Bir dəfə atam mal gətirmək üçün Bakıya getmişdi. Qayıdanda gördük ki, Nuru dayım onunla gəldi. Sonra atam anama danışırdı ki, neft mədənlərində işləyən qohumlarını görmək üçün Binəqədiyə gedibmiş. Birdən cır-cındır içində olan Nuru dayım çıxır qabağına. Qərəz, məlum olur ki, dayım atasının evindən satdığı şeylərin pulunu kefə sovurandan sonra lüt qalıb, gəlir neft mədəninə, Fatma nənəmgilin kürd qohumlarından olan fəhlələrin yanına. Fəhlələr də onu yedirib-içirdirmişlər.

İndi dayım elə şən idi ki, elə bil, Parisdən kefdən gəlmişdi. Laklı uzunboğaz çəkmə, qalife şalvar, qiymətli buxara dərisindən təpəsi gen qabardin papaq, qolları enli üst köynəyi, körpüləri qızıl Qafqaz kəməri, nazik, qumral bığları, onsuz da, gözəl olan dayıma fövqəladə yaraşıq verirdi. O, Tiflisdə, Bakıda, daha nə bilim haralarda çəkdiyi keflərdən anama səhnələr danışırdı. Ən maraqlı söhbətlərdən biri də anamgilin ögey qardaşı, yəni Fatma nənəmin qabaqkı ərindən olan oğlu Cəlilə rast gəlməsi idi. Nuru dayımın danışmağına görə, Cəlil indi Bakının adlı-sanlı mühərrirlərindən, ziyalılarındandır. Fatma nənəm onun bu söhbətinə kənardan diqqətlə qulaq asaraq, Cəlil barədə heç nə soruşmurdu. Mən də buna təəccüb edirdim. Mən başa düşmürdüm ki, Fatma nənəm Nuru dayımı bu qədər istədiyi halda, nə üçün öz dualarında, söhbətlərində bir dəfə də olsun o vaxt atasının üstünə atıb getdiyi oğlu Cəlilin adını dilinə gətirmir?

Nuru dayım hər gün Fatma nənəmdən, anamdan pul alır, öz dostları ilə yeyib-içir, kef çəkirdi. Bir gün dedilər ki, qubernator Xosrov bəy şəhərimizə gələcək. Hamı qubernatora tamaşa eləmək üçün Ağdam – Gəncə yolunun kənarına axışdı. Anam mənimlə bacımı da apardı. Gördük ki, şəhərimizdə olan müsavat əsgərləri şose yolun hər iki tərəfində cərgəyə düzülüblər. Zabitlər də aşağı-yuxarı

qaçaraq hər şeyin öz yerində olmasına, əsgərlərin geyim-geciminə

diqqət yetirirdilər. Birdən uzaqdan dalbadal gələn iki avtomaşın

göründü. Zabit fərağat komandası verdi. Maşınlar gəlib əsgərlərin

qarşısında dayandı. Gəncə qubernatoru doktor Xosrov bəy maşından

düşüb əsgərlərə salam verdi. Ucaboylu, enlikürək, yaraşıqlı bir adam idi. Gözünün biri kor idi. Əynində çərkəzi çuxa, ayaqlarında uzunboğaz çərmə, belində nazik Qafqaz toqqası, başında təpəsi gen buxara papaq vardı. O, sıranın qarşısında irəliləyərək əsgərləri diqqətlə nəzərdən keçirdi. Sonra zabitlərə nə isə dedi. Sonra da maşına əyləşərək şəhərə getdi.

Bu əhvalatdan bir neçə gün sonra Nuru dayım çiyinlərində paqon gəlib anama sevinclə xəbər verdi ki, qubernatorun əmri ilə onu müsavat ordusuna zabit təyin eləyiblər. Mən dayımın necə zabitlik elədiyini bilmirəm. Ancaq hər axşam onun öz yoldaşları ilə Bayram babamgilin bağçasında yeyib-içib kef çəkdiklərini, sonra faytona minərək şəhərin malakanlar yaşayan hissəsinə getdiklərini görürdüm.

