Page 1 of 2

Qoca qırçı ilə şagirdi cavan oğlan şəhərin lap ucqar yerindəki birmərtəbəli evin damına çıxanda günəş yenicə doğurdu.

Onlar ikisi də ucaboylu, enlikürəkli idi. İkisinin də əynində kobud brezentdən mazuta batmış iş paltarı vardı. Oğlan başıaçıq idi. Zil qara saçları səliqə ilə yana daranmışdı. Qocanın başında köhnə, palıdı kepka var idi. Oğlanın üzü təmiz təraş edilmiş, incə qara bığları şəvə kimi parıldayırdı. Qoca sağ əlində kömür kimi qaralmış köhnə qəlyan tutmuşdu.

Onlar ağır addımlarla damı gəzib hər tərəfini diqqətlə nəzərdən keçirdikdən sonra oğlan soruşdu:

– Başlayaq?

Qoca başını tərpətdi: «Başlayaq».

Oğlan cəld qayıdıb nərdivanla aşağı düşdü. Qoca tənbəki kisəsini çıxarıb tələsmədən qəlyanını doldurdu. Elə bu zaman onun gözləri qırın üstündə bitmiş balaca, qırmızı çiçəyə sataşdı. Günəşin təzə işığı altında bu çiçək qırın üstünə düşmüş yaqut kimi alışıb-yanırdı. Yenicə açılmış kiçik, incə yarpaqlar onu qayğı ilə dövrəyə almışdı.

Qoca, gözləri çiçəkdə olduğu halda, eyni yavaş hərəkətlə qəlyanını ağzına qoyub odladı. O, yaz və payız aylarında asfaltı deşib çıxan bu xırda çiçəkləri çox görmüşdü və hər dəfə də qocaya elə gəlmişdi ki, bu kiçik çiçək sevinclə ona baxıb nə isə deyir...

Lakin nə deyir? Qoca bu barədə fikirləşməmişdi, sadəcə olaraq, çiçəyin zühuru ilə onun dərin qırışları olan çöhrəsindəki sərt ifadə bir qədər yumşalmış, bu qədər balaca, bu qədər zərif bir varlığın qüdrəti onda riqqətli, mehriban duyğular oyatmışdı.

Günəş gömgöy səmanın nəhayətsizliyi içində yüksəlirdi. Qırı deşib çıxmış qırmızı çiçək yaqut kimi alışıb-yanırdı.

Qoca qəlyanını ağır-ağır tüstülədir və baxırdı. Sonra gözlərini çiçəkdən çəkib günəşin qalxdığı uzaq üfüqə zillədi. Elə bil ki, o, dünya bina olunandan indiyədək bu geniş göylərin fonunda bu heykəl sükunəti ilə dayanıb o uzaq və naməlum üfüqlərə baxırdı. Elə bil ki, bundan sonra da, dünya durduqca beləcə dayanıb o uzaq və naməlum üfüqlərə baxacaq.

Onun günəşdən, ayazdan yanıb qaralmış geniş alnındakı qırışlar kotan şumu kimi dərin idi.

Nərdivanla qalxan oğlanın qarasaçlı başı göründükdə, qoca irəliləyib onun qaldırdığı alətləri aldı, oğlan sıçrayıb damın üstünə çıxdı.

Sonra onlar damın qırını söküb yerə tökdülər. Damı tamam təmizləyib aşağı düşəndən sonra qoca döş cibindən bir təklik çıxarıb oğlana uzatdı. Oğlan:

– Məndə var, – dedi.

– Götür!

Oğlan pulu alıb iti addımlarla getdi.

Qoca divarın kölgəsindəki balaca dikdirdə oturub qəlyanını tüstülədirdi.

Qoca gəlib-keçən adamlara, maşınlara deyil, küçə boyu uzanıb gedən boşluğa baxırdı. Ətrafındakı bu qələbəlik ona çoxdan məlum idi. Elə bil ki, baxdığı uzaqlarda, nə isə, təzə bir şey görmək istəyirdi. Lakin o bu barədə düşünmürdü.

O, sadəcə olaraq baxırdı!

Nəhayət, oğlan tindən çıxaraq iti addımlarla yaxınlaşıb, gətirdiyi kağız torbanı yerə qoydu. Sonra o biri əlindəki qəzeti açdı.

Qoca soruşdu:

– Təzədir?

– Təzədir... Ancaq elə bir şey yoxdur. Baxmaq istəyirsən?

Qoca, qəlyanını ağzının yanında tutmuş olduğu halda, qəzeti alıb nəzərdən keçirməyə başladı.

Oğlan isə, torbadan bir dəstə qırmızı turpla bir dəstə vəzəri çıxardı:

– Bunları yuyum, gətirim, – deyib yandakı qapıdan həyətə girdi.

Qoca qəzetə baxandan sonra onu süfrə kimi yerə sərib, torbadakı çörəyi, pendiri, kolbasanı və iki şüşə pivə ilə karton stəkanları çıxarıb üstünə qoydu.

Oğlan göyərtini gətirib əyləşdi, şüşələrin ağzını açdı. Qoca tələsmədən cibindən sümük saplı çox qədim bir bıçaq çıxarıb açdı, pendirlə kolbasanı səliqə ilə doğradı.

Oğlan soruşdu:

– Axşam saat yeddiyə qədər damın qırını salıb qurtararıq?

– Qurtararıq, – qoca, oğlana ani bir nəzər salıb çörəyi götürdü, ehtiramla kəsdi.

«Saat yeddiyə qədər... Cavanlar üçün belə dürüst vaxtların əhəmiyyəti var.»

O özü də vaxtilə usta Qaradan soruşardı: «Görəsən, axşam saat yeddiyəcən qurtararıq?»

O vaxtdan, az qala, altmış ilə yaxın bir zaman keçir. Vaxtilə ona uzaq görünən gələcək, əslində, nə qədər yaxın imiş...

... Onlar qəlyanaltı eləyib qurtarandan sonra oğlan qırıntıları qəzetə büküb zibil qutusuna atdı. Sonra, dünən gətirib asdıqları qır qazanının altını yandırdılar.

Altmış ilə yaxın idi ki, cəhənnəm kürəsi kimi zəbanə çəkib yanan bu ocaq qocaya tanış idi.

Əlli-əlli beş il bundan qabaq o da bu oğlan kimi, kürəyin qulpundan yapışaraq sallanır, əriməkdə olan qırı bu cür nəşə ilə qarışdırırdı. O zaman usta Qara da beləcə divarın kölgəsində oturub qəlyanını tüstülədə-tüstülədə ona, öz cavan şagirdinə baxırdı.

Qoca qırçı, yenə də vaxtın aldadıcılığı barədə düşünürdü. Aşağılarda, şəhərin gur yerində akademiyanın yerləşdiyi böyük binanın qədim zərləri qızıl kimi parıldayırdı. Bu bina öz incə, şairanə arxitekturası ilə qocanın gözəl vətəninin hər yerində məşhur idi.

Düz əlli beş il bundan əvvəl çərşənbə günündə usta Qara ilə o, həmin binanın damına qır salmağa başlamışdılar. Çərşənbə günü. Novruzun axırıncı çərşənbəsi. Onlar gün qalxana qədər işlədilər. Sonra o gedib xaşxaşlı təzə çörək, motal pendiri, vəzəri, göy soğan, bir çaynik də yaxşı dəmlənmiş çay alıb gətirdi.

Axşam isə, usta Qara onu qonaq apardı. Qapılarda tonqallar yanırdı. Uşaqlar sevinclə qışqıraraq bu tonqalların üstündən tullanır, göyə rəngli fişənglər buraxırdılar. Usta Qaranın arvadı Gülsüm bacı (Allah ona rəhmət eləsin, ustaya layiq adam idi) gətirib turşuqovurmalı plovu çəkdi. Üçü də qırmızı-ağ zolaqları olan döşəkçələrin üstündə oturub ləyaqət və hörmətlə plovu yedilər. Sonra Gülsüm bacı balaca, armudu stəkanlarda çay və xüşgəbar gətirdi... Elə bil ki, bütün bunlar dünən olmuşdu. Halbuki artıq bu dünyada nə usta Qara var idi, nə də Gülsüm bacı.

Oğlan kürəkdən sallanaraq, pıqhapıq qaynayan qır qazanını qarışdırır, qoca isə, divarın kölgəsində oturub baxırdı. Oğlanın günəşdən yanıb mis kimi qızarmış canlı qollarının tez-tez yumrulanıb qalxan əzələləri, tər damlaları yuvarlanan enli kürəyi qocanı fərəhləndirirdi: «Qırçılar nəsli möhkəm nəsildir».

Qoca, qəlyanının külünü yerə çırpdı, təzədən doldurub odladı. Sonra oğlana dedi:

– Yaxşıdır. Qoy qaynasın. Gəl otur, dincini al.

Oğlan bir-iki dəfə qırı qarışdırandan sonra kürəyi buraxdı, qazandan geri çəkilib cibindən yaylıq çıxardı.

Qoca birinci dəfəydi ki, oğlanda bu cür səliqə ilə yuyulub ütülənmiş yaylıq görürdü (oğlanın, yaşı səksəndən ötmüş nənəsindən başqa heç bir kəsi yox idi). Oğlan yaylıqla boyun-boğazının tərini silib:

– Mən, – dedi, – gedim bir stəkan limonad içim...

– Get! – deyə qoca həvəslə cavab verdi.

– Sənə də gətirimmi?

– Yox. Mən susamamışam.

Oğlan çevrilib sürətlə getdikcə qoca arxadan səsləndi:

– Buzlu içmə. Boğazın təzə yaxşı olub.


Oğlan aşağıda vedrələri, əriyib maye halına gəlmiş qırla doldurur, qoca isə, onları çəkib damın üstünə tökürdü.

... Artıq günəş qürubda idi, dam isə, hələ qırlanıb qurtarmamışdı. Qoca boşalmış vedrəni aşağı buraxaraq, şalvarının qabaq cibindən qədim iri saatını çıxarıb baxdı. Yeddi tamama on beş dəqiqə qalmışdı. Bir saat da işləsələr, qurtararlar.

Lakin qoca damın kənarına yaxınlaşıb, aşağıda vedrəni götürən oğlana xitabən:

– Doldurma, – dedi. – Bəsdir. Qalanını sabah eləyərik. Qolum ağrıyır.

Qoca, ürəyindəki incə hissləri dilinə gətirməyi sevmirdi. Qoca, oğlanın sifətindəki qayğını dərhal necə bir sevincin əvəz elədiyini və onun vedrəni yerə qoyub, brezent pencəyini necə cəld götürdüyünü gördü.

Qocaya başqa şey də lazım deyildi.

– Daha mənimlə ayrı işin yoxdur ki, – deyə oğlan altdan-yuxarı qışqırdı.

Qoca sakit səslə cavab verdi:

– Yoxdur.

– Onda mən getdim. Səhər tezdən buradayam.

Oğlanın axırıncı sözləri deməsi ilə tini burulub gözdən itməsi bir oldu.

... Lakin qoca, damı bu gün mütləq qırlayıb qurtaracaqları barədə ev yiyəsinə söz vermişdi (o, heç vaxt yalan danışmamışdı).

O, tələsmədən, nərdivanla enib qır qazanının yanına gəldi. Vedrələrin ikisini də doldurdu, təkrar dama qalxdı. Sonra vedrələri yuxarı çəkdi. O, bu minvalla işləyərək, çıraqlar yananda damı tamam qırlayıb qurtardı.

... Qoca qəlyanı damağında, ağır addımlarla sahilə çatıb oleandr kolları arasındakı skamyaların birində oturdu. Sahil adamla dolu idi. Lakin qoca dənizə baxırdı. İri, çıraqban gəmilər limanda lövbər salıb dayanmışdı. Bir dəstə gənc oğlan, qız, təkadamlıq qayıqlarda avar çəkərək ötüşürdü. Uzaqda mayaklar yanıb-sönürdü. Dəniz isə asta-asta yırğalanırdı. Dənizin bu tərpənişində hər şeyə qarşı bir biganəlik var idi və qoca həmişə bu məğrur biganəliyi hiss edirdi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Çarvadar Həbib

Bayram babam bu söhbətin üstündən keçərək zarafatyana soruşdu:– Həbib, yenə dörd aşıqla aran sazdı?

3 min
Qara damın vahiməsi

Biz Kürdoba qışlağına çatanda toran qovuşurdu, yeraltı damların qapılarında qalanmış ocaqlardan gərmə tüstüsünün iyi duyulurdu. Mal-qara kəndə qayıdırdı, inəklərin, buzovların səsi bir-birinə qarışmışdı, itlər hürüşürdü. Qışlağın böyründəki sarıtikanlı düzdə çılpaq dəvələr otlayırdı. Qoyun-quzu isə, yəqin ki, qışlaqdan on beş-iyirmi kilometr aralıdakı Haramılarda idi.Fayton babamgilin dədə-baba damına çatıb dayandı. İtlər qəzəblə hürə-hürə faytonu dövrəyə aldı. Eyvaz əmigilin alabaşı Bayram babamı tanıyıb, quyruğunu buladı. Eyvaz əmi və qonşu damlardakı kişilər yüyürüb: «Ay it! Ay it!» – deyə itləri qovdular. Səkinə qoca da, Fatma nənəm də, Eyvaz əminin arvadı da, tanımadığım başqa yaşmaqlı qonşu gəlinləri də mənim üzümdən öpdülər.

15 min
Nuru dayımın qəribə macərası

Anamın bişirdiyi cücəli plovu, ətirli dovğanı böyük bir iştaha ilə, ləzzət çəkə-çəkə yeyəndən sonra dayım, balaca armudu stəkandakı çayın rənginə zövq ilə nəzər yetirib anamla, atamla danışmağa başladı:– Biz, yəni mən və dostum Alay müsavat ordusunun hesabına ələ keçirdiyimiz tüfəngləri, patronları, tapançaları aparıb İranda satmaq qərarına gəldik. Bunu bizə İranda yaşayan kontrabandaçı bir türkmən məsləhət gördü. Onun xüsusi qayığı vardı. Bakıya, Həştərxana, İrana gizli mal aparıb gətirirdi. Bizi inandırdı ki, onun köməyi ilə bütün silahları xatasız, əngəlsiz aparıb İran kürdlərinə sata bilərik.

20 min
Həyəcanlı xəbərlər, köçhaköç və sandıq əhvalatı

Atamgil Rusiyada qurulmuş fəhlə-kəndli hökuməti barədə indi daha tez-tez söhbət edirdilər. Mən də bu söhbətlərə böyük bir maraqla qulaq asırdım. Mən eşidirdim ki, orada ağalara, böyük tacirlərə divan tuturlar. Hökuməti kasıblar, fəhlələr, kəndlilər idarə edirlər.Çox qəribə idi ki, kasıbların, Xaynamaz kimi kəndlilərin Rusiyada hökumət başına keçmələri məndə fərəh doğururdu. Elə bil ki, mən özüm yekəxana bəy balalarından nəyinsə qisasını alırdım. Doğrudanmı, bu, həmin bəy oğlanlarının hər yerdə öz bəyliklərini hiss etdirmələrinin nəticəsi idi? Kim bilir, bəlkə buna səbəb ata-babadan, lap ulu babalarımızdan bəri bizim nəslin damarlarında axan rəiyyət qanı idi? Mən anama dedim:

21 min

Poems by other poets