Page 1 of 2

Bir yaz günü bir də gördük Nuru dayım üç tüfəngli milislə, atlı gəldilər bizə. Atam bazardaydı. Anam dayımı görəndə, yəqin ki, Bayram babama görə gözləri yaşardı. Nuru dayımın gözlərindən bir-iki damcı sakit halda üzüaşağı yuvarlanırdı. Mən yüyürüb dayımın gəldiyini Fatma nənəmə xəbər verdim. Arvad qılçaları bir-birinə dolaşa-dolaşa mənimlə gəldi bizə, Nuru dayımın bir neçə saniyə arvadın üstündə dayanan baxışlarında buz kimi soyuq bir şey hiss elədim. Yəqin buna görədir ki, arvad özünü itirib bir söz demədi. Oğlu da bir söz demədi. Mən pərt oldum. Fatma nənəmə yazığım gəldi. Dayımın «yaxşı qulluqda» olmağı da, üç atlı milislə, tüfəngli gəlməyi də gözümdən düşdü. Dayım mənə yad və qəddar göründü.

Hamısından betəri də bu oldu ki, səhəri gün Fatma nənəmgilə gedəndə içəridə dayımın qəzəbli səsini eşidərək ayaq saxladım. O, nənəmə deyirdi:

– Dur, hər nə var gətir!

Fatma nənəm də and içib deyirdi ki:

– Bunlardan savayı heç nə qalmayıb!

Açar yerindən baxıb gördüm ki, babamın iri qızıl saatı, üç-dörd üzük, üç-dörd qızıl pul stolun üstündə dayımın qabağındadır. O, vahimə içində dayanıb and içən nənəmi ağır sözlərlə danladıqda mən orada dayana bilməyib qayıdıb qaçdım. Fatma nənəmin köməksizliyi, dayımın hərəkəti məni dəhşətə salmışdı.

Səhəri gün dayım çıxıb getdi.

Bu əhvalatdan bir neçə ay sonra bir də gördük dayım, təxminən, on yeddi yaşında, Anahid adlı bir erməni qızıyla gəldi. Məlum oldu ki, evlənib.

Atam, yəqin ki, borc pulla gəlinə paltarlıq parçalar aldı, anama da tapşırdı ki, hər gün yaxşı xörəklər bişirsin.

Ancaq dayımgil gəldiklərinin üçüncü-dördüncü günü bizi də, bütün qonşuları da təəccübə salan qəribə bir əhvalat məlum oldu. Quruçaya oynamağa, çimməyə gedən uşaqlar mənə xəbər gətirdilər ki, dayın hər gün arvadını aparıb Quruçayın qırağında döyür. Mən inanmadığım üçün bu barədə anama heç nə demədim. Səhər yenə də dayım arvadı ilə gəzməyə getdi. Mən hiss elədim ki, dayım gəzmək adı tutanda qızın gözlərinə bir vahimə çökdü. Onlar gedəndən sonra mən də Əyyub adlı yaşıdımı dilə tutub onunla Quruçaya getdim. Bir xeyli aralıdan gördük ki, dayımla arvadı çayın dikdirində yanaşı dayanıb söhbət edirlər. Mənim nə üçün gəldiyimdən Əyyubun xəbəri yox idi. Rezin sapanda daş qoyub quşlara atırdı. Mənim gözüm isə dayımgildə idi. Dayım əlini ölçə-ölçə qəzəblə nə isə dedi, sonra qıza dalbadal iki sillə vurdu. Qız çevrilib qaçdı. Dayım yetirib qızın saçlarından yapışaraq çaya tərəf sürüdü, qız ətürpədən qışqırıq qopardı. Əyyub çevrilib baxaraq həyəcanla mənə dedi:

– Ora bax! Ora bax! Dayın arvadını gör neynəyir!

Mən yerimdə donub qalaraq Əyyuba cavab vermədim. Dayım qızı çaya tərəf sürüyür, qız da bağırırdı. Bu zaman o biri sahildəki dikdirdən çaya bir atlı endi. Dayım qızı buraxdı, mən dönüb şəhər tərəfə qaçdım, Əyyub da mənim ardımca.

Anam maşında tikiş tikirdi. Mən əhvalatı danışdıqda anam təəccüb etmədi və gözünü maşının tikişindən çəkməyərək dedi:

– Xalqın qızını döyə-döyə dəli eləyəcək.

Hiss elədim ki, anam əhvalatı bilirmiş. Mən ondan soruşdum:

– Axı niyə döyür onu?

– Nə bilim niyə döyür? – deyə anam yenə də gözünü tikişindən çəkməyərək cavab verdi.

Orası da mənə çox qəribə gəlirdi ki, onlar Quruçaydan qayıdıb gələndə elə şirin danışıb-gülürdülər ki, elə bil heç nə olmamışdı.

