Səltənət bəyim və Hüseynqulu xan gəlirlər.

Hüseynqulu xan

Səltənət bəyim, sənin nişanlın sağ-salamat gəlib çıxdığınız üçün, öz gözəl sevgilisini təbrik etməyə əliboş gəlməyib... Yerişinə, duruşuna vurulduğun «qumral ürgəsini» sənə hədiyyə gətirib.

Səltənət bəyim (heyranlıqla)

O... Hüseynqulu xan. Mən inanmaram ki, mənim cavan nişanlım dünyada bütün gözəllərin gözəli olan «qumral ürgədən» ayrıla bilsin.

Hüseynqulu xan

Mən «qumral ürgədən» ayrılmıram. Mən onu sənə, öz sevgilimə bağışlayıram.

Səltənət bəyim

Sağ ol, mənim igidim... Gedək. Qumral ürgənin üstündə qızıl quş kimi uçacam. (Səltənət bəyimlə Hüseynqulu xan getmək istəyirlər. Tubu xanım daxil olur).

Tubu xanım

Qızım, mən eşidirəm ki, sən Cavad xanın gənc oğlu Hüseynqulu xanı nişanlı adlandırırsan...

Səltənət bəyim

Bəli, ana, adlandırıram. Axı mən hiss edirəm ki, sənin də, Xan atamın da meyliniz belədir. Səndən nə gizlin, mən də... onu çox sevirəm.

Tubu xanım

Mən bunu bilirəm. Ancaq nəzərə al ki, biz sizi hələ rəsmi nişanlamamışıq. Qabaqda böyük bacın Ağabəyim ağa var... Dədə-baba adətimizə görə...

Səltənət bəyim

Başa düşürəm ana: «Əvvəl böyük bacı, sonra kiçik bacı».

Tubu xanım

Hüseynqulu xan ləyaqətli övladdır, mənim də xoşuma gəlir.

Səltənət bəyim

Atası Cavad xan kimi igiddir, uzaq şimaldan bizim gözəl vətənimizə göz dikən düşmənlərin gözlərinə güllə sıxmağa hazırdır. O da mənim kimi vətənimizin gözəlliklərinə, igid atlarına heyrandır.

Tubu xanım

Əlbəttə, igid nəslinə çəkər... Cavad xanın qəhrəmanlığına nə söz ola bilər? Ancaq həddindən artıq inadkardır.

Səltənət bəyim

Bilirəm, nəyə işarə vurursan, ana. Cavad xan qoşun çəkib vətənimizi işğal etməyə gələn çar generalı Zubovu xan atamın duz-çörəklə qarşılamasına dözə bilməzdi...

Tubu xanım (əsəbi)

Xan atan nə etdiyini bilirdi... Cavad xan uzun illərdən bəri ölkəni ağılla idarə eləyən İbrahim xanla hesablaşmalı idi. Xan atanın siyasətini mühakimə etmək yaramaz. Sənin isə, belə düşünməyin heç yaramaz. Eşitdinmi: yaramaz. (Tubu xanım əsəbi halda çıxır).

İşıq sönür.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets