Şuşa qalası. İbrahim xanın iqamətgahı. Ağaməhəmməd şahın Şuşanın istilası zamanı Balakənə qaçmış İbrahim xanın Ağa Məhəmməd şah öldürüləndən sonra təkrar sağ-salamat Şuşaya qayıtması münasibətilə sarayda şadyanalıq. Musiqi. Cavanlar rəqs edirlər. Xanın qızları Ağabəyim ağa və Səltənət bəyim də, Cavad xanın oğlu Hüseynqulu xan da, Qaradağ atlılarının gənc sərkərdəsi Saday Şirxan oğlu da onların arasındadır. Axund Mirmöhsün ağa zərif parçadan tikilmiş ağ libasda, ağ əmmamədə səhnənin yuxarısında görünür.

Mirmöhsün ağa

Camaat! Əlahəzrət hökmdarımız İbrahim ağa Balakəndən bütün ailəsilə sağ-salamat qayıdıb təkrar öz taxt-səltənətinə sahib olması münasibətilə xalqa əfvi ümumi əta eləyib zindandakı məhbusların azadlığı barədə sərəncam verir.

Səslər

Allah xanın ömrünü uzun eləsin!

Səslər

Allah xanı həmişə öz taxt-səltənətində bərqərar eləsin!

Səslər

Adil hökmdarımız İbrahim xana eşq olsun!

İbrahim xan ağır addımlarla səhnənin hündürlüyündə görünərək camaata əl edir.

İbrahim xan

Camaat, mən sizin sədaqətinizə həmişə əmin olmuşam. Qəhrəman Qarabağ camaatı heç bir zaman satqın olmamışdır. Azərbaycan türkləri heç bir zaman namərd olmamışdır. Onu da sizin nəzərinizə çatdırmaq istəyirəm ki, mənim və ailəmin Balakəndən bura sağ-salamat gəlib çıxmağımız ancaq Qaradağ atlılarının və onun cavan sərkərdəsi Saday Şirxan oğlunun igidliyi sayəsində mümkün olmuşdur. Saday Şirxan oğlu üç dəfə şəxsən özü özünü ölüm təhlükəsinə məruz qoyaraq, bizi xilas etmişdir.

Səslər

Yaşasın Saday Şirxan oğlu!

Səslər

Sağ olsun Qaradağ igidləri!

İbrahim xan

Ona görə də, mən, ədalət naminə, Saday Şirxan oğluna və onun bütün törəmələrinə bəylik rütbəsi verirəm.

Saday bəy

Sağ olsun adil hökmdarımız İbrahim xan.

İşıq sönür.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Mən və kitablar

Mən anamın oxuduğu qalın cildli kitablara dərin bir maraqla baxırdım, anamın o kitablardan oxuyub bizə nağıl elədiyi Rüstəm Zal ilə oğlu Söhrabın əhvalatı, «Hind racisi», «Armanusiya» macəraları xəyalımda təəccüblü bir aydınlıqla canlanırdı. Mən Rüstəm Zal pəhləvanın əvvəl tanımadığı oğlu cavan Söhrabla vuruşaraq, ölümcül yaralayandan sonra qolundakı bazubənddən onun öz oğlu olduğunu bilib necə sarsıldığını unuda bilmirdim. Elə bil ki, o faciə mənim gözümün qabağındaca olmuşdu. Cavan Söhrabın onu məğlub eləyib ölümcül yaralayan bu qüdrətli pəhləvanın öz atası olduğunu biləndən sonra keçirdiyi hissləri mən öz hisslərim kimi duyurdum və mənə elə gəlirdi ki, diyarbadiyar gəzib öz atasını axtaran Söhrab onu bağışlayır, ona olan məhəbbətilə ölür və bu, cahan pəhləvanı Rüstəm Zal üçün sağalmaz bir dərd olur. Mən onların hər ikisində yüksək bir alicənablıq hiss edirdim, əgər Söhrabın yerinə mən olsaydım, mən də atamı bağışlayardım. Onların hər ikisində olan mərdlik və qəhrəmanlıq məni izah eləyə bilmədiyim fövqəladə hisslərlə qanadlandırırdı. Mən bütün qəhrəmanları zahirən də yaraşıqlı, gözəl təsəvvür edirdim. Cıdırlarda ad çıxaran Qarabağ atları da, qüdrətli uca çinar da, bizim sıldırımlı dağlardakı qartallar da mənə gözəl və alicənab görünürdü. Mən Şuşa qalasının qorxunc uçurumlu Xəzinə qayasına baxanda da eyni hissləri keçirirdim. Bu əzəmətli qayanın sükutu mənə əsrarəngiz görünürdü, elə bil ki, o öz sükutu ilə nəyi isə gözləyir.Anamın oxuduğu kitablara baxdıqca mənə elə gəlirdi ki, onlarda məhz mənim sezib duyduğum, məhz mənə qarşı bir məhəbbət sükut edir. Bu məhəbbətin nədən ibarət olduğunu bilmirdim, ancaq o kitablara qarşı fövqəladə bir doğmalıq hiss edirdim. Hələ məktəbdən əvvəl anam mənə oxuyub-yazmağı öyrətməyə başlayanda görürdüm ki, sözlər hərflərdən düzəlir və mən dərhal bu hərfləri öyrənib sözləri oxuyanda sanki yeni bir aləmə daxil olurdum. Bu aləm də insanlardan, onların taleyindən, işlərindən ibarət olsa da, tamam başqa idi. Sanki burada hər şey, hər hiss təzə idi və bu hisslər mənə çoxdan məlum idi. Elə bil ki, mən özüm hansı zamanda isə o hislə yaşamışam. Mən birinci dəfə kiçik bir hekayə oxudum. Orada təsvir olunurdu ki, balaca Murad qonşuluqlarındakı bağın yanından keçəndə qoca bağban Qədir baba ona yetişmiş sulu bir armud bağışladı. Murad armudu yemək istəyəndə birdən yadına düşdü ki, balaca bacısı evdə xəstə yatır, ona görə də Murad armudu yeməyərək aparıb bacısına verdi. Mənə elə gəldi ki, bu Murad mən elə özüm olmuşam. Ancaq xəstə bacım deyil, anam olmuşdur. Və mən ürək sərinlədən sulu armudu yeməyib, qızdırma içində ürəyi yanan anama gətirməyimdən təsəlli alırdım.

4 min
Dünyanın kədəri

Bayram babam qəza milis rəisi olandan sonra Qızılbaşoğlu Alı kimi, Hacı kimi, Əhmədalı kimi atıb-vurmağı, yaxşı at minməyi bacaran igid oğlanlardan başına toplayıb dağlarda, meşələrdə yurd salan oğru-əyri qaçaqlarla mübarizəyə başlamışdı. İnqilabdan əvvəl bizdə iki cür qaçaq olurdu. O adamlar ki, hökumətin, yerli bəylərin, ağaların zülmündən qaçıb qaçaq olurdu, onların kasıb-kusubla, camaatla işi olmurdu. Əksinə, Nəbi kimi, Süleyman kimi qaçaqların, yeri gələndə, kasıblara köməkləri də dəyirdi. Amma elələri də olurdu ki, oğurluq üstündə, başqalarına haqsız ziyan vurmaq üstündə qorxub qaçaq olurdular. Belələrinə hamı nifrətlə baxırdı. Birinci növ qaçaqları babam sülhlə üzə çıxarmağa çalışırdı. İkinciləri isə dağda-dərədə hərləyib, nəhayət, tuturdular. Bir dəfə Bayram babam pul üstündə bir seyidi öldürdükləri üçün iki nəfəri tutub gətirmişdi. Sonra dedilər ki, onları camaatın qabağında güllələyəcəklər. Həmin gün Fatma nənəmlə birlikdə mən də getmişdim tamaşaya. Şəhərin ortasındakı meydana çoxlu adam yığılmışdı. Yeddi-səkkiz nəfər əlitüfəngli hazır dayanmışdı. Fatma nənəm arvadların içində, yerdə oturmuş qoca bir qarını göstərib dedi:– Həmin öldürülən seyidin anasıdı bu arvad.

6 min
Yenə də Nuru dayım

Bir yaz günü bir də gördük Nuru dayım üç tüfəngli milislə, atlı gəldilər bizə. Atam bazardaydı. Anam dayımı görəndə, yəqin ki, Bayram babama görə gözləri yaşardı. Nuru dayımın gözlərindən bir-iki damcı sakit halda üzüaşağı yuvarlanırdı. Mən yüyürüb dayımın gəldiyini Fatma nənəmə xəbər verdim. Arvad qılçaları bir-birinə dolaşa-dolaşa mənimlə gəldi bizə, Nuru dayımın bir neçə saniyə arvadın üstündə dayanan baxışlarında buz kimi soyuq bir şey hiss elədim. Yəqin buna görədir ki, arvad özünü itirib bir söz demədi. Oğlu da bir söz demədi. Mən pərt oldum. Fatma nənəmə yazığım gəldi. Dayımın «yaxşı qulluqda» olmağı da, üç atlı milislə, tüfəngli gəlməyi də gözümdən düşdü. Dayım mənə yad və qəddar göründü.Hamısından betəri də bu oldu ki, səhəri gün Fatma nənəmgilə gedəndə içəridə dayımın qəzəbli səsini eşidərək ayaq saxladım. O, nənəmə deyirdi:

11 min
Mənim cənnətim

Mən bu azca ömrümdə birinci dəfə olaraq insanların rəftarında, bu dünyaya gəlmələrində anlaşılmaz bir uyğunsuzluq və bu uyğunsuzluğu daim müşayiət eləyən acı, biganə bir kədər hiss edirdim. Və başa düşmürdüm ki, nə üçün adamların gülüşü, sevinci mənə süni görünür? Mənə sirayət eləmir?Mən bu aləmə qaynayıb-qarışa bilmirdim. İman kişi gündüz qonşulara kəhrizdən su daşıyıb, gecələr öz aləmi ilə məşğul olduğu kimi, mən də gündüz məktəbə gedir, dərslərimi öyrənir, anamla atamın söhbətlərinə qulaq asıb, gecələr öz otağımda tək qaldıqda öz aləmimlə məşğul olurdum. Bu aləm isə qəribə idi. Fatma nənəm mənə nağıl eləmişdi ki, Firon qərara gəlib ki, gərək yer üzündə də Allahın behişti kimi bir behişt düzəltsin. Firon həmin behiştin torpağını mirvari, ləl-cəvahirat elətdirir, meyvə ağaclarının yarpaqlarını qızıl elətdirir, ab-kövsər kimi şirin bulaq düzəltdirir. Bir sözlə, əsil cənnət yaradıb, dünyanın gözəl qızlarından da gətirdib, huri elətdirir. Və bu cənnət Allahın o qədər xoşuna gəlir ki, əmr edib onu göyə çəkdirir.

3 min

Poems by other poets