İbrahim xanın iqamətgahı. Yavər daxil olur.

Yavər

Əlahəzrət, oğlunuz Əbülfət xan hüzurunuza müntəzirdir.

İbrahim xan (sərt)

Qoy buyursun.

Yavər çıxır. Əbülfət xan hərbi geyimdə daxil olub, diz çökərək təzim edir.

İbrahim xan

Nə cəsarətlə sən beş min Qızılbaş qoşunu ilə Qarabağ sərhədini keçib Tuğ kəndində dayanmısan? Nədir Fətəli şahın məqsədi?

Əbülfət xan

Fətəli şah general Sisyanovun Quzey Azərbaycanı istila etməsinə imkan verməmək üçün mənim komandam altında olan həmin qoşunu sizə kömək üçün göndərib. Naxçıvan, İrəvan sərhədinə gedən qoşuna özü komandanlıq edəcək.

İbrahim xan (qəzəblə)

Sizi kim dəvət eləyib?

Əbülfət xan

Ərz elədim ki, biz köməyə gəlmişik. Təəssüf ki, gecikmişik. Biz vaxtında özümüzü yetirsəydik, yəqin ki, qəhrəman Cavad xanın, o igid şəhidlərin, yazıq cavan bacımın başına o faciə gəlməzdi. Biz general Sisyanovdan onların qanını alacayıq. Xan ata, sən məndən soruşursan ki, «sizi kim dəvət eləyib?» Bəs iki-üç min verst bizdən uzaq, bizə tamam yad rus padşahını Azərbaycana kim dəvət eləyib?

İbrahim xan

Mən rus padşahına tabe olmağı İran şahənşahına tabe olmaqdan üstün tuturam. Mənim qəbul etdiyim son qərar bundan ibarətdir.

Əbülfət xan

Xan ata, soruşmağa cəsarət edirəm: sən nəyə görə bu qərara gəlmisən?

İbrahim xan

Ona görə ki, rus padşahı Azərbaycan xanlıqlarını birləşdirib, vahid bir dövlət yaratmaqda mənə kömək edəcəyinə söz verib. Fars təsirində olan İran şahları isə ona bitişik sahədə vahid, müstəqil türk dövlətinin yaranmasına razı olmazlar.

Əbülfət xan

Xan ata, sən elə bilirsən rus generalları Azərbaycan xanlıqlarını birləşdirib vahid dövlət yaratmaqda sizə kömək eləyəndən sonra, onu sənə təhvil verib gedəcəklər? Yox, əziz xan ata. Getməyəcəklər. Onlar Azərbaycanı müstəmləkə eləyəcəklər. Necə ki, ingilislər böyük Hindistanı elədilər. Onlar Azərbaycanın sərvətlərini, varını daşıyıb aparacaqlar şimala. Siz xanların da onlara bir söz deməyə ixtiyarınız olmayacaq.

İbrahim xan

Yox, ruslar o dərəcədə namərdlik eləməzlər. Mən rus padşahının səmimiyyətinə inanıram.

Əbülfət xan

Xan ata, neçə illik təcrübəyə malik hökmdarsınız. Bilirsiniz ki, siyasət yalnız səmimiyyətə, əhd-peymana, hətta müqavilələrə də arxayın ola bilməz.

İbrahim xan

Biz vahid, müstəqil dövlət olandan sonra, əgər rus padşahı əhdinə vəfa eləməsə, namərdlik eləsə, biz onunla ölüm-dirim vuruşuna başlarıq. Və Allahın köməkliyi ilə qalib gələrik.

Əbülfət xan

Ata, axı o vaxtacan onlar da bekar oturmayacaqlar. Bu gözəl ölkəmizin azadlığını, açar-kilidini yadelli qəsbkara tapşırmaq olmaz. Bu, Azərbaycan xalqına xəyanət olar.

İbrahim xan (birdən qəzəblənərək)

Mən sənə əmr edirəm: qoşunu Azərbaycan sərhədindən çək geri.

Əbülfət xan

Mən bunu eləyə bilmərəm. Mən öz xalqıma köməyə gəlmişəm. Mən qəsbkar Sisyanovdan Cavad xanın, cavan Hüseynqulu xanın, bacım Səltənət bəyimin, Gəncə qalasında şəhid olan qəhrəmanların intiqamını alacam.

İbrahim xan (daha qəzəblə)

Əmr edirəm, qoşunu çək geri!

Əbülfət xan

Sənin bu əmrin xalqa xəyanətdir, xan ata. Mən xain ola bilmərəm. Allah divanından qorx, xan ata. Bacım Səltənət bəyimin günahsız axıdılan qanı hələ qurumayıb.

İbrahim xan (Əbülfətə qışqırır)

Rədd ol! Rədd ol! Qoy mənim igid Qarabağ atlılarım sənin beş min Qızılbaş qoşununa divan tutsun. Qoy sənin boynunu onların qılıncı vursun! İtil gözümdən, rədd ol!..

İşıq sönür.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Yolda yaxalanmış naməlum şəhərli

Bayram babam Qarabulağa gəlməsindən istifadə eləyərək indi qışlaqda olan anası Səkinəni gedib görmək istədi. Mən həvəsə düşərək babama yalvardım ki, qoysun mən də gedim, babam heç bir zaman mənim sözümü, xahişimi rədd etməzdi. Dedi:– Yaxşı, gedək.

3 min
Çarvadar Həbib

Bayram babam bu söhbətin üstündən keçərək zarafatyana soruşdu:– Həbib, yenə dörd aşıqla aran sazdı?

3 min
Qara damın vahiməsi

Biz Kürdoba qışlağına çatanda toran qovuşurdu, yeraltı damların qapılarında qalanmış ocaqlardan gərmə tüstüsünün iyi duyulurdu. Mal-qara kəndə qayıdırdı, inəklərin, buzovların səsi bir-birinə qarışmışdı, itlər hürüşürdü. Qışlağın böyründəki sarıtikanlı düzdə çılpaq dəvələr otlayırdı. Qoyun-quzu isə, yəqin ki, qışlaqdan on beş-iyirmi kilometr aralıdakı Haramılarda idi.Fayton babamgilin dədə-baba damına çatıb dayandı. İtlər qəzəblə hürə-hürə faytonu dövrəyə aldı. Eyvaz əmigilin alabaşı Bayram babamı tanıyıb, quyruğunu buladı. Eyvaz əmi və qonşu damlardakı kişilər yüyürüb: «Ay it! Ay it!» – deyə itləri qovdular. Səkinə qoca da, Fatma nənəm də, Eyvaz əminin arvadı da, tanımadığım başqa yaşmaqlı qonşu gəlinləri də mənim üzümdən öpdülər.

15 min
Nuru dayımın qəribə macərası

Anamın bişirdiyi cücəli plovu, ətirli dovğanı böyük bir iştaha ilə, ləzzət çəkə-çəkə yeyəndən sonra dayım, balaca armudu stəkandakı çayın rənginə zövq ilə nəzər yetirib anamla, atamla danışmağa başladı:– Biz, yəni mən və dostum Alay müsavat ordusunun hesabına ələ keçirdiyimiz tüfəngləri, patronları, tapançaları aparıb İranda satmaq qərarına gəldik. Bunu bizə İranda yaşayan kontrabandaçı bir türkmən məsləhət gördü. Onun xüsusi qayığı vardı. Bakıya, Həştərxana, İrana gizli mal aparıb gətirirdi. Bizi inandırdı ki, onun köməyi ilə bütün silahları xatasız, əngəlsiz aparıb İran kürdlərinə sata bilərik.

20 min

Poems by other poets