Nuru dayım gözəl malakan qızı Tanya haqqında anama gülə-gülə danışırdı. Mən də sövq-təbiilə hiss edirdim ki, belə söhbətlərə qulaq asmaq mənə yaramaz. Ona görə də anamın acıqlanmasını gözləməyib əkilirdim. Atamın dediyinə görə, içməkdə heç kim dayıma çatmazdı. Onun zabit yoldaşları da özü kimi cavan, kefcil bəy oğlanları idi. Həmin bu vaxtlar bir neçə zabit, o cümlədən Nuru dayım, restoranın xüsusi otağında kef çəkdikləri zaman yaxın dostlarından biri – Alay bəy böyük mülkədar Həsən ağanın oğlunu tapança ilə vurub öldürərək eyvandan tullayıb, özünü şəhərin ortası ilə axan Çərəkən arxının qamışlığına salıb qaçmışdı. Vurulan çox gözəl oğlan imiş. Anam öz rəfiqələrilə onun haqqında yana-yana danışırdı.

Sonra Nuru dayım anama deyirdi ki, Alay bəyi tutub gözəl xalı-gəbə ilə döşənmiş bir otaqda, guya dustaq eləyiblər. Atasının aşpazı da hər gün ona cürbəcür xörəklər gətirir. Sonra da gördüm ki, dayımla gözəl (o da Nuru dayım kimi ucaboylu, yaraşıqlı bir oğlan idi) geyinmiş Alay bəy Bayram babamgilin bağında gur çiçək açmış yasəmən gülləri arasında qoyulmuş stolun arxasında əyləşib içirlər (mən Alay bəyin həbsdən necə buraxıldığının təfsilatını bilmədim) və dayım da pəsdən muğamat oxuyur.

Dayımgilin bu bitməz-tükənməz nəşəsilə mənim həyatım arasında intəhasız bir məsafə vardı... Anamın malyariyası qurtarmadığı üçün mən qapalı bir dərd içindəydim. Qonşumuzda Abbas bəy adlı, təxminən mən yaşda bir uşaq var idi. Neçə il qabaq onun anası vəfat etmişdi, biz bir gün bir yerdə oynadığımız zaman Abbas bəy danışırdı ki, hər gün gedib anasının qəbrinin yırtıq-deşiyini tutur ki, ilanlar girib onu yeməsinlər. Bu da məni dəhşətə gətirirdi və mən Abbasın bu əhvalatı necə sakit danışdığına təəccüb edirdim. Mən Nuru dayımın da, atamın da, hətta Fatma nənəmin də anamın xəstəliyindən heç də mənim qədər mütəəssir olmadıqlarına da təəccüb edirdim.

Atamın məni fərsiz saydığını hər dəqiqə hiss eləyəndən sonra, anamın xəstəlikləri ilə aylarla dərd-kədərə batandan sonra, heç kəsdən (yalnız Bayram babamdan savayı) tərifli bir söz eşitməyəndən sonra (yalnız anamın rəfiqələri mənim çox gözəl olduğumu, gələcəkdə qızları heyran edəcəyimi söyləyirdilər ki, belə sözlərdən də nə üçünsə acığım gəlirdi) uşaq oyunlarına marağım söndü. Mən saatlarla evimizin küçəyə açılan dal qapısında oturub qonşu uşaqlarının haray-həşirlə «toqqa-toqqa», «gizlənqaç», «eşşəkbeli» oynamalarına tamaşa edərdim. Bu uşaqların içində də anası xəstə olanlar var idi. Lakin bacım Mahtab kimi, analarının xəstəliyi onların da vecinə deyildi. Mən getdikcə qapalı və çəkingən olurdum. Məni son dərəcə bədbinləşdirən işlərdən biri də atamla anamın lap sarsaq şeylər üstündə tez-tez dalaşmaları idi. Belə dava-dalaşdan sonra onlar aylarla küsülü qalırdılar və bu vaxtlar atam daim qaşqabaqlı olur, xüsusən, mənimlə daha sərt rəftar edirdi. Elə bil ki, bunların dalaşmalarında mən təqsirkar idim. Mən qonşularımızdakı başqa ataların öz uşaqları ilə necə gülərüzlə, necə şən rəftar elədiklərini, onları necə təriflədiklərini gördükcə özümü daha da bədbəxt hesab edirdim.

