Contents
  1. Birinci şəkil
  2. İkinci şəkil
  3. Üçüncü şəkil

Page 1 of 5

Birinci şəkil

Xosrov Atayevin evi. Reyhan pianino çalır. Mehrican otağa daxil olur və dayanıb musiqini dinləyir. Reyhan, nəhayət, son akkordu vuraraq, dərindən nəfəs alır. Üzündə xoşbəxt bir ifadə var.

Mehrican

Qəribədir, həmişə mənim ürəyim dolu olanda gəlib görürəm sən bu mahnını çalırsan.

Reyhan

Biz bu mahnıya ilk dəfə Cahangirlə birlikdə qulaq asmışıq. O gecə institutumuzda konsert vardı. O da bacısı ilə konsertə gəlmişdi. Biz birinci dəfə idi ki, bir-birimizi görürdük. Bacısı məni onunla tanış etdi...

Mehrican

Sonra?

Reyhan (gülümsəyərək)

Sonrasını özün bilirsən...

Mehrican (xəyal içində)

Sevgi həyatın mənasıdır! Sevmək yaşamaq deməkdir!

Reyhan (zarafatyana)

Yoxsa, bir adama vurulub eləmisən?

Mehrican “yox” mənasında başını tərpədir.

Reyhan

Bəs haradan bilirsən?

Mehrican

Hiss edirəm. Korlar işığı, gözəlliyi necə duyurlarsa, mən də məhəbbəti eləcə hiss edirəm. Sən xoşbəxtsən, Reyhan... Sevirsən... Özü də, Cahangir kimi yaxşı bir oğlanı...

Reyhan

Peşkəşdir.

Mehrican (eyni zarafatla)

Təşəkkür edirəm.

Reyhan (ciddi)

Sev, Mehrican! Sevgisiz könül günəşsiz bağça kimidir.

Mehrican

Mən istərdim sevdiyim oğlan, qocalıb belimiz bükülənə qədər öz məhəbbətinə sadiq qalsın. Təbiəti ipək kimi yumşaq, qəlbi bu yaz səması kimi geniş, dərin olsun! Mən də pərvanə kimi onun başına fırlanım. Tikdiyimiz binaların hər naxışında ona olan sevgimin işığını hiss edim.

Reyhan (gülümsəyir)

Hər bir arzunun həqiqət olması onun şiddətindən asılıdır deyirlər. Mənə elə gəlir ki, biz sənin qəhrəmanını tezliklə görəcəyik.

Mehrican

Eh, kim bilir! Odur, Lətafət də gəlir. (Hər ikisi pəncərədən baxır) Yadındadırmı, o bizimlə texnikumda oxuyanda nə qədər şən, nə qədər səmimi bir qız idi.

Reyhan

İndisə daş-qaşa tutulmuş buz heykələ bənzəyir.

Mehrican

Mən onun taleyinə acıyıram.

Reyhan

Mən isə, əksinə. Onu görəndə əsəbiləşirəm.

Mehrican

Sən də yamanca amansızsan. Neyləsin, bir işdir olub.

Reyhan

İnsanın taleyi – onun iradəsidir, Mehrican! Nə üçün o, Sadıqova gedirdi? Kim məcbur edirdi?

Lətafət daxil olur. Bu, iyirmi dörd yaşında gözəl bir qadındır. Barmaqlarında brilyant qaşlı üzüklər parlayır. Üzündə əsəbi, soyuq bir ifadə var. Qızları görərkən qaşlarını çatıb daha məğrur bir görkəm alır.

Lətafət

Salam.

Reyhan

Salam, Lilya. Neçə gündür haradasan, görünmürsən?

Lətafət

Harada olacağam, evdə, eşikdə.

Mehrican

Lilya, bütün günü evdə oturmaqdan darıxmırsan?

Lətafət

Nə edək, hamı sizin kimi mühəndis olmaz ki...

Reyhan

Sən əvvəllər adama belə cavab verməzdin.

Lətafət

Mən bura sizdən əxlaq dərsi almağa gəlməmişəm. Xalam haradadır?

Reyhan

Bilmirəm. Harada olsa, bu saat gələr.

