Bayram babama güllə atılması və qoca qaçaq
Atamın ticarət işləri də gündən-günə tərəqqi etməkdəydi. O, mal gətirmək və ya mal aparmaq üçün tez-tez Bakıya gedib-gəlirdi.
Həmin bu dövrdə anamın malyariyası yenə də başlamışdı. Hər gün bərk titrədib-qızdırırdı. Vurulan iynələrin yerləri də çirk eləmişdi. Həmin yaralar sağalandan sonra doktor Quliyev məsləhət gördü ki, anam bir-iki ay kəndə gedib havasını dəyişsin. Bizim kənd də havası, suyu yaxşı olan, yaylaqsayaq bir yer idi.
Ona görə də anam, mən, bacım Mahtab, bir də qulluqçumuz Zinyət faytona əyləşib getdik Güney Güzdəyə.
Bayram babamgil yenə də bizim kənddəki evdə qalırdılar. Babamın idarəsi isə Nikolay vaxtında tikilmiş, üstü qırmızı dəmirli «dəftərxana»da (camaat binanı belə adlandırırdı) yerləşmişdi.
Əlbəttə, mən yenə hiss edirdim ki, Vəli uşağından olan əmim arvadı bizim gəlişimizdən və babamgilin də onların binasında olmasından heç də xoşhal deyil. Ancaq, şübhəsiz ki, o, bunu üzə vurmağa cəsarət eləmirdi. Anam da həmişə qulluqçumuz Zinyətə bərk-bərk tapşırırdı ki, sərvaxt olsun, əmim arvadı suyun, bişmişin içinə zəhər atar.
Babam işə çox kəskin başlamışdı, bütün ağsaqqalların dilindən kağız almışdı ki, hər kəs öz tayfasına cavabdeh olsun, lakin ədavət, kin o qədər şiddətli idi ki, adamların orada-burada gizlənib, bir-birilərini vurub-doğramalarının qabağını almaq mümkün olmurdu. Babamın ad-sanına baxmayaraq, strajnikləri əsaslı bir iş görə bilmirdilər.
Sonra bir gecə qəribə hadisə oldu. Bayram babam kəndin sayılan, saytal adamlarından hesab olunan yüz əlli-yüz altmış kilo, bəlkə də, bundan artıq ağırlığı olan Hacıoğlu Alməmmədlə qonaq otağında, stol ətrafında əyləşib söhbət edirdi. Ortada otuzluq neft çırağı yanırdı, mən də xalının üstündə oturub onların söhbətinə qulaq asa-asa oynayırdım. Birdən yaxında güllə səsi gurladı və eyni anda da çırağın şüşəsi çiliklənib yerə töküldü, babam cəld qalxıb açıq qapının qabağından geri çəkildi, Fatma nənəm, anam o biri otaqdan hövlnak gəldilər.
Bayram babam sakit səslə dedi:
– Yaxşı, səs-küy salmayın, çırağı yandırın.
Anam stolu daldaya çəkərək təzə şüşə gətirib çırağı yandırandan sonra Hacıoğlu Alməmməd babama dedi:
– Çıraq düz sənin qabağında idi, demək, açıq qapıdan düz səni nişan alıb atıblar.
Babam papiros yandıraraq kişinin sözünü təsdiq elədi:
– Elədir.
Alməmməd dedi:
– Vəli uşağının işidir.
Fatma nənəm qəzəblə əlavə etdi:
– O gödək ilanın hiyləsidir!
Mən bilirdim ki, Fatma nənəm «gödək ilan» dedikdə, mamamın əri Əbdüləzizi nəzərdə tutur.
Bayram babam dinmədi.
Alməmməd babama dedi:
– Arvadın sözünü qəribliyə salma.
Bu zaman iribığlı uryadniklə strajniklər tələsik gəldilər. Uryadnik əlini gözünün üstünə qoyub dedi:
– Cənab pristav, kəndin arasını gəzib nəzarət edirdik. Güllə səsi eşidib yüyürdük.
Hacıoğlu Alməmməd uryadnikdən soruşdu:
– Damın üstündən düşüb qaçan adam görmədiniz ki?
Uryadnik cavab verdi:
– Ora baxmaq ağlımıza gəlməyib.
Atamgilin həmin böyük daş evlərindən savayı həyətdə çox qədimdən qalmış və indi də içində barama becərilən bir damları var idi, belə damların üstü günbəz kimi yumru olurdu.
