Dördüncü şəkil
İbrahim xanın iqamətgahı. İbrahim xan və Mirmöhsün ağa səhnəyə daxil olurlar.
Mirmöhsün ağa
Əlahəzrət! Çapar İran şahənşahı Fətəli şahdan sizə namə gətirib.
İbrahim xan
Maraqlıdır. Mirmöhsün ağa, oxu görək nə məsələdir?
Mirmöhsün ağa (naməni açıb oxumağa başlayır)
Əzəmətli, şöhrətli Qarabağ hakimi İbrahim xan həzrətlərinə şahənşah İran – əzəmətli Fətəli şahdan salam. İbrahim xan, hökmdarımız Ağa Məhəmməd şah Qacarın cənazəsini hörmətlə Tehrana göndərməyinizdən xeyli məmnunam. Şöhrətli Qarabağ xanlığı ilə dostluq və himayədarlıq münasibətini daha da möhkəmləndirmək üçün İbrahim xanın gözəl qızı Ağabəyim ağa ilə izdivac arzusunda olduğumu bildirirəm. Ağabəyim ağanın ağlı, fərasəti mənə məlum olduğundan və o, məhz sizin – İbrahim xanın qızı olduğundan, onu özümə baş hərəm etmək fikrindəyəm. Oğlunuz Əbülfət ağanı da öz sarayıma dəvət edirəm.
Qısa pauza.
İbrahim xan
Mirmöhsün ağa necə fikirləşir?
Mirmöhsün ağa
Əlahəzrət! Sizin taxt səltənətinizin İran şahı ilə qohumluğu, əlbəttə ki, Azərbaycan xalqı üçün xeyli xeyirli olar. Bir halda ki, şah özü də Azərbaycan türkdür. Ancaq...
İbrahim xan
Ancaq...
Mirmöhsün ağa
Ancaq, əlbəttə ki, əgər, qızınız bu izdivaca razılıq verərsə... Ağabəyim ağa vəzir kimi ağıllı bir qızdır. Onun şah sarayında olması, güman edirəm ki, sizin səltənətinizlə İran şahı arasındakı dostluğun daha da rövnəq tapmasına kömək edər.
İbrahim xan
Mən istərdim bu dostluq gözəl Azərbaycan torpağını yüz yerə parçalamış, bir-birinə düşmən kəsilmiş bədbəxt xanlarımızı birləşdirib vahid, müstəqil bir dövlət yaratmaqda mənə kömək eləsin. Lakin İran şahı özünə bitişik ikinci, qüvvətli bir müsəlman dövlətinin yaranmasına razı olarmı?
Mirmöhsün ağa
Əlahəzrət! Fətəli şah özü də türk olduğu üçün başqa millətin padşahı ilə qonşu olmaqdansa, özünə qohum olan, öz millətindən olan bir dövlətlə qonşu olmağı üstün tutar.
İbrahim xan (əsəbi)
Mirmöhsün ağa, İran şahları – Nadir də, Ağa Məhəmməd də, Fətəli şahın özü də türk olduqlarını çoxdan unutmuşlar. Axı sən bunu bilirsən.
Mirmöhsün ağa
Bəli, əlahəzrət, unutmuşlar. Fəqət bunun təqsiri bizim bəzi məhdud düşüncəli ruhanilərimizdə olmuşdur. Onlar heç bir zaman ərəbin ərəb, farsın fars, türkün türk olduğunu dillərinə, fikirlərinə gətirməmişlər. Milli təfəkkürü, milli səciyyəni, milli ruhu unudaraq, hamını müsəlman adlandırmaqla kifayətlənmişlər. Axı böyük Allah havayı yerə bəşəriyyəti müxtəlif millətlər şəklində yaratmamışdır.
İbrahim xan
Allah rəhmət eləsin Şah İsmayıl Xətaiyə. İran şahlarından yalnız o, türk olduğunu unutmadı.
Mirmöhsün ağa
Əlahəzrət! Elə zənn edirəm ki, Ağabəyim ağanın ağlı, fərasəti Fətəli şaha türk olduğunu təlqin edər. Siz, Fətəli şah taxta çıxan kimi Ağa Məhəmməd şahın cənazəsini hörmətlə Tehrana göndərməkdə çox ağıllı hərəkət elədiniz. Fətəli şah ağıllı adamdır. O bilir ki, yalnız Qarabağ deyil, Şirvan, Şəki, Gəncə, İrəvan, Naxçıvan, Xoy, Qaradağ, Təbriz, Ərdəbil, Marağa, əsasən, sizə tabedirlər. Onu da bilməmiş deyil ki, Dağıstan və Avar hakimi Ümmə xanın bacısı ilə izdivacınız hakimiyyətinizi daha da qüvvətləndirmişdir. Əlahəzrət, güman edirəm ki, Fətəli şahla dostluq münasibəti bütün Azərbaycan xanlıqlarını sizin hakimiyyətinizdə qəti birləşməyə kömək edər.
