Nuru dayımın qəribə macərası
Page 1 of 3
Anamın bişirdiyi cücəli plovu, ətirli dovğanı böyük bir iştaha ilə, ləzzət çəkə-çəkə yeyəndən sonra dayım, balaca armudu stəkandakı çayın rənginə zövq ilə nəzər yetirib anamla, atamla danışmağa başladı:
– Biz, yəni mən və dostum Alay müsavat ordusunun hesabına ələ keçirdiyimiz tüfəngləri, patronları, tapançaları aparıb İranda satmaq qərarına gəldik. Bunu bizə İranda yaşayan kontrabandaçı bir türkmən məsləhət gördü. Onun xüsusi qayığı vardı. Bakıya, Həştərxana, İrana gizli mal aparıb gətirirdi. Bizi inandırdı ki, onun köməyi ilə bütün silahları xatasız, əngəlsiz aparıb İran kürdlərinə sata bilərik.
Qaranlıq bir gecədə qayıq İrana doğru yol aldı. Türkmənin özündən başqa da iki nəfər yoldaşı vardı.
Mən Alaya dedim ki:
– Ayıq ol, bunlarda balaca bir kələk duyan kimi üçünü də öldürmək lazımdır.
Alay dedi:
– Doğrudu. Bunu mən də sənə deyəcəkdim.
Bizimlə danışıb sövdələşən türkmən ucaboylu, yaraşıqlı bir oğlan idi. İkincisi də cavan idi.
Onlar bizimlə elə danışıb gülürdülər ki, elə bil, çoxdanın yoldaşlarıydıq. Amma onlardan bir qədər yaşlı olan üçüncüsü isə bizimlə bir kəlmə də danışmırdı. Eyzən bir gözünü qıyıb, papiros çəkirdi, bizim qızıl vəznələrimizə qəribə bir kinlə baxırdı. Qayıq açıq dənizdə xeyli uzaqlaşandan sonra mən çamadandan iki şüşə araq, yemək çıxarıb türkmənlərə təklif elədim ki, bizimlə vursunlar. Cavanlar təklifimizi məmnuniyyətlə qəbul elədilər. Üçüncüsü – yaşlısı yeyib-içmək zamanı nə bir kəlmə danışırdı, nə də bizim üzümüzə baxırdı. Orası da qəribə idi ki, bizimlə sövdələşən cavan türkmən tez-tez öz dillərində ona nə isə deyirdi, amma o, yenə də susub bir kəlmə cavab vermirdi. Biz xeyli içib dəmlənmişdik. Birdən yaşlı türkmənin hərəkəti məni hirsləndirdi. Mənə elə gəldi ki, gözünü qıyıb bizim arağımızı yekəxana bir əda ilə içən bu hərif bizim başımızı nə vaxt kəsəcəyini gözləyir.
Mən qəddimi düzəldib ona dedim:
– Ey dost, niyə ağzına su almısan? Sən ali cəmiyyətdən olan zabitlərin məclisindəsən!
O, gözünü qıyıb, mənə iti bir nəzər saldı, amma yenə dinmədi. Əlindəki qədəhi içəndən sonra qalxıb aralandı. Mən birinci türkməndən soruşdum:
– Sizin bu yoldaşınız niyə dinmir, laldır?
Cavan türkmən dedi:
– Yox, lal deyil, xasiyyəti belədi, fikir verməyin.
– Bu qayığın sahibi odur?
– Xeyir. Bu qayıq bizim üçümüzündü.
Mən çox içmişdim, gözünü qıyıb bizi saymayan o hərifin baş-gözünü əzmək istəyirdim. Əlimi belimdəki onatılanın dəstəsinə qoyub cavan türkməndən soruşdum:
– Yoxsa, o bizim haqqımızda başqa xəyaldadı?
– Xeyir! – deyə cavan türkmən tələsik cavab verdi. – Nə danışırsan, ağa? Sizinlə biz qardaşıq! Siz azərbaycanlı, biz türkmən. Mənim xalaqızımın əri azərbaycanlıdır, Aşqabadda yaşayırlar.
Alay fransızca mənə dedi:
– Çox ağartma.
(Dayım fransız dilini yaxşı bilirdi. Ümumiyyətlə, onda dil öyrənməkdə iti bir yaddaş vardı. Rus, fransız dillərini ana dili kimi bilirdi, fars dilini öz-özünə öyrənib «Şahnamə»ni o dildə oxumuşdu).