... Mən böyüdükcə daima kədərli, qaşqabaqlı olmağımın səbəbini hiss etməyə başlayırdım. Hiss edirdim ki, mən bu dünyada həmişə fərəhli hadisələr, əhvalatlar görmək istəyərdim. İnsanları həmişə şad, alicənab görmək istəyərdim. Lakin mən daim bunun əksinə rast gəlirdim. Ona görə də, özümü xoşbəxt hiss eləyə bilmirdim. Mənim əhvali-ruhiyyəm termometrdəki civəyə bənzəyirdi, civə isti-soyuqdan qalxıb endiyi kimi, mənim əhvali-ruhiyyəm də ətrafımdakı insanların ləyaqət və sevincindən asılı idi. Məsələn, mən istəyirdim ki, anam həmişə sağlam, sevincli olsun, amma o, tez-tez azarlayırdı. İstəyirdim ki, atam başqa atalar kimi məni çox istəsin, mənimlə xoş rəftar eləsin, məni danlamasın, anamla da həmişə yaxşı dolansın. Amma atam həmişə mənimlə sərt rəftar eləyirdi, məndə heç bir fərəhli cəhət görmürdü. (Bəlkə də, görürdü, bəlkə də, məni istəyirdi, yəqin ki, istəyirdi, amma mən bunu hiss etmirdim). Anamla sözləri düz gəlmirdi, tez-tez dalaşırdılar.

Mən Nuru dayımın yaxşı at minməyinə, çox sərrast güllə atmağına, gözəlliyinə valeh olurdum. Amma onun Fatma nənəmlə rəftarı, İmaşla olan əhvalatı, təzə evləndiyi cavan arvadını hər gün aparıb Quruçayda döyməsi onun haqqındakı yaxşı hisslərin hamısını yuyub aparırdı. İlk dəfə mən məktəbə böyük bir fərəhlə, fərəhli xəyallarla getmişdim. Amma lap birinci gün, birinci dərsdə Mirzə Camal müəllim mənim dərdimi bilməyə-bilməyə uşaqlarla birlikdə mahnı oxumadığım üçün məni kobud tərzdə itələyib bayıra saldı. Uşaqların gözü qarşısında təhqir etdi. Evdə bu məsələni bilən atam, anam mənim nə üçün mahnı oxumamağımın səbəbini öyrənib dərdimə qalmaq əvəzinə, məni «maymaq», «filinti» deyə danlayırdılar və sairə... və sairə...

... O vaxt Bayram babam bərk xəstə olanda bir gün anam mənə dedi ki, «keç, o biri evdə babana dua elə. Deyirlər, Allah günahsız uşaqların duasını tez eşidir». Mən də o biri otağa keçərək Fatma nənəm kimi əllərimi göyə qaldırıb Allahdan iltimas elədim ki, babama şəfa versin.

Doğrudur, babam sağalmadı, lakin mən yenə də Allahdan əlimi üzmədim. O vaxtdan sonra mən, demək olar ki, hər gün Allahdan xahiş edirdim ki, anamı xəstələnməyə qoymasın. Sonra mən özümə həmdərd tapdığıma sevinərək, eyzən həyətimizdəki böyük tut ağacının altında təklənərək, gözlərimi göyə dikib incikliklərimi, kədərlərimi Allaha söyləməyə başladım. Və mənə elə gəlirdi ki, Allah məni dinləyir və nə vaxtsa iltimasıma əncam eləyəcək.

... Dayımgil gələndən on-on beş gün sonra Anahidin anası Zaro gəldi. Bu, ucaboylu, enlikürək, üzündə xal, təmkinli bir arvad idi. O, anamgilə dedi ki, «Nuru mənim qızımı dilə tutub götürüb qaçıb. Gəlmişəm qızımı qaytarıb aparım».

Anam da cavab verdi ki:

– Qızın öz xoşu ilə gəlib. Aparmağa ixtiyarın yoxdur.

Lakin Zaro dediyindən dönmürdü. Qızını kənara çəkib erməni dilində hərarətlə nə isə deyirdi.

Sonra atam Zaronu başa salmağa çalışırdı ki, «daha işdir olub, bir-birlərini istəyirlər».

Mən birinci dəfə olaraq, atamı tamam başqa adam kimi görürdüm. Birinci dəfə olaraq, atamın ağıllı, təmkinli, hörmətkar, xoşsifət bir adam olduğunu görürdüm və nə üçün onun mənə qarşı da belə olmadığına yanırdım.

Dayım Zaroya nə qədər dil tökdüsə də olmadı. Axırda Zaro şikayət elədi. Qızı çağırıb danışdırdılar. Soruşdular ki, «qayıdıb ananla getmək istəyirsənmi?» Dedi: «İstəyirəm».

Zaro qızını götürüb getdi Şuşaya.

Bir neçə gündən sonra başqa bir hadisə oldu. Nuru dayımın qəza hökumətində mühüm vəzifədə olan bir dostu ona xəlvətcə deyir: «Əgər lap bu saat qaçmasan, səni keçmiş işlərinə görə tutacaqlar. Üçlüyün qərarı var».