Alməmməd dedi:
– Gülləni damın üstündən atıblar. Damın üstündən baxanda açıq qapıdan otağın içi aydın görünür.
... Bu əhvalatdan iki gün sonra Qaçaq Xanmurad bütün dəstəsilə Bayram babamgilə qonaq gəldi. Qoyun kəsildi. Böyük artırmaya salınmış xalının üstündə oturub yeyib-içdilər.
Sonra anam Qaçaq Xanmuraddan soruşdu:
– Niyə daha üzə çıxmırsan?
Qaçaq Xanmurad da gülümsəyib zarafatyana dedi:
– Ay Yaqut bacı, qartal dağda-daşda hərlənməyə adət eləyib. Onu gətirib əhliləşdirmək uzun işdir.
Əgər bir ayrı adam özünü mənim ən çox sevdiyim igid qartala bənzətsəydi, bu, mənə lovğalıq kimi görünərdi, amma Qaçaq Xanmuradın belə deməsi, elə bil ki, mənim xəyalımı çəkib qartallar oylağı olan yuxarı Qızılboğaz, Salvartı dağlarına apardı və sanki Qaçaq Xanmurad da həmin alapaça ürgənin üstündə o dağlara qalxıb çən-duman içində yox oldu.
Vəli uşağından olan adamlar uzaqda dayanıb, Əfəndi uşağı ilə qohum olan pristavla qaçaqların bu yaxınlığına kinli-kinli tamaşa eləyirdilər.
... Qaçaq Xanmuradın dəstəsi getməmişdi ki, Qaçaq Məşədi Təhməzin dəstəsi gəldi. Bu, uzunsaqqallı, ortaboylu bir qoca idi. Saqqalı, bığı, yəqin ki, xınadan qırmızı idi. Başı azca əsirdi, diaqonal çuxasının altından iki patrondaş bağlamışdı. Amma tüfəngini atlılarından biri götürmüşdü. Ayaqlarında qısaboğazlı çəkmə, başında iri tüklü papaq vardı. O gələn kimi Qaçaq Xanmurad və yoldaşları ayağa durdular, yalnız kişi keçib döşəkcənin üstündə əyləşəndən sonra oturdular. Bayram babam evdə olmadığı üçün Fatma nənəm gəlib ehtiramla dedi:
– Xoş gəlmisən, Məşədi Təhməz.
Kişi də təmkinlə cavab verdi:
– Xoş günün olsun, Fatma xanım.
Sonra Bayram babam gəldi. O, içəri girəndə Məşədi Təhməz ayağa durmaq istədi, babam cəld irəliləyib, çiyinlərindən yapışaraq onu qalxmağa qoymayıb, hörmətlə dedi:
– Məşədi Təhməz, xoş gəlmisən.
Qoca qaçaq başını xəfifcə tərpədib dinmədi. Bayram babam həmişə stulda oturardı. Amma bu dəfə, yəqin ki, qoca qaçağa hörmət əlaməti olaraq onun yanında, döşəkcənin üstündə əyləşdi. Qaçaq Məşədi Təhməzin haqqında çox eşitmişdim. Kürdobalılar onu «xoşbəxt qaçaq» adlandırırdılar, çünki əlli ilə yaxın idi ki, qaçaqlıq edirdi, nağıllara çevrilən atışmalarda, vuruşmalarda olmuşdu, neçə dəfə güllə dəymişdi, amma hamısından da sağ-salamat qurtarmışdı. İki oğlu da özü ilə qaçaqlıq edirdi.
Babam qonaq yanında dayanmağıma acıqlanmadığı üçün pəncərəyə söykənib qoca qaçağa tamaşa edirdim. Onun bu yaşda necə at çapdığına, başı əsə-əsə necə güllə atdığına təəccüb edirdim. Onun igidlikləri haqqında eşitdiklərim indi məni heyrətə salırdı. Elə bil ki, belində qoşa patrondaş olan uzunsaqqallı, başı əsən bu qoca təəccüblü bir əfsanədən çıxıb zahir olmuşdu. Mən cavan Qaçaq Xanmuradın da, hökumət adamı olan babamın da ona necə ehtiram etdiklərini görürdüm. O, qabağındakı çaydan elə qaynar-qaynar götürüb bir qurtum alaraq:
– Bayram, – dedi (mən birinci dəfə olaraq babama «Bayram bəy» deyil, «Bayram» deyə müraciət edildiyini eşidirdim), – sən bizi üzə çıxmağa çağırırsan, yəni bu təzə hökumətdən əqlin bir şey kəsir?
– Nə barədə, Məşədi? – deyə babam soruşdu.
Qoca qaçaq dedi:
– Yəni bu axıracan duruş gətirib dayana biləcək?
Bayram babam bir qədər fikirləşib dedi:
– Əgər xaric kömək eləsə, duruş gətirər.
Qoca qaçaq çayını arxayın içib, stəkanı nəlbəkiyə qoyaraq soruşdu:
– Axı bu təzə hökumətin məramı nədi?
Babam bu sualı gözləyirmiş kimi dərhal cavab verdi:
– Bərabərlik!
– Nə cür bərabərlik?
– Yəni dövlətlinin də, kasıbın da, bəyin də, rəiyyətin də hüququ bərabər olacaq.
Qaçaq Xanmurad qızğın şəkildə dedi:
– Ay dayı (o, babama «dayı» deyirdi), yenə də bəy bəydi, rəiyyət də rəiyyət.
Qaçaq Xanmuradın bu sözləri məndə qəribə bir ruh düşgünlüyü yaradırdı. Doğrudanmı, bəy uşaqları yenə də əvvəlki iddialarında olacaqlar?
Sonralar mən o günləri xatırlayanda başa düşdüm ki, Qaçaq Xanmurad haqlı imiş. Məsələ onda idi ki, müsavat hökumətinin bərabərlik ideyası əslində mücərrəd bir şey imiş və onun real fəaliyyətində bu «bərabərlik» hiss olunmurmuş. Onlar zəhmətkeş xalqın gözüaçıq, qabaqcıl adamlarını dövlət işlərinə nəinki cəlb etməmiş, hətta bu barədə heç düşünməmişlər. Müsavat partiyasının üzvü olan mülkədarların heç biri öz mülkündən əl çəkməmişdi. Əksinə, Qaçaq Xanmurad deyən kimi, bəylər yenə də öz bəyliklərində qalıb, adi camaata yuxarıdan aşağı baxırdılar. «Müsavat», «bərabərlik» sözləri kağız üzərində qalmışdı.
Qoca qaçaq soruşdu:
– Yaxşı, onda, bununla Rusiyada qurulan təzə hökumətin nə fərqi var? Deyir, onların da məramı bərabərlikdir.
Bayram babam dedi:
– Rusiyada qurulan bolşevik hökumətinin məramnaməsi bəylərin, dövlətlilərin qəti ziddinədir.
Qoca qaçaq qəribə bir gümrahlıqla soruşdu:
– Bəs, onda bu necə bərabərlik oldu?
Babam dedi:
– Onlar bərabərliyi ancaq yoxsul kəndlilərlə fəhlələrin birliyində görürlər.
Qoca qaçaq soruşdu:
– Bəs dövlətlilər, tacirlər, bəylər nə olsun?
Babam dedi:
– O quruluşda dövlətli, bəy, ağa olmamalıdır.
Qaçaq Xanmurad babama dedi:
– Dayı, canınçün o elə əsil mənim kimilərinin hökumətidir. Bizi düzlərə salan bəylər, ağalar olmayıb?!
Məşədi Təhməz dinmədi. Babam dedi:
– Məsləhətdir ki, siz daha qaçaqlığı yerə qoyasınız.
Uzun bir sükut keçdi. Nəhayət, Məşədi Təhməz soruşdu:
– Yaxşı, bəs Arazın o tayındakıların işi necə olacaq?
Babam dedi:
– Hələlik, o barədə bir söz demək olmaz, Məşədi! Ancaq, əgər biz bu yeni hökumətimizi möhkəmləndirib saxlaya bilsək, bəlkə gələcəkdə elə bir vəziyyət yarandı ki, birləşə bildik.
Mən Fatma nənəmdən eşitmişdim ki, Qaçaq Məşədi Təhməzin arvadı otaylı qızıdır, yəni Cənubi Azərbaycandandır. Ümumiyyətlə, Araz boyunda yaşayan Şimali azərbaycanlıların çoxu o taydakı azərbaycanlılarla qohum-qardaş idi.
Yenə də araya uzun sürən sükut çökdü. Qoca qaçaq təmkinlə dedi:
– Bayram, sən daş qoyan yerə biz baş qoyarıq. Ancaq izin ver, bir az gözləyək. Sular durulsun, görək dünya nə cür olur...
Bu sözləri deyəndə, mən, qoca qaçağın gözlərində bir parıltı gördüm. Babam daha bir söz demədi.
Yeyib-içəndən sonra Qaçaq Xanmurad ilə yoldaşları artırmanın baş tərəfinə gələrək gözəl Aynanın vurulduğu yerdə nişana qoydurub atmağa başladılar. Mən böyük bir təəccüblə gördüm ki, Qaçaq Xanmuradın atlıları arasında ondan da sərrast atanlar var və Qaçaq Xanmurad bundan heç də pərt olmur. Mən elə güman edirdim ki, dünyada Qaçaq Xanmuraddan yaxşı güllə atan olmaz.
Bayram babamla Qaçaq Məşədi Təhməz evdən çıxıb gəldilər. Qoca qaçaq nişanaya baxıb, öz adamlarından birinə dedi:
– Mənim tüfəngimi gətir.
Mən lap irəli yeriyərək gözümü dikmişdim onun üzünə. O, ayaq üstündə tüfəngi üzünə götürüb, başı və əlləri əsə-əsə atdı. Birinci nişana göyə sovruldu. Tüfəngin gilizlərini çıxarıb, yenə də atdı. İkinci nişana da göyə qalxdı. Sonra tüfəngi yanında dayanmış cavan qaçağa vermək istəyəndə, Qaçaq Xanmurad zarafatyana dedi:
– Ərənlər üçəcən deyib, əmi!
Qoca qaçaq tüfəngi təkrar üzünə götürüb atdı və üçüncü nişananı vurandan sonra Qaçaq Xanmurada tərəf dönüb dedi:
– Təhməzin başı əssə də, gözləri hələ işıqlıdır.
Qaçaq Xanmurad dedi:
– Əmi, Allah sənə bundan sonra da yüz il ömür versin, yüzündə də belə atasan!
Kişi gözlərini göyə dikərək, salavat çevirirmiş kimi, əlini üzünə çəkib, qəribə bir inamla səsləndi:
– Amin!
Sonra Qaçaq Xanmurad aşağıda qaçaqların toplaşıb nişana atmasına tamaşa eləyən adamlar eşitsin deyə, bərkdən dedi:
– Əşi, Bayram dayı, deyirlər Güney güzdəklilər gecə qaranlıqda gizlənib sənə güllə atıblar. İzin ver, biz də aşkarda onlarla haqq-hesab çəkək.
Bayram babam da bərkdən dedi:
– Elə şey olmaz, güllə atan bir qələtdi eləyib.
Qaçaq Xanmurad dedi:
– Dayı, vallah, bir də heylə şey eşitsək, heç sənin xəbərin olmadan gəlib güllə atan tayfanın «məmə» deyəndən «papa» yeyənə – hamısını güllədən keçirəcəyik!
Atamgil əbəs yerə mənə «əllamə» demirdilər, mən çox balaca olsam da, hiss edirdim ki, müsavat hökumətinin pristavı olan Bayram babam öz strajniklərindən, öz hökumətindən daha çox qaçaq dostlarının gücünə arxalanır. Öz yaxın adamları olan Əhmədalıya, Hacıya, Qızılbaşoğlu Alıya arxalanır, onlara ürək qızdırır. Babama güllə atılandan sonra onlar gecə səhərə qədər növbə ilə keşik çəkdilər. Sonra Bayram babam bundan xəbər tutub qadağan elədi.
Sonra qaçaqlar atlanıb getdilər. Onların babama güllə atılandan sonra bu cür dəstə ilə gəlib-getmələri, görünür, yeni hökumətin bir nümayəndəsi olan babamın mövqeyini bütün rayonda möhkəmləndirdi, babam əmr verdi ki, kənddə gecə bütün evlərdə çıraqlar yansın. Onu da bildirdi ki, bütün evlər nəzarət altında olacaq. Qaranlıq düşəndə Güney Güzdəyin bütün evlərində dalbadal çıraqlar yandı. Lakin Bayram babamın strajnikləri xəbər gətirdilər ki, dörd evdə çıraq yandırmaqdan boyun qaçırırlar. Babam da əmr etdi ki, əgər çıraq yandırmasalar, ev sahiblərini gətirib dama salsınlar. Bundan sonra onların da çırağı yandı.