Mən Fatma nənəmdən dəfələrlə eşitmişdim ki, bütün insanları, heyvanları, bütün dünyanı Allah yaradıb. Ona görə də tez-tez bağımızın qaranlıq yerində olan, mənim həmdərdim tut ağacının altına qaçaraq, iri yarpaqlar arasından görünən mavi göyə baxıb:

– Ay Allah, – deyirdim, – nə üçün sən mənim də atamı o biri uşaqların ataları kimi yaratmamısan?

Anam heç vaxt namaz qılmaz, Quran oxumazdı, oruc tutmazdı. Atam isə, cavanlığına baxmayaraq, bütün dini ayinlərə riayət edərdi. Müəyyən vaxtlarda namaz da qılardı, oruc da tutardı. Mən buna təəccüb edərdim. Çünki o, namaz qılanda və ya avazla Quran oxuyanda üzü, baxışları olduqca mehriban bir ifadə alırdı. Elə bil ki, o birdən-birə bu dünyadan ayrılaraq dönüb başqa adam olurdu. O da mənim nəzərimdən qaçmırdı ki, yoxsullara, dilənçilərə qarşı anam atamdan daha çox mərhəmətli idi. «Nə üçün gedib işləmirsən» deyə atam şikəst olmayan yolçulara acıqlanırdı. Anam isə qapıya gələn yolçunu, kim olursa-olsun, əliboş qaytarmazdı, xüsusən, yetim uşaqlara çox acıyardı.

... Dayım xəlvətcə gəlib anama dedi ki, onunla Alay bəyi göndərirlər Bakıdan hərbi sursat gətirməyə, özü də bu, çox məsuliyyətli işdir.

İki gündən sonra dayımgil getdi. Sonra da gözlədik dayımgil gəlib çıxmadı. Atam dəfələrlə Bakıya ticarətə gedəndə dayımı soraqlaşırdı. Lakin heç yerdə «gördüm» deyən olmamışdı. Yenə də Fatma nənəmin təlaşlı günləri, duaları başladı. Yenə də hər axşam eyvandakı taxtın üstündə oturub, gözünü dikirdi Yevlağa gedən şose yola,

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Su dəyirmanı

O gecə mən birinci dəfə idi ki, kəndimizin üst tərəfindən keçən dəyirman arxının yanında dayanıb onu gözləyirdim. Göy qübbəsini bəzəyən saysız-hesabsız ulduzlar və onların arasındakı üçgünlük Ay arx boyu düzülmüş söyüdlərin təzə açılan yarpaqlarını zəif-zəif işıqlandırırdı. Aşağı dərənin qaranlığında yalnız taxtapuşu seçilən dəyirmandan işıq gəlirdi. Mənim gözlədiyim qız atasına – dəyirmançı Musa dayıya axşam yeməyi aparmışdı. Mən bunu gündüz özündən öyrənmişdim. Ona görə də, indi burada dayanıb, gözümü dəyirmandan gələn cığıra zilləmişdim. Yarım saatdan bəri idi ki, həyəcan və intizar içindəydim. Əslinə baxsan, yarım saat deyil, düz yarım il idi. Yarım il idi ki, hər gecə mən bu cür həyəcan və intizar içində səhərin açılmasını gözləyirdim. İndi isə burada, ulduzların altında səhəri deyil, onun özünü gözləyirdim. Təzə açılmış söyüd yarpaqlarının xışıltısını, dəyirman çarxının üzərinə tökülən bahar suyunun coşğun şırıltısını dinləyərək onu gözləyirdim.Mən də, bu gözəl yaz gecəsi də həyəcan və səadət içindəydik. Biz ikimiz də, mən də, bahar da, mənim arzularım da, baharın açdığı bu söyüd yarpaqları da gənc idik. Bizim üzərimizdən fırtına keçməmişdi. Biz həyəcan və coşğunluq içində irəliyə can atırdıq. Biz arzu və ehtiraslar selinə düşmüşdük! Biz təzə gəldiyimiz bu dünyaya nə isə yeni bir şey, yeni bir gözəllik bəxş etmək həvəsi ilə çırpınırdıq. Biz bu barədə düşünmürdük, lakin bu, belə idi. Bizim fərəhimizdəki sirr bundan ibarət idi. Bu, böyük və əzəmətli həyatın əbədi qanunlarından biri idi!..

