Kürəkçay sahilində general Sisyanovun qərargahı. Böyük çadır. General Sisyanov, mayor Lisaneviç və Vanya.

Sisyanov

Vanya Hamparsimoviç, Cavad xanla vuruşumuzda və onu məğlub etməyimizdə öz bələdçiliyinlə bizə çox kömək elədiyin üçün əlahəzrət rus padşahı adından səni və bütün nəslini «məlik» titulu ilə təltif edirəm.

Vanya

General həzrətlərinə ərz olsun ki, mən və mənim yeddi arxa dönənim həmişə böyük imperatorun sadiq nökərləri olacayıq.

Sisyanov

İbrahim xanla Fətəli şah arasındakı münasibət barədə verdiyin məlumatlar da dürüst olduğu üçün səni beş qızılla təltif edirəm.

Mayor qızılları verir.

Vanya (təzim edərək)

Əlahəzrət, sizin mərhəmətiniz o qədər böyükdür ki, sevincdən ağlamaq istəyirəm. (Ağlayır).

Sisyanov

O... Məlik Vanya. Sən nə emosional adamsan...

Vanyaya araq töküb verir. Vanya içir.

Sisyanov

Necədir rus arağı?

Vanya

Bizim tut arağından da tünddür.

Sisyanov

Onda birini də iç.

Vanya içir və hiss olunur ki, dəmlənir.

Vanya (sərxoş gülüşlə)

Hi-hi... Əlahəzrət, «Məlik Vanya» sözünü birinci sizin ağzınızdan eşitmək məni o qədər sevindirir ki, şadlığımdan oxumaq istəyirəm...

Sisyanov

Nə olar, oxu. Mən ermənilərin necə oxumaqlarını eşitmək istəyirəm.

Vanya Sayat Novanın azərbaycanca olan qoşmalarından birini oxuyur.

Sisyanov

Məlik Vanya, bu ki türk mahnısıdır?

Vanya

Xeyr, əlahəzrət, Sayat Nova xalis ermənidir. Ancaq bu evi tikilmiş gözəl mahnılarının çoxunu türk dilində yazıb... (Oxuyur). Eh, əlahəzrət, biz erməni xalqının dərdi böyükdür. Öz vətəni, öz əli, öz başı olan başqa millətlərə nəsib olan xoşbəxtlik bizə qismət olmayıb. Dünyanın hər yerinə səpələnmiş biz ermənilər yurdsuz-yuvasız olmuşuq. Heç özüm də bilmirəm, niyə belə olmuşuq.

Sisyanov

Ona görə ki, siz axmaqlar həmişə boş xülyalarla yaşayırsınız. Bilmirsiniz ki, «Velikaya Armeniya» yaratmaq lazımdır.

Vanya

Qoymurlar, əlahəzrət, türklər dənizlərdən dənizlərə hər yeri tutublar. Əlahəzrət, onlar bizə düşməndirlər.

Sisyanov

Məlik Vanya, sən Qafqazda yaşayan ermənilərin liderlərindənsən. Xalqını başa sal. Qoy onlar İrəvan xanlığında, Karsda, Ərzurumda birləşib Ermənistan dövləti yaratmağa təşəbbüs etsinlər. O zaman əlahəzrət rus imperatoru da sizə kömək edər. İndisə İbrahim xan mənimlə görüşmək üçün bura gələcək. O səni burda görməməlidir. Xanın bütün hərəkətlərini, İran hökumətinə və bizə münasibətini dürüst izləməyi sənin kəşfiyyatına tapşırıram. Diqqətli ol, Məlik Vanya. Unutma ki, bizə verdiyin məlumatlar düz olmasa...

Vanya

Astvas du bahi... Astvas du bahi... Astvas du bahi.

Sisyanov

Sənin bütün əlaqən mayor Lisaneviç ilə olacaq. Yaxşı, qurtardıq. (Vanya gedir. Lisaneviçə). İmperatorun çoxdankı fikridir ki, Türkiyə ilə Azərbaycan, ümumiyyətlə, bütün Qafqaz sərhədi ilə Türkiyə sərhədi arasında bir erməni dövləti yaratsın. Bu barədə təbliğatı gücləndirmək lazımdır.

Lisaneviç

Əlahəzrət, bu, hər şeydən əvvəl, bizim bütün Qafqaza, o cümlədən gedib Farsistana bitişən Azərbaycana hakim olmağımızdan asılıdır.