Mehrican

Nə üçün bizimlə həmişə acıqlı danışırsan, Lilya? Axı biz bir vaxt yoldaş idik.

Lətafət (istehza ilə gülümsəyir)

Bir vaxt...

Mehrican

Doğru demirəmmi?

Lətafət

Nə isə... (Əsəbi halda qalxıb pəncərədən baxır)

Dilşad daxil olur. Bu, qırx yaşında, ucaboylu, dəblə geyinmiş gözəl bir qadındır.

Dilşad

Salam, qızlar. (Reyhana) Xəbərin var, deyirlər İldırım Atayev gəlir.

Reyhan (sevinclə)

Nə danışırsınız?! Doğrudanmı əmim gəlir? Bu nə yaxşı xəbər oldu.

Dilşad

Elə mən özüm də çox sevinirəm. (Gülümsəyir) Doğrudur, o vaxt aramızda bir balaca giley-güzar olmuşdu. Ancaq bunun eybi yoxdur. Zaman yavaş-yavaş axan güclü bir çay kimi hər şeyi yuyub aparır. Güman edirəm ki, biz onunla yeni bir dost kimi görüşəcəyik.

Reyhan

İldırım əmim kinli adam deyil.

Dilşad

Gərək də olmasın. O indi yüksək vəzifə sahibidir. Nazir müavinidir. (Gülümsəyir) Böyüklərin qəlbi geniş olmalıdır. (Pauza. Ətrafı gözdən keçirərək) Təəssüf ki, İldırım Atayev bizim ev-eşikdə çox az dəyişiklik görəcək.

Mehrican

Evinizdə nə çatmır ki? Mədəni bir ailə üçün nə lazımdısa, hamısı varınızdır.

Dilşad

Var, əlbəttə, var. Ancaq... (Qısa pauza) İndi Məlahətgildəydim. Otuz minə Moskvadan təzə mebel gətirdiblər. Elə gözəldir ki, baxdıqca baxmaq istəyirsən.

Reyhan

Məlahətin əri böyük mühəndisdir. Kitabları, məqalələri çap olunur. Yüz minlərlə qonorar alır...

Dilşad (gülümsəyir)

Nə olsun, Xosrov Atayevin də əlinin altında onlarca mühəndis işləyir.

Reyhan

Kim olur-olsun. Qol çəkib aldığı maaşına görə də ev-eşiyidir...

Dilşad (güzgünün qabağında saçlarını düzəldir)

Eh, qızlar... Sizə dil yetirmək çətindir. Görürsən, Mehrican, bu son vaxtlar necə xarab olmuşam. Yaz mənə düşmür...

Mehrican

Siz həmişə gözəlsiniz, Dilşad xanım.

Dilşad (bərkdən gülərək)

Doğrudanmı? Yox, daha qocalıram. Ağ tükləri görürsənmi? Deyir hər şey vaxta baxsa da, vaxt heç nəyə baxmır. Ömrü tutub saxlamaq mümkün deyil. Üzümüzə gələn ay otuz doqquzu bitirib, qırxa keçirəm.

Mehrican

Nə olar? Hər yaşın öz gözəlliyi var.

Dilşad

Gəncliyi heç bir şey əvəz etməz!.. (Qısa pauza) Bayaq küçədə bizim cavan müstəntiqi gördüm.

Mehrican

Cahangiri deyirsiniz?

Dilşad

Bəli. Özünü yaman ciddi tutur. (Gülümsəyir) Ancaq heç yaşına yaraşmır.

Reyhan (Mehricana)

Gedək mənim otağıma, təzə layihə barəsində səninlə danışmaq istəyirəm.

Mehrican

Gedək.

Reyhan, Mehrican o biri otağa keçirlər. Dilşad, Reyhanın ardınca uzun bir nəzər salır.

Dilşad

Xanımın xətrinə dəydi. Eh, Lilya... Bu dünyada heç kəsə yaxşılıq yoxdur. Mən istəyirəm bu, Şahsuvarova getsin. Yaxşı dolanışığı, gələcəyi parlaq... Özü də nə qədər nəzakətli, qədirbilən adamdır!

Lətafət

Bəyəm, Şahsuvarovun elə fikri var?