59 min
Yun şal

«ZİL» markalı maşınımız sonsuz kimi görünən geniş çölü keçərək, nəhayət, axşam toran qovuşan vaxt çox da hündür olmayan dikdirin üzərində yerləşmiş üç-dörd balaca, kərpic evdən ibarət fermaya çatdı.Mən sürücü Mikolaya:

15 min
Qırçı və qırmızı çiçək

Qoca qırçı ilə şagirdi cavan oğlan şəhərin lap ucqar yerindəki birmərtəbəli evin damına çıxanda günəş yenicə doğurdu.Onlar ikisi də ucaboylu, enlikürəkli idi. İkisinin də əynində kobud brezentdən mazuta batmış iş paltarı vardı. Oğlan başıaçıq idi. Zil qara saçları səliqə ilə yana daranmışdı. Qocanın başında köhnə, palıdı kepka var idi. Oğlanın üzü təmiz təraş edilmiş, incə qara bığları şəvə kimi parıldayırdı. Qoca sağ əlində kömür kimi qaralmış köhnə qəlyan tutmuşdu.

14 min
Daş hasar

Firəngizi heç bir şey təzə bir pyesin primyerası, ya tərifi yayılmış təzə bir roman, ya yeni açılmış bir rəsm sərgisi qədər maraqlandırmırdı. Belə hadisələr həmişə onda bir bayram əhvalı yaradırdı. O, məşhur kino artistlərinin, məşhur rəssamların, dəbdə olan yazıçıların adlarını, tərcümeyi-hallarını əzbər bilirdi. Xüsusən də müasirlərin. Əlbəttə, bunların sənətindəki gözəlliyin mahiyyəti ona məlum deyildi. Bu barədə düşünmək heç onun ağlına da gəlmirdi. Amma o bu sənətdəki yeni ruhu (əgər bu var idisə), yeni maneranı hiss edirdi və bu ona fövqəladə dərəcədə cazibədar görünürdü. Bu cazibədə bir fərəh, bir irişilməzlik vardı. Bir yaz gözəlliyi vardı. Ya mənasını dərk edə bilmədiyi adi bir pərişanlıq vardı. Elə pərişanlıq ki, bəzən onun ürəyini nəhayətsiz, lakin qəmgin yüksəkliklərə aparırdı. Belə anlarda onun məftunluğunun həddi-hüdudu yox idi. Orta məktəbdə oxuduğu zamanlar o, şirin xəyallara dalardı. Kaş, o da məşhur bir rəssam, ya Jorj Sand kimi, Merdok kimi bir yazıçı olaydı. Eh... heç kəs bilmirdi ki, o, məsələn, Konsuelanın, ya Romeo və Cülyettanın iztirablarını nə qədər dərindən hiss etmişdi. Nə qədər ürək yanğısı ilə yaşamışdı... Və məhz belə dəqiqələrdə onun kədərinin gözəlliyini heç nə əvəz etməzdi...Lakin orta məktəbin son sinfində qız dərin bir kədərlə dərk elədi ki, ondan nə rəssam olar, nə bəstəkar, nə yazıçı. Bəlkə... bəlkə artist olaydı. O, güzgünün qarşısında dayanaraq özünə tamaşa edirdi. Boy-buxun, orijinal gözəllik, zəriflik. O, ata-anasının narazılığına baxmayaraq, İncəsənət İnstitutunun aktyorluq fakültəsinə ərizə verdi və... kəsildi. İmtahan götürən müəllim eyhamla andırdı ki, aktyorluq üçün lazım olan cəhətlər onda yoxdur. Qız o qədər sarsıldı ki, heç olmazsa, bu cəhətlərin nədən ibarət olduğunu soruşub bilmək ağlına da gəlmədi.

17 min

Poems by other poets