İbrahim xanın iqamətgahı. İbrahim xan və Ağabəyim ağa.

İbrahim xan

Mənim istəkli, ağıllı qızım, özün bilirsən ki, sənin hər bir arzun mənim üçün əziz olmuşdur. Budur, indi Allahın köməkliyi ilə böyüyüb boya-başa yetmisən. Allahın buyurub, Peyğəmbərin xəbər verdiyi kimi, daha ərə getmək yaşına çatmısan. Fətəli şah elçi göndərib, səni özünə baş hərəm etmək istəyir. (Pauza). Şah qardaşın Əbülfət ağanı da öz sarayına dəvət edir.

Ağabəyim ağa

Xan atam! Sən lap körpəliyimdən məni o qədər nazlandırmısan ki, heç bir arzumu, heç bir istəyimi səndən gizlətməmişəm. İndi də gizlətmək istəmirəm.

İbrahim xan

Əlbəttə, gizlətməməlisən.

Ağabəyim ağa

Mən Fətəli şah həzrətlərinə zövcə olmaq istəmirəm.

İbrahim xan

Nə üçün? Gərək ki, şəklini görmüsən. Bir kişi kimi xoşuna gəlmir?

Ağabəyim ağa

Məsələ onda deyil, xan ata.

İbrahim xan

Bəs nədədir? Çəkinmə. Ürəyində hər nə varsa, de.

Ağabəyim ağa (birdən xanın qarşısında diz çökərək)

Xan ata, sənin mənə olan məhəbbətindən qüvvət alıb, deməyə cəsarət edirəm ki, mənim ürəyim başqa bir şəxsdədir.

İbrahim xan

Xub. Kimdir o xoşbəxt insan ki, mənim əziz qızımın ürəyi ona belə bənd olub.

Ağabəyim ağa

O, Qaradağ atlılarının sərkərdəsi Saday bəydir, xan ata...

Qısa pauza.

İbrahim xan

Saday bəy ləyaqətli oğlandır. Üç dəfə məni və mənim ailəmi ölümdən xilas etdiyi üçün ona çox borcluyam. Lakin, qızım, Şirxan oğlu Saday neçə minillik İran taxt-səltənətinin şahı deyil.

Ağabəyim ağa

Xan ata, sənin nə ləl-cəvahiratın, nə səltənətinin əzəməti İran şahınınkından əskik deyil. Azərbaycan igidləri sənin başına and içirlər. Ona görə də, güman etmirəm ki, şöhrətli xan atam məni ancaq Fətəli şah olduğu üçün ona vermək istəyir.

İbrahim xan

Mənim ağıllı qızım. Sənin fəxrlə yad elədiyin Azərbaycan igidləri bilirsən ki, həmişə mənim də iftixarım olublar. Mən də həmişə Qarabağ, Qaradağ igidlərilə, Təbriz, Naxçıvan, Şəki, Şirvan igidlərilə fəxr etmişəm. Lakin bizim faciəmiz ondadır ki, bu igidlər bütün bir xalq halında birləşməyiblər. Ayrı-ayrı xanlıqlara bölünüblər. Sən onu da bilirsən ki, mənim həmişə ən yüksək amalım bu xanlıqları birləşdirib Azərbaycan türklərinin yenilməz, qüdrətli dövlətini yaratmaq olmuşdur. Mən böyük Şah İsmayılın əkdiyi toxumları göyərtmək istəyirəm...

Ağabəyim ağa

Ax, xan ata, sənin bu böyük amalın həmişə mənim də şirin xülyalarım olub.

İbrahim xan

Nə eləyəsən ki, bizim xanları bir amal ətrafında birləşdirmək mümkün deyil, hərəsi bir tərəfə çəkir. Hərəsi bir hökmdar olmaq istəyir.

Ağabəyim ağa

Onları birləşməyə məcbur etmək lazımdır.

İbrahim xan

Doğrudur. Lakin mənə kömək lazımdır. Mən Fətəli şahla ona görə qohum olmaq istəyirəm ki, Azərbaycan xanlıqlarını birləşdirib, vahid bir dövlət yaratmaqda o mənə kömək eləsin. Əgər sən onun zövcəsi olarsansa, o bu köməyi mənə vəd edər.

Ağabəyim ağa

Xan ata, o oğlan adi tərəkəmə içindən çıxmış bir igiddir. Sənin kimi qüdrətli hökmdarın istəkli qızı olan mənim onu istəməyim məni öz gözümdə göylərə qaldırmışdı. Mənə fövqəladə, azad bir səadət kimi görünmüşdü. İndi onu atıb şaha ərə getmək...

İbrahim xan

Vətən borcu, vətən şərəfi o qədər böyük, o qədər müqəddəs bir hissdir ki, ona əmr etmək olmaz. O gərək insanın öz qəlbindən gəlsin. Ona görə də mən səni məcbur eləyə bilmərəm. Rus padşahının generalı Dərbənd qalasını alıb oturub orda. Bu, yəqin ki, onun Qafqaz yürüşünün sonu deyil, hər şey öz ixtiyarındadır, qızım. (Çıxır).

Ağabəyim ağa

Ey böyük Yaradan! Nə üçün sən məni bu qədər çətin imtahana çəkirsən? Əgər belə olacaq idisə, nə üçün o igidin məhəbbətini mənim qəlbimə bu qədər hakim edirdin? Vətən məni köməyə çağırır. Mən onun övladıyam. Mən onun çağırışına əməl eləməsəm, cəhənnəmlərə layiq bədnam bir məxluq olaram. İlahi! Bu imtahandan mənim mərd çıxmağıma kömək elə. (Göz yaşları içində divana yıxılır).

İşıq sönür.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets