Səhəri gün Nuru dayım Çarvadar Həbibin üçatlı faytonunda gəldi. Çarvadar Həbib dayımın çamadanlarını faytonun dalından götürüb yerə qoydu. İmaş yüyürüb dayıma «xoş gəldin, ağa» deyərək çamadanları qaldırıb apardı evə. Çarvadar Həbib Fatma nənəmə:

– Xoş gördük, xanım! – deyib mənə baxaraq gülümsədi (güləndə onun uzunburunlu, bir az da pərtdəgözlü üzü çox gülməli görünürdü, elə bil ki, bu saat, nə isə komik bir hərəkət eləyəcəkdi).

– Necəsən, ə, bacıoğlu?

Cibindən saçaqlı bir konfet çıxarıb mənə verərək dayıma dedi:

– Bəy, mən mürəxxəs olum?

Dayım laklı portmanatını açıb, ona pul verdi. Çarvadar Həbib pulu saymadan cibinə qoydu:

– Allah bərəkət versin! – deyərək faytona qalxıb getdi.

Nuru dayım ucaboylu, nazikbelli, qıvrımsaçlı, alagöz, sarıbəniz, olduqca gözəl bir oğlan idi. Bu dəfə gələndə daha məktəbli libası geyməmişdi, başında bahalı buxara dərisindən təpəsi gen gümüşü papaq, ayaqlarında nazik xromdan uzunboğaz çəkmə var idi. Zərif yun parçadan tikilmiş köynəyinin üstündən belinə qızıl körpülü nazik Qafqaz kəməri bağlamışdı. Beli o qədər incə idi ki, elə bil, heç çörək-zad yemirdi. O, heç birimizlə görüşməyərək gülümsəyib mənə dedi:

– Tay yekə oğlan olmusan... Yaqut necədir?

– Yaxşıdı, – deyə mən ona tamaşa eləyə-eləyə cavab verdim.

Onun parlaq görünüşü, gözəlliyi məni heyran edirdi, mən ürəyimdə onunla qürrələnirdim: «Görün mənim necə dayım var!» Sonra o, dəhlizdə papağını çıxarıb taxtın üstünə tullayaraq, soyuq ifadə ilə nənəmdən soruşdu:

– Kişi gəlib?

– Yox. Camaat qoymadı, – deyə, Fatma nənəm cavab verdi. – Dedilər, sən getsən, papaqaldıqaç olacaq.

Mən birinci dəfə olaraq Fatma nənəmdə dayıma qarşı, nə isə qeyri-adi bir münasibət hiss edirdim: elə bil ki, gecə-gündüz oğlunun salamatlığı üçün Allaha dua eləyən nənəm ondan qorxub çəkinirdi. Mən, eyni zamanda, dayımda da nənəmə qarşı qəribə, qəddar bir hal duyurdum, onun gəlişilə nənəmin sərbəstliyi, təbiiliyi, elə bil ki, bir anda yox olub getmişdi. Nənəmə yazığım gəldi, birinci dəfə olaraq məndə dayıma qarşı soyuq bir hiss yarandı. Onun zühuru ilə İmaş da tutqun olmuşdu. Güllü isə köynəyinin altından qabaran iri döşlərini yırğalaya-yırğalaya ora-bura qaçır, gah çay hazırlayır, gah həyəti süpürürdü. Hiss edirdim ki, dayıma xoş gəlmək üçün canfəşanlıq eləyir. Bu da məni acıqlandırır, ona qarşı kinimi artırırdı.

– Yeməyə nə var? – deyə dayım nənəmdən soruşdu.

– Bozbaş asmışıq, – deyə nənəm çəkinə-çəkinə cavab verdi. – İstəyirsən, ayrı bir şey bişirək...

– Hə... Denən, gədə bir-iki çolpa tutub kəssin, tez çığırtma eləyin, yumurtasız.

Sonra o, qonaq otağına girdi, pəncərədən onun neylədiyinə mən maraqla tamaşa edirdim. Toqqasını açıb üst köynəyini çıxartdı, sonra güzgünün qabağında dayanıb diqqətlə özünə baxdı. Balaca qayçı ilə nazik bığlarının artıq tüklərini kəsdi. Sonra gözlərini güzgüdən çəkməyərək bərkdən səsləndi:

– Güllü, su hazırla, üzümü yuyacam!

– Su hazırdı, qağa! – Güllü cavab verdi. – İndicə kəhrizdən gətirmişəm!

