General Sisyanovun qərargahı. General böyük çadırda var-gəl edir. Mayor Lisaneviç daxil olaraq hərbi təzim edir.

Lisaneviç

Bizim kəşfiyyatçılar bir nəfər erməni tutublar. Onun verdiyi məlumata görə, İbrahim xan Cavad xana kömək göstərməkdən imtina eləyib.

Sisyanov

Nə səbəbə?

Lisaneviç

Səbəbini bilmir.

Sisyanov

Belə çıxır ki, İbrahim xanın rus padşahına tabe olmaq arzusu həqiqətə uyğundur?

Lisaneviç

Belə görünür. İbrahim xan bu arzusunu general Zubova da bəyan etmişdi.

Sisyanov

Çağır o ermənini bura.

Lisaneviç çıxır. General papiros yandırır. Lisaneviç iki əsgərlə Vanyanı gətirir.

Sisyanov (Vanyaya)

Sən Qarabağdan niyə qaçmısan?

Vanya

Mən əlahəzrət rus padşahına xidmət eləmək istəyirəm.

Sisyanov

Nə üçün?

Vanya

Əlahəzrət, ona görə ki, rus padşahı ilə dinimiz, məzhəbimiz birdir. Türklər isə bizim düşmənimizdir.

Sisyanov

Nə üçün? Türklər sizin Qarabağda, İrəvanda yerləşib kəndlər-obalar salmağınıza imkan veriblər. Sizə toxunmurlar.

Vanya

Əlahəzrət...

Sisyanov

De görüm, bizim qərargaha səni kim göndərib?

Vanya (qorxmuş halda)

Mənim bura gəlməkdə yeganə məqsədim əlahəzrət rus padşahına qulluq eləməkdir. Axı əlahəzrətin ordusunda erməni millətindən də vəzifəli şəxslər olub.

Sisyanov (Lisaneviçə)

Qoy bu qoçağa həqiqəti dedirtsinlər.

Vanya (bərk qorxaraq dalbadal xaç çevirir)

Astvas du bahi, astvas du bahi. (Əsgərlər onu döyürlər). Əlahəzrət, mən gəlmişəm sizin Gəncə qalasını almağınıza bələdçilik eləyəm. Mən Qalaya gedən bütün gizli yolları bilirəm.

Sisyanov (gülümsəyir)

A... yoxsa sən məlik olmaq istəyirsən?

Vanya

Mən əlahəzrət generalın bu mərhəmətinə ona edəcəyim xidmətimlə nail olmaq istəyirəm. Qoy gələcək erməni məlikləri bilsinlər ki, bu şərəfli adı onların babasına mərhəmətli rus generalı verib.

Sisyanov

Oho... Sən tarixə düşmək istəyirsən...

Vanya

Əlahəzrət, tarix barədə bizimki heç vaxt gətirməyib. Biz tarixə həmişə məyus halda düşmüşük.

Sisyanov

Təqsir özünüzdədir. Ayağınızı yorğanınıza görə uzatmırsınız. Siz Armeniya ideyası üçün ağlasığmaz dərəcədə böyük coğrafi sahə nəzərdə tutursunuz. Siz Böyük Don Kixotdan ağıl götürsəydiniz, yaxşı olardı. Bizdə məlumat var ki, sən İbrahim xana xidmət edirsən. Nə oldu ki, qaçdın?

Vanya

Əlahəzrət, məlumatınız doğrudur. Ancaq mən ermənilərin bir lideri kimi çalışıram Fətəli şahla İbrahim xanın arası dəysin, yəni İbrahim xan Fətəli şaha inanmasın, düşmən olsun ona.

Sisyanov

Nə üçün? Bu, ermənilərə nə xeyir verə bilər?

Vanya

Əlahəzrət, ərz elədim ki, türklər bizim ənənəvi düşmənimizdir. Fətəli xan da türkdür. Əgər o, İbrahim xanın Xəzər dənizi sahilində, Təbrizdən tutmuş Gürcüstana qədər olan böyük bir ərazidə Azərbaycan dövləti yaratmasına kömək eləsə, Qafqaz erməniləri tamam məhv olarlar. Bir tərəfdən Osmanlı türklərinin, o biri tərəfdən də Qafqaz türklərinin hakimiyyətli... Biz istəyirik ki, rus padşahı Fətəli şahla İbrahim xanın arasındakı düşmənçilikdən istifadə eləyib, Qafqazı istila eləsin.

Sisyanov

Və siz ermənilərin İranda erməni dövləti yaratmağına kömək göstərsin. Eləmi?

Vanya

Bəli... Bəli. Əlahəzrət, bəli.

Sisyanov (əsgərlərə)

Aparın bu qonağı yedirdin-içirdin. (Vanyaya). Əgər sənin bələdçiliyin dürüst olmazsa...

Vanya

Astvas du bahi. O zaman boynum sizin şöhrətli qılıncınız altındadır, əlahəzrət. Ancaq sizə bir məsləhətim var.

Sisyanov

Nə məsləhətdir o?

Vanya

Bu gün müsəlmanların orucluq bayramıdır. Axşam molla minarədən azan verən kimi, bütün müsəlmanlar süfrə başında əyləşib cürbəcür yeməklərlə oruclarını açacaqlar. Sizin üçün bu, çox əlverişli hücum məqamı olar.

Sisyanov

Molla saat neçədə oxuyacaq?

Vanya

Axşam saat yeddidə, əlahəzrət.

Sisyanov

Yaxşı. (Əsgərlərlə Vanya çıxırlar. Mayor Lisaneviçə). Tapşır bu hərifin heç bir hərəkətini gözdən qoymasınlar. Demək, Qalaya qəti hücum üçün hər şey hazırdır?

Mayor

Tamamilə, əlahəzrət.

Sisyanov

Cavad xan Azərbaycan xanlarının ən barışmazı, imperator hökumətinin ən amansız düşmənidir. Deyirlər, özü də çox igiddir, cəsarətli adamdır. Bu vuruşda biz onu məğlub etsək, başqa xanların gözünün odunu almış olarıq. Bütün yaxın-uzaq Şərqə yol açmaq üçün Dağıstanı, Azərbaycanı, Gürcüstanı, bir dəqiqə də vaxt itirmədən istila eləyib, rus padşahına tabe etmək lazımdır. Cavad xandan sonra yolumuz birbaşa Bakıyadır. (Saatına baxır). Müsəlmanların oruclarını açmalarına az qalır. Qoy döyüş şeypuru çalınsın.

Mayor Lisaneviç sürətlə çıxır. Döyüş şeypuru guruldayır. Səhnə arxasından zabitlərin komanda səsləri eşidilir.

İşıq sönür.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Suçu İman Kişi

Bizim alt otaqlardan birində İman Kişi adlı suçumuz olurdu. O, həm bizə, həm də yaxın qonşulara kəhrizdən iri mis sənəkdə su daşıyırdı, bunun da əvəzində ona hər sənəyin suyu neçə qəpiyə isə, pul, ya da xörəkdən-zaddan verirdilər. İman kişi evdə də, çöldə də eyzən öz-özünə danışırdı. Evdə olanda cındır keçə parçasının üstündə əyləşib kürkünü, ya şalvarını yamaya-yamaya hey özü-özü ilə danışırdı, mən də qabağında çömbəlib ona qulaq asırdım. O isə mənə fikir vermədən deyirdi:– Yer oğlu bir qıy vurub qalxdı göyə.

4 min
Mən və ağaclar

Evimizin qabağında atamın saldırdığı və indi hər gün, heç olmasa, bir-iki saat həvəslə qulluq elədiyi, öz əli ilə suvardığı cavan bağla mənim aramda gizli bir ünsiyyət yaranırdı. Buradakı alma, ərik, tut, gilənar, əncir, gavalı, qoz, armud, heyva ağaclarının hərəsinin öz görünüşü vardı və bunların hər biri mənə bir cür təsir eləyirdi. Ərik ağacının çəhrayıya çalan çiçəkləri mənə nə üçünsə əsrarəngiz təsir bağışlayırdı, gilənar, gavalı ağaclarının ağ çiçəkləri mənə zərif bir şadlıq gətirirdi. Ağ şahtutun günəş işığında zümrüd kimi parıldayan enli, ipək yarpaqları bu şənliyə bir cəsarət, daha qüvvətli bir şadyanalıq çaları verirdi. Qoz yarpağının soyuq ətri məni qüssələndirir və anamın tez-tez xəstələnməsini xatırladırdı. Bəlkə də bu ondan idi ki, bir dəfə anam malyariyadan bərk qızdıranda Zinyətə dedi ki, «get, bir qoz budağı qır gətir». Zinyət budağı gətirib verəndən sonra anam gözlərini yumub onu xeyli qoxladı... və anamı yuxu tutanda mən də balaca qoz budağını götürüb qoxladım və onun enli, tər yarpaqlarından qalxan ətir mənə soyuq və həsrətli göründü.Anamın xəstələnməsi həmişə mənim üçün son dərəcə qəmgin bir hadisə olurdu. Onun gözəl, şəffaf gözləri qızdırmadan alışıb-yananda mən özümü dünyanın ən bədbəxt adamı sayır və saatlarca yastığının böyründən uzaqlaşmırdım. Anam xəstəlikdən sağalıb ayağa qalxanda isə ürəyimdəki fərəhin həddi-hesabı olmurdu. Lakin kədərim kimi, fərəhim də həmişə ürəyimdə gizli qalırdı. Yəni mən onları izhar eləməkdən çəkinirdim. Ona görə çəkinirdim ki, mənim ortaboylu, enlikürək, qaraqaş, qaragöz, gözəl və çox qüvvətli bir oğlan olan atam başqa adamlarla zarafat eləməyi, deyib-gülməyi sevdiyi halda, biz uşaqlarla, xüsusən mənimlə çox sərt rəftar edirdi. Nə üçünsə, mənim zarafatım, deyib-gülməyim həmişə onu acıqlandırırdı. Ona görə də yavaş-yavaş məndə bir qapalılıq əmələ gəlirdi. Mən heç bir sirrimi, sevinc və kədərimi biruzə verməməyə çalışırdım və atamın yanında öz hərəkətlərim özümə yöndəmsiz görünürdü. Özümə, öz hərəkətlərimə inamım azalırdı, mən, bir növ, fağır, çəkingən olurdum, bu isə atamı acıqlandırırdı və onun mənə qarşı daha sərt rəftarına səbəb olurdu. Mən üsulsuz bir hərəkət eləyəndə, məsələn, nahar elədiyimiz zaman stəkana toxunub çayı süfrəyə dağıdanda, o, qəzəblənib, məni «maymaq», «filinti», «çolaq» adlandırıb danlayardı. Bu zaman:

8 min
Qızılbaşoğlu

Bir azdan Fatma nənəmi gətirən Qızılbaşoğlu Alı da gəldi. Bu, uzunboylu, xına rəngində saçları boynunun ardına tökülmüş, ayaqlarında uzunboğaz çəkmə, əynində sərdari çuxa, başında gümüşü papaq olan bir oğlan idi. Belində ağac qoburlu onatılan tapança var idi.– Necəsən, bacı? – deyə anamla hal-xoş eləyib Güllünün içəridən gətirdiyi stulda əyləşdi.

3 min
İmaş və Güllü

Həmişə nənəm, ya anam məni müdafiə eləyəndə ürəyim kövrəlirdi. İndi də Fatma nənəm belə deyəndə gözlərim doldu və mən bağa qaçdım. Gördüm ki, İmaş su arxının qabağında oturub üst köynəyini yamayır, əldə toxunan kobud yun şaldan tikilmiş sərdarisini isə alt köynəyinin üstündən atıb çiyninə. Həmişə olduğu kimi, indi də məni görəndə gülümsədi. Onun arvad kimi köynək yamaması mənə qəribə göründü, mən ondan soruşdum:– Niyə köynəyini özün yamayırsan?

17 min

Poems by other poets