Mən ürəyimin dərinliklərində Qaçaq Xanmurad kimi bir qəhrəman olmağı arzulayırdım. Gecələr yerimə girəndən sonra da bu barədə uzun xəyallara dalırdım. Özümü, neçə atlı-tüfəngli adamı təkbaşına qoyun sürüsünün içindən çıxmağa məcbur eləyən Qaçaq Xanmurad kimi bir igid təsəvvür edirdim. Lakin Qaçaq Xanmuradın bu dəfə anama danışdığı bir əhvalat mənim bu şirin xəyallarımı alt-üst elədi. Qaçaq Xanmurad o tayda (yəni Arazın o tayında) bir düşmənindən necə qisas aldığını nağıl edirdi. O, nəşə ilə danışırdı ki, çiskinli, qaranlıq bir gecədə öz dəstəsilə qəfildən həmin düşməninin alaçığını mühasirəyə alaraq, uşaqdan böyüyə hamını necə gülləbaran eləyib qırıblar...

Anam həssas qadın idi. Kiçik bir sarsıntı onun bənizini dərhal soldururdu. İndi bu əhvalatı eşidəndə də rəngi ağardı və o, həyəcanla soruşdu:

– Yazıq arvad-uşağın nə təqsiri vardı?

Qaçaq Xanmurad eyni nəşə ilə dedi:

– Düşmən düşməndi, kimdi arvad-uşağa baxan?!

Amma bu söhbətdən qabaq mən xəyala dalırdım ki, əgər Qaçaq Xanmurad kimi bir igid olsam, yeddi gün, yeddi gecə at sürərək gedib ağ divi necə öldürərəm və onun oğurlayıb apardığı gözəl qızı necə xilas edib, anasının yanına qaytararam və anası da sevincindən ağlayaraq mənə «sağ ol» deyər...

Qaçaq Xanmuradın o dəhşətli əhvalatı və o əhvalatı danışarkən gözəl, solğun üzündə duyduğum nəşə məndə anlaşılmaz qüssə doğurdu, birdən-birə mən özümü, nə isə, qiymətli bir şey itirmiş kimi hiss elədim. Nurani saqqallı, başı əsən və əlli ildən artıq qaçaqçılıq eləmiş Qaçaq Məşədi Təhməzin nişana atdığı zaman balaca gözlərində gördüyüm parıltı məndə indi qəribə bir vahimə doğurdu. Mənə elə gəldi ki, qəfil öz ovunun üzərinə tullanıb, onu bir anda parçalayan pələngin də gözlərində yəqin belə vəhşi parıltı olur. Mən tərəkəmə qohumlarımdan eşitmişdim ki, yırtıcı heyvanlardan ən xaini canavardır. Ancaq nə üçünsə, qoca qaçağın gözündəki parıltı mənə canavarı deyil, məhz pələngi xatırladırdı. Artıq Qaçaq Xanmurad mənim xilaskar qəhrəmanım ola bilmirdi. Yəni mən daha onu o cür təsəvvür eləyə bilmirdim və buna görə də məyus olurdum. Mən belə anlarda özümü yalqız və köməksiz hiss edirdim. Sonralar Qaçaq Xanmuradın babamgilə gəlişi, yoldaşları ilə eyvandan nişana atmaları daha məni əvvəlki kimi fərəhləndirmirdi.

Qırx adamı bir-birinə qırdıran gödək Nisə isə hər dəfə qabağıma çıxanda mən Fatma nənəmin nağıllarında eşitdiyim ana divi xatırlayırdım. Bu arvadın ana div kimi sarı balta dişləri, buynuzu yox idi. Bu arvad ana div kimi nəhəng deyildi və onun kimi dəhşətli dərəcədə eybəcər görünmürdü. Bu arvad insan idi, özü də mənim hər gün gördüyüm Xəlsə nənəm kimi, başqa qarılar kimi insan idi. Demək, bu ana div insan cildinə girmişdi. İnsan cildinə girdiyi üçün də bütün evlərə asanlıqla yol tapıb, uşaqları anasız, anaları uşaqsız qoya bilərdi. Kim bilir, bəlkə əmim oğlu Bəhlulun anasına cadu eləyib sill azarına salan elə həmin bu Nisə qarı imiş... Axı, deyirlər, gödək Nisə Vəli uşağından olan Əbdüləzizin böyük bacısıdır. Beli əyri, boynu qısa, başı çiyinlərinin arasına girmiş və deyilənə görə, son dərəcə hiyləgər bir adam olan Əbdüləzizin özü də, məgər insan cildinə girmiş div deyilmi?!

Analığı əmim oğlu Bəhlula gün vermirdi. Hey döyüb ağladırdı, Bəhlul daim ac olurdu. Mən evimizdən yağlı çörək, kişmiş aparıb verirdim ona və onun, içində adam yaşamayan damlarının dəhlizində bu şeyləri necə acgözlüklə yediyinə tamaşa edirdim. Yağlı çörəkdən mənim zəhləm gedirdi. Çox konfet yediyim üçün şirin şey də ürəyimi vururdu. Mən fikirləşirdim ki, əgər anam ölərsə, mənim də atam ayrı bir arvad alar və o da məni Bəhlulun gününə salar. Qubad əmi hər axşam tarladan, ya Qayaburnu bağlarından qayıdaraq çarığını çıxarıb, dəstəmaz alaraq iri ayaqlarını yuyub namaz qılardı. Sonra da yerdə, palazın üstünə salınmış köhnə döşəkcənin üstündə bardaşqurma əyləşərək, arvadının dinməz gətirib qoyduğu qatıq-çörəyi və ya şomu dovğasını şirin-şirin yeyərdi. Bir dəfə də olsun, oğlu Bəhlulun əhvalını soruşmazdı, ac və ya tox olub-olmadığı ilə maraqlanmazdı. Elə bil ki, o, Bəhlulun yeyib-içmiş olduğuna, tox olduğuna əmin idi. Demək, əgər anam olmasaydı, mənim də atam bu cür edərdi.

Bu nəticələr anamın üstündə mənim yarpaq kimi əsməyimə səbəb olurdu. Anamın başı ağrıyanda və ya qızdırması gələndə mən özümü olduqca bədbəxt hiss edirdim. Hətta, xəlvətə çəkilib ağlayırdım da.

Beləliklə, ögey ana dünyada mənə ən qəddar məxluq kimi görünürdü.

Mənim qapalı aləmimdə bir tutqunluq hökm sürməkdəydi. Əlbəttə, bu tutqun aləm barəsində mən heç kəsə bir söz demirdim, yəni demək heç ağlıma da gəlmirdi, çünki bu tutqunluğu yalnız mən hiss edirdim, mahiyyətini, səbəblərini aydın dərk eləmirdim, elə bil ki, xaricdən aldığım təsirlər bu tutqunluğu getdikcə tündləşdirirdi.

Fatma nənəm dərdini heç kəsə söyləməsə də, öz-özünə olan danışıqlarından görürdüm ki, bütün fikri-zikri, kim bilir, indi haralarda olan Nuru dayımın yanındadır və öz-özü ilə olan danışığında o, daim Bayram babamı günahlandırırdı. Evdə tək olduğum zaman nənəm (nənəm məni uşaq hesab elədiyi üçün yanımda öz-özünə danışmaqdan çəkinmirdi) taxtın üstündə əyləşərək gözlərini qarşısında bir nöqtəyə zilləyib müştükdə papiros çəkə-çəkə hey deyirdi: «Cavanın beyni qan olar... Gərək başına ağıl qoyasan. Kişi yaylaqda qardaşının günahını tökdü yazıq uşağın üstünə, ta demədi ki, tək oğlumdu...»

Fatma nənəm bu cür sözləri bəlkə gündə yüz dəfə yana-yana təkrar edirdi, hər dəfə namaz qılanda oğluna dua edirdi və nənəmin oğlu sarıdan olan bu ümidsiz dərdi məndə qüssə doğururdu. Gözəl Aynanın vurulub yaşıl otlar üstünə sərilməsi, sonra onu palazın arasına qoyub aparmaları gözlərim önündən çəkilmirdi. Yaylaqdakı Qaraca ilə buradakı əmim oğlu Bəhlul mənim xəyal aləmimin daimi iştirakçıları idilər. Biri gözümün qabağında canlanan kimi, o biri də böyürdən çıxırdı.

Bayram babam da bütün günü öz işində olurdu, başqa kəndlərə gedirdi. Mənə elə gəlirdi ki, Bayram babam dünyanın ən mərhəmətli adamıdır. Ancaq bir gün dəhşətli bir əhvalat oldu. Yasavullar ortaboylu, cantaraq bir kişi tutub gətirmişdilər. Bayram babam həyətdə onu üzü üstə yerə yıxdırdı. İki yasavul bir tərəfində, ikisi də o biri tərəfində duraraq pencəyini, köynəyini yuxarı sivirib, çılpaq belinə şallaqla döyməyə başladılar. Adamlar tamaşa edir, yasavullar şallaqlayırdılar. Kişinin beli qıpqırmızı qızarmışdı. Nəhayət, o, davam gətirməyərək qışqırdı. Yalnız bu zaman babam yasavullara əmr etdi ki:

– Dayanın!

Yasavullar onu qaldırıb yenə də qollarını arxadan bağladılar. Sonra babam oraya yığılan adamlara xitabla dedi:

– Bu adam Hacı Fərzəlinin bir erkəyini oğurlayıb kəsib. Kim oğurluq eləsə, bunun kökünə düşəcək!

Birdən qolları arxasında bağlı olan həmin döyülən kişi həyəcanla:

– A bəy, – dedi, – erkəyi kefimdən oğurlamamışam. Beş körpə uşağım, budur, iki aydır ki, pencərlə dolanır. Hacı Fərzəlinin dörd-beş min qoyunu var.

– Bəs səninki niyə yoxdu? – deyə babam acıqlandı. – Niyə uşaqlarının haqqında vaxtında fikirləşməmisən? Hacı Fərzəli o dövləti başqalarına çoban olmaqla qazanıb, amma sən günortayacan yatıb, gözünü dikmisən onun-bunun varına, Allahın yolundan çıxıb, oğurluğa qurşanmısan.

Həqiqətin nədə olduğunu aydınlaşdıra bilməsəm də, babamın bu adamı döydürməsi mənə pis təsir elədi. Mən fikirləşdim ki: «Əgər bu kəndlinin beş balaca uşağı acdırsa, dövlətli Hacının bir qoyununu kəsəndə dünya dağılmaz ki?..» Kişinin görkəmi məni inandırdı ki, onun körpə uşaqları acdırlar! O körpə uşaqlar müxtəlif şəkillərdə gözlərim qarşısında canlanırdılar. Mən onların qapıdan içəri girən atalarına dikilmiş ac baxışlarını, arıq, solğun bənizlərini görürdüm və bu məni o qədər mütəəssir edirdi ki, babamın onların atasına elədiyi töhmət haqqında düşünə bilmirdim, mən ancaq gözləri qapıdan içəri girən atalarının əlinə dikilmiş balaca uşaqların ac üzlərini görürdüm və o günü mən anamın, Fatma nənəmin təkidinə baxmayaraq, səhərdən axşamacan heç nə yemədim. Mən aclığın necə murdar, xoşagəlməz şey olduğunu gördüm. Mən o gecə, həmişə olduğu kimi, yatmazdan əvvəl Bayram babamın yanında uzanıb onun məni güldürmək üçün elədiyi məzəli söhbətlərə, nağıllara qulaq asmadım, daha doğrusu, qulaq asa bilmədim. Mən indi də səbəbini özümə izah eləyə bilmirəm ki, nə üçün o günü özümü o qədər bədbin, o qədər kədərli hiss edirdim? Özü də sanki mənim kədərim qara bir bulud kimi bütün dünyanın üzərinə çöküb hər şeyi pərişan eləmişdi. Güney Güzdəyi bürüyən aclığın dəhşətini mən indi hiss edirdim. Gecə acların fəryadını eşidərək uzun zaman yuxuya gedə bilmirdim. Onlar bizim olduğumuz evin ətrafına toplaşaraq: «Ay bəy uu...» deyə tükürpədən bir səslə qışqırırdılar. Onlar çörək istəyirdilər.

Mən Bayram babamgillə bir otaqda yatdığım üçün kişinin qaranlıqda, yerinin içində dalbadal çəkdiyi papirosların közərtisini görürdüm.

Sonra yasavulların müşayiəti ilə babamgilin qapısına bir neçə araba un gətirdilər. Anamgil deyirdilər ki, «bu unu Hacı Zeynalabdin Tağıyev göndərib».

Sonra aclar tökülüb gəldilər və babamın əmri ilə həmin unu paylamağa başladılar. Əvvəl adamlar elə basabas, elə qışqırıq salırdılar ki, az qalırdı hücum eləyib un yığılan anbarı dağıtsınlar. O zaman Bayram babam eyvana çıxıb bərkdən dedi:

– Camaat, əgər belə eləsəniz, anbarın ağzını möhürlətdirəcəyəm! Strajniklərə də əmr verəcəyəm ki, yaxına gələnləri güllə ilə vursunlar!

Bütün səs-küy bir anda kəsildi. Acından quyunun dibinə düşmüş gözlər dəhşətlə kişiyə zilləndi. Daha heç kəs cınqırını çıxarmağa cəsarət eləmədi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Daş hasar

Firəngizi heç bir şey təzə bir pyesin primyerası, ya tərifi yayılmış təzə bir roman, ya yeni açılmış bir rəsm sərgisi qədər maraqlandırmırdı. Belə hadisələr həmişə onda bir bayram əhvalı yaradırdı. O, məşhur kino artistlərinin, məşhur rəssamların, dəbdə olan yazıçıların adlarını, tərcümeyi-hallarını əzbər bilirdi. Xüsusən də müasirlərin. Əlbəttə, bunların sənətindəki gözəlliyin mahiyyəti ona məlum deyildi. Bu barədə düşünmək heç onun ağlına da gəlmirdi. Amma o bu sənətdəki yeni ruhu (əgər bu var idisə), yeni maneranı hiss edirdi və bu ona fövqəladə dərəcədə cazibədar görünürdü. Bu cazibədə bir fərəh, bir irişilməzlik vardı. Bir yaz gözəlliyi vardı. Ya mənasını dərk edə bilmədiyi adi bir pərişanlıq vardı. Elə pərişanlıq ki, bəzən onun ürəyini nəhayətsiz, lakin qəmgin yüksəkliklərə aparırdı. Belə anlarda onun məftunluğunun həddi-hüdudu yox idi. Orta məktəbdə oxuduğu zamanlar o, şirin xəyallara dalardı. Kaş, o da məşhur bir rəssam, ya Jorj Sand kimi, Merdok kimi bir yazıçı olaydı. Eh... heç kəs bilmirdi ki, o, məsələn, Konsuelanın, ya Romeo və Cülyettanın iztirablarını nə qədər dərindən hiss etmişdi. Nə qədər ürək yanğısı ilə yaşamışdı... Və məhz belə dəqiqələrdə onun kədərinin gözəlliyini heç nə əvəz etməzdi...Lakin orta məktəbin son sinfində qız dərin bir kədərlə dərk elədi ki, ondan nə rəssam olar, nə bəstəkar, nə yazıçı. Bəlkə... bəlkə artist olaydı. O, güzgünün qarşısında dayanaraq özünə tamaşa edirdi. Boy-buxun, orijinal gözəllik, zəriflik. O, ata-anasının narazılığına baxmayaraq, İncəsənət İnstitutunun aktyorluq fakültəsinə ərizə verdi və... kəsildi. İmtahan götürən müəllim eyhamla andırdı ki, aktyorluq üçün lazım olan cəhətlər onda yoxdur. Qız o qədər sarsıldı ki, heç olmazsa, bu cəhətlərin nədən ibarət olduğunu soruşub bilmək ağlına da gəlmədi.

17 min
Hökmdar və qızı

1990-cı il yanvar ayının 20-də Bakıda*qəfildən gülləbaran edilmiş Azərbaycan*

19911 min
Birinci şəkil

Şuşa qalası. İbrahim xanın iqamətgahı. Ağaməhəmməd şahın Şuşanın istilası zamanı Balakənə qaçmış İbrahim xanın Ağa Məhəmməd şah öldürüləndən sonra təkrar sağ-salamat Şuşaya qayıtması münasibətilə sarayda şadyanalıq. Musiqi. Cavanlar rəqs edirlər. Xanın qızları Ağabəyim ağa və Səltənət bəyim də, Cavad xanın oğlu Hüseynqulu xan da, Qaradağ atlılarının gənc sərkərdəsi Saday Şirxan oğlu da onların arasındadır. Axund Mirmöhsün ağa zərif parçadan tikilmiş ağ libasda, ağ əmmamədə səhnənin yuxarısında görünür.*Mirmöhsün ağa**

19911 min
İkinci şəkil

Ağabəyim ağa və Saday bəy.*Ağabəyim ağa**

19912 min

Poems by other poets