Qara damın vahiməsi
Page 1 of 2
Biz Kürdoba qışlağına çatanda toran qovuşurdu, yeraltı damların qapılarında qalanmış ocaqlardan gərmə tüstüsünün iyi duyulurdu. Mal-qara kəndə qayıdırdı, inəklərin, buzovların səsi bir-birinə qarışmışdı, itlər hürüşürdü. Qışlağın böyründəki sarıtikanlı düzdə çılpaq dəvələr otlayırdı. Qoyun-quzu isə, yəqin ki, qışlaqdan on beş-iyirmi kilometr aralıdakı Haramılarda idi.
Fayton babamgilin dədə-baba damına çatıb dayandı. İtlər qəzəblə hürə-hürə faytonu dövrəyə aldı. Eyvaz əmigilin alabaşı Bayram babamı tanıyıb, quyruğunu buladı. Eyvaz əmi və qonşu damlardakı kişilər yüyürüb: «Ay it! Ay it!» – deyə itləri qovdular. Səkinə qoca da, Fatma nənəm də, Eyvaz əminin arvadı da, tanımadığım başqa yaşmaqlı qonşu gəlinləri də mənim üzümdən öpdülər.
Səkinə qoca qalın kişi səsilə bərkdən dedi:
– Ay Bayram, bircə de görüm, qadasın aldığım Nurudan nə xəbər var?
Bayram babam soyuq ifadə ilə dedi:
– Xəbərim yoxdu, ana.
Gördüm Fatma nənənin üzünə məyusluq çökdü. Sonra o, pıçıltı ilə məndən soruşdu:
– Anangil də dayından bir xəbər bilmir?
Mən tutqun halda, «yox» mənasında başımı buladım. Fatma nənəm bu adamların arasında yenə də qərib, onlardan ayrı görünürdü. Birdən-birə, babamın və Fatma nənəmin orada olmalarına baxmayaraq, bu adamların arasında mən də özümü yad, yalqız hiss elədim. Biz asma fənərlə işıqlanan dama girdik. Arvadlar yerdə keçələrin üstünə döşəkcələr saldılar, söykənmək üçün mütəkkələr qoydular. Biz əyləşdik. Eyvaz əmi ayaq üstündə dayanıb mismar deşiyinə bənzəyən xırdaca gözlərilə bizə tamaşa eləyən Qaracaya dedi:
– Gəl, Bayram əminin çəkmələrini çək.
Qaraca, görünür, bu buyruğa şad olaraq, cəld irəlilədi, ancaq babam razı olmayıb, uzunboğaz çəkmələrini bir-bir özü çıxarıb kənara qoydu.
Damın içi meydan kimi geniş idi. Otaqda yorğan-döşəkdən, xalı-gəbədən böyük yük yığılmışdı. Mən başımı qaldırıb tavana baxanda, elə bil ki, dərin və yarıqaranlıq sükut içində olan vahiməli bir aləm gördüm. Başımızın üstündəki tavan və yerdən qalxan dirəklər üzərindəki nəhəng tirlər ortalıq ocağının hisindən qaralmışdı (kim bilir, bəlkə də, buna görə bu damlara «qara dam» deyirdilər...), onların arasında hörümçək torları görünürdü. Bir an mənə elə gəldi ki, bu nəhəng tirlərdən o yanda, mənim görüb tanımadığım bu dünya ilə əlaqəsi olmayan başqa, qorxulu bir dünya var. Elə bu zaman Eyvaz əmi Bayram babama neçə gün əvvəl başına gəlmiş qəribə bir hadisə danışdı. Eyvaz əmigilin neçə pud götürən məşhur bir nəri var idi, neçə gün imiş həmin nər qızıb çöldə qalırmış, heç kəs də qorxusundan yaxın gedə bilmirmiş. Eyvaz əmi nağıl eləyirdi ki:
– Günortaüstü əynimdə yapıncı aşağı qışlaqdan gəlirdim, bir də gördüm nər Cin dərəsinin qırağında dayanıb harasa baxır. Mən yavaşca sivişib qaçmaq istəyəndə nər başını döndərib məni gördü, bildim ki, cumacaq üstümə. Keçən il yerə yıxmadığı üçün acıqlanıb bir ağac vurmuşdum dizinə. Mən qaçdım, o qovdu. Gördüm ki, az qalıb haqlasın məni, nəfəsim də kəsilirdi, yapıncını çiynimdən atdım yerə.
Qoca Mustafaoğlu dedi:
– Yaxşı ki, yapıncını yerə atmaq ağlına gəlib.
