Apardı sellər Saranı
Ölüm qanadlarını Gülnarın üzərinə gərdiyi zaman o, Soltanını yanına çağırıb, gözlərindən öpdü...
– Mən gedirəm, əzizim, – dedi, – günlərinə qəm qatma. Bu qoca dünya əzəldən belədir. Bilirəm, evlənəcəksən, cavansan. Amma Saramdan muğayat ol. Qoyma ögey ana sitəmi çəksin. Əgər xoşbəxt olsa, qəbrimin üstünə gəl... mənə de.
... Soltanın dərdi böyük oldu. Saçlarına dən düşdü. Lakin o evlənmədi. Könlünü əziz Gülnarının tək yadigarına bağladı.
Saranın süd anası bir qaşqa ceyran oldu. Ata qızını kimsəyə tapşırmadı. Arxasına şəlləyib qoyun otardı, dağ güllərinin arasında yatırtdı.
Sara ceyran südü əmə-əmə, qayalar arasında qaynayan durna gözlü bulaqlardan su içə-içə böyüdü, nazlı bir sona oldu.
Dağlar onun gözəlliyinə heyran qaldı. Çiçəklər ona qibtə etdi. Aşıqlar hüsnünə dastan dedilər. Sorağı ellərə yayıldı. İgidlər dərdə düşdü. Ay dağlar arxasından boylanaraq ona baxdı, məftun oldu... Günəş onu görməyə tələsdi, lakin rəngi saraldı, getdi.
Soltanın dərdi qaçdı. Könlü güldü.
Sara igidlərə yoldaş, quşlara sirdaş oldu, cıdırlarda at çapdı, ox atmaqda taysız oldu.
Güneylərdə oturaq oba qocaları ona baxaraq:
– Qənirsiz gözəldir, – dedilər...
İgidlər vurğunu idilər. Qız onlardan birini seçdi: Xançobana könül verdi.
İgidlər alaçıq tikdilər. İçini pələng dəriləri ilə döşədilər. Aşıq çağırdılar. Məclis qurdular.
Xançobana toy etdilər.
Günəşdən eşq əmən xoş günlər başladı...
Ay doğdu. El yaylağa köçdü.
Xançoban sıldırım bir qaya başında oturub tütək çalırdı. Yamaca yayılmış qoyunlar başlarını sallayıb, onu dinləyirdilər.
Muğan gözəli dağa çıxıb, Xançobana yanaşdı. Boynunu büküb igidinə baxdı. Baxışları həsrətliydi. Ay onun kədərli üzünə solğun bir nur çiləyirdi.
Çoban çalırdı...
Qızın yanağından mirvari dənələr yuvarlanırdı.
Çoban çalırdı...
Qız qolunu Xançobanın boynuna doladı, başını sinəsinə qoydu.
Çoban soruşdu:
– Sənə nə olub, gülüm?
Qız başını qaldırıb, yana-yana sevgilisinə baxdı:
– Sən yaylağa gedirsən, əzizim, – dedi, – bu ayrılıq mənə ağır gəlir. Elə bil ki, biz bir də görüşməyəcəyik...
Çoban güldü:
– Dərd çəkmə, gülüm, – dedi, – sənə dağ gülləri ilə bəslənmiş gözəl əmliklər gətirəcəyəm.
... Xançoban qoyunlarını dəstələyib yola düşdü.
Qız atası ilə Muğanda qaldı. Yay işləri görəcəkdilər. Qızıl sünbüllər biçəcəkdilər. Lakin bir gün hava tutuldu. Günəş buludlar arasında gizləndi. Araz «qan-qan» dedi.
Yadelli bir şah doğma yurda basqın etdi. Yolu Muğandan düşdü. Sular kənarında bir pəri gördü, atının başını çəkərək:
– Ey gözəl, – dedi, – kimin qızısan?
Sara qara gözlərini şaha zillədi. Qürurla:
– Atama Soltan deyərlər! – dedi.
Şah əmr etdi. Soltan gəldi. Şah ona müraciətlə:
– Mən sənin qızını özümə arvad eləmək istəyirəm, – dedi.
Soltan ürəyindən vuruldu:
– Ey şah! – dedi, – onun yarı var!..
Şah «mərhəmət» göstərdi:
– Mən səni dünya malından qane edərəm, kişi.
Soltan acı-acı güldü:
– Ey şah! – dedi, – dünya malı şahlara lazımdır, bizə bu azad çöllər də bəsdir.
Şah qəzəbindən titrədi. Qızı göstərib:
– Götürün! – dedi.
Yad əllər Muğan gözəlinin gərdəninə dolandı. Qızın dodaqlarından nagahani bir səda qopdu:
– Ata!..
Ata, balası vurulmuş pələng kimi qıvrıldı. Ciyərlərində odlu gürzələr süründü.
İmdad istəyən bir cüt qara göz ataya zillənmişdi. Qız yadlar əlində çırpınırdı. Ata yanırdı. Ürəklərə od salan o yaralı səs bir də eşidildi:
– Ata!..
Bu zaman göylər qeyzlə guruldadı. İldırım çaxıb, qoca dağın şiş təpəsini parçaladı. Sular qayalara çarparaq hiddətlə səsləndi. Dərələr uğuldadı. Muğan titrədi. Onun gözəli gedirdi...
Təbiətin qüdrətli səsi ataya qalibiyyət yolunu göstərdi. O, əlini qaldıraraq:
– Dayanın, – dedi, – şaha bir sözüm var.
Hamı bir an dayandı.
O zaman ata balasını iki qolları arasına alıb, çaya tulladı. Sular öz həmdəmini bağrına basıb, sürətlə axdı.
Ata şaha baxaraq, müdhiş bir təbəssümlə:
– Sözüm bu idi, ey şah! – dedi.
Günlər keçdi.
Oba qızları dağlara tərəf uçan quşlara baxıb oxudular:
Gedin deyin Xançobana,
Gəlməsin bu il Muğana,
Muğan batıbdır al qana,
Apardı sellər Saranı,
Bir ucaboylu balanı...
1940.
Kitabxana.az · https://kitabxana.az/en/works/ilyas-efendiyev-apardi-seller-sarani
Use ← → keys to move, R for a random poem
More by this author
Möhnət qocanın söylədiyi bu misraların «Qızyetərlə çoban Mahmud» nağılına nə dəxli vardı? Nə üçün Möhnət qoca bu misraları heylə ürəkdən, heylə dərdli-dərdli deyirdi? Və bu sözləri söylərkən tamaşa elədiyi dağlarda nə görürdü? Kimləri görürdü? Yoxsa dağlardakı dumanda yox olub gedən cavanlığını, cavan sevgilisini görürdü?Mən birinci dəfə olaraq Möhnət qocanın və dumanlı dağların nisgilini duyurdum, amma anlaya bilmirdim ki, bu nisgil, bu qəribə kədər nədən ibarətdir? Sonralar da bu nisgil, bu kədər həmişə mənimlə idi. Sonralar da mən uzaq dağlara baxanda, aşıqların sazına, xanəndələrin muğamına qulaq asanda o kədəri, o nisgili hiss edirdim, amma mənasını anlaya bilmirdim, doğrusu, heç anlamağa da cəhd eləmirdim. Axşamlar gün batıb çıraqlar yananda da, el bir yurddan o biri yurda köçəndə də mən eyni kədəri, eyni nisgili hiss edirdim.
Gödək Nisə qırx adamı bir-birinə necə qırdırdı...Güney güzdəklilər Qayaburnu bağlarından dördtəkərli öküz arabalarında hey üzüm daşıyırdılar. Qayaburnu bağları uzun yalın o biri üzündə olub, kənddən bir kilometr aralıda idi. Bu bağlarda, demək olardı ki, Güney güzdəklilərin hamısının yeri vardı və bu yerlərin arasında çağ-çəpər qoyulmamışdı. Mən də həmişə təəccüb edirdim ki, meşə kimi qalın olan bu bağlarda hər kəs öz yerini necə tanıyır? Ancaq elə tanıyırlar ki, heç kəs kəsin bir ağacını belə səhv salmırdı. Qocaların danışdığına görə, Güney Güzdəyi də, burdakı bağları da atamgilin ulu babası Əhməd xoca salıb. Ona görə də bağların çoxu Əhməd xocanın törəmələri olan Əfəndi uşağına mənsub idi, yəni bizim tayfaya. Əhməd xoca əslən Ərzurumdan imiş. Necə olub ki, heylə uzaq məmləkətdən gəlib çıxmışdı bura? Heç kəs bilmirdi.Yəqin ki, bu bağlar bu dağdan burun kimi irəli uzanan qayanın qabağında olduğu üçün ona Qayaburnu bağları deyiblər.
Bağçamızdakı payız meyvələrinin mənə dikilən xoşhal baxışları...Biz babamın dostu olan Hacı Yüzbaşının faytonunda Qızılbaşoğlu Alıgilin müşayiətilə getdik şəhərə. Evimizdə ilk qabağımıza çıxan adam, çiynində hansı qonşununsa səhəngi kəhrizdən gələn İman kişi oldu. O gülüb dedi:– Xoş gəldiniz!
Evimizdəki gecə məclisləri«Hürriyyətlik» davam edirdi. Lap şəhərin ortasında, günün-günorta çağında soyğunlar olurdu. Sayılan adamların hərəsinin başında bir dəstə atlı-tüfəngli adam hərlənirdi.Sonra Bayram babamgil də gəldi şəhərə. Anamla mən getdim onlara. Gördük Bayram babam əsəbi halda otaqda var-gəl edir, Fatma nənəm də bayırda taxtın üstündə oturub dərd içində papiros çəkir. Məlum oldu ki, Nuru dayım yaylaqdan gələn kimi evlərində olan xalı-gəbəni, bütün qiymətli şeylərin hamısını satıb-sovub, özü də harasa əkilib gedib.
Poems by other poets
Huş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.
Qəzəl: Şuri-cünuni-aşiqin başına rifət verirŞuri-cünuni-aşiqin başına rifət verir,Hər kəsə dünyada haqq əqlicə dövlət verir
Ey ziyadə ləhzə-ləhzə hüsnünə heyranlığımEy ziyadə ləhzə-ləhzə hüsnünə heyranlığım,Günbəgün artux ğəmi-eşqində sərgərdanlığım.
چون ابر به نوروز رخ سبزه بشستبا باده لعل کن سر عهد درست