Mən bu azca ömrümdə birinci dəfə olaraq insanların rəftarında, bu dünyaya gəlmələrində anlaşılmaz bir uyğunsuzluq və bu uyğunsuzluğu daim müşayiət eləyən acı, biganə bir kədər hiss edirdim. Və başa düşmürdüm ki, nə üçün adamların gülüşü, sevinci mənə süni görünür? Mənə sirayət eləmir?

Mən bu aləmə qaynayıb-qarışa bilmirdim. İman kişi gündüz qonşulara kəhrizdən su daşıyıb, gecələr öz aləmi ilə məşğul olduğu kimi, mən də gündüz məktəbə gedir, dərslərimi öyrənir, anamla atamın söhbətlərinə qulaq asıb, gecələr öz otağımda tək qaldıqda öz aləmimlə məşğul olurdum. Bu aləm isə qəribə idi. Fatma nənəm mənə nağıl eləmişdi ki, Firon qərara gəlib ki, gərək yer üzündə də Allahın behişti kimi bir behişt düzəltsin. Firon həmin behiştin torpağını mirvari, ləl-cəvahirat elətdirir, meyvə ağaclarının yarpaqlarını qızıl elətdirir, ab-kövsər kimi şirin bulaq düzəltdirir. Bir sözlə, əsil cənnət yaradıb, dünyanın gözəl qızlarından da gətirdib, huri elətdirir. Və bu cənnət Allahın o qədər xoşuna gəlir ki, əmr edib onu göyə çəkdirir.

Mən də nənəmə sual verirdim:

– Nə üçün Allah qoymurdu o cənnət də bu dünyadakı insanların olsun?

Nənəm dedi:

– Allah-taala bilirdi ki, o cənnət yerdə qalsa, ora getməkdən ötrü adamlar dava salıb bir-birini qıracaq.

– Nə üçün Allah qoyur adamlar bir-birini qırsın?

Burada nənəm hirslənib deyirdi:

– Qələtini elə, Allahın işinə əl aparma!

Mən də nənəmə dedim:

– Sən həmişə söz tapmayanda deyirsən «Allahın işinə əl aparmaq olmaz»... Niyə olmur?

Nənəm özündən çıxıb dedi:

– Ay irtməkli sünnünün oğlu, olmaz! Günahdı!

Amma mən Fironun cənnətini xəyalımda yerə endirib, özüm də ora daxil olurdum və orda mənim üçün əfsanəli bir həyat başlayırdı. Orada daim yaz idi. Nə qış olurdu, nə sis-duman, eyzən günəşli idi. (Mən qışı, sis-dumanlı payız günlərini sevmirdim. Elə bil ki, mənim, səbəbini heç özüm də aydın dərk eləyə bilmədiyim, dərdimi-kədərimi soyuq, sisli-dumanlı günlər daha da artırırdı). Mənim cənnətimdə isə həmişə tabaq boyda ağ, qırmızı çəhrayı qızılgüllər, ağ, qırmızı qərənfillər günəşin sevincli parlaq ziyası içində parıldayırdı. Ancaq mənim cənnətimdə sarı gül, sarı çiçək olmurdu, çünki mən sarı rəngi sevmirdim. Sarı rəng daim mənə anamın xəstəliyini, atamın danlaqlarını xatırladırdı. Gözəl nərgizgülü, bənövşə mənə kədərli təsir bağışlayırdı. Çünki onlar hələ qış tamam qurtarmamış qarın içindən baş qaldırırdılar və mənə elə gəlirdi ki, onlar da mənim kimi üşüyürlər. (Mən çox üşüyən olduğum üçün soyuğu, qarı, buzu sevmirdim).

Mənim cənnətimdə gözəl, şən oğlanlar olurdular. Mənim cənnətimdə hər şey gözəl idi.

Mən o cənnətdən çıxıb, evimizdəki adi həyata qayıdıb atamı qaşqabaqlı və yenə nə üstündəsə anamla küsülü görəndə, sonra bazardan alınmış, çovdarqarışıq, pis bişmiş çörəklə əvəlik dadı verən dişləmə çay içəndə özümü son dərəcə məyus hiss edirdim. Bununla belə, mən həyatımızın indi xeyli yoxsul keçməsinə anamdan, atamdan tez alışmışdım. Yemək-içməyimizin, paltarlarımızın indi xeyli yoxsul olması, mənim köhnə paltoda, yamaqlı ayaqqabıda məktəbə getməyim gözümə görünmürdü. Anam həmişə mənim haqqımda deyərdi:

– Murad gözütox uşaqdı.

Məktəbə gedəndə atamgil mənə iyirmi qəpik verə bilmirdilər ki, mən də yoldaşlarım kimi, tənəffüslərdə həmşəri Əlinin məktəbimizin yanındakı dükanından meyvədən-zaddan alım. Bu da mənə pis təsir eləmirdi. Məni həmişə içində dolaşdığım mühit, adamların bir-birilə və mənimlə rəftarı sıxırdı. Hiss edirdim ki, atam Fatma nənəmin bizə köçməsindən razı qalmayıb. Hər dəfə atamı görəndə, Fatma nənəmin üzündə yaranan çəkingən, bir növ, günahkar ifadə, atamın nənəmlə kəlmə kəsib danışmamağı, soyuq rəftarı ağır bir qüssə kimi ürəyimə çökürdü. Hiss edirdim ki, nənəm bizdə çox sıxıntı çəkir və bununla belə, yenə də hər gecə oğlu Nuruya dua edirdi.

Mən gecələr yatağıma girəndə gözümü pəncərədən bayırdakı qaranlığa zilləyərək Fatma nənəmi öz cənnətimdə, qızıl taxt-ravan üstündə əyləşdirib, qabağına qızılgül ətri verən çay və qızıl qutuda, Bayram babamın vaxtilə çəkdiyi zəfəran kimi sapsarı, ipək kimi saçaqlı tütün qoyurdum, nənəm də indiki kimi qarğı müştükdə deyil, qızıl müştükdə bu tütündən çəkib nəşə ilə güllərə, çiçəklərə tamaşa edirdi. Mənim cənnətimdə bütün hurilər, mələklər, adamlar və mən özüm həmişə bir sevinc içindəydik. Xoşbəxt idik...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets