Müsavat hökuməti və Nəcəf bəyin çomağı
Bir gün atam bazardan həyəcanla gəlib dedi:
– Təzə hökumət qurulub, adına da «müsavat hökuməti» deyirlər.
Anam soruşdu:
– Nə deməkdi müsavat hökuməti?
Atam dedi:
– Yəni bu hökumətdə hamı bərabər hüquqda olacaq.
Anam soruşdu:
– Nə cür yəni bərabər hüquqda?
Atam gülümsədi:
– Daha bəyləri yuxarı başa keçirməyəcəklər. Rəiyyət necə, onlar da heylə.
Anam kəskin istehza ilə soruşdu:
– Deməli, cındırından cin ürkən keçəl Şirinlə İbrahim bəyə hökumətdə fərq qoyulmayacaq?
Atam eyni məmnun ifadə ilə dedi:
– Yox.
Mən həyəcanla soruşdum:
– Daha bəy uşaqlarına «bəy» deməyəcəklər?
Atam mənə qəribə bir maraqla baxıb dedi:
– Bəy desələr də, daha əvvəlki forsları olmayacaq.
Ancaq açıq hiss edirdim ki, «müsavat hökuməti»nin qurulması xəbərini, hamının bərabər hüquqda olacağı xəbərini anam şadlıqla qarşılamır, nəyə isə şübhə edir, ancaq bu narazılığının səbəbi heç özünə də məlum deyil.
Sonra Bayram babamı Gəncə qubernatorunun yanına çağırdılar. O vaxt bizim yerlər Gəncə mahalına daxil imiş.
Bayram babam bir neçə gündən sonra gəlib xəbər verdi ki, yeni hökumət onu bizim Qarabulaq qəzasının «N» nahiyəsinə pristav təyin etmişdir.
Qubernator babama deyib ki: «Biz, sizi daha böyük vəzifə üçün nəzərdə tutmuşuq. Güney Güzdəkdəki qanlılığın qabağını siz ala bilərsiniz. Araz qırağında hörmətiniz çoxdur. Ona görə də, hələlik gedin oranı düzəldin».
Özü də Bayram babamın pristav təyin edildiyi nahiyə, mahalda ən böyük nahiyə hesab olunurdu. Başqa nahiyələrdə olan dələduz kəndlər də həmin nahiyəyə əlavə olunmuşdu. Babama ixtiyar verilmişdi ki, strajnıklərini özü seçib qəbul eləsin.
Babam da Qızılbaşoğlu Alıdan başqa öz elatından bir neçə qoçaq oğlan seçib, özünə strajnık götürdü.
Sonra Fatma nənəmlə babam getdilər Güney Güzdəyə. Nahiyənin mərkəzi əslində Güney Güzdək deyildi, ancaq Bayram babam hələlik orda oturmağı qərara almışdı. Yəqin bunun da səbəbi o kənddə düşmənçiliyi yatırtmaq idi. Kişi gecə-gündüz onların içində olmaq istəyirdi.
Nikolay taxtdan yıxılandan sonrakı «hürriyyətlik»də köçüb gedən dövlətli malakan, sarısaqqal Vasilinin şəhərin mərkəzində olan böyük evini kənd mülkədarı Nəcəf bəy almışdı. Bu, uca, yoğun, enlikürək, qarabığlı bir kişi idi. Özünün də zoğal ağacından başı dəmir toppuzlu qırmızı bir çomağı var idi. Camaat arasında «Nəcəf bəyin çomağı» məşhur idi. Hətta bu çomağın haqqında cürbəcür nağıllar da düzəltməyə başlamışdılar. Bakıda qoçu Nəcəfqulunun keçisi necə ərköyün idisə, Qarabulaqda da Nəcəf bəyin çomağı heylə ərköyün idi. Bəy şəhərə gəzməyə çıxanda çomağını hansı dükana qoysaydı, o dükanın sahibi toxunulmaz hesab olunurdu. Nəcəf bəy hökumətsizlik zamanı şəhərin neçə təzə ağasından biri idi. Bu ağalardan hər birinin dalında bütöv bir elatın dəliqanlı atlıları dayanırdı. Yəni onlardan hər biri bir ağa idi. Müsavat hökuməti qurulandan sonra da bu cür ağalar qətiyyən ipə-sapa yatmırdılar. Deyəsən, müsavat hökuməti də heç bununla maraqlanmırdı. Atamgil danışırdılar ki, Nəcəf bəy malakandan aldığı evinin eyvanında var-gəl edərək, acıqlı-acıqlı deyirmiş: «Ə, bu nə Azərbaycandı? Sən öləsən ona bir çomaq vuraram, darmadağın olar».
Belə görünür ki, qırmızıçomaq Nəcəf bəy «Azərbaycanın», «Azərbaycan hökuməti»nin nə demək olduğunu heç bilmirmiş. Əlahəzrət çar hökumətinin siyasəti nəticəsində, demək olar ki, «Azərbaycan» sözü heç işlənmirmiş. Əlahəzrət çar üsuli-idarəsi tərəfindən edilmiş inzibati bölgü əsasında Azərbaycan ölkəsi mahalların adı ilə adlanırmış. «Gəncə quberniyası», «Qazax», «Şəmkir quberniyası»... Ona görə də Nəcəf bəy kimi bisavad, qırmızıçomaq sahiblər öz vətənlərinin adını belə unutmuşdular.
Atamgilin söhbətlərindən onu da hiss edirdim ki, bu yeni hökumət atamda və onun məclisində iştirak eləyənlərdə, nəsə yeni bir əhvali-ruhiyyə doğurmuşdur. Birinci dəfə olaraq mən onların söhbətlərindən tez-tez «milli azadlıq», «milli Azərbaycan hökuməti» kimi ifadələr eşidirdim. Mən birinci dəfə olaraq atamın dilindən «vətən» sözü eşidirdim. Mənə elə gəlirdi ki, bu söz indiyə qədər haradasa unudulub qalmışdı və yalnız indi çıxırdı meydana, mənim anam indi, yalnız indi bu sözün mənasını başa düşürdü. Mən sonralar, ağlım bir şey kəsən vaxtlarda təkrar-təkrar bu xatirələrə qayıdırdım, başa düşürdüm ki, xarici istilaların hakimiyyəti: ölkənin ayrı-ayrı xanlıqlara parçalanması, xüsusən Arazın o tayında İran şahlarının, bu tayında isə çarizmin qəddar siyasəti nəticəsində mənim həmvətənlərim, hətta öz vətənlərinin adını, hansı millətə mənsub olduqlarını belə unutmuşlar. Təsadüfi deyildi ki, o zaman hər hansı bir kəndlidən soruşsaydılar: hansı millətdənsən? Cavab verərdi ki, «müsəlmanam».
Müsavat hökuməti qurulandan sonra uşaqlardan dəstələr düzəldib, onlara milli mahnılar öyrədirdilər. Mən böyük bir maraqla həmin dəstələrdə iştirak edirdim. Yaşca bizdən böyük oğlanlardan bizə başçılar təyin edirdilər və biz onların köməyi ilə əsgər kimi sıraya düzülüb, addımlaya-addımlaya mahnı oxumağı öyrənirdik. Lakin mən uşaq da olsam, görürdüm ki, bizim dəstələrdə bəy uşaqları daha hörmətli, daha əziz tutulur. Mənim kimilər isə, atamız nə qədər varlı olsa da, yenə rəiyyət hesab olunurdu. Bu da mənim izzəti-nəfsimə toxunurdu. Mən bəy uşaqlarının lovğalıqlarını hiss edirdim və ürəyimdə onlara kin bəsiləyirdim. Demək, müsavat hökumətində də onlar əziz-xələf idilər.
Kitabxana.az · https://kitabxana.az/en/works/ilyas-efendiyev-musavat-hokumeti-ve-necef-beyin-comagi
Use ← → keys to move, R for a random poem
More by this author
Bir azdan Fatma nənəmi gətirən Qızılbaşoğlu Alı da gəldi. Bu, uzunboylu, xına rəngində saçları boynunun ardına tökülmüş, ayaqlarında uzunboğaz çəkmə, əynində sərdari çuxa, başında gümüşü papaq olan bir oğlan idi. Belində ağac qoburlu onatılan tapança var idi.– Necəsən, bacı? – deyə anamla hal-xoş eləyib Güllünün içəridən gətirdiyi stulda əyləşdi.
İmaş və GüllüHəmişə nənəm, ya anam məni müdafiə eləyəndə ürəyim kövrəlirdi. İndi də Fatma nənəm belə deyəndə gözlərim doldu və mən bağa qaçdım. Gördüm ki, İmaş su arxının qabağında oturub üst köynəyini yamayır, əldə toxunan kobud yun şaldan tikilmiş sərdarisini isə alt köynəyinin üstündən atıb çiyninə. Həmişə olduğu kimi, indi də məni görəndə gülümsədi. Onun arvad kimi köynək yamaması mənə qəribə göründü, mən ondan soruşdum:– Niyə köynəyini özün yamayırsan?
Nuru dayımın gəlişi və anamın xalası oğlu Əhmədin üç arvadı öldürməyiSəhəri gün Nuru dayım Çarvadar Həbibin üçatlı faytonunda gəldi. Çarvadar Həbib dayımın çamadanlarını faytonun dalından götürüb yerə qoydu. İmaş yüyürüb dayıma «xoş gəldin, ağa» deyərək çamadanları qaldırıb apardı evə. Çarvadar Həbib Fatma nənəmə:– Xoş gördük, xanım! – deyib mənə baxaraq gülümsədi (güləndə onun uzunburunlu, bir az da pərtdəgözlü üzü çox gülməli görünürdü, elə bil ki, bu saat, nə isə komik bir hərəkət eləyəcəkdi).
Əfəndi baba və beşaçılan tüfəngBiz evə gələndə Zinyət xəbər verdi ki, Abdulla Əfəndi nökərilə gəlib, atlarını tövlədə qoyub, ağa ilə (yəni mənim atamla) çıxıblar şəhərə. Atamın əmisi Abdulla Əfəndi İstanbulda təhsil almışdı. Qar kimi ağ, uzunsaqqallı, nurlu bir kişi idi. Qarabağın cənub tərəfindəki sünnilərin çox hörmətli ruhanisi idi. Artırmada qırmızı güllü bir xurcun, yanında da divara söykənmiş gödək bir beşaçılan tüfəng vardı. Mən bilirdim ki, xurcun Əfəndi babanındır. Zinyətdən soruşdum:– Bəs bu tüfəng kimindir? Əfəndi babanın nökərinindir?
Poems by other poets
Seyyid həvadarım qəm xiridarımƏrzi-canana dedin nə dedi
Yoxum varlana-varlanaGünüm hayana bilmirəm gedib nurlana-nurlana,Yarım əsrdi günsüzəm günüm qarlana-qarlana.
FələkƏlindən eylərəm kimə şikayət,Axır məni xar etdin fələk,
Qəzəl: Yetdik cahanda cana yetişməz əcəl-məcəlYetdik cahanda cana yetişməz əcəl-məcəlEy kaş ola bu dirilikə ölmək bədəl-mədəl