Bir gün əvvəl Qızılbaşoğlu Alı da bizə gəlmişdi. Gündüz saat on bir-on iki olardı. Bir də gördük ki, dayım tələsik gəlib anamı qırağa çəkərək, həyəcanla nə isə dedi. Sonra Alını çağırıb ona nə isə dedi. Sonra balaca tapançasını cibinə qoyaraq, Alı ilə birlikdə evdən çıxıb bazara tərəf deyil, bizim evin üst tərəfindən yola tərəf getdilər. Özləri də elə yeriyirdilər ki, elə bil, gəzməyə gedirdilər. Onlar yavaş-yavaş gedib yalı aşdılar o biri tərəfə. Sonra haçandan-haçana Alı tək qayıdıb gəldi. Anama dedi ki, «Nurunu lap Qaraxanbəylinin altına qədər aparıb ötürdüm».

Və elə bu zaman bir nəfər hökumət adamı iki nəfər milislə gəldilər bizə, həmin adam anama dedi:

– Haradadı Nuru?!

Anam da cavab verdi:

– Bilmirəm. Səhərdən gedib şəhərə.

Gələnlər dayımın beşatılan tüfəngini və patronla dolu iki kəmərini götürüb getdilər.

... Fatma nənəm indi öz evlərində təkcə olurdu. Oğlunun qaçdığını eşidəndə arvadın dərdi yenə də birə-on artdı. Yenə də saatlarla oğluna dua eləyirdi. Babamdan sonra onların evləri mənə olduqca tutqun və kədərli görünürdü, mən bu binadakı otaqların necə darısqal olduğunu yalnız indi hiss edirdim. Mən Fatma nənəmin keçirdiyi iztirabları da indi daha dərindən duyurdum. Görürdüm ki, heç kəsin, o cümlədən ata-anamın da Fatma nənəmin nələr çəkdiyindən xəbərləri yoxdur. Görürdüm ki, hamı Fatma nənəmə biganədir. Və bu, mənim təbiətimdəki məyusluğu artırırdı. Mən adamların məndən də beləcə daxilən uzaq olduqlarını acı bir kədərlə düşünürdüm. Sonra mənim bu barədəki hisslərimin, düşüncələrimin miqyası getdikcə böyüyürdü. Qonşuluğumuzdakı qoca qarı nənələrə bedahat gəlinlərin necə divan tutduqlarını və ərlərinin onlara qahmar çıxdıqlarını eşitdikcə bütün mühit mənə babamgilin evi kimi tutqun və kədərli görünürdü.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Evimizdəki gecə məclisləri

«Hürriyyətlik» davam edirdi. Lap şəhərin ortasında, günün-günorta çağında soyğunlar olurdu. Sayılan adamların hərəsinin başında bir dəstə atlı-tüfəngli adam hərlənirdi.Sonra Bayram babamgil də gəldi şəhərə. Anamla mən getdim onlara. Gördük Bayram babam əsəbi halda otaqda var-gəl edir, Fatma nənəm də bayırda taxtın üstündə oturub dərd içində papiros çəkir. Məlum oldu ki, Nuru dayım yaylaqdan gələn kimi evlərində olan xalı-gəbəni, bütün qiymətli şeylərin hamısını satıb-sovub, özü də harasa əkilib gedib.

4 min
Müsavat hökuməti və Nəcəf bəyin çomağı

Bir gün atam bazardan həyəcanla gəlib dedi:– Təzə hökumət qurulub, adına da «müsavat hökuməti» deyirlər.

4 min
Bayram babama güllə atılması və qoca qaçaq

Atamın ticarət işləri də gündən-günə tərəqqi etməkdəydi. O, mal gətirmək və ya mal aparmaq üçün tez-tez Bakıya gedib-gəlirdi.Həmin bu dövrdə anamın malyariyası yenə də başlamışdı. Hər gün bərk titrədib-qızdırırdı. Vurulan iynələrin yerləri də çirk eləmişdi. Həmin yaralar sağalandan sonra doktor Quliyev məsləhət gördü ki, anam bir-iki ay kəndə gedib havasını dəyişsin. Bizim kənd də havası, suyu yaxşı olan, yaylaqsayaq bir yer idi.

10 min
Güney Güzdəkdə nələr düşünürdüm...

Mən ürəyimin dərinliklərində Qaçaq Xanmurad kimi bir qəhrəman olmağı arzulayırdım. Gecələr yerimə girəndən sonra da bu barədə uzun xəyallara dalırdım. Özümü, neçə atlı-tüfəngli adamı təkbaşına qoyun sürüsünün içindən çıxmağa məcbur eləyən Qaçaq Xanmurad kimi bir igid təsəvvür edirdim. Lakin Qaçaq Xanmuradın bu dəfə anama danışdığı bir əhvalat mənim bu şirin xəyallarımı alt-üst elədi. Qaçaq Xanmurad o tayda (yəni Arazın o tayında) bir düşmənindən necə qisas aldığını nağıl edirdi. O, nəşə ilə danışırdı ki, çiskinli, qaranlıq bir gecədə öz dəstəsilə qəfildən həmin düşməninin alaçığını mühasirəyə alaraq, uşaqdan böyüyə hamını necə gülləbaran eləyib qırıblar...Anam həssas qadın idi. Kiçik bir sarsıntı onun bənizini dərhal soldururdu. İndi bu əhvalatı eşidəndə də rəngi ağardı və o, həyəcanla soruşdu:

7 min

Poems by other poets