Biz babamın dostu olan Hacı Yüzbaşının faytonunda Qızılbaşoğlu Alıgilin müşayiətilə getdik şəhərə. Evimizdə ilk qabağımıza çıxan adam, çiynində hansı qonşununsa səhəngi kəhrizdən gələn İman kişi oldu. O gülüb dedi:

– Xoş gəldiniz!

Sonra aşağı evdən paltarı da, özü də, saçı-kirpikləri də dümağ Kəklik xala çıxıb, mənimlə bacımın üzündən öpdü:

– A başınıza dönüm, – dedi, – Allaha şükür ki, sağ-salamat gəlib çıxdınız.

Evimiz, bağımız mənə elə təzə göründü ki, elə bil, birinci dəfə görürdüm. Mən bacım Mahtabla bağa qaçdım. Cavan alma, heyva, gavalı ağaclarının tər yarpaqları arasında təzə yetişmiş meyvələr görünürdü. Əncir ağacının üstündəki əncirlərin hər biri bir nəlbəki boyda olmuşdu. Partlamış əncirlərin qırmızı içi görünürdü.

Çəpərlərin dibində bitən böyürtkən kollarının meyvəsi yetişib şəvə kimi qaralmışdı. Mənə elə gəlirdi ki, bağımızdakı bu tər payız meyvələri xoş bir sükut içində mənə baxır. Elə bil ki, mən onların xəfif təbəssümünü də görürdüm.

Ağacların dibindən yaşıl otlar qalxmışdı. Atam bağçanı diqqətlə nəzərdən keçirərək dedi:

– Sağ ol, Kəklik. Uşaqlar bağa yaxşı baxıblar.

Kəklik xala da, adəti üzrə, bərkdən danışaraq cavab verdi ki:

– Amanata xəyanət olmaz, başına dönüm! Uşaqlar bağın suyunu bir həftə də gecikdirməyiblər. Yay bərk isti keçirdi. Ağacları hər gün suvarırdıq, səhərisi dibi mismar kimi bərkiyirdi.

Qabaq dediyim kimi, Kəklik xala dörd oğlu ilə bizim altdakı evlərdən birində olurdu. Özləri də çox yoxsul idilər. Ancaq onların həyatında mən qəribə bir cazibə hiss edirdim. Mən baxıb görürdüm ki, yoxsulluq nə Kəklik xalanı, nə də onun oğlanlarını kədərləndirir, əksinə, Kəklik xala həmişə bərkdən, gümrah danışır. Oğlanlarının hərəsi şəhərdə bir işdən yapışırdı. Kimi orada-burada yer belləyirdi, kimi gedib bağlardan-bostanlardan ucuz qiymətə meyvə, tərəvəz alıb bazarda bir-iki qəpik artığına sataraq pul qazanırdı, o biri də nə bilim, nə iş görürdü, axşamlar da hamısı təmiz torpaq döşəməyə salınmış köhnə palazın üstündə oturaraq Kəklik xalanın çəkib qabaqlarına qoyduğu dovğanı, ya əriştəni böyük bir iştaha ilə yeyirdilər. Mən bir dəfə də olsun onların üzündə bizim naz-nemət içində yaşamağımıza həsəd nişanəsi hiss eləmirdim. Elə bil, onlar heç bu barədə düşünmürdülər də. Bu da onlarla rəftarımda məni ürəkləndirirdi, görünür, bu ona görə idi ki, mən onlarla öz aramızda mənəvi bir sədd duymurdum. Onların lap kiçiyi olan Kazım məndən üç-dörd yaş böyük olduğundan hərdən mənimlə oynayırdı, qarpız qabığından mənə araba qayırırdı, mən də heç bir zaman ona yekəxanalıq satmırdım. Onların həyatı mənə öz həyatımızdan şirin görünürdü.

İman kişi də öz aləmində idi, hər gün qonşulara su verəndən sonra Ayı Temirin çörəkxanasından yumurtalı, xaşxaşlı bir təndir çörəyi alıb gələrdi evinə. Ya qonşuların, ya bizim verdiyimiz payı yeyəndən sonra vərəqləri cırıq-cırıq olub saralmış kitabını balaca pəncərədən düşən zəif işığa tutub başlayardı mütaliəyə:

«Quranın quran olsun... Yer oğlu qıy vurdu, çıxdı göyə... Gülbəs qara toyuqlara cadu eləyib...»

Bacım Mahtab yenə də tez-tez anamın gözündən oğurlanıb qaçırdı İman kişinin yanına. İman kişi də onu dizinin üstündə oturdub:

– Papılı balam, ye! – deyə saxsı çanağındakı xörəkdən ona da yedirdirdi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets