İbrahim xanın iqamətgahı. İbrahim xan taxtda əyləşib. Mirmöhsün ağa da buradadır. Xidmətçi daxil olur.

Xidmətçi

Əlahəzrət, Naxçıvan xanı Kəlbəli xan, İrəvan hakimi Məhəmməd xan hüzurunuza təşrif gətiriblər.

İbrahim xan

Buyursunlar.

Xidmətçi çıxır. Kəlbəli xanla Məhəmməd xan daxil olub, İbrahim xana xanlıq təmkini ilə təzim edirlər.

İbrahim xan

Qarabağa təşrif buyurduğunuzu eşidib, şad oldum, ağalar. Nə əcəb sizdən?

Kəlbəli xan

Biz səninlə məsləhətləşməyə gəlmişik, İbrahim xan. Rus padşahının böyük generalı Sisyanov gəlib Tiflisdə əyləşib.

Məhəmməd xan

O, Naxçıvan xanlığından da, bizim İrəvan xanlığından da tələb edir ki, padşahına tabe olaq.

Pauza.

İbrahim xan

Mən bunu iki gün bundan qabaq bilmişəm. Bəs siz nə fikirdəsiniz?

Kəlbəli xan

Naxçıvan xanlığı heç bir padşaha tabe olmaq istəmir.

İbrahim xan

Siz necə düşünürsünüz, Məhəmməd xan?

Məhəmməd xan

İrəvan xanlığı da heç bir padşaha tabe olmaq istəmir, İbrahim xan. Bilirsiniz ki, nə siz, nə də biz heç vaxt xaçpərəst tayfasına düşmən münasibət göstərməmişik. Yekaterinanın vaxtında onun böyük generalı Qafqaza gələndə sən hörmətli elçilərlə generala hədiyyələr göndərdin. Öz ixlasını bildirdin. Mən də dünyanın müxtəlif yerlərindən İrəvana gələn, yer-yurd istəyən ermənilərin heç birini rədd etməmişəm. Lakin biz öz istiqlaliyyətimizi itirə bilmərik.

Kəlbəli xan

İbrahim xan, sən İran şahı Fətəli şahla qohum olmusan. Oğlun Əbülfət ağa da hal-hazırda onun sarayında xanlıq vəzifəsindədir. Deyirlər ki, şah, qızınız Ağabəyim ağanın ağıl-fərasətinə valeh olub, onu baş hərəm təyin eləyib. Deyirlər, şah hər bir dövlət tədbirini də Ağabəyim ağa ilə məsləhətləşir. Əgər Fətəli şah bizə kömək eyləyəcəyini vəd edərsə, biz də Sisyanovun təklifini rədd edərik.

Məhəmməd xan

Mən də Kəlbəli xanla həmfikirəm. Bizə özü də türk olan İran şahının köməyi lazımdır.

Mirmöhsün ağa

Xanlar! Bağışlayın ki, mən sizin işlərinizə müdaxilə edirəm.

Kəlbəli xan

Buyurun, axund. Sizin sözləriniz bizim üçün qiymətlidir.

Mirmöhsün ağa

Mütəşəkkirəm, cənab Kəlbəli xan. Hörmətli ağalar, İbrahim xan dəfələrlə siz Azərbaycan xanlarına müraciət eləyib, təklif elədi ki, gəlin nə şərtlərlə istəyirsinizsə, bütün xanlıqları birləşdirib vahid Azərbaycan dövləti yaradaq, hətta İbrahim xan onu da buyurdu ki, istəyirsiniz biz də, Nadir şah Əfşarın vaxtilə Muğanda çağırdığı kimi, məclis çağırıb bu məsələni orada, bütün xalq nümayəndələrinin iştirakı ilə həll eləyək. Heç kəs əlahəzrət İbrahim xanın ağıl səlimilə elədiyi bu təklifə qol qoymadı. Əgər siz xanlıqlar birləşib vahid bir dövlət təşkil etsəydiniz, indi sizin güclü bir ordunuz olardı. Siz xanlar birləşmək istəmədiniz. Hörmətli ağalar, siz unutdunuz ki, Peyğəmbər əleyhissalam yüzlərcə yerə bölünmüş ərəb qəbilələrini birləşdirməsəydi, islam dünyası o qədər vüsətli qələbələrə nail ola bilməzdi.

Məhəmməd xan

Mirmöhsün ağa, sizin sözləriniz həqiqətdir. Ancaq indi bu barədə düşünmək daha gecdir. Rus generalı bizim rus padşahına tabe olmağımızı tələb edir. Biz isə bunu istəmirik.

Kəlbəli xan

Biz öz azadlığımızı itirmək istəmirik.

Cavad xan daxil olur.

Cavad xan

Salam, ağalar.

İbrahim xan

Əleykəssalam, Cavad xan. Bu gün mənə xəbər çatdı ki, general Sisyanov səndən Gəncə qalasının təslim olmasını tələb edir.

Cavad xan (acıqlı)

Bəli, tələb edir. Bu, rus padşahının istila siyasətinin davamıdır... Yekaterinanın əmri ilə general Zubov Qafqaza yeriyib, Dərbəndi mühasirə eləyəndə, mən sizə dedim ki, təcili surətdə qoşunlarımızı birləşdirib Dərbəndin köməyinə getməliyik, heç kəsdən səs çıxmadı. Zubov Dərbəndi alandan sonra bizim ağsaqqalımız İbrahim xan ona hörmətli elçilərlə qiymətli hədiyyələr göndərib rus padşahına ixlasını bəyan etdi. Budur, indi də Sisyanov... Ağalar, böyük türk sərkərdəsi Ağa Məhəmməd şah da rus padşahının Azərbaycanı istila etmək siyasətinin qarşısını almaq üçün Qarabağa, Tiflisə hücum etmişdi. İbrahim xanın çar generalı Zubovu o cür ixlası, hədiyyələrlə qarşılamağı, rus padşahına tabe olmağa hazır olduğunu bildirməsi Ağa Məhəmməd şahı əsəbiləşdirmişdi. Qarabağlıların onu öldürməyi böyük tarixi səhv idi. Ancaq, ağalar, biz öz səhvlərimiz barədə mübahisəyə başlasaq, uzun çəkər. Vaxt gözləmir. Mən yenə də sizə müraciət edirəm. Gəlin bir dəqiqə itirmədən, döyüş qüvvələrimizi birləşdirib, Sisyanova cavab verək. Mən sizi inandırıram ki, çarın istilaçı qoşununun dalı gəlib çıxana qədər biz Sisyanovu qovub Azərbaycan sərhədlərindən xeyli uzaqlaşdıra bilərik.

Ağır sükut.

İbrahim xan

Cavad xan mənə ağır ittihamlar verir. Ancaq, ağalar, gəlin ədalətlə danışaq, hər cürə silahı, böyük qoşunu olan iki böyük dövlətin arasındayıq. Ona görə, mən çalışırdım ki, biz bütün Azərbaycan xanlıqlarını birləşdirib, vahid, güclü bir dövlətə çevirək.

Mirmöhsün ağa

Əlahəzrət İbrahim xan düz buyurur, ağalar. Min dəfə təəssüf ki, heç bir xan dünya siyasətini nəzərə almadı. Öz məhdud hakimiyyətinə uyaraq, beş ildən, on ildən sonra onu nə gözləyə biləcəyi haqqında düşünmədi.

İbrahim xan

Ona görə də, indi biz bu iki dövlətdən birinə iltizam eləməliyik. Çox fikirləşəndən sonra mən bu qərara gəlmişəm ki, biz rus padşahıyla daha tez dil tapıb dost ola bilərik.

Cavad xan

Nəyə görə?

İbrahim xan

Ona görə ki, bütün Azərbaycan ölkəsinə sahib olmaq, onu İran dövləti ilə birləşdirmək İran şahlığının çoxdankı arzusudur. Bizim hər ikimiz müsəlman ölkəsiyik. Biz rus padşahından daha asan istiqlaliyyət ala bilərik.

Kəlbəli xan

İbrahim xan, İran şahının özü də türkdür. İran xalqının əksəriyyəti türkdür, türkcə danışır. Bizim adət-ənənələrimiz, dinimiz birdir. Elə güman edirəm ki, biz İranla, xüsusən Fətəli şahla daha tez dil taparıq.

Məhəmməd xan

Biz demək olar ki, bir torpaqda yaşayırıq. Rus padşahının paytaxtı ilə bizim aramızda üç min verstə qədər məsafə var. Dinimiz ayrı, dilimiz ayrı...

Cavad xan

Ağalar, əgər siz gələcək istiqlaliyyət haqqında düşünürsünüzsə, bu, xam xəyaldır. Gəlib torpağımızda kök salan, qalalarımızda hakim olan heç bir dövlət təzədən bizə istiqlaliyyət verməz. Ona görə də, nə rus padşahı, nə də İran şahı.

İbrahim xan (ani dərin düşüncədən sonra)

Cənab xanlar, siz uzaq yoldan gəlib yorulmusunuz. Buyurun, bir az istirahət eləyin, sonra söhbətimizi davam etdirərik.

Kəlbəli xan, Məhəmməd xan, Cavad xan və Mirmöhsün ağa gedirlər.

İbrahim xan (tək)

Heç kəs məni başa düşmür. Xalqımızın həqiqi azadlığı çətin tilsimə düşmüşdür. Azərbaycan xalqı qəvidir, igiddir. Lakin onun qılıncı nə qədər iti olsa da, iki divin pusqusunda dayandığı bu tilsimi qan tökməklə sındıra bilməz. Mən igidlərin qılıncını sülh siyasəti ilə əvəz etmək istəyirəm. Bizim nicat yolumuz budur. Ona görə də, gözümün işığı olan ağıllı qızımı İran şahına ərə verdim. Ona görə də, rus generalı Zubova qiymətli hədiyyələr göndərib, rus padşahına öz ixlasımı bəyan etdim. İndi eyni siyasəti general Sisyanovla da aparmaq istəyirəm. Nə üçün məni başa düşmürlər? Nə üçün?.. Nə üçün?..

İşıq sönür.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Yenə də Nuru dayım

Bir yaz günü bir də gördük Nuru dayım üç tüfəngli milislə, atlı gəldilər bizə. Atam bazardaydı. Anam dayımı görəndə, yəqin ki, Bayram babama görə gözləri yaşardı. Nuru dayımın gözlərindən bir-iki damcı sakit halda üzüaşağı yuvarlanırdı. Mən yüyürüb dayımın gəldiyini Fatma nənəmə xəbər verdim. Arvad qılçaları bir-birinə dolaşa-dolaşa mənimlə gəldi bizə, Nuru dayımın bir neçə saniyə arvadın üstündə dayanan baxışlarında buz kimi soyuq bir şey hiss elədim. Yəqin buna görədir ki, arvad özünü itirib bir söz demədi. Oğlu da bir söz demədi. Mən pərt oldum. Fatma nənəmə yazığım gəldi. Dayımın «yaxşı qulluqda» olmağı da, üç atlı milislə, tüfəngli gəlməyi də gözümdən düşdü. Dayım mənə yad və qəddar göründü.Hamısından betəri də bu oldu ki, səhəri gün Fatma nənəmgilə gedəndə içəridə dayımın qəzəbli səsini eşidərək ayaq saxladım. O, nənəmə deyirdi:

11 min
Mənim cənnətim

Mən bu azca ömrümdə birinci dəfə olaraq insanların rəftarında, bu dünyaya gəlmələrində anlaşılmaz bir uyğunsuzluq və bu uyğunsuzluğu daim müşayiət eləyən acı, biganə bir kədər hiss edirdim. Və başa düşmürdüm ki, nə üçün adamların gülüşü, sevinci mənə süni görünür? Mənə sirayət eləmir?Mən bu aləmə qaynayıb-qarışa bilmirdim. İman kişi gündüz qonşulara kəhrizdən su daşıyıb, gecələr öz aləmi ilə məşğul olduğu kimi, mən də gündüz məktəbə gedir, dərslərimi öyrənir, anamla atamın söhbətlərinə qulaq asıb, gecələr öz otağımda tək qaldıqda öz aləmimlə məşğul olurdum. Bu aləm isə qəribə idi. Fatma nənəm mənə nağıl eləmişdi ki, Firon qərara gəlib ki, gərək yer üzündə də Allahın behişti kimi bir behişt düzəltsin. Firon həmin behiştin torpağını mirvari, ləl-cəvahirat elətdirir, meyvə ağaclarının yarpaqlarını qızıl elətdirir, ab-kövsər kimi şirin bulaq düzəltdirir. Bir sözlə, əsil cənnət yaradıb, dünyanın gözəl qızlarından da gətirdib, huri elətdirir. Və bu cənnət Allahın o qədər xoşuna gəlir ki, əmr edib onu göyə çəkdirir.

3 min
Səriyyə və dünyanın ən gözəl duyğuları

Vəziyyətimiz çətin keçirdi. Ancaq xüsusi ticarətə hökumət icazə verdikdə atam anamın üstündəki qızıl şeylərdən satıb əlində maya eləyərək yenə də xırda dəmir-dümür alverinə başladı. (Mən sonradan bildim ki, bu ticarətə-filana da icazə verilməsi yeni iqtisadi siyasətin nəticəsində imiş...)Vəziyyətimiz bir ara babatlaşdı. Mən dördüncü sinfə keçdiyim ilin yayı bərk isti olduğundan atam bizi Şuşa qalasına apardı. Fatma nənəm isə evimizdə qaldı. Biz anamın xalası Bəyaz xanımgilə düşdük.

11 min
Mən və yeni həyat

Mən görürdüm ki, şəhərimizin cavanlarından bir hissəsi qırmızı komandirlər kimi ot rəngli parçadan köynək-şalvar geyinib, enli kəmər bağlayırlar. Dəstə-dəstə gəzərək bərkdən danışıb-gülürlər. Hələ desən, tüfəng götürüb milislərlə birlikdə dağlara, meşələrə qaçaq-quldur dalınca da gedirlər. İclas eləyib bəylərin, kapitalistlərin əleyhinə qəzəbli nitqlər söyləyirlər. Bu cavanlara «komsomol» deyirdilər. Elə bil ki, mənim özümdə də bəylərə, kapitalistlərə qarşı gizli bir kin varmış və bu kin indi zahirə çıxırdı. Komsomollarda hiss etdiyim mübariz ruh məni həvəsləndirirdi, sanki məni o axına qoşulmağa çağırırdı. Elə bil ki, məndə həyata potensial halında olan fəal müdaxilə qüvvəsi birdən-birə hərəkətə gəlib özünü göstərmək istəyirdi. Bir gün mən də cəsarətlə atama dedim:– Komsomol olmaq istəyirəm.

12 min

Poems by other poets