Həyətdə, böyük iydə ağacının altında Güllü ağ qalaylı mis parçla su tökür, dayım da sabunu köpükləndirə-köpükləndirə üzünü, boyun-boğazını yuyurdu.

İmaş həyətdə toyuqları qovub iki çolpa tutaraq kəsdi. Dayım da üzünü silib qurulayandan sonra məhrəbanı xəfif təbəssümlə Güllünün çiyninə tulladı. Güllü də gülümsədi və mən bir sövq-təbiilə Güllünün bu təbəssümünü İmaşa qarşı xoşagəlməz bir hal kimi hiss elədim və Güllünün qırmızı yanaqlarını bıçaqla kəsmək üçün özümdə amansız bir arzu duydum.

Elə bu zaman anam bacım Mahtabın əlindən tutaraq gəldi və hələ bizə çatmamış gülümsəyib dayıma dedi:

– Xoş gəlmisən!

Dayım gülə-gülə onların qabağına yeriyib, bacımın saçlarını qarışdırdı, anama baxıb dedi:

– Gözüm dəyməsin, Yaqut, çox yaxşısan.

Sonra onlar İmaşın çıxarıb dəhlizə qoyduğu və Güllünün üzərinə ağ süfrə saldığı stolun ətrafında əyləşərək çarın taxtdan salınmağından, böyük hərbi anbarın partladılmasından, Fatma nənəmgilin Şuşa qalasındakı qohumlarından söhbət etdilər. Dayım nənəmin kürd qohumlarından (Fatma nənəmgilə «kürd» deyirdilər) olan Ağakişinin qalın Alyanlı meşələri arasından çıxıb, Şuşaya – onun görüşünə gəlməsi haqqında məzəli şeylər danışıb anamı bərkdən güldürürdü. Ağakişini mən də görmüşdüm: ucaboylu, gözləri çəpə mayil, həddindən artıq iri burnu olan və həmişə gülümsəyən bir oğlan idi. Dayım nağıl eləyirdi ki, öz paltarımdan bir dəst geyindirdim Ağakişiyə, boynuna bant bağladım, başına şlyapa qoyub dostum gürcü balası İlya ilə apardım gecə klublarından birinə. Ordakı tanış qızlardan birini öyrətdik Ağakişiyə mehribanlıq eləsin, yarıçılpaq qız Ağakişinin qabağında əzilib-büzüldükcə Ağakişi də irişə-irişə bilmirdi neyləsin. Birdən qız Ağakişinin dizinin üstündə oturub boynunu qucaqladı, başladı burnundan öpməyə. Ağakişi qızın əlindən zorla çıxıb vəhşi buğa kimi qaçanda zaldakılar qəhqəhə ilə gülüb əl çaldılar.

Anam qəhqəhə ilə gülürdü. Fatma nənəm isə həyətdə qalanmış ocağın üstündə xörək bişirirdi, dayımın söhbətini, yəqin ki, eşidirdi, ancaq elə görünürdü, elə bil, eşitmir, axı, Ağakişi onun qohumu idi... Nənəmin yanında ayaq üstə durub dayımın söhbətinə qulaq asan Güllü də gülürdü. Ancaq Fatma nənəm kimi, mən də gülmürdüm. Mən Ağakişinin o anlardakı vəziyyətini gözümün qabağına gətirib özümü nə üçünsə pis hiss edirdim.

Güllü stolun üstünə nazik yuxa, motal pendiri, kərə yağı, göy-göyərti düzdü, sonra Fatma nənəmin boşqablara çəkdiyi xörəyi gətirdi. Dayım:

– İrəli oturun! – deyə bizi də dəvət elədi. Amma anamla mən yemək istəmədik. Fatma nənəm bacım Mahtabı yanında oturdub yedirdirdi. Beli üzükdən keçən dayım yemək yeməkdə möhkəm idi, ac olanda iki-üç adam qədər yeyirdi. Yaxşı xörəklərdən dərin zövq alırdı. Özü də elə tez-tez yeyirdi ki, deyirdin, bəs, hara isə bərk tələsir.

Anam onun necə iştaha ilə yeməyinə tamaşa eləyə-eləyə soruşdu:

– Xanım nənəmgili Əhməd vuranda sən Şuşadaydın?

Nuru dayım toyuğun budunu dişinə çəkib dedi:

– Bəs hardaydım?

Sonra gülümsəyib, yəqin ki, Fatma nənəm eşitməsin deyə astadan əlavə etdi:

– Xanım nənəmgili Əhməd elə mənim tapançamla vurmuşdu dayna.

Anam qorxmuş kimi təəccüblə soruşdu:

– Doğru deyirsən?

Nuru dayım eyni nəşəli təbəssümlə yeyə-yeyə «hə» mənasında başını tərpədib dedi:

– O əhvalatdan bir gün qabaq mən tapançamı satmışdım Əhmədə, o da arvadları həmin tapança ilə vurmuşdu.

Əhməd, Fatma nənəmin bacısı Bəyaz xanımın kiçik oğlu idi. Özü də Nuru dayımla oxuyurdu. Fatma nənəmin qardaşı Mehdi bəyin qızı Minaya aşiq olmuşdu. Arıq, əsəbi bir oğlan idi. Bir dəfə acıqlanıb özündən böyük qardaşı Mirzə Məhəmmədi güllə ilə vurmuşdu. Ancaq güllə qardaşının ürəyinin yanından keçdiyi üçün sağ qalmışdı. Bir gün Əhməd Mehdi dayısıgilə gəlib bağçadan görür ki, Fatma nənəmin anası Xanım nənə, Hacı Axundun böyük arvadı – yüz yetmiş kilo ağırlığında Yasəmən Xanım, bir də Minanın anası Sənəm xala şüşəbənd artırmada əyləşib yarpaq dolması bükə-bükə söhbət edirlər. Əhməd Minanın adını eşidərək pilləkəndə ayaq saxlayır, eşidir ki, Xanım nənə deyir:

– Əhməd dəli şeydi, Minanı ona vermək olmaz.

O biri arvadlar da, Xanım nənəmin sözlərini təsdiq edib deyirlər ki, Əhməd, onsuz da, özümüzünküdür. Minanı vermək lazımdı sövdəgər Hacı Bəşirin oğluna, ağıllı oğlandı, dövləti də başından aşıb-daşır.

Əhməd bunu eşidən kimi artırmaya qalxaraq tapançanı çıxarıb arvadların üçünü də necə vurursa, yerlərindəcə qalırlar. Deyirlər ki, Bəyaz xalamın günüsü Yasəmən xanım çox gödək olduğu üçün elə oturduğu halda qalıbmış.

Anam qaşqabaqla soruşdu:

– Sən niyə tapançanı ona satırdın? Bilirdin ki, əsəbi oğlandı,

Nuru dayım ildırım sürətilə yeyə-yeyə kefi kök halda cavab verdi:

– Özü istədi, mənim də pulum qurtarmışdı, dedim satıram.

Anam narazı halda dedi:

– Səndə də pul dayanmır ki...

Nuru dayım iki çolpanın çığırtmasını yeyib qurtararaq, ağzını təmiz, ağ dəsmalla silib nəşə ilə dedi:

– Eh, ay Yaqut, bilsən ki, Cavad ağanın, Soltan bəyin oğlanları nələr xərcləyirlər, nə keflər eləyirlər, məni qınamazsan.

Sonra dayım taxtda uzanaraq Güllüyə dedi:

– O gədəni çağır, gəlsin çəkmələrimi çəksin.

Mən bilirdim ki, dayım «gədə» dedikdə İmaşı nəzərdə tutur. Əlbəttə, bizdə də atam-anam nökərə «gədə» deyirdilər. Lakin indi dayımın İmaşa «gədə» deməyi mənə pis təsir bağışladı.

Güllü dedi:

– Qağa, qoy mən çəkim.

– Yeri onu çağır! – deyə dayım sərt təkrar etdi.

Güllü bağa yüyürdü.

İmaş gəlib heç kəsin üzünə baxmadan dinməz-söyləməz dayımın uzunboğaz çəkmələrini zorla çəkib çıxardı (qəşəng görünsün deyə dayım həmişə ayağına güclə pərçim olan uzunboğaz çəkmə geyirdi), sonra çəkmələri aparıb tərtəmiz sildi, gətirib dayım uzanan taxtın böyrünə qoyub getdi. Dayım onun ardınca soyuq bir nəzər salıb dedi:

– Bu həmşəri gədəsindən gözüm heç su içmir.

Anam dedi:

– Niyə, pis oğlan deyil.

Dayım dedi:

– Adamın yerə baxanından düz əməl baş verməz.

Mən başa düşmürdüm ki, nə üçün dayımın İmaşdan xoşu gəlmir? İmaş bu cür dinməz-söyləməz onun qulluğunda durur, dayım taxtda uzanır, İmaş onun uzunboğaz çəkmələrini zorla çəkib çıxarır, aparıb silir, amma İmaşın özünün isə ayaqlarında dabanları əyilmiş cırıq bir çust var. Əhmədin arvadları necə öldürdüyünü danışdığı zaman dayımın üzündəki təbəssüm gözümün qabağından getmirdi. Axı Əhməd onları dayımın tapançasıyla, özü də lap nahaqdan öldürmüşdü. Axı onlardan biri dayımın da, mənim də qoca nənəmiz idi. İndi anamın da, hətta Fatma nənəmin də bu söhbətə tamamilə sakit qulaq asmaları, dayımın bu təbəssümündən dəhşətə gəlməmələri məni təəccübləndirirdi. «Təəccübləndirirdi» demək mənim o anlarda keçirdiyim sarsıntını ifadə etmək üçün çox zəif sözdür. Mən bir-birlərilə ən yaxın qohum olan bu insanların əsilində bir-birlərindən nə qədər uzaq olduqlarını, birinci dəfə, təhtəlşüurla da olsa, hiss edirdim. Bayaq İmaş çolpaları qışqırda-qışqırda kəsdiyi zaman da dayım belə xoşhal ifadə ilə baxırdı. Bütün bunlar məni üşəndirirdi, zehnimdə bir xaos yaradırdı, dumanlı meşədə azan adam kimi mən gedib hara çıxacağımı, nə görəcəyimi, nədən şadlanacağımı, hiss elədiklərimi kimə deyəcəyimi bilmirdim.

Dayım gələndən sonra gecə babamgildə qalmaq istəməyərək anamla qayıtdıq evimizə. Bağı keçib enli daş pilləkənlərlə yuxarı qalxanda mən özümü anlaşılmaz, cansıxıcı bir ümidsizlik içində hiss edirdim.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Sən həmişə mənimləsən, yaxud "Boy çiçəyi"

İştirak edirlərHəsənzadə – zavod direktoru*

19631 h 25 min
Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı

Üçüncü yay gecəsi idi ki, şəhərin sakitliyi içində Xan qızı Gülsənubər tarda çalınan o muğamı eşidirdi. Və üçüncü yay gecəsi idi ki, Xan qızı Gülsənubərin yuxusu göyə çəkilmişdi. O tarçalan oğlanın gözlərindəki qəribə ifadə ilə çaldığı muğamın söylədiyi hekayət arasında ayrılmaz bir bənzərlik var idi. O hekayətin nədən ibarət olduğunu qız dərk eləyə bilmirdi. Lakin hiss edirdi ki, bu, nə isə, uzaqlarda və uzaq zamanlarda olub getmiş bir hekayət idi. Bəs, onda nə üçün o əhvalatı indi tarında hekayə edərkən oğlanın baxışları bu qədər pərişan, bu qədər əlacsız olurdu? Qız onu da hiss edirdi ki, muğamın danışdığı o əhvalatda nəhayətsiz bir kədər, bəlkə də, dünyada heç kəsin duya bilmədiyi bir nisgil var. Və indi bu cavan tarzən o pərişan, o nisgilli əhvalatı çaldığı muğamın gücü ilə hamıya nəql etmək istəyirdi. O qəmli əhvalatın sirri, yəqin ki, bu oğlana aydın idi. Yoxsa böyük Allahın onun gözlərinə bəxş etdiyi işıq muğamı çalmağa başladığı zaman birdən-birə bu qədər gözəl, bu qədər cazibədar, bu qədər dərin görünə bilməzdi.Güllərin, çiçəklərin ətriylə dolu bu aylı gecənin nəhayətsizliyi harada, hansı yalçın qayalıqda isə qurtarırdı. Lakin cavan tarzənin gözlərindəki o işıqlı, anlaşılmaz dünya, muğamı çaldıqca, həm dərinləşir, həm də əsrarəngiz və qavranılmaz olurdu... Və qız, bütün bu düşündüklərinin, hiss etdiklərinin boş bir xəyal olduğuna özünü nə qədər inandırmaq istəyirdisə, ürəyini o aləmdən qoparıb, o cavan tarzəni özündən uzaqlaşdıra bilmirdi...

28 min
Atayevlər ailəsi

İştirak edirlərXosrov Atayev*

19541 min
Birinci pərdə

Birinci şəkilXosrov Atayevin evi. Reyhan pianino çalır. Mehrican otağa daxil olur və dayanıb musiqini dinləyir. Reyhan, nəhayət, son akkordu vuraraq, dərindən nəfəs alır. Üzündə xoşbəxt bir ifadə var.*

195433 min

Poems by other poets