– Hə, – deyə Eyvaz əmi davam etdi, – qaça-qaça qanrılıb gördüm ki, nər yerə çöküb yapıncını dizləyir, sonra qalxıb yenə də dalımca cumdu. Bayramın canı üçün, əgər əmioğlu Zülfüqargilin pəyəsi yaxında olmasaydı, əlindən qurtara bilməyəcəkdim, elə məni haqla-haqlada özümü saldım pəyəyə. Gəlib pəyənin qapısında yerə yıxıb başını qoydu pəyənin qapısının düz ağzına. Axırda uşaqlar pəyənin dalından külfəni genişləndiriblər, oradan çıxmışam.
Səkinə qoca dedi:
– Dəvə qisas almayınca, ona toxunanı yaddan çıxarmaz.
Mustafaoğlu dedi:
– Gör necə işdir ki, cinlər gecə atları minib çapırlar, qaranəfəs eləyirlər, amma dəvə qisminə yaxın gəlmirlər.
Bayram babam gülümsəyib dedi:
– Cinlər yenə heylə iş eləyirlər?
Səkinə qoca dedi:
– Onların adını tutanda «bismillah» de, Bayram.
Hacı dedi:
– Əmimgilin kəhər ürgəsini hər gecə minib qaranəfəs eləyirlər. Səhər durub görürəm ki, at qan-tər içindədi, yalını da xırda-xırda hörüblər.
Bayram babamın üzü ciddi bir ifadə aldı, ancaq heç bir söz demədi. Mən Zinyətdən eşitmişdim ki, Mustafaoğlu Mehdi qarlı bir gecədə Haramıdan tək qışlağa gələndə həmin bu Kürdobanın böyründəki Cin dərəsində cinlərin yığıncağına düşüb. İndi mən bunu ondan soruşmaq istədim, amma cəsarət eləyib cinlərin adını tuta bilmədim. Çünki indi mən anlaşılmaz bir vahimə içindəydim. Bu vahiməni doğuran cinlər haqqındakı söhbətlər deyildi, başımızın üstündəki qapqara, nəhəng tirlər idi.
Sonralar anamgil deyirdilər ki, guya mən fikirləşmişəm ki, gecə bu nəhəng tirlər uçub tökülər üstümüzə. Atam da məni qorxaqlıqda təqsirləndirirdi. Amma məsələ heç də belə deyildi, tirlərin uça biləcəyi heç mənim ağlıma da gəlmirdi. Yuxarıda dediyim kimi, onlara baxdıqca mənə elə gəlirdi ki, onlardan o yana qaranlıq, nəhayətsiz bir dünya var və o aləm, nə isə əcaib məxluqlarla doludur, mən onların nə şəkildə olduqlarını, eləcə də üzlərini aydın təsəvvür eləyə bilmirdim, mən ancaq vahimələnirdim və o da qəribə idi ki, mən yarıqaranlıq damın tavanına, nəhəng tirlərə baxıb xoflandıqca sanki yanımda oturub söhbət eləyən adamlar, hətta Bayram babam da, zarafatcıl Əhmədalı, ayaq üstə dayanıb damın yarıqaranlığında işıldayan gözlərilə baxan Qaraca da məndən uzaqlaşırdı, elə bil ki, onlar yuxuya çevrilirdilər və mən qorxulu, ümidsiz bir yalqızlıq hiss edirdim və mən buraya gəlməyimə peşman olurdum.
Söz-söhbətdən, yemək-içməkdən sonra qonşu kişilər getdilər. Torpaq döşəmənin üstünə sərilmiş keçələrin üstündə yerlər salındı. Mənim yerim Fatma nənəmin yanındaydı. Fənəri söndürdülər, soyunub girdik yerimizə. Damı zülmət bürümüşdü, dibsiz, vahiməli bir zülmət. Birdən məni ağlamaq tutdu. Fatma nənəm soruşdu:
– Nə olub, bala?
Mən cavab verməyib, içimi çəkə-çəkə ağlayırdım, damın yuxarı başından Bayram babamın səsi eşidildi:
– Nə olub, Murad, niyə ağlayırsan?
Mən yavaş səslə dedim:
– Yatmıram bu damda.
Babam soruşdu:
– Niyə?
Mən cavab verməyib, için-için ağlamağa davam etdim. O zaman babam acıqlanıb Fatma nənəmə dedi:
– Dur, apar, Şirinin çavıstanında yatırt.
Şirin Eyvaz əmigilin dəyirmançısı idi, yerin üstündə qarğıdan tikilmiş çavıstanı da onların damının yanında idi, arvadı, qızı və oğlu da Eyvaz əmigilin heyvanlarına, qapı-bacalarına xidmət eləyirdilər.