Dilşad

Hələlik açıq demir. Ancaq mən hiss edirəm ki, var. Bilirsən, Lilya, Şahsuvarov qohum olmalı oğlandır. İndi elə adamları əliçıraqlı gəzsən tapmazsan! (Pauza) Nə xəyala getdin?

Lətafət

Heç, fikir edirəm ki, Reyhanla Şahsuvarovunku yaxşı tutar.

Dilşad

Əlbəttə! Yoxsa, Cahangir? Eh, Lilya, biz qadınların bəzən ağlımız gözümüzdə olur. (Pauza) Ona görə də, sən, Sadığa getmək istəməyib, deyəndə ki, “qocadır, sir-sifəti xoşuma gəlmir”,

[Mənbənin skanında burada mətn itib.]

olmaq istəyirsənsə, özünü çox sev! Bildinmi? Ancaq özünü! (Pauza) Eşitdim Sadıq gələn ay səni göndərir Kislovodska.

Lətafət

Mən getmək istəmirəm.

Dilşad

Axmaq! Niyə istəmirsən? Cavan gəlinsən, get, gəz, istirahət elə! İnsan dünyaya bir dəfə gəlir, Lilya! Gözəlliyin, cavanlığın qədrini bil! Bu kağızın arasındakı nədir?

Lətafət

Paltarlıqdır. Sadıq sənin üçün göndərib.

Dilşad (açıb baxır)

Oy, Lilya, nə gözəl parçadır, heç kəsin əynində belə şey görməmişəm! Afərin, Sadıq! Vallah, zövqü var. Özü də mənə necə yaraşır! Ancaq mən bunu nə cür tikib geyəcəyəm? Atayev bilsə ki, bəxşişdir, dünyanı dağıdar.

Lətafət

Biz ki, özgə deyilik.

Dilşad

Onun üçün nə özgə, nə qohum!.. (Pauza) Gərək gizlədib ad günümdə çıxaram, bəlkə onda bir söz demədi. Eh, Lilya...

Qapının zəngi çalınır. Dilşad gedib qapını açır. Əvvəlcə Sadıq Sadıqov, sonra Xuduş ilə Ağasəlim gəlirlər. Sadıqov əlli beş yaşında, gödək, yoğun, sifəti qırmızı bir kişidir. Gözlərində hiyləgər bir ifadə hiss olunur. Təzə kostyum geyib, şlyapa qoymuşdur. Lakin şlyapa onun tüksüz və ətli başında çox yöndəmsiz görünür. Xuduş qırx səkkiz yaşında əzgil qurusu kimi arıq, bir az donqar, ovurdları batıq, gözlərində daim qorxaq bir ifadə olan, çox ehtiyatla danışan kişidir. Ayıq qaz kimi qulağı həmişə səsdədir. Ağasəlim isə, otuz beş yaşında, uzun, yekəpər bir adamdır. Üzündə nadan və davakar bir ifadə var. Sözü gec başa düşəndir.

Dilşad

Oho... Nə yaxşı qonaqlar gəlir... Buyurun... Buyurun...

Sadıqov

Salam. Liliçka da buradaymış...

Dilşad

Sən lap Lilyanı bizim əlimizdən alırsan, Sadıq.

Sadıqov

Hi-hi... elə deməyin, Dilşad xanım, biz ölənəcən sizin qulunuz...

Dilşad

Pəh-pəh... yamanca şirindilli kişisən. (Xuduş ilə Ağasəlimə) Niyə ayaq üstə dayanmısınız, əyləşin...

Xuduş

Siz Allah, narahat olmayın.

Ağasəlim

Canım, evdir, gəlmisiniz, əyləşin də. (Stul çəkib oturur, sonra Sadıqovla Xuduş da əyləşirlər)

Dilşad

Sadıqov, səndən çıxmayan iş. Nə əcəb bizi yad eləmisən?

Sadıqov

Düzünü axtarırsınızsa, işimiz düşüb.

Dilşad

Bilirəm ki, işiniz düşməsə, gəlməzsiniz.

Xuduş

Vallah, Dilşad xanım, nə qədər danlasanız yeri var.

Dilşad

Ah, kişilər, diliniz olmasaydı, qarğa-quzğun sizi didərdi.

Xuduş

Düz sözə nə demək olar?!

Ağasəlim

Mətləbə keç, canım, xanıma başağrısı vermə.

Dilşad

Yox, yox, xoşdur.

Sadıqov

Ağasəlim doğru deyir. Atayevin də nahara gələn vaxtıdır. Bilirsiniz, Dilşad xanım, sizinlə bu təzə qohum olmaq istəyən oğlan bizi yaman incidir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Apardı sellər Saranı

Ölüm qanadlarını Gülnarın üzərinə gərdiyi zaman o, Soltanını yanına çağırıb, gözlərindən öpdü...– Mən gedirəm, əzizim, – dedi, – günlərinə qəm qatma. Bu qoca dünya əzəldən belədir. Bilirəm, evlənəcəksən, cavansan. Amma Saramdan muğayat ol. Qoyma ögey ana sitəmi çəksin. Əgər xoşbəxt olsa, qəbrimin üstünə gəl... mənə de.

3 min
Su dəyirmanı

O gecə mən birinci dəfə idi ki, kəndimizin üst tərəfindən keçən dəyirman arxının yanında dayanıb onu gözləyirdim. Göy qübbəsini bəzəyən saysız-hesabsız ulduzlar və onların arasındakı üçgünlük Ay arx boyu düzülmüş söyüdlərin təzə açılan yarpaqlarını zəif-zəif işıqlandırırdı. Aşağı dərənin qaranlığında yalnız taxtapuşu seçilən dəyirmandan işıq gəlirdi. Mənim gözlədiyim qız atasına – dəyirmançı Musa dayıya axşam yeməyi aparmışdı. Mən bunu gündüz özündən öyrənmişdim. Ona görə də, indi burada dayanıb, gözümü dəyirmandan gələn cığıra zilləmişdim. Yarım saatdan bəri idi ki, həyəcan və intizar içindəydim. Əslinə baxsan, yarım saat deyil, düz yarım il idi. Yarım il idi ki, hər gecə mən bu cür həyəcan və intizar içində səhərin açılmasını gözləyirdim. İndi isə burada, ulduzların altında səhəri deyil, onun özünü gözləyirdim. Təzə açılmış söyüd yarpaqlarının xışıltısını, dəyirman çarxının üzərinə tökülən bahar suyunun coşğun şırıltısını dinləyərək onu gözləyirdim.Mən də, bu gözəl yaz gecəsi də həyəcan və səadət içindəydik. Biz ikimiz də, mən də, bahar da, mənim arzularım da, baharın açdığı bu söyüd yarpaqları da gənc idik. Bizim üzərimizdən fırtına keçməmişdi. Biz həyəcan və coşğunluq içində irəliyə can atırdıq. Biz arzu və ehtiraslar selinə düşmüşdük! Biz təzə gəldiyimiz bu dünyaya nə isə yeni bir şey, yeni bir gözəllik bəxş etmək həvəsi ilə çırpınırdıq. Biz bu barədə düşünmürdük, lakin bu, belə idi. Bizim fərəhimizdəki sirr bundan ibarət idi. Bu, böyük və əzəmətli həyatın əbədi qanunlarından biri idi!..

59 min
Yun şal

«ZİL» markalı maşınımız sonsuz kimi görünən geniş çölü keçərək, nəhayət, axşam toran qovuşan vaxt çox da hündür olmayan dikdirin üzərində yerləşmiş üç-dörd balaca, kərpic evdən ibarət fermaya çatdı.Mən sürücü Mikolaya:

15 min
Qırçı və qırmızı çiçək

Qoca qırçı ilə şagirdi cavan oğlan şəhərin lap ucqar yerindəki birmərtəbəli evin damına çıxanda günəş yenicə doğurdu.Onlar ikisi də ucaboylu, enlikürəkli idi. İkisinin də əynində kobud brezentdən mazuta batmış iş paltarı vardı. Oğlan başıaçıq idi. Zil qara saçları səliqə ilə yana daranmışdı. Qocanın başında köhnə, palıdı kepka var idi. Oğlanın üzü təmiz təraş edilmiş, incə qara bığları şəvə kimi parıldayırdı. Qoca sağ əlində kömür kimi qaralmış köhnə qəlyan tutmuşdu.

14 min

Poems by other poets