... Bunların hamısı mənim üçün anlaşılmaz əhvalatlar idi. Mən işığı sevirdim. Parlaq günəş işığı məndə sevinc doğururdu. On beş günlük qaranlıqdan sonra təzə çıxan oraq şəkilli Ay da məndə sevinc doğururdu. Dağları, çölləri süd kimi aydınlıq eləyən on beş günlük Ay mənə xoş mürgü gətirirdi. Şəhərdəki evimizin zalında yanan böyük qaz çırağı məni fərəhləndirirdi. Amma indi Güney güzdəklilər çıraq yandırmağa cürət etmirdilər. Çünki hərə öz düşməninin bu işıqdan istifadə edərək qaranlıqda güllə atıb onu öldürəcəyindən qorxurdü. İndi babamgilin yandırdığı otuzluq lampanın işığı məni də qorxudurdu, çünki mən babamı çox istəyirdim...
Kitabxana.az · https://kitabxana.az/en/works/ilyas-efendiyev-bayram-babama-gulle-atilmasi-ve-qoca-qacaq
Use ← → keys to move, R for a random poem
More by this author
Bir azdan Fatma nənəmi gətirən Qızılbaşoğlu Alı da gəldi. Bu, uzunboylu, xına rəngində saçları boynunun ardına tökülmüş, ayaqlarında uzunboğaz çəkmə, əynində sərdari çuxa, başında gümüşü papaq olan bir oğlan idi. Belində ağac qoburlu onatılan tapança var idi.– Necəsən, bacı? – deyə anamla hal-xoş eləyib Güllünün içəridən gətirdiyi stulda əyləşdi.
İmaş və GüllüHəmişə nənəm, ya anam məni müdafiə eləyəndə ürəyim kövrəlirdi. İndi də Fatma nənəm belə deyəndə gözlərim doldu və mən bağa qaçdım. Gördüm ki, İmaş su arxının qabağında oturub üst köynəyini yamayır, əldə toxunan kobud yun şaldan tikilmiş sərdarisini isə alt köynəyinin üstündən atıb çiyninə. Həmişə olduğu kimi, indi də məni görəndə gülümsədi. Onun arvad kimi köynək yamaması mənə qəribə göründü, mən ondan soruşdum:– Niyə köynəyini özün yamayırsan?
Nuru dayımın gəlişi və anamın xalası oğlu Əhmədin üç arvadı öldürməyiSəhəri gün Nuru dayım Çarvadar Həbibin üçatlı faytonunda gəldi. Çarvadar Həbib dayımın çamadanlarını faytonun dalından götürüb yerə qoydu. İmaş yüyürüb dayıma «xoş gəldin, ağa» deyərək çamadanları qaldırıb apardı evə. Çarvadar Həbib Fatma nənəmə:– Xoş gördük, xanım! – deyib mənə baxaraq gülümsədi (güləndə onun uzunburunlu, bir az da pərtdəgözlü üzü çox gülməli görünürdü, elə bil ki, bu saat, nə isə komik bir hərəkət eləyəcəkdi).
Əfəndi baba və beşaçılan tüfəngBiz evə gələndə Zinyət xəbər verdi ki, Abdulla Əfəndi nökərilə gəlib, atlarını tövlədə qoyub, ağa ilə (yəni mənim atamla) çıxıblar şəhərə. Atamın əmisi Abdulla Əfəndi İstanbulda təhsil almışdı. Qar kimi ağ, uzunsaqqallı, nurlu bir kişi idi. Qarabağın cənub tərəfindəki sünnilərin çox hörmətli ruhanisi idi. Artırmada qırmızı güllü bir xurcun, yanında da divara söykənmiş gödək bir beşaçılan tüfəng vardı. Mən bilirdim ki, xurcun Əfəndi babanındır. Zinyətdən soruşdum:– Bəs bu tüfəng kimindir? Əfəndi babanın nökərinindir?
Poems by other poets
Ey sülatin, nə xəşmlü baxırsanSən deyən günahkar yamən deyiləm
Həcvi-məlih: Ola bərbad görüm belə yava dövranıOla bərbad görüm belə yava dövranı,Bəlkə bundan da yaman ola onun payanı
Əvvəla şərti-gözəllikdə kamal olmalıdırƏvvəla şərti-gözəllikdə kamal olmalıdır,Saniyən qaideyi-hüsnü camal olmalıdır.
در آتش دل پریر بودم به نهفتدی باد صبا خوش سخنی با من گفت