Biz dəyirmançı Şirinin çavıstanında Fatma nənəmlə yanaşı yerimizə uzananda və mən balaca pəncərədən ulduzlu göyü görəndə, elə bil ki, yenidən bu işıqlı dünyaya qayıtdım və tezliklə məni yuxu apardı.
Səhər babam kasıb qohumlarından Zülfüqar adlı oğlanı çağırıb dedi:
– Zülfüqar, bu qoçaq oğlanı mindir eşşəyə, apar evlərinə.
Mən hiss edirdim ki, babam «qoçaq» sözünü mənim axşamkı hərəkətimə görə istehza ilə deyir. Birinci dəfəydi ki, babamın mənə acığı tutmuşdu. Sonralar da mən başa düşdüm ki, bizim xalq hər şeyi bağışlayır, ancaq qorxaqlığı yox. Bilirdim ki, mənim gecəki qorxum babamgilin düşündüyü qorxaqlıqdan deyil. Ancaq mən onun nədən ibarət olduğunu da izah eləyə bilməzdim.
Zülfüqar məni mindirdi at boyda boz eşşəyin belinə, babam eşitməsin deyə Fatma nənəm mənə pıçıldadı ki:
– Anana de, soraqlaşsın, bəlkə dayından bir xəbər tuta bildi.
Biz yola düşdük. Zülfüqarın qıpqırmızı üzü fındıq boyda yumrularla dolu idi. Səsi də batmışdı, danışanda güclə eşidilirdi. Zülfüqarın bir bacısı da onun kimi idi. Ancaq yol uzunu mən hiss edirdim ki, Zülfüqar çox yaxşı oğlandı, mənimlə olduqca mehriban danışırdı. Özü piyada yeriyirdi, neçə dəfə dedim ki, eşşək yekədi, gəl sən də min, razı olmayıb dedi:
– Sən rahat otur.
Sonra yolda pendir-çörək çıxarıb özü də yedi, mənə də verdi. Nəhayət, biz gəlib çatdıq Qarabulağa, evimizə. Qapı-bacamızda heç kəs görünmürdü, o saat ürəyimə damdı ki, yəqin anam yenə xəstədir. Artırmaya çıxıb, pəncərədən baxıb gördüm ki, anam çarpayıda yatır, bacım Mahtab da yerdə oynayır. Birdən-birə özümü son dərəcə məyus hiss elədim.
Səhəri gün atam bazardan gəlib şadlıqla anama xəbər verdi ki, «malakan Jukovun bizim mağazanın dalındakı evini satın almışam». Elə bil ki, bu xəbərlə anamın xəstəliyi də birdən-birə yox oldu. Axşamçağı bacımla məni də götürüb getdi təzə mülkümüzə baxmağa.
Dörd otaq və bir mətbəxdən ibarət, firuzə rəngli kürsülü bina anamın çox xoşuna gəldi. Evin qabağında böyük bağ var idi. Mən anamdan soruşdum:
– Bəs o biri evlərimizi neyləyəcəyik?
Atamın kefi kök olduğu üçün zarafatyana dedi:
– O biri evləri də verəcəyik sənin o biri qardaşlarına.
Kitabxana.az · https://kitabxana.az/en/works/ilyas-efendiyev-qara-damin-vahimesi
Use ← → keys to move, R for a random poem
More by this author
Səltənət bəyim və Hüseynqulu xan gəlirlər.*Hüseynqulu xan**
Dördüncü şəkilİbrahim xanın iqamətgahı. İbrahim xan və Mirmöhsün ağa səhnəyə daxil olurlar.*Mirmöhsün ağa**
Beşinci şəkilİbrahim xanın iqamətgahı. İbrahim xan və Ağabəyim ağa.*İbrahim xan**
Altıncı şəkilEyni məkan. Ağabəyim ağa ilə Saday bəy.*Ağabəyim ağa**
Poems by other poets
Bənövşə tək sünbül zülfün boy verir,Hər yuyub sərində havaya, tilli.
ترک عجمی کاکل ترکانه برانداختاز خانه برون آمد و صد خانه برانداخت
OlduQəhbə fələk, bu gün bir iş işlədi,Məni yardan ayrı salacaq oldu,
Pişvaqiədən: Feyzi-əşkin talibi çeşmin bükadan saxlamazFeyzi-əşkin talibi çeşmin bükadan saxlamaz,Lülüi-saf istəyən bəhrin sədəfdən saxlamaz