsləyib, eyni zamanda, fikirləşirdim ki, Fatma nənəm gecə-gündüz namaz qılıb dayıma dua edir, özü də elindən-obasından ayrı düşmüş yazıq bir arvaddır, yəqin ki, Allah onun yalvarışlarını eşidəcək, çünki Allah ərrəhmanirrəhimdir!

Əslinə baxsan, mən bu düşüncənin məzmununu hiss edirdim, yəni o dəqiqələrdə bir adam məndən soruşsaydı ki, nə fikirləşirsən, əlbəttə ki, nə düşündüyümü belə aydın ifadə eləyə bilməzdim.

Nəhayət, mən «dəvələri» haylamaqdan yorularaq, düşüb Qaracanın yanına gəldim. O, məni inandırmışdı ki, neçə dəfə sapandla kəklik vurub, neçə dəfə onun cələsinə kəklik düşüb... Mən dedim:

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

İyirmi yeddinci şəkil

Ağabəyim ağa qara paltarda kənizləri ilə birgə səhnəyə daxil olur. Saday bəy ilə Əbülfət xan da oradadırlar.*Ağabəyim ağa**

19911 min
Səriyyə

Biz bir ilə yaxın idi ki, evlənmişdik. Mən yol texnikumunu qurtaran kimi də toyumuz olmuşdu. Baş yollar idarəsində mühəndis olan ərim Adil hər gün səhər saat doqquz tamama on dəqiqə qalmış işinə gedər, mən də bazardan ayın-oyun alıb gətirər, biş-düş edərdim. Dörd ay bundan qabaq bizə üçotaqlı təzə mənzil vermişdilər. O zaman mən otaqları gəzərək:– Ay Adil, – deyə zarafat eləmişdim, – biz bu boyda evlərə nə qoyacayıq?

1 h 15 min
Adil

... Mən o dəhşətli fırtına buludlarının sıxlaşa-sıxlaşa bizim çadırımızın üzərinə yeridiyini görürdüm... Mən, hər şeydən əvvəl, öz hərəkətlərimi diqqətlə təhlil edirdim.Oçerkdə deyilənlərin hamısı həqiqət idi. Mən dağların o biri tərəfindəki fermalara gedən yolu bacardıqca tez qurtarmağa can atır və bunun üçün əlimdən nə gəlirdisə eləyirdim. İş sahələrinə baş çəkmədiyim bir gün də olmurdu. Fəhlələrin məəttəl qalmaması üçün bütün materialları həmişə vaxtından bir neçə gün qabaq daşıtdırırdım. Adamların maaşını bir gün də gecikdirmirdim. İstər yerli idarələr, istərsə də mərkəz mənim işimdən çox razı idi. Mən hər ikimizin (Səriyyənin və özümün) həyatı qarşısında məsul idim. Bilirdim ki, bu çəkdiyimiz yol, eyni zamanda, bizim gələcəyimizə gedir. Sadəcə desək, əgər mən pis işləsəm, yolu vaxtında qurtarmasam, bir də heç bir zaman bu cür müstəqil, məsul iş üzü görmərəm. Mən fatalist deyiləm. Bilirdim ki, hər gənc ailənin gələcək səadəti, birinci növbədə, ailə başçısının ağıllı hərəkət etməsindən asılıdır. Mən boş xəyallara, təsadüflərə bel bağlayanlardan deyildim. Mən bütün şahmat fiqurlarının qabaqcadan əsaslı surətdə düşünülmüş möhkəm plan üzrə hərəkət etməsini istəyirdim, həyata qarşı həmişə hücumçu olmaq fikrindəyəm. Daha doğrusu, bu mənim prinsipim, əqidəm idi. Mən müdafiə mövqeyində dayanmağa nifrət edirdim. Ona görə də yola rəis təyin olunub gəldiyim ilk gündən işi elə qurdum ki, adi idarələrin qarşısında mən yox, idarələr mənim qarşımda başlarını itirirdilər. Mən smeta üzrə yola lazım olan materialları, məsələn, sementi, betonu, boruları dərhal daşıtdırır, qalanını isə vaxtından azı bir ay qabaq tələb edirdim. Onlar materialı tələb etdiyim vaxtdan gec verdikdə isə aləmi bir-birinə vururdum.

13 min
Səriyyə

... Mən körpüsalanlar briqadasından ayrılmayacağımı qəti bildirəndən sonra, Adil bir də bu barədə danışmadı. Mənə qarşı daha mehriban, daha şən oldu. Tez-tez zarafat edir, axşamçağları mənimlə birlikdə meşəyə gəzməyə çıxırdı. Nə körpü barədə, nə də bizim briqada haqqında heç nə soruşmurdu. Lakin rayona köçmək söhbətindən dörd gün sonra biz körpünün böyük borularını bərkitdiyimiz zaman, motosikletdə bir oğlan gəlib buldozerçiyə bir zərf verdi. O da cəld açıb, içindəki balaca kağızı gözdən keçirdi. Buldozerçi gülümsəyərək kağızı Soltana uzatdı. O da alıb bərkdən oxudu. Bu, buldozerçinin birinci sahəyə dəyişilməsi barədə yol rəisi Adil tərəfindən verilmiş əmr idi. Soltanla Kərəmxanın nəzərləri bir anlıq mənə dikildi.– Bəyəm bizə buldozerçi lazım deyil? – deyə Kərəmxan soruşdu.

18 min

Poems by other poets