Yavər daxil olur.

Yavər

Əlahəzrət, İbrahim xanın karvanı artıq görünməkdədir.

Sisyanov (Lisaneviçə)

Xanı çox hörmətlə qarşılamaq lazımdır. (Yavərə). Deyin mənim rəsmi libasımı, qılıncımı gətirsinlər.

Yavər sürətlə çıxır.

İşıq sönür.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Muradın söylədikləri

Möhnət qocanın söylədiyi bu misraların «Qızyetərlə çoban Mahmud» nağılına nə dəxli vardı? Nə üçün Möhnət qoca bu misraları heylə ürəkdən, heylə dərdli-dərdli deyirdi? Və bu sözləri söylərkən tamaşa elədiyi dağlarda nə görürdü? Kimləri görürdü? Yoxsa dağlardakı dumanda yox olub gedən cavanlığını, cavan sevgilisini görürdü?Mən birinci dəfə olaraq Möhnət qocanın və dumanlı dağların nisgilini duyurdum, amma anlaya bilmirdim ki, bu nisgil, bu qəribə kədər nədən ibarətdir? Sonralar da bu nisgil, bu kədər həmişə mənimlə idi. Sonralar da mən uzaq dağlara baxanda, aşıqların sazına, xanəndələrin muğamına qulaq asanda o kədəri, o nisgili hiss edirdim, amma mənasını anlaya bilmirdim, doğrusu, heç anlamağa da cəhd eləmirdim. Axşamlar gün batıb çıraqlar yananda da, el bir yurddan o biri yurda köçəndə də mən eyni kədəri, eyni nisgili hiss edirdim.

7 min
Gödək Nisə qırx adamı bir-birinə necə qırdırdı...

Güney güzdəklilər Qayaburnu bağlarından dördtəkərli öküz arabalarında hey üzüm daşıyırdılar. Qayaburnu bağları uzun yalın o biri üzündə olub, kənddən bir kilometr aralıda idi. Bu bağlarda, demək olardı ki, Güney güzdəklilərin hamısının yeri vardı və bu yerlərin arasında çağ-çəpər qoyulmamışdı. Mən də həmişə təəccüb edirdim ki, meşə kimi qalın olan bu bağlarda hər kəs öz yerini necə tanıyır? Ancaq elə tanıyırlar ki, heç kəs kəsin bir ağacını belə səhv salmırdı. Qocaların danışdığına görə, Güney Güzdəyi də, burdakı bağları da atamgilin ulu babası Əhməd xoca salıb. Ona görə də bağların çoxu Əhməd xocanın törəmələri olan Əfəndi uşağına mənsub idi, yəni bizim tayfaya. Əhməd xoca əslən Ərzurumdan imiş. Necə olub ki, heylə uzaq məmləkətdən gəlib çıxmışdı bura? Heç kəs bilmirdi.Yəqin ki, bu bağlar bu dağdan burun kimi irəli uzanan qayanın qabağında olduğu üçün ona Qayaburnu bağları deyiblər.

7 min
Bağçamızdakı payız meyvələrinin mənə dikilən xoşhal baxışları...

Biz babamın dostu olan Hacı Yüzbaşının faytonunda Qızılbaşoğlu Alıgilin müşayiətilə getdik şəhərə. Evimizdə ilk qabağımıza çıxan adam, çiynində hansı qonşununsa səhəngi kəhrizdən gələn İman kişi oldu. O gülüb dedi:– Xoş gəldiniz!

3 min
Evimizdəki gecə məclisləri

«Hürriyyətlik» davam edirdi. Lap şəhərin ortasında, günün-günorta çağında soyğunlar olurdu. Sayılan adamların hərəsinin başında bir dəstə atlı-tüfəngli adam hərlənirdi.Sonra Bayram babamgil də gəldi şəhərə. Anamla mən getdim onlara. Gördük Bayram babam əsəbi halda otaqda var-gəl edir, Fatma nənəm də bayırda taxtın üstündə oturub dərd içində papiros çəkir. Məlum oldu ki, Nuru dayım yaylaqdan gələn kimi evlərində olan xalı-gəbəni, bütün qiymətli şeylərin hamısını satıb-sovub, özü də harasa əkilib gedib.

4 min

Poems by other poets