İbrahim xan
Mən buna şübhə edirəm, Mirmöhsün ağa. İran şahı Təbrizdən, Xoydan, Marağadan əl çəkməz. Ona görə də, rus padşahı Yekaterinanın əmri ilə general Zubov gəlib Dərbəndi alanda, mən oğlum Əbülfət ağanı böyük hədiyyələrlə onun yanına göndərib öz ixlasımı ona izhar etdim.
Mirmöhsün ağa
Əlahəzrət, Zubov Dərbənd qalasını bir dost kimi yox, bir istilaçı padşah generalı kimi silah gücünə almışdı.
İbrahim xan
Mən İran şahı ilə də, rus padşahı ilə də dostluq tərəfdarıyam.
İşıq sönür.
Kitabxana.az · https://kitabxana.az/en/works/ilyas-efendiyev-hokmdar-ve-qizi-dorduncu-sekil
Use ← → keys to move, R for a random poem
More by this author
Bir neçə gündən sonra babam anamgilə xəbər verdi ki, onu «A» qəzasına rəis təyin eləyiblər. Ona görə də köçüb getdik şəhərə, evimizə...Sonra Bayram babam kürkünün üstündən iki patrondaş çəkdi, gödək beşatılanını doldurdu, ağac qoburlu onatılanını belinə bağlayaraq məşhur kəhər atına minib, Qızılbaşoğlu Alının müşayiətilə «A» qəzasına yollandı. Fatma nənəm babamın ardınca su atdı. Babamı yola salmağa atamla anam da gəlmişdilər. Novruz bayramından keçməsinə baxmayaraq, çöllər hələ ki, qar idi. Anam babamın ardınca baxaraq dedi:
Nuru dayımın qayıtmağı...Bir dəfə atam mal gətirmək üçün Bakıya getmişdi. Qayıdanda gördük ki, Nuru dayım onunla gəldi. Sonra atam anama danışırdı ki, neft mədənlərində işləyən qohumlarını görmək üçün Binəqədiyə gedibmiş. Birdən cır-cındır içində olan Nuru dayım çıxır qabağına. Qərəz, məlum olur ki, dayım atasının evindən satdığı şeylərin pulunu kefə sovurandan sonra lüt qalıb, gəlir neft mədəninə, Fatma nənəmgilin kürd qohumlarından olan fəhlələrin yanına. Fəhlələr də onu yedirib-içirdirmişlər.İndi dayım elə şən idi ki, elə bil, Parisdən kefdən gəlmişdi. Laklı uzunboğaz çəkmə, qalife şalvar, qiymətli buxara dərisindən təpəsi gen qabardin papaq, qolları enli üst köynəyi, körpüləri qızıl Qafqaz kəməri, nazik, qumral bığları, onsuz da, gözəl olan dayıma fövqəladə yaraşıq verirdi. O, Tiflisdə, Bakıda, daha nə bilim haralarda çəkdiyi keflərdən anama səhnələr danışırdı. Ən maraqlı söhbətlərdən biri də anamgilin ögey qardaşı, yəni Fatma nənəmin qabaqkı ərindən olan oğlu Cəlilə rast gəlməsi idi. Nuru dayımın danışmağına görə, Cəlil indi Bakının adlı-sanlı mühərrirlərindən, ziyalılarındandır. Fatma nənəm onun bu söhbətinə kənardan diqqətlə qulaq asaraq, Cəlil barədə heç nə soruşmurdu. Mən də buna təəccüb edirdim. Mən başa düşmürdüm ki, Fatma nənəm Nuru dayımı bu qədər istədiyi halda, nə üçün öz dualarında, söhbətlərində bir dəfə də olsun o vaxt atasının üstünə atıb getdiyi oğlu Cəlilin adını dilinə gətirmir?
Anamın bir rəfiqəsi vardı...Atam hər dəfə Bakıya gedib-gələndə Müsavat hökumətinin ideoloqu Məhəmməd Əmin Rəsulzadənin nitqlərindən danışardı. Küçələrdə uşaqlar Azərbaycan haqqında, vətən haqqında nəğmələr oxuyardılar, anamla rəfiqələri eyzən zabitlərdən söhbət edərdilər. Bizim şəhərimizdə müsavat zabitləri ilə bərabər, türk zabitləri də var idi. Bunlar Azərbaycana gələn türk hərbi hissəsinin zabitləri idi. Onlardan Hatəm bəy və Tofiq bəy adlı iki nəfəri bizim qonşuluğumuzdakı ikimərtəbəli binada yerləşmişdilər, yazın gur vaxtı olduğu üçün axşamçağılar bağçadakı qızılgüllükdə stul qoydurub, orada əyləşərdilər. Bəzən çay, bəzən şərab içərək bərkdən danışıb gülərdilər. Anam və rəfiqələri bizim bağımızda gəzib söhbət edərdilər.Anamın Məhbub xanım adlı çatmaqaş, qaraşirin, uzun qarasaç, incəbel bir rəfiqəsi var idi. O, bizə gələn bütün cavan qadınlardan gözəl və zinətli geyinərdi. Mən həmişə ona baxanda nağıllarda eşitdiyim şahzadə gözəllər yadıma düşərdi. Şən, deyib-gülən bir gəlin idi. Onun da tumanı anamınkı kimi uzun idi. Tumanının ayağına əşrəfi deyilən qızıl, qanavuz arxalığının yaxasına isə qızıl düymə düzülmüşdü. Belində enli, qızıl kəmər vardı. Atası Məşədi Həbib şəhərimizdəki böyük hamamın və motorla işləyən un dəyirmanının sahibi idi. Anam bizi hamama aparanda qabaqcadan xüsusi nömrə hazırlanardı. Biz çimib çıxandan sonra gəlib Məhbub xanımgildə çay içərdik (onların evləri hamamın böyründə idi). Məhbub xanımın anası Xurşid xanım iricüssəli, kök, yaraşıqlı bir qadın idi, həmişə Novruz bayramında üç-dörd vedrə sututan iri mis qazan dolusu səməni bişirib, bütün qonşulara paylayardı. Qışda da iki-üç dəfə hədik, ya da əriştə bişirib yenə də qonşulara paylayardı. Anam atama deyirdi ki, «Xurşid xala bundan həzz alır». Məhbub xanımı Aşqabadda yaşayan əmisi oğlu Talıba vermişdilər, ancaq anamın söhbətlərindən bilirdim ki, oğlan qıza qarşı soyuq imiş, ona görə də tezliklə ayrılmışdılar.
Narahat qocaların məşvərətiHəmin bu vaxtlarda Bayram babam öz bağlarında tikdirməyə hazırlaşdığı evin işi üçün gəlmişdi. (Özü faytonda əyləşmişdi, iki nəfər strajnik və Qızılbaşoğlu onu müşayiət edirdi). Babam istəyirdi ki, indiki birmərtəbəli evi sökdürüb yerində ikimərtəbəli, böyük evlər tikdirsin. Bunun üçün qapıya guşə daşı, qum daşınırdı. Bayram babamın gəldiyini eşidib qazı ağa ilə şəhərimizdə məhkəmə sədri olan Balaş bəy görüşə gəlmişdilər. Onlar yeni hökumətin taleyi ilə maraqlanırdılar. Söhbət bu barədə gedəndə Bayram babamın üzü qayğılı göründü və o, papiros yandıraraq dedi:– Bilirsiniz, əgər xaricdən kömək olmasa, Müsavat hökumətinin işi çətin olacaq. Düzdür, indi biz əsgər toplayırıq, qoşun təşkil edirik, ancaq bununla iş qurtarmır. Qoşuna silah lazımdı, hərbi işi yaxşı bilən adamlar lazımdı. Bu saat biz köməksiz uşaq kimiyik.
Poems by other poets
Al yaşıl abı sarı bənövşə qara qırmızıAlasan geydirəsən həmişə yara qırmızı
Gəraylı: Dəli könül nə məlulsanDəli könül, nə məlulsan,Məgər ol nazlı yar getdi,
Gəraylı: Könlüm istər görəm yarıKönlüm istər görəm yarı,Üç gündə bir, beş gündə bir,
OlduQəhbə fələk, bu gün bir iş işlədi,Məni yardan ayrı salacaq oldu,