Sonra biz Alayla «Süsən sünbül» mahnısını oxuduq. Sonra mən çamadandan iki şüşə də şərab çıxarıb, cavan türkmənləri yenə də dəvət elədim. Onlar gözüqıyıq türkmənlə nə barədəsə mübahisə edirdilər. Mən təklif eləyən kimi söhbəti kəsib, bizə yaxınlaşdılar.
Mən onların stəkanlarını doldurandan sonra qəsdən amiranə bir tonla gözüqıyıq türkmənə dedim:
– Ey, sən də gəl!
Mən o biri türkmənlərlə olduğu kimi, onunla da rusca danışırdım. Lakin o, mənə təmiz Azərbaycan dilində cavab verdi.
– Sağ ol, ağa. Mən şərab içmirəm.
Mən cavan türkməndən soruşdum:
– Bəyəm, o, azərbaycanlıdır?
Oğlan cavab verdi ki:
– Xeyir, tatdı, Balaxanıdandı.
Külək bizim getdiyimiz istiqamətə əsdiyi üçün qayıq sürətlə gedirdi. Hava yavaş-yavaş işıqlanırdı. Dənizin sakit şırıltısı adama ləzzət verirdi. Alayı yuxu aparmışdı. Özünüz bilirsiniz ki, mən nə qədər içsəm də kefli olmuram. Yatmaq da istəmirdim. Əgər Alayı yuxu aparmasaydı, səhərə qədər içərdim. Mən birinci dəfəydi ki, dənizdə, özü də açıq qayıqda yol gedirdim. Mən arxası üstə uzanıb, gözlərimi yumaraq, İranda necə kef çəkəcəyimiz haqqında düşünürdüm. Bir də gördüm ki, gözünü qıyıb baxan tat səssiz addımlarla bizə yaxınlaşıb dayandı. Alay bərk xoruldayırdı. Mən də xoruldamağa başladım. Özü də bunu elə elədim ki, hərif mənim qəsdən xoruldamağımı başa düşməsin. O, bir xeyli, guya dənizə baxırmış kimi dayandıqdan sonra yoldaşlarının yanına qayıdıb dedi:
– Piyandılar, ölü kimi düşüb qalıblar.
Birinci cavan türkmən acıqlı-acıqlı:
– Lazım deyil, – dedi. (Türkmən dili bizim dilə çox yaxın olduğu üçün mən onun nə dediyini başa düşürdüm).
Gözüqıyıq dedi:
– Sən nə vaxtdan belə molla olmusan?
Sonra əlavə etdi:
– Oğrudan oğruya halaldı.
Qan başıma vursa da, özümü saxlayıb qulaq asmağa davam elədim.
Gözüqıyıq dedi:
– O sarının (yəni mənim) təkcə barmağındakı brilyant üzüyünün azı dörd-beş yüz qızıl qiyməti var. Çamadanları da yəqin doludur.
Araya sükut çökdü. Mən usdufca əlimi aparıb onatılanın dəstəyindən yapışdım. Birinci türkmən bu dəfə yavaş səslə dedi:
– Yox... lazım deyil.
Elə bil ki, o, indi tərəddüd keçirirdi. Yenə də qısa bir sükutdan sonra o, əlavə elədi...
– Namərdlik olar!
O biri cavan türkmən də nə isə dedi. Lakin mən onun sözünü başa düşmürdüm. Gözüqıyıq hərarətlə dedi:
– Nə namərdlikbazlıqdı?! İki bəy oğlunu cəhənnəmə vasil eləmək namərdlik niyə olur?! Yaxşı, siz əlinizi tərpətməyin, onların işlərini mən özüm bitirərəm.
Sonra pıçıltı ilə dedi:
– Gəlin bəri, vaxt keçir!
Birinci türkmən bu dəfə sanki yuxudan ayılaraq qəti səslə gözüqıyıq kişiyə bozardı:
– Sənə dedim ki, olmaz!
Mən artıq dayana bilməyərək gözümü açıb dikəldim. Guya indicə yuxudan ayılıram kimi dedim:
– Deyəsən, biz yaman çox yatmışıq...
Onların heç biri dinmədi. Mən birinci türkməndən soruşdum:
– Görəsən, yolu yarılamışıq?
– Yarıdan keçmişik, ağa! – deyə o, cavab verdi.
Mənim səsimə Alay da oyanıb dikəldi. Mən yavaşca Alaya dedim:
– Əlin silahında olsun.
O, fransızca soruşdu:
– Nə olub?
Mən dedim:
– Gözüqıyıqda xəyanət var.
Bu zaman bizim qayıq balaca bir adanın təxminən üç-dörd yüz metrliyindən keçirdi. Mən qayığın kənarına söykənib papiros çəkən gözüqıyıqdan zarafatyana soruşdum:
– Buradan o adaya üzüb çatmaq olar?
O, görünür, mənim axmaq sual verdiyimi düşünüb istehza ilə gülümsədi:
– Ora uşaq da üzüb çata bilər.
– Yəni neçə metr olar ora ki? – deyə mən yenə də sadəlövhlüklə soruşaraq ona yaxınlaşdım. O, adaya sarı baxıb saymazyana dedi:
– Neçə olacaq?.. Çox olsa, dörd-beş yüz metr...
– Doğrudan?! – deyə mən qəfil ondan yapışaraq bir anda qaldırıb tulladım dənizə və həmin anda da onatılanı çıxarıb cavan türkmənlərə tuşlayaraq qışqırdım:
– Əllər yuxarı!
Onlar özlərini itirmiş halda əllərini qaldırdılar. Alay da tapançasını onlara tuşlamışdı. Mən cavan türkmənlərə dedim:
– Əlinizi tərpətsəniz, vuracağam ikinizi də!
Sonra bir gözüm onlarda olduğu halda, qayığa sarı üzən gözüqıyığa dedim:
– Nahaq zəhmət çəkmə, yaxşısı budur, vaxt itirmə, qayıt üz o adaya! Özün də Allahına şükür elə ki, səni quduz it kimi güllələmirəm!
O, ilan dili çıxarıb yalvardı. Dedim:
– Qayıt! Qayıtmasan, öldürəcəyəm.
O, yenə də qayığa sarı üzməyə davam eləyəndə düz qabağına güllə atdım. Gördü, xeyir, işin orası deyil, üzünü çevirdi adaya tərəf və bir qədər aralanandan sonra başını geri döndərib, türkmənlərə qışqırdı:
– Ehey, Durdu! Əgər mənim bir qəpiyimi o yan-bu yan eləsəniz, əlimdən qurtarmazsınız!
Birinci türkmən mənə dedi:
– Ağa, vur onu!
Mən birinci türkmənə dedim:
– İkiniz də silahlarınızı çıxarın, qoyun bura!
O dedi:
– Ağa, hamısı qayıqdadı.
Dedim:
– Yeri göstər!
O, tapançanın qabağında gedib silahlarını çıxarıb qoydu stolun üstünə!
Sonra mən Alaya dedim:
– Bunların ikisinin də qolunu daldan bağla.
Alay başqa şey tapmadığı üçün əl-üz məhrəbasını bıçaqla iki yerə bölərək onların qolunu arxadan möhkəm bağladı.
Birinci türkmən dedi:
– Ağa, vallah, bizdə təqsir yoxdur.
Mən dedim:
– Oturun! Tərpənsəniz, ikinizi də güllələyəcəyik.
– Bəs sövdəmiz?
Mən dedim:
– Necə danışmışıqsa, eləcə də olacaq.
O, təkrar dedi:
– Ağa, vallah, bizdə təqsir yoxdur.
Mən sərt səslə dedim:
– Oturun, gözləyin!
Sonra dönüb gözüqıyığın ardınca baxdım. O, artıq adanın üstündə durub bizə tərəf baxırdı. Biz adadan xeyli uzaqlaşmışdıq... İran sərhədinə yaxınlaşdıqda, biz dənizdə dayanıb gecənin düşməsini gözlədik.
Kitabxana.az · https://kitabxana.az/en/works/ilyas-efendiyev-nuru-dayimin-qeribe-macerasi
Use ← → keys to move, R for a random poem
More by this author
Səltənət bəyim və Hüseynqulu xan gəlirlər.*Hüseynqulu xan**
Dördüncü şəkilİbrahim xanın iqamətgahı. İbrahim xan və Mirmöhsün ağa səhnəyə daxil olurlar.*Mirmöhsün ağa**
Beşinci şəkilİbrahim xanın iqamətgahı. İbrahim xan və Ağabəyim ağa.*İbrahim xan**
Altıncı şəkilEyni məkan. Ağabəyim ağa ilə Saday bəy.*Ağabəyim ağa**
Poems by other poets
Edər hər qəmzədən məqtul yüz canı qara gözlər,Salıbdır mərdüm içrə gör nə qovğanı qara gözlər.
Müəmma: Beş yaşından on beş raha yetişdimBeş yaşından on beş raha yetişdim,Beşi atdım, beşi tutdum, beşi nə?
Müstəzad: İki salma boylu yarı sevmişəmİki salma boylu yarı sevmişəm,Birisi pəridir, birisi mələk,
İt hürər, karvan keçərHeyf, mətbularda illərnən yazıb nəşr etdiyim,Haqq söz